Göz

 

Poema  

 

Şair, alim, həkim

dostum Paşa Qəlbinura

 

Hər zaman göz oldun yar-yoldaşıma;

Səndən

            dünyalarcan

                        razıyam, Paşa!

Saralan gözümü alıb başıma

Bu dəfə üstünə...

                        özüm qaçmışam!

 

Olsun qoca gözüm gözünə qurban;

Qırx ildi qardaşıq,

                        səhv etmirəm ki?

Ayrı bir izahı yoxdu:

                        gözdü can, -

deyib, təbabəti məhv etmirəm ki?

 

Fikrimi gözümdən oxu hələ sən -

Göz qoy Vaqif hansı sözdən danışır?!

Gözdən ibarətəm,

                        qardaş, biləsən;

beyin , ürək gözdən danışır!

 

Sənə dil tökürəm bilirsən nədən? -

Çoxum puç...

                        qoruyum barı azımı!

Gözümün üstündə saxlayıram tən

axı mən, ay Paşa, alın yazımı!

 

Kəsib şax yolumu çox qalın divar,

Namərdin oxları izləyib onu.

Gözüm qişasında buynuz sirri var,

qamış kirpiklərim gizləyib onu!

 

Min ildi vurulur gözündən bəşər,

Göz dönmür baxmaqdan,

                        göz yol üstdədi.

Səhrada bir qurtum su yerinə Şər,

Xeyirdən gözünü əvəz istədi!

 

Koruş anasıyam Aşıq Qəribin,

Kərəmin, Əslinin göz dustağıyam!

Üstünə gəldim ki, eynək yazasan -

gözümün diliylə danışsın qəlbim,

özün bilirsən ki,

                        söz dustağıyam!

 

Sən ey göz zərgəri,

                        gözümü ləl bil,

ayır xəstələrdən mənim yerimi.

Nəfəs qarışıqdı,

                        dodaqla deyil,

gözümlə öpmüşəm sevdiklərimi!

 

Görünür heç kimi ad-san gözümə,

Gözümdə qatbaqat pərdələr durur.

Düşərli bir eynək yazsan gözümə,

olarsan gözümün nuru, Qəlbinur!

Buna görə gəldim...

                        gözüm tutulsa

günəşli gündüzü gecə görərəm.

Zülmətdə dəftəri, sözü, qələmi,

işıqda nəvəmi necə görərəm?

 

Paşa, bəbəklərə gur yağış verdin;

Quraq göyün üzü -

                        kor olmuş quyu...

Çeşmək qəfəslərə saldığın dərdin

"adı da gözəldi -

                        mirvari suyu!".

 

Bulaqlar olmasa dəryalar olmaz,

Quruyub gözlərim, suyu azdı, az!

Sən mənim gözümə bir cüt bulaq yaz,

Arazın lilini durultsun bir az.

 

Eynək yox,

                       gözümə cüt şamdan hör sən

göz yağım zülmətdə məşələ getsin.

Kökündə çil boyda ləkə var görsən

Oxla bəbəyimi, tişələ getsin!

 

Var gözün əsiri,

                        var gözə dustaq -

bəbəkdən ürəyə hansı sədd olub?!

Dərin baxışımın lap dibinə bax,

Gör onda vaxtsa məhəbbət olub?

Gözəllik görəndə çevrilsin çaya,

Gizlin çeşmə kimi tək axa bilsin.

Gözümə eynək yaz,

                        ləkəli Aya,

ləkəsiz Günəşə dik baxa bilsin!

 

Qismətə kor olan bəndə - çopur daş;

daşlaşan qismətəm, onçun da pərtəm.

Sən mənə elə bir eynək yaz, qardaş,

Baxantək ayırım namərdi mərddən!

 

Eynək yaz, saplağı, şüşəsi... vicdan -

nahaqqı görəndə

                        susmayıb keçim.

Qonur qarışqanı seçim qaradan,

İlan quyruğunu...

                        basmayıb keçim!

 

Gözü darı gəlir qoca-qaltağın;

istəyir önündə mərdlər əyilsin.

Sən mənə eynək yaz, gözüm yaltağın,

əclafın üzünə tüpürə bilsin!

 

Qarabağ köksünü, Paşa, bu da var,

gizli minalarla doldurub düşmən...

Sən mənə eynək yaz,

                        şüşəsi par-par,

minanı daha tez aşkar eləyim

mina aşkarlayan cins itlərindən!

 

Sən mənə eynək yaz,

                        nurlansın yolum,

dumansız gözlərlə görüm Şuşanı.

Diqqətli baxışla çırmayıb qolu,

Usta nəzərlərlə hörüm Şuşanı!

 

Səmum yellərindən keçib qoşa şam,

əvəzə çökdürüb tay dizlərimi.

Gözümün başına ağıl qoy, Paşa,

ya da oy,

                        ovcuma qoy gözlərimi!

Gözlə od götürən kəndirbaz mənəm,

Keçmişəm padişah,

                        qul körpüsündən!

Tükü-tükdən seçən eynək yaz mənə,

Salamat adlayım qıl körpüsündən.

 

Seçmir çirkin ömrü gözəl ölümdən!

Yandırır içimi göz açım, Paşa,

Sən mənə elə bir eynək yaz ki, mən

dünyaya təzədən göz açım, Paşa!

 

2021

 

Vaqif BƏHMƏNLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.17.