İnancla iman işığında

Müasir rus ədəbiyyatının təməlini qoyan Aleksandr Puşkin şairin şeirdən nəsrə keçməsini yaşın hökmü ilə bağlamış, "Yevgeni Onegin" poemasının sonunda "Leta k surovoy proze klonət" - "yaşım məni cod nəsrə çəkir" yazmışdı:

Şıltaq qafiyələr dalınca qaçmaq

Yorub əldən salır bu yaşda ancaq...

(Tərcümə Səməd Vurğunundur)

 

Azəbaycan ədəbiyyatında da şairlərin nəsrə keçməsi yeni və müstəsna hadisə deyil. Bunun arxasında "qafiyə dalınca qaçmağın yorğunluğundan" başqa, bədii yaradıcılığın qanunauyğunluqlarından, eləcə də yazıçının seçimindən gələn, fərdi səciyyə daşıyan çoxlu səbəblər axtarmaq mümkündür.

Böyük şairimiz Məmməd İsmayılın yaşının yetkin çağında nəsrə gəlişi, roman yazması ilk növbədə onun yaradıcılığının, yaratdığı obrazların təbiətindən, şairin duyğu və düşüncələrini obrazlarla əyaniləşdirmək, bədii sözə çevirmək üsulundan və tərzindən doğur.

Azərbaycan ədəbiyyatında gənc yaşlarından lirik şair kimi tanınan və sevilən Məmməd İsmayılın yaradıcılığını lap başlanğıcdan epik düşüncə ilə bir araya gətirən möhkəm bağlar müşahidə etmək mümkün idi. Təxminən iyirmi il əvvəl yazdığım bir məqalədə Məmməd müəllimin şeirləri haqqında düşüncələrimi bölüşərkən diqqəti onun şeir yaradıcılığındakı epik başlanğıca yönəltməyə çalışmışdım. Həmin yazıdan bir abzası olduğu kimi diqqətinizə çatdırıram: "Məmməd İsmayılın poetik nəfəsi ilə poeziya sənətimizə yalnız təzə obrazlar, təzə uğurlu şeirlər və ifadələr gəlmirdi, bədii təfəkkürümüzdə təzə və maraqlı bir sistem qurulmaqdaydı, yeni bir poetik düşüncə tərzi təşəkkül tapmaqdaydı. ...Təqlidə yatmayan bu sistem bütövlükdə epik bünövrəyə, epos təfəkkürünə əsaslanır. İlk baxışda bu hökm paradoks kimi səslənə bilər: nəzəri baxımdan lirika ilə epik növ bədii təfəkkürün ayrı-ayrı qütblərində dayanan anlayışlardır. Ancaq mən bu qənaətdəyəm ki, Məmməd İsmayılın lirikası hər şeydən öncə yaddaşdır və bu yaddaş geniş və universal epik poetika təfəkküründən qaynaqlanır. Yaddaşlarımıza ədəbi yazılan obrazları bir də gözünüzün qabağına gətirin: bizdən qabaqda yol gedən adam, qeyzə gəlib qeybdən "yahu" söyləyən baba dərviş, Savalanda yatan igid, dünyada anasından, alma ağacından və təpəl qoyundan (əslində isə onları xəlq eləyən uca Allahdan) özgə pənahı olmayan uşaq lirik obraz olmaqdan çox, epos qəhrəmanlarıdır, bunlar lirikaya nağıllardan, dastanlardan gələn obrazlardır".

Belə düşünürəm ki, Məmməd İsmayılın "İz" romanı mənim bu təsəvvürümdə yanılmadığımı bir daha təsdiq etdi. Romanda bizə artıq şeirlərdən tanış olan obrazların epik təqdimatı ilə qarşılaşırıq.

"İz"i avtobioqrafik əsər kimi də qiymətləndimək mümkündür. Lakin buradakı avtobioqrafiqliyi şairin fərdi tərcümeyi-halının izlənilməsi ilə məhdudlaşdırmaq qətiyyən olmaz! Əslində, romanda müəllifin prototipi kimi verilmiş Güzar obrazı həcm baxımından o qədər də əhatəli yer tutmur, Məmməd İsmayılın atasının prototipinin - Murad obrazının ziddiyyətli həyat yoluna daha çox diqqət yetirilir. Onu da deyim ki, bu obrazın adı romanın ilk variantında Mürşüd kimi (Məmməd İsmayılın atasının adı Mürşüddür) verilib və roman nəşr edilərkən kitabda bir yerdə Mürşüd adı bəlkə də bilərəkdən dəyişdirilməmiş qalıb. Vurğulamaq istədiyim odur ki, mətndə mənim üçün əhəmiyyətli olan hansı adın ilk variantının necə olması və ya hansı hadisənin hansı dəqiqliklə verilməsi deyil. Bədii mətnin təhlili baxımından Məmməd İsmayıl poeziyasının aparıcı obrazlarının romandakı tərcümeyi-halı daha böyük maraq doğurur. Bu yanaşma şairin yaratdığı obrazların başlanğıcını, mənşəyini öyrənmək baxımından da lazımlı və əhəmiyyətlidir. Obrazların arxasında isə yaddaşın - təkcə şairin deyil, etnik yaddaşın tarixi dayanır.

"Bir cənazə yol gedir vaxtın bitəcəyində" fəsli ilə başlayan "İz" romanını "Bir adam yol gedir bizdən qabaqda" şeirinin epik başlanğıcdan mayalanan lirik qəhrəmanının tərcümeyi-halı kimi oxumağın maraqlı olacağını düşünürəm. Buradakı oxşarlıq təsadüfi və zahiri intertekstuallıq faktı deyil, sonrakı fəsillərdən birinin adında şeirin misrası dəyişdirilmədən olduğu kimi verilir: "İnsanın əməli özündən öncə"...

Şeirdə yaddaşın oyanışı inanc ilə imanın bir araya gəldiyi, bir-birini tamamladığı fəzada baş verir. Bu fəzada zaman anlayışı mövcud təsəvvürümüzün keçmiş-gələcək ardıcıllığına "tabe olmur". "Bizdən qabaqda yol gedən" bizim keçmişimiz, bizdən arxada gələn isə gələcəyimiz kimi qavranılır:

Bir adam yol gedir bizdən qabaqda,

Amma bir adam da bizdən sonra var...

"Qurani-Kərim"in "Fatihə" surəsində insan oğlunun Allahdan ilk diləyi "Bizi ən doğru yola yönəlt. Nemət verdiyin kimsələrin yoluna yönəlt, qəzəbə düçar olanların və sapmışların yoluna deyil"dir.

Məmməd İsmayılın şeirində bizdən qabaqda yol gedən, şeirin lirik qəhrəmanının yoluna yönəldiyi, qarasına üz tutduğu adam da Allahın nemət verdiyi kimsədir. Şeirin sonrakı bəndlərində inanc ilə imanın, yaddaşla dinin çulğalaşdığını görürük: bizdən qabaqda yol gedən, Allahın nemət verdiyi insan təsəvvürümüzdə dastan qəhrəmanı ("Kərəm sevgisinə qovuşar çətin, Kimin ki qarşıda lələsi yoxdur"), nağıl personajı ("Olmasa qabaqda bir ipək qarı", "Ağatlı oğlan var bu yer üzündə") kimi canlandırılır. Mətndə imanın - İslam dəyərlərinin ilkin inancla qovuşduğunu görürük. Yaddaşın dərin qatlarından gələn bu keyfiyyət birbaşa şairin mütaliəsindən, elmi dünyagörüşündən (təbii ki, mütaliənin və elmi dünyagörüşünün rolunu inkar etmək olmaz!) asılı deyil: şair burada inancı və imanı içində əridib bütövləşdirən yaddaşın sözçüsüdür.

"Bir adam yol gedir bizdən qabaqda"... və onun izi qalır. İnsanın taleyinə düşən iz konkret hadisələrdən, insanlararası münasibətlərdən yarandığı kimi, həm də insanın özünün görə bilmədiyi, yaddaşın şüurdan çox-çox dərində yerləşən qatlarından gəlir. Psixoanaliz nəzəriyyəsinin yaradıcılarından olan Karl Qustav Yunq bunun elmi şərhini "kollektiv şüurdanxaric"lə əlaqələndirirdi. Məmməd İsmayılın şeirinin lirik qəhrəmanı da süddən, sümükdən gələn yaddaşın daşıyıcısıdır.

Romanda isə bu yaddaşa xas keyfiyyətlərin mahiyyətini dərk etmiş və ya dərk etməyə çalışan, onun elmi yozmunu axtaran müəllif obrazı daha çox diqqəti cəlb edir. Müəllif obrazı dedikdə, romanın mətnində uşaqlıq illəri təqdim olunan Güzarı nəzərdə tutmuram. Burada söhbət ilahi şairlik istedadı ilə yanaşı, kifayət qədər əhatəli elmi biliklərə malik, həyatında həm Rusiya, həm də Türkiyə təcrübəsini birləşdirən professor Məmməd İsmayılın obrazından gedir. Rus alimi V.V.Vinoqradovun təbirincə desək: "Müəllifin obrazı - nitqin sadəcə subyekti deyildir. Bu, əsərin mahiyyətinin bir yerə cəmləşdirilmiş ifadəsidir, personajların nitqlərinin bütün sistemini təhkiyəçi, hekayəçi və ya hekayəçilər ilə münasibətdə bir araya gətirir və onların vasitəsilə bütövlükdə ideya-üslub mərkəzini, fokus nöqtəsini təşkil edir".

"İz" romanında müəllifin obrazı baş verən hadisələrə, hadisələrin içində olan insan qəlbinin tarixinə təsəvvüf pəncərəsindən baxır. Romanın əsas qəhrəmanlarından olan Şəmşəd kişi sadəcə bir xalq müdriki, yaxud "müdrik qoca" arxetipi deyil, müəllifin dünyagörüşünün, həyatdan və elmdən əldə etdiyi qənaətlərinin, inanc və imanının tərcümanıdır. Nəsrimiz üçün yeni olan, fərqli keyfiyyətlərə malik bu obraz mətnin və ümumilikdə Məmməd İsmayıl yaradıcılığının fəlsəfi yükünün daşıyıcısı kimi maraq doğurur.

Əsərin əvvəlində ağır müharibə illərində qarlı bir gündə dörd insan - üç gəlin və müharibədən şikəst qayıtmış bir kişi çiyinlərində son mənzilə cənazə aparır. Onlar yeridikcə qarın üstündə izləri qalır. Bu, müharibənin insanların talelərinə soyuq iz salan amansız mənzərəsidir. Cənazədə son mənzilə gedən Şəmşəd kişinin "bərzəx aləmindəki" - öldükdən sonra cənnətlə cəhənnəmin arasındakı düşüncələri isə əsərin fəlsəfi ekspozisiyasını təşkil edir.

Şəmşəd kişi iman adamıdır, Molla Cabbarla dialoqundan anlaşıldığı kimi, "hal əhlidir". Onun dinə, imana, Allaha münasibəti Əhməd Yəsəvi, Mövlana Cəlaləddin Rumi, Şəms Təbrizi, Sultan Vələd, Ərzurumlu İbrahim Həqqi Əfəndi... kimi müdriklərin görüşləri ilə səsləşir. Şəmşəd kişi üçün iman dildə deyil, ürəkdə olur.

Şəmşəd kişinin əbədiyyət səfəri də təsəvvüf şərtlərinə əsaslanır. Çiyinlərdə gedən, hələ son mənzilə çatmamış Şəmşəd kişi "bərzəx aləmində", cənnətlə cəhənnəmin arasında təqdim olunur. O bilir ki, öncə ruhlar aləmində olan insan ruhlar aləmindən ayrılıb ana bətnində qərar tutur və oradan bu dünyaya gəlir. Yaşadığımız dünya isə əbədi və dayanıqlı deyil. İnsan onda dayanmır, gəldiyi yerə, əbədi vətəninə - Rəbbinə qayıdır.

Müəllif də, Şəmşəd kişi də ruhun əbədiliyinə inanır: "O dünyadan bu dünyaya gələn bir şeyi varsa, o da ruhdur - keçmişini, gələcəyini daşıyan ruh!".

Əbədi mənzilə yol gedən Şəmşəd kişi sağlığında ağlından keçirmədiyi fikirlərə dalır ki, yaşadığı ömrün, işlədiyi günahların hamısının Allahın hüzurunda bircə-bircə hesabını versin. Bu, əslində, cənazədəki ölünün deyil, mətni hərf-hərf, söz-söz müşayiət eləyən, mətn-oxucu münasibətlərini idarə eləyən "gözəgörünməz" müəllif obrazının düşüncələri və qənaətləridir. Şəmşəd kişinin o dünyada açılan "könül gözü" müəllifin qənaətlərini ifadə edir.

Roman boyu yaddaşın qapalı qapıları açılır və hər qapı açılandan sonra oxucu öz qarşısında yeni bir sirr qapısı görür. Oxucunun bir-bir keçdiyi bu sirr qapıları, əslində, insanın özünüdərkinin mərhələləridir: insan özünü dərk etdikcə həm də yerin-göyün sirlərinin Sahibini - yaradanını dərk edir.

"Yaddaşının hansı qapalı qapısısa açılır. Dinməz-söyləməz bu nəhayətsiz dənizin sahili ilə addımlayır. Niyə gəlib çıxmışdı bu qızıl qumlu dəniz sahilinə?! Ruh, bədəninin öldüyünü bilmək üçün özü öz izinə baxmalıdır fikri düşür yadına. İzi tərsinədirsə, ölən başqasının yox, onun bədənidir".

Təsəvvüf təliminə əsasən, bu dünyadan ayrılmaq gəldiyin əzəli məkana (və ya kövnü məkana), nəhayətsiz dənizə yenidən qayıdışdır. Ayrıldığı dənizin sahilinə qayıdan insan birinci özünün qoyub getdiyi izinin üstünə qayıdır.

Beləliklə, iz mətndə metafora kimi qəbul və dərk edilir. Bu metafora dinə, təsəvvüfə bağlı olduğu qədər də ilkin inanca - mifə, eləcə də yazıçının yaradıcılıq psixologiyasına, düşüncələrdən bədii obraz yaratmaq keyfiyyətlərinə də bağlıdır.

Romanda, ümumiyyətlə, Məmməd İsmayıl yaradıcılığında mühüm yer tutan tale anlayışı Allahın insan üçün müəyyənləşdirdiyi pozulmaz yazıdır: bu yazının hökmü varsa, "söyüd ağacı da bar verir". Bəzən insan darda olanda bu yazını yazan onu qucağında daşıyır:

"- O qum üstündə gördüyün izlərimi deyirsən? Onlar sənin yox, mənim izlərimdi

- Bəs mənim izlərim haradadır?

- Sənin izlərin olmazdı.

- Niyə ki?!

- Çünki çətin anlarında sən mənim qucağımda idin...".

Bəs əvvəlcədən yazılmış yazını oxumaq mümkündürmü? Romanda bu sual açıq qalır. Murad qaraçı qızın onun taleyini söyləməsinə imkan vermir. Ancaq sonradan bunun peşmanlığını çəkir, qaraçı qızının demədiklərini özü "bərpa eləməyə" çalışır.

Düzünə qalsa, bu cür müəmma nağıl texnikasından gəlir. Nağılda təzadın əks tərəfi həmişə sirr kimi saxlanılır. Məsələn, meşədə azan uşaqlar Cırtdanın məsləhəti ilə işıq gələn tərəfə gedirlər. Bəs it hürən tərəfə getsələr, nə olacaqdı? - bu sual açıq qalır. Məlikməmmədi qoç qara qoçun belinə atır. Bəs Məlikməmməd qoçun belində qalsaydı, onu nə gözləyirdi?

Bunu bilmirik, bu, nağılı yaradanın bizdən saxladığı sirdir.

Qaraçı qızının demək istədiyi də yazını yazanın sirridir...

Romanda insanları imandan inanca sıxışdıran tarixi şərtlər də nəzərdən qaçırılmayıb. Sovet hökuməti məscidləri sökdürür, mollaları Sibirə sürgün eləyir, "qəfil tufandan canını qurtaran din adamları da yolayrıcında çaşıb qalırlar"...

Lakin məscid uçurdanlar bir şeyi qanmırlar ki, insanın qəlbini qırsalar da, uçurda bilməyəcəklər. "Ən təmiz məbəd insan ürəyidir. İnsanın ürəyi Allahın evidir". Bu, Şəmşəd kişinin Molla Cabbara dediklərindəndir. Eyni zamanda təsəvvüfün ilkin şərtlərindəndir...

Romanda Şəmşəd kişinin (təbii ki, müəllifin də!) fəlsəfi qənətlərini Aşıq Əsədin sazı, səsi və sözü tamamlayır.

Burada onu da vurğulamağı zəruri hesab edirəm ki, Azərbaycan bədii düşüncəsində təsəvvüfün xalq təfəkkürünə transformasiyası aşıq yaradıcılığı sayəsində baş verib. Sazı yaddaşın ilkin qaynaqlarından, səsi və sözü Haqdan gələn aşıq (təsadüfən Haqq aşığı adlanmır) əsrlər boyunca təsəvvüf fəlsəfəsini xalq düşüncəsinə daşıyaraq inancla iman, etnik-mifoloji görüşlərlə din arasında körpü salıb... Ona görə də "İz" romanının qəhrəmanları öz inanclarını din, aşığın söylədiyi nağılı isə içində yaşadıqları həqiqət kimi qavrayırlar. Nağıl, dastan insanların davranışlarını idarə edən etik normanı müəyyənləşdirir.

Müqəddəs dəyərlərin sıxışdırıldığı bir mühitdə Haqqın sözünü söyləyən, Haqla insan arasında tərcümanlıq edən aşığın şəxsiyyəti müqəddəslik qazanır, aşığın söylədikləri tabuya çevrilir, doğru olub-olmadığı müzakirə olunmadan ehkam kimi qəbul edilir. "Tufanası dağılmış Aşıq Əsəd və Əsədin adamın ağlını başından alan sözləri olmasaydı, günah işləməyə nə vardı ki?!".

Və ya

"Aşıq Əsəd də sazı və sözü ilə uzun gecələrdə nəsilləri bir az işıqlı, amma bir az da qəribə, anlaşılmaz sabahlara çəkib aparırdı. Əslinə baxsan, kənd adamları çox zaman Əsədin oxuduqlarının mənasını düz-əməlli başa düşməsələr də, aşıq havalarını dinləyə-dinləyə oxumamış filosof olurdular".

Romanın məntiqinə əsasən, saz havaları əsrlərin təcrübəsini və enerjisini mühafizə eləyib saxlayır və nəsildən-nəslə, insandan-insana ötürür. "Ruhani" havası insanların ayaqlarını yerdən üzüb ruh aləminə qovuşdurur. İnsanların görmədikləri, eşitmədikləri, ruhun yaşatdığı keçmişlə bu günün təması, ünsiyyəti yaranır. Aşıq Əsədin çaldığı "Ruhani"yə oynayan Şeşənlilər ruhların rəqsini canlandırır və oynaya-oynaya göz yaşı tökürlər, yəqin ki, ayrı düşdükləri aləmə qovuşmağın həzzindən ağlayırlar...

Ruhun tarixi saz havalarında yaşadığı kimi, cəmiyyətin tarixi də insanların ruhunda yaşayır. Ona görə də həyatda inancla imanın, nağılla həqiqətin çulğalaşması baş verir.

Şah beçə, Qara qoç, yanıl alma haqqında təsəvvür reallıqdan əli üzülən XX əsr insanının yaratdığı mifdir. Bunlar sadəcə inancı əyaniləşdirən obrazlar və rəmzlər olmayıb, həm də insanın mövcudluğunun bir parçası kimi qəbul edilir. Şəmşəd kişi mifə dini yozum verir, inancı imanla birləşdirir. "Şah beçə güyül-güyül ötəndə, Qara qoç buynuzuyla yer eşib kükrəyəndə, alma yazağzı xışıl-xışıl yarpaqlayanda zikrə durur". Şah beçəni də, Qara qoçu da, yanıl almanı da qurban deyir ki, qardaşı müharibədən salamat qayıtsın.

 

Müharibə isə dəyərləri yerindən oynadır.

Şah beçəni oğurlayırlar...

Qara qoçu canavar öldürür...

Yanıl alma quruyur...

 

Bu, Şəmşəd kişi üçün qardaşı Muradın ölümü deməkdir. Bununla Şəmşəd kişinin özü ilə bu gəldi-gedər dünya arasındakı haqq-hesab da bitmiş olur.

Ancaq mən bununla çevrənin qapandığı fikrində deyiləm. Hər şey spiralvari hərəkətdədir. Bu son növbəti dövrənin başlanğıcı deməkdir. Deyilənlər başa gələcək, olanlar təkrarlanacaq: "Bəlkə elə dünya bu təkrarlar üzərində dönüb dolanır?! Nə olubsa, yenə olacaq, nə edilibsə, yenidən ediləcək".

Yazını yazanın hökmü ilə barsız söyüd bar verəcək. Dünyaya yeni nəsil gələcək. Romanın kiçik qəhrəmanı, atası müharibədə həlak olan Güzar özünü əmisinin uzun qış gecələri danışdığı nağıl qəhrəmanlarına bənzədə-bənzədə böyüyəcək. "Və bir gün onun da könül qapılarını əlində sehrli alma tutan bir dərviş döyəcək və o, damarlarından axan qanın sahibi olacaqdı"...

Biz həmin dərvişin sorağını bundan xeyli sonra şair Məmməd İsmayılın şeirindən alacaqdıq:

 

...Arzu yuxusunda qırx il yatmışam,

Qırx il də yataram yuxuma gəlsən -

Hardasan, hardasan, ay baba dərviş?!

 

Məti OSMANOĞLU

 

Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.14-15.