Söz fidanları - fikir və könül təcrübəsi

 

Türk dünyasının tanınmış tarixçi alimi, milli kimlik şüurunun formalaşmasında mühüm xidmətləri olan İlbər Ortaylının belə bir fikri var: "Uşaqlarınıza yaxşı təhsil verməzdən əvvəl onları yaxşı insan kimi yetişdirin". Amma qazanılmış uğurlu təhsilin də insan həyatında rolu müstəsnadır və sabahın mütərəqqi gənci kimi yetişmək bu amilin səviyyə və gücündən çox asılıdır. Bəs ədəbiyyat? Uşaqların sənətə, sözə olan sevgisi gələcək talelərində hansı əhəmiyyət kəsb edir? Məncə, ən azı xilas ola bilir, mənəvi qaçış üçün əziz bir ünvan, sığınacağa çevrilir, onlara xəyal qurmağı öyrədir. Xəyal qurursansa arzun, istəyin var demək və bütün əzm və bacarığın bu arzunu reallaşdırmağa yönəlir.

Bu yaxınlarda, "Kaspi" nəşrləri seriyasından "Söz fidanları" adlı kitabla tanış oldum. Kitabda "Kaspi" Liseyinin Ağ Şəhər və Bakıxanov filialları şagirdlərinin və klub rəhbərlərinin şeir, hekayə və esseləri təqdim olunub. Mən uşaqların yaradıcı fəaliyyətinin önə çəkilməsinə diqqət ayıran işləri xüsusi dəyərləndirirəm. Çünki sabahkı nəsil bizim əsərimizdir, sonuc - ona verəcəyimiz əməyə müqabil olacaq. Ötən aylarda Mədəniyyət Nazirliyinin vətənpərvərlik müsabiqəsinə məktəbli uşaqlar da cəlb olunmuşdu. Ekspert üzvü olaraq bu mətnlərlə tanışlıqdan qurur duymaya bilmədim. Qələbə qazanan bir məmləkətin uşaqları idi onlar və Qarabağ, vətən sevgisi ilə bağlı o qədər müqəddəs hisslərə köklənmişdilər ki, Məhmət Akif Ərsoyun "İstiqlal marşı" xatırlamalı olmuşdum. Məhmət Akifin marşı belə bir müsabiqənin nəticəsində hasilə gəlmişdi və artıq neçə onillik Türkiyənin milli kimlik və heysiyyət qüdrətini şərəflə daşımaqdadır.

"Söz fidanları" uşaqlara meydan verən, onların duyğularını, narahatlığını, gələcəklə bağlı xəyallarını bir kitaba cəm edib bugünkü nəslin sağlam dünyagörüş əsasında tərbiyənməsini sərgiləyən topludur. Kitabın ön sözünün müəllifi, uşaqlara yolun başlanğıcında özünəinam aşılamağı borc bilən yazıçı və şairə xanım Sona Vəliyevanın sözləri ilə desək: "Bu kitabdakı mətnlər, hər şeydən əvvəl, özünüifadədir". Sona Vəliyevanın maarifpərvər ziyalı olaraq xidməti böyükdür, "Kaspi nəşrləri" seriyasından - Hüseyn Cavid, İmadəddin Nəsimi ilə bağlı topluları, "XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları"na və başqa bu kimi tarixi şəxsiyyətlərin roluna önəm verən kitabları hazırlayıb ərsəyə gətirməsi bu missiyanın hansı miqyasda hədəflər aramasını soraq verir. Mən ön söz müəllifinin fikirlərinə istinad edərək "Söz fidanları" toplusunu da bu missiyanın tərkib hissəsi kimi alıram: "Bizə millət olaraq düşünə bilən, düşünmək istəyən və ən əsası, öz fikirləri ilə millətini zirvələrə qaldıran şəxsiyyətlər lazımdır ki, onların yaradıcı yolu məhz bu cür kiçikhəcmli düşüncə yazılarından başlayır".

Kitabdakı mətnlər hələ ədəbiyyat yolunun ilkinliyi, saflıq mərhələsidir. Bu yol bütün yaradıcı insanların tərcümeyi-halında vardır və zənnimcə, necə ki, bir çox obrazlar bədii söz sənətimizin ilkin qatlarından, şifahi xalq ədəbiyyatımızdan ayrılıb gəlir, bu kitabdakı yazılar da beləcə, öz ilkinlik statusu - təzə-tər yaşamı, əl dəyilməmiş bakirəliyi ilə - oxucuya həm də özü boyda təmiz yaşam stixiyası təlqin eləyir: ata-ana, dostluq, müəllim, vətən sevgisi, təbiət, yurd aşinalığına həsr olunan şeir, esse və hekayələr. Bəlkə də söz, ədəbiyyat onlara gur ciyərdolusu nəfəs almaq üçün mənəvi vətən kimi lazımdır. Təsadüfi deyil, mətnlərdə çox nəzərə çapran ifadələrdən biri heyranlıqdır. Öz evlərinin pəncərələrindən görüb tanış olduqları dünyaya heyranlıq: "Mən həmişə yorulduqda pəncərədən sirli dünyaya baxıram. Pəncərəmdən görünən sirli dünyaya" (Mehparə Yusifli), yaxud "Hal-hazırda mən evimizin pəncərəsindən - sevimli məkanımdan çölə baxıram və işıqlar məni özünə cəlb edir" (Səlim Səlimli).

Onlar meqapolis uşaqlarıdır. Gördükləri daha çox şəhər mənzərələridir: hündür binalar, marketlər, benzin stansiyaları, "insan əlinin gücü ilə, zəhməti ilə möhtəşəm bir məkana çevrilən Bakı, keçmişi və bu günü özündə birləşdirən möhtəşəm bir şəhər" (Rəvan Seyfullayev) və s. Bir də işıq dirəkləri... Hansı ki, uşaqlar üçün ümidin, inamın rəmzi, səma, üfüq, perspektiv kimi simvolik çalar kəsb edərək "işıq dirəkləri" modelində predmetləşdirilir. Səlim Səlimlinin nikbin bir məntiqlə yazılmış "İşıq" yazısı bu mənada düşündürür: "Bütün bu işıqlar şəhəri başdan-ayağa aydınlatmasa da, ən azından, onun müəyyən yerlərində insanların nələrisə görməsinə kömək edir. Eynilə qəlbimizdəki ümid işığı kimi. Bu işıq böyük və qaranlıq zindanları nura qərq etməsə belə, qəlbləri aydınladır. Nələrinsə düzələcəyinə hələ ümidin olduğunu deyir".

Portuqal şairi Fernando Pessoa məqalələrinin birində yazırdı ki, "Ədəbiyyat mənim üçün heyrətə layiq bir möcüzədir - elə bil ki, bax, indicə göydən yerə düşmüsən və özünə gələr-gəlməz gözlərini açıb... yerin, torpağın cazibəsindən məst olursan". Bütün yaradıcı insanların təbiətlə görüşü belə başlayır. İçinin saflıq pəncərəsindən dünyaya boylanır, ona elə gəlir ki, hər nə varsa burda, həmin saflığın - təbiət və torpaq, insan və zaman əxlaqının içindədi. Sonra başa düşür ki, əslində belə deyilmiş, bu dünyanın həm boz rəngləri, boz insanları, boz duyğuları varmış. Onda fərdi özünüdərk başlayır, insan içinin dərinliyinə enir, daha çox özünün mənəvi durumunu sərgiləməyə can atır. Dünya ilə dialoq sükutun monoloquna çevrilir. Məsələ bundadır ki, bu dünyadərk məqamı məktəblilərin mətnlərində artıq boy verir. VI sinif şagirdi Aişə Nağıyevanın "Uşaq" minimalist hekayəsi bu baxımdan ibrətamizdir. Hekayədə qızcığazın kiçik mətn daxilinə böyük ağrını yerləşdirə bilmək məharəti çox gözəldir: "Qəlbini qırdılar dəfələrlə, incitdilər onu. Ayağındakı yaralar sağaldı, amma qəlbindəkilər qaldı... Və o... O böyüdü. Çox sevdiyi oyuncaq kolleksiyasını zibilliyə atdı, gözəl saçlarını kəsdi. İçindəki, qəlbindəki uşağı öldürdü. Artıq əvvəlki uşaq deyil o, böyükdür. Qəlbi ağrıyla dolan böyük...".

Təsəvvür edirsiz, bu uşaqların artıq öz dünyaları var və onlar öz qurduqları dünyada xoşbəxt olmağı bir də bunda görürlər ki, "mən kiməm" sualına cavab axtarırlar, "yaşayır və yaşadıqlarını yazırlar" (Mehparə Yusifli). Kitabdakı əksər müəlliflərin - Aysu Bayramova, Mehparə Yusifli, Nuranə İslamova, Solmaz Əsgərlinin mətnləri bu adla yer alır: "Mən kiməm?" Bütün yazılar bəlkə də həmin suala verilən cavabın təzahürləridir. Onların sabahlı düşüncələri içərisində özləri ilə bağlı o arzular yer alır ki, orada xalqın, vətənin, millətin rifahına aparan yolun izi görünür, həkim, polis, müəllim olmalarının mahiyyətində dayanan istək vətənə yararlı olmaq amalından doğur. İnci Əliyevanın "Aytənin arzusu", Selcan Həmidovanın "Uğura gedən yol" hekayələrində, Ülvi Bağırovun "İnsanam mən" şeirində əsas motiv - yararlı və əzmli insan kimi yetişmək arzusu vətən üçün fədakarlıq niyyəti şəklində ümumiləşir.

Xoşbəxtliyə isə tamam ayrı cavabları var bu uşaqların: "Xoşbəxtlik hər bir xeyirli işdən sonra gələn fərəh və sevinc hissidir. Nəfsin təmizliyimi, qəlbin tam rahat olmasımı, ya vicdanın azadlığımıdır xoşbəxtlik?! Bu hissi Allah insana bəxş edir. Razılıq və qənaət dolu dərin bir duyğudur xoşbəxtlik; bazarlarda satılan, varlıların ala biləcəyi və kasıbların əldə edə bilməyəcəyi bir şey deyil. Xoşbəxtlik, eyni zamanda, başqalarının qəlbini rahat etmək, onlara yardım edib sevindirmək və simalarında təbəssüm rəsmini çəkməkdir" (Aysu Bayramova).

Onlar kədərin də, ağrının da üzünü çoxdan tanıyıblar. Ona görə pəncərə qarşısında dayanaraq xəyallar qurmaq, düşündüklərini qələmə almaq onlara bozluqdan qaçış üçün seçim etmək imkanı verir. Bu, onlara həm də səma, göylərlə irtibat qurmalarına da yardımçı olur: "Başımı yuxarı qaldıranda isə mavi səmanı görürəm, Yeniyetmə bir qız uşağı kimi gah ağlayıb, gah gülən səmanı. Qarşı tərəfə nadir hallarda baxıram. Çünki bəyəniləsi heç nə yoxdur: binalar, tüstülər və kədərli insanlar. Bulağa, təmiz havaya və kiçik xoşbəxtliyə ehtiyacı var insanların" (Solmaz Əsgərli).

"Söz fidanları" kitabındakı diqqətimi çəkən digər bir məqama toxunmaq istəyirəm. Əsrin dinamikasına uyğunlaşmaq istəyi, fantastikaya meyil, planetar zirvə canatımı, coğrafi genişlik niyyəti. Bu baxımdan, Nərgiz Valehlinin "Kosmosa getmək istəyən qız" hekayəsi, Şövkət İsmayılzadənin "Eyfelin zirvəsində" şeirindəki ideya və obrazlar aləmi onların gələcək yolunu müəyyənləşdirməyə imkan yaradır.

"Qopuz harayı" (Aysu Bayramova), "Dədəm Qorqud" (Nuranə İslamova), "Çal tarını" (Ülvi Bağırov) şeirləri isə əksinə, epos siqləti, dərinlik ölçüləri ilə diqqət çəkir. Köklə zirvə, mənşə ilə bu gün, tarixlə çağdaşlıq arasında əlaqələrin dərki, keçmişin qəhrəmanlıq və müdriklik yolunun çağımıza ötürülməsi çabası bu gün ultramüasirlik dəbinin, postmodern təmayülün təsiri altında qalaraq milli-mənəvi dəyərlərindən uzaqlaşan bir qism gənclərə qarşı lazımlı dirəniş üsulu, örnəyidir.

Bu kitabda məni ən çox duyğulandıran amil uşaqların vətən sevgisi, Qarabağ məsələsinə baxışı, müharibə ilə bağlı düşüncələri oldu. Kitabdakı mətnlər arasında valideyn (Jasmin Kərimli, Murad Kərəmov, Nərmin Cəfərzadə, Nigar Əliyeva, Pərvin Əhədzadə, Aysu Bayramova), müəllim (Nəsrin Həsənli), dostluq (Fatimə Eyyubova, Selcan Umudova, Aişə Nağıyeva), həyat sevgisi (Arzu Rzayeva) mövzuları yer alsa da, böyük əksəriyyəti Qarabağa, onu azad görmək arzusuna həsr olunub. Fidan Hacıyeva, Murad Kərəmov, Nigar Əmiraslanova, Aylin Məmmədova, Aysu Bayramova, Şəhla Əliyevanın şeirlərində azad Azərbaycanı görmək istəyi, Mehparə Yusiflinin "Unudulmayan gecə" hekayəsindəki qisas yanğısı, Solmaz Əsgərlinin "Şəhid anası", "Unudulmaz gün" hekayələrində avtobioqrafik cizgilərin yer aldığı məqamlar gəncliyin müharibəyə baxışını bütün altşüur təsvirləri ilə müxtəlif görüm bucaqlarından izləməyə imkan yaradır.

Vətən bu uşaqların ən böyük sevgilərinin adıdır. Biz Qarabağsız bir nəslin yetişməsindən narahat idik. Amma budur, həmin o nəsil Qarabağı azad etdi, üstəlik, ürəyi, varlığı yurd sevgisi ilə dopdolu yeni bir gənclik formalaşmaqdadır. Bu kitab 2019-cu ildə çap olunub. O zaman hələ nə II Qarabağ savaşının rüzgarları əsirdi, nə də ədəbiyyatımız vətənpərvərlik mövzusuna münasibətdə optimist baxış sərgiləyirdi. Ümumən, ədəbiyyatımızda 30 ilə yaxın bir dövrdə Qarabağ məsələsi ilə bağlı hökm sürən minor çalar davam edirdi. Belə bir məqamda sən demə, "Kaspi" liseyinin Ağ Şəhər filialının VI sinif şagirdi Arzu Qədimova "Günayın xəyalı" adlanan hekayəsində inanır və inandırırdı ki, onun anasına bağışladığı ən gözəl hədiyyə Şuşadan dərdiyi bir dəstə xarıbülbül olacaq:

"- Qızım, yəqin, xarıbülbülün Azərbaycanda ən çox harada bitməsi haqqında da məlumata rast gəldin.

- Hə, ata, kitabda ən çox Qarabağda, Şuşada bitməsindən yazmışdılar.

- İndi həmin ərazilər erməni tapdağı altındadır. Tezliklə torpaqlarımız işğaldan azad olacaq və mən səni oraya aparacam.

- İnşallah, ata, mən o günü səbirsizliklə gözləyirəm.

Günay otağına getdi, ancaq başında xəyallar dolanırdı. Gözlərini yuman Günayın üzündə bir təbəssüm vardı. Artıq o, xarıbülbül dərib anasına bir dəstə düzəltmişdi".

Bəli, bu uşaqlar uzaqgörən notlarla Suşadan Xarıbülbül dərib dəstə düzəldəcəyinə inanırdılar, düşmənə qan uddurub şəhid olmuş doğmalarının qisasını alırdılar, bir ölüb min dirilən Mübarizlərin hərb meydanından qalib çıxacaqlarından ümidlərini kəsmirdilər. Qəribədir ki, "Söz fidanları" kitabında, bu kiçikyaşlı vətənpərvərlərin od nəfəsində mən II Qarabağ savaşının ruhunu, coşqusunu, mənəvi qüdrətini gördüm. Hətta onların arasında (Nurçin Əsədzadənin "Nurayın ən böyük arzusu" hekayəsində) II Qarabağ savaşının yeganə şəhid xanımı olan Arəstə Baxışovanın obrazı belə var idi.

Bu kitab gənclərin - söz fidanlarımızın yaşantılarının miqyasıdır və gələcək xülyaları, təhtəlşüurlarından yazıya tökülmüş istək və arzuları ilə ömür və könül təcrübəsinin təzahürüdür.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.8-9.