Əsgərin

məktubu

 

Qanadından vurulan bulud,

bu dağın arxasında yağışa döndü, çilik-çilik...

 

Qanadından vurulan ümid,

şəhid olan əsgərin məktubudur,

Çatmadı anasına...

 

Ölüm tənhalığın simfoniyasıdır

Tək otaqda kar Bethovenin barmaqlarında səslənir

Titrəyir Dalinin əllərində...

 

Qanadından vurulan pianodur səsin

Son iniltilərini duyuram həzin-həzin

Bu gecə şərabı xatirələrin ovucunda içmək arzusu ilə Tanrını çağırıram...

 

Fotolar xatirələri yaşatmağa məhkum

Güzgülər kainatı göstərməyə

Bax, bu boyda zindanı sürüyürəm arxamca

 

Quantanamodan böyük

Körpə əllərindən kiçik...

 

İntiharı balinalar öyrətdi bizə

İnsanlar sükutu...

Tanrılar yalqızlığı...

 

Qanadından vuruldu fotolar hamıdan gizlin

Qanadından vuruldu güzgülər...

Balinalar...

 

Ümid... Qanadından vuruldu!

Əsgərin məktubu çatmadı anasına...

 

Uğrunda ölmədiyim qadınlar

 

Sirlidir,

şimşəklər təki vahiməli qəribə, bir anda baş verir, işığı sərt, səsi gur...

Hündür binaların liftinə minərkən keçirdiyim hissləri verir,

ürəyimin döyüntüsünü gecə barların ritminə tənzimləyir

Gözlərin...

Gözlərini deyirəm...

Hələ uğrunda ölmədiyim qadınlar var bu şəhərdə

Gecəni özünü romanlarda oxşadan, günəbaxan geyimində olan...

Eyvanlarına çörək doğrayanlar...

Əlçatmayan qadınların ətri fərqli olur

Bunu soyuq bir qış günü öyrəndim

Piyada keçidində yanımdan keçən qadının paltosundan...

Bükülüb kölgəsinə döndüm o zamandan

17 yaşımı büküb çantasına qoyduğum qızdan başlandı gözümdəki kainat

Güzgüyə baxdığımda fərqli bir oğlan gördüyüm gündən...

Ağlıma ilk dəfə şübhələndiyimdən başlandı hər şey.

Mən həmin mən deyil,

Daha o getdi burdan, bu evdə həmin insan,

bu nömrədən həmin oğlan daha danışmır, demişdim ona.

Mən həmin mən deyiləm....

Hələ uğrunda ölmədiyim qadınlar var bu şəhərdə

Kağız ətirli, qəzetlərdə şeir axtarışından yorulmayanlar

Sərv təki hündür, ürəyinin oduna sığınmadığım qadınlar var hələ ...

bilim, bəlkə bu binanın hansısa mərtəbəsində,

Bəlkə avtobusda üzləşdiyim,

Ya keçiddəki işə tələsəndir, bilim...

 

***

 

Öz əlindən yorulmuş mən

Sayı-hesabı itirənəm.

Sevəndə beş adamın yerinə sevən,

Darıxanda min adamın yerinə darıxanam.

Öz əllindən yorulmuş mən,

əllərini gedən kəsin qucağında itirənəm.

Səsini əzbərlədiyimlər,

səssizliyə buraxdılar məni...

Gözlərini əzbərlədiyimlər,

Kor etdilər...

Kor etdilər məni.

 

Ümid NƏCCARİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.7.