Varislər

 

Qısa ömrün vida nəğməsi

"Varislər"in bugünkü qonağı unudulmaz şair, gözəl insan, səmimi dost, ölümündən 40 ilə yaxın zaman keçsə də, şeirləri hələ də yaddaşlarda sevgi ilə xatırlanan Vaqif İbrahimin ömür-gün yoldaşı Məlahət xanım Yaqubovadır.

Komsomol Vaqif

 

1945-ci ilin payızında gözəl Şəkidə, Əliyar İbrahimovun ailəsində gəlmişdi dünyaya. O nəslin çiyninə II Dünya savaşından sonra dağılanları yenidən qurmaq, param-parça olmuş ümidilərə işıq tutmaq, çətinliklərin, səfalətin, aclığın içindən sıyrılıb çıxmaq yükü düşmüşdü.

Orta məktəbi bitirəndən sonra Mzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb mühəndis olmuşdu, amma içi ədəbiyyatla qaynayırdı, şeirləri institutun çoxtirajlı qəzetində, respublika mətbuatında çap olunur, özünəməxsus nəfəsi, yazı üslubu diqqət çəkirdi.

Taleyini Sumqayıta bağladı. Bir müddət Sumqayıtdakı şəhər radio qovşağında redaktor oldu, Sumqayıtda indi də fəaliyyət göstərən Ə.Kərim adına Poeziya Klubuna rəhbərlik etdi, "Ulduz" jurnalında ədəbi işçi, "Göyərçin" jurnalında məsul katib oldu. Onun fəaliyyəti daha çox gənclərlə bağlı idi. Respublika Gənclərinin Ədəbi Birliyinə sədrlik etdiyi dövrlərdə neçə-neçə istedadlı gənc yazarın tanınmasında, çap olunmasında, yetişməsində rol oynadı.

Hər gün gənclik eşqilə gənclər şəhəri Sumqayıtdan Bakıya üz tutur, hər axşam tarixlərə şahidlik etmiş doğma Bakıdan ailəsinin, doğmalarının yanına - Sumqayıta qayıdırdı... Və bir gün... onun yolu... yarıda qırıldı... Kim deyir ki, yol bitmir? 1983-cü ilin o günü Vaqif İbrahim adlı bir yol bitdi...

 

"...Özümə cavabdehəm.

Ömrümdən düşüb qalan

İzimə cavabdehəm...

Narahatam hər zaman.

Ömrümün üfüqündən boylanan

Qara gözlü, gülər üzlü

Bir qıza cavabdehəm...".

 

Qara gözlü, gülər üzlü o qız...

 

- Məlahət xanım, bu gün sizinlə unulmaz Vaqif İbrahimdən danışacağıq. "Ədəbiyyat qəzeti"nin "Varislər" layihəsində görüşürük. Vaqif İbrahimin ömrünə, taleyinə cavabdeh olduğu qara gözlü, gülər üzlü qızla üzzə oturmaqdan məmnunam. Necə tanış olmuşdunuz? Yəqin, əksər qızlar kimi əvvəl naz eləmisiniz...

- (Gözləri gülür, fikrə gedir). Hə, ilk vaxtlar naz elədim. Açığı, hələ ailə qurmaq fikrim yox idi. O günlər üçün çox heyifsilənirəm. Elə dünən gecə yadıma düşmüşdü yenə, o qədər ağlamışam ki... (yenə gözləri dolur). "Ulduz" jurnalında işləyirdi, mən də "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatında yığım sexinin ustasıydım. Politexnik institutunun poliqrafiya şöbəsində oxuyurdum o vaxt. Tofiq adlı dostu vardı, tanıyırdım onu, sən demə, məni görmək üçün gəliblər, guya Vaqif nəsə sənəd gətirib. Dedim yığarıq, narahat olmasın. Sonra gəldi yığılmış mətnə baxıb getdi. O vaxt bilirsiniz də, mətnlər qurğuşunla yığılırdı. Nəsə, bəyənmişdi məni. Tofiqlə xəbər göndərmişdi, dedim oxuyuram hələ. Komsomolun neçənci qurultayıydı bilmirəm, rəhmətlik Heydər Əliyev savadlı, yaradıcı gənclərə həmişə diqqət göstərirdi axı, həmin qurultayda Vaqif haqqında da bir-iki kəlmə xoş söz demişdi, həmin sözləri mətbuatda da vermişdilər. Tofiq həmin yazını mənə göstərdi, başladı Vaqifi tərifləməyə, mənim də saqqızımı oğurladı, dedi, hamı Vaqifi təbrik eləyir, sən də zəng vur təbrik elə. Zəng vurub təbrik elədim. Elə bil, Vaqif zəngimə bənd imiş, bir də gördüm, əlində Moskva şokoladlarıyla gəldi. O vaxt tapılmırdı elə şeylər.

- Belə çıxır ki, Vaqif İbrahim iki kiloqram Moskva şokoladıyla aldı könlünüzü?

 

İki kiloqram şokolad, vəssalam, şüttamam

 

- (Gülür). Belə çıxır da. Çünki həmin o görüşdən sonra Tofiq gəlib dedi ki, Vaqifin fikri ciddidir, sizə elçi göndərmək istəyir, mən də razılıq verdim. Bacısının yoldaşı Gəncədə katib idi, ağsaqqal kimi o gəlmişdi başqa böyüklərlə. Qismət. Ailə qurduq, iki övladımız oldu: bir qız, bir oğlan. Qızım hələ subaydır, amma Rəşad ailəlidir, iki nəvəm də var, birinin adı Vaqifdir, balaca Vaqif. Sonradan eşitdim, əvvəl Vaqifgildə bizim nişanlanmağımıza razı olmayıblar. Vaqifin yaxın qohumlarından birinin həyat yoldaşı Bakı kəndlərindən idi, yaxşı gəlin kimi ad çıxarmamışdı, narazıydılar ondan, qayınanam o vaxt deyib ki, Əmircandan qız almarıq, zorla razı salıblar, amma sonra başıma and içirdi arvad, elə peşman idi ki, o vaxt narazı olmasına.

- Kim olub atası Əliyar kişi? Anası kimi olub? Bizə bir az Vaqif İbrahimin doğulub böyüdüyü ailədən danışın.

- Vaqif müəllimin anası kimsəsiz olub, onlar ailədə yetimliklə böyüyüblər, amma atası Əliyar kişi Şəkidəki "zərgərlər nəsli"ndəndir. Vaqif çox tərbiyəli bir ailənin övladıdır. Şəkidə bu gün də yaşlı nəsil Əliyar kişini hörmətlə xatırlayır. Atası o vaxt dövlət işində çalışıb, ticarətçi olub, rayon ticarət şöbəsinə rəhbərlik edib. Yaxşı dolanıblar, Şəkinin mərkəzində yaxşı evləri, həyətləri, hər bir şəraitləri olub. 50-ci illərdə Sumqayıt təzə salınanda Əliyar kişi ailəsilə bir yerdə Sumqayıta köçüb. Vaqifin yeniyetməliyi, gəncliyi Sumqayıtda keçib, orada texnikumda oxuyub, sonra ali təhsil alıb.

 

Mühəndis-şair

 

- Neft-kimya institutunu bitirib, mühəndis olub, amma bir gün də öz ixtisası üzrə işləməyib, ədəbiyyatla məşğul olub, belə çıxır ki, ali məktəbdə hansısa gələcək neft mühəndisinin yerini tutub...

- (Gülür). Yox, əlbəttə, ali məktəbə sənəd verəndə, təhsil aldığı illərdə mühəndis olmaq arzusu ilə yaşayıb, amma deyirdi, sonra hiss elədim ki, ədəbiyyat məni çəkir. Sumqayıtla bağlı xatirələri çox idi. Sumqayıtdakı Ə.Kərim adına Poeziya Klubunu yaradanda lap gənc olub, başına şəhərin istedadlı gəncləri toplaşıb. Mən bilirəm, həmin klub bu gün də fəaliyyət göstərir. Onlar ailədə dörd qardaş, iki bacı olublar, bir bacılarından başqa, hamısı ali təhsil almışdı. Vaqif evin kiçiyi idi, hamı onun xətrini çox istəyirdi, amma ailəyə ilk ağır zərbəni də Vaqif vurdu, 38 yaşında dünyasını dəyişdi. Kimin ağlına gələrdi, o qədər həyat eşqi, o qədər arzusu olan adam... (kövrəlir) quş kimi uçdu getdi əlimizdən. Əli Kərimlə dost olublar, elə özü də Əli Kərim yaşında getdi.

- Belə başa düşdüm ki, siz Sumqayıta gəlin köçmüsünüz. Sumqayıt mənim doğma şəhərimdir, xahiş edirəm, Sumqayıtla bağlı ən maraqlı xatirənizi oxucularımızla bölüşəsiniz.

 

Mənim Vaqifli günlərim orada keçdi

 

- Mənim həyatımın ən gözəl, ən xoşbəxt günləri, Vaqifli günləri Sumqayıtda keçdi. Vaqifdən sonra çox sarsılmışdım, özümə yer tapa bilmirdim, amma indi çox peşmanam Sumqayıtdan köçdüyüm üçün. Oğlum Rəşad da deyir, nahaq köçdük oradan. Vaqif dünyasını dəyişəndən sonra elə bildim, təkcə Sumqayıtda yox, elə bu boyda dünyada tək qalmışam, qorxdum. Anamgili Bakıdaydılar, tez Bakıya can atdım mən də... Arada gedib-gəlirəm Sumqayıta. Vaqifin ən yaxın dostlarından biri rəhmətlik Feyzi Mustafayev idi, onlara gedib-gəlirəm. Əzizə xanım - Feyzi müəllimin yoldaşı mənə doğma bacı qədər əzizdir.

- Yəni Sumqayıtda xətrinizə dəyən bir kimsə olmayıb? Heç Vaqif müəllim də dəyməyib xətrinizə?

- Vaqif qarışqanı da incitməyən adam idi. O, son nəfəsinə qədər mənə güldən ağır söz demədi. Çox saf adam idi (kövrəlir). Mən inana bilmərəm Vaqif həyatda kiminsə xətrinə dəysin. Ən yaxın dostları bayaq dedim də Feyzi müəllim idi, bir də jurnalist dostu vardı Rəhman Orxan. Feyzi müəllim də son nəfəsinə qədər bizi arayıb-axtardı, Rəhman qardaş da həmişə zəng vurur, əlaqə saxlayır. Necə deyim, az qala həftənin 4 gününü Feyzi Mustafayevgildə olurduq. Bir də Əşrəf Veysəlli ilə yaxın idilər. Əşrəf müəllimi həm də şair kimi çox istəyirdi Vaqif. Ağəddin Mansurzədə ilə yaxın idi. O vaxt dost-tanış bir-birinin evinə gedib-gəlirdi, indi adamlar soyuyublar. Biz Feyzi müəllimgildə olanda bir də görürdük Əşrəf müəllim gəldi, Ağəddin müəllim, Hafiz Baxış gəldi. Jurnalist Zümrüd Baloğlanovayla dost idilər. Bir bacı qədər xətrini istəyirdi Zümrüd xanımın. Ümumiyyətlə, Sumqayıtda həyat maraqlı idi. Günlərimiz çox şən keçirdi.

- Çox maraqlı və mənə doğma olan bir-neçə nəfərin adını çəkdiniz. Hafiz Baxış bizim qonşumuz idi, onlar Bakıya köçəndə bütün qonşular sarsılmışdı. Feyzi Mustafayev bir ədəbiyyat adamı, bir jurnalist kimi möhtəşəm idi, nə yaxşı ki, bu layihədə onun da ailəsi iştirak edib. Zümrüd Baloğlanova mənim mənəvi bacımdır. Məsləhətə, dəstəyə, dərdləşməyə ehtiyac duyduğumda onun yanına qaçıram. Rəhman Orxana qohumluğumuz çatır. Əşrəf Veysəlli isə Sumqayıtda çoxu kimi mənim də ağsaqqalım və əmi dediyim adamdır. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara isə möhkəm cansağlığı arzu edirəm.

Vaqif müəllim o vaxt partiyanın kiçik qardaşı komsomolun xəttilə müəyyən uğurlara imza atmışdı. Onun gələcəyi üçün yaşıl işıq yanırdı. Komsomol mükafatı almışdı, gənc bir adam üçün böyük uğur idi. Komsomolun nəzdində fəaliyyət göstərən ədəbi birliyə rəhbərlik edirdi. Yəqin, arzuları, planları da çox idi.

 

"Ömür nə qısadır..."

 

- Vaqif bir şeirində "Ömür nə qısadır" deyirdi, elə bil, ömrünün yarıda qırılacağını bilirdi bu adam, həmişə qaçaqaçda idi, tələsirdi. Biz Vaqifin üzünü əməlli-başlı görə bilirdik ki... Moskvaya gedirdi, bir də səsi BAM-dan gəlirdi. BAM-dan Kiyevə, ordan Tiflisə. Vaqif daima məzuniyyətdə olurdu. Sonuncu dəfə Çexoslovakiyadan gəldi, Türkiyəyə, ədəbiyyat tədbirinə getməyə hazırlaşırdı, amma həmin hadisə baş verdi, gedə bilmədi. Vaqif işıq idi elə bil, getdiyi yerə də özü ilə işıq aparırdı.

İndi şəkillərinə baxıram, əksəriyyətində qaraqabaq düşüb. Elə deyildi Vaqif. Adamın ən pərt, ən qayğılı vaxtında da onun könlünü ala, ovuda, üzünü güldürə bilirdi. Çox lətifə bilirdi, çox mütaliəli idi deyə, yaxşı məsəllər, əhvalatlar danışırdı.

- Şəki lətifələri danışırdı sizə?

- Elə hamısından. Sumqayıtda şəkililər çox idi, qohumları da çox idi elə. Qayınanam Məshadə xanım çox yaxşı süfrə açırdı, dadlı yeməklər hazırlayırdı. Çox vaxt bizə yığışırdılar, yeyib-içirdilər, sonra başlayırdı lətifə saatları, deyib-gülmək. Mənim orada günüm çox xoş keçirdi. Vaqifgilin ailəsi mehriban idi. Bəzən aylarla Bakıya, valideynlərimə baş çəkməyə getmirdim, soruşurdu, Məlahət, anangilə baş çəkmək istəmirsən, deyirdim, burda darıxmıram axı, hamı başıma and içir. Mən Vaqifin anasından qayınanalıq görmədim, o elə mənə də ana idi. Üstəlik, anamgili, bacı-qardaşlarım özləri tez-tez gəlirdilər bizə.

 

...sonra lətifə saatları

 

Vaqif qısqanc idi bir az. Həyətə düşməyimə, zibil atmağıma belə icazə vermirdi. Evə işıqçı gəlirdi, qayınanam ona da süfrə açırdı. Deyirdim, ay ana, hər adama süfrə niyə açırsan? Deyirdi, yazıq qapı-qapı gəzib sayğacları yoxlayır, əlbəttə, acdır, evdən də yemək qoxusu gəlir, günaha batmaq olmaz. Evə biri gəldisə, mütləq süfrə açılmalıydı. Elə bil, ayda bir dəfə işıqçı, qazçı mütləq naharı bizim evdə eləməliydi.

- Bəs onun bu səxavəti sizi qıcıqlandırmırdı? Hər halda, sizin həyat yoldaşınızın qazancı ilə açılırdı o süfrələr.

- Yox, qətiyyən. Hamı o qadının xətrini istəyirdi. Vaqif dünyasını dəyişəndən sonra biz də Bakıya köçdük, dediyim kimi, sonra bir dəfə köhnə məhəlləmizə yolum düşdü, qonşular başıma yığışdılar, hamı deyirdi ki, bu məhəllədə sizin kimi ailə olmayıb.

- Bəs siz haradasa işləyirdiniz? Necə çatdıra bilirdiniz evin qayğılarını?

- Mən işləmirdim. Ailə qurana qədər "Azərbaycan" nəşriyyatında işləmişdim, dediyim kimi, elə Vaqiflə də orada tanış olmuşduq, sonra Vaqif məni işdən çıxartdı. Mənə söz vermişdi ki, Sumqayıtda işə düzəldəcək, amma fikrindən daşındı, mən də həmişə onun verdiyi qərara hörmətlə yanaşmışam.

- Komsomol mükafatı o vaxt üçün normal pul mükafatıydı, kitabları, qonorarlar, ezamiyyətlər... ailəyə korluq vermirdi?

- Yox, qətiyyən. Evə qətiyyən korluq verməzdi, hərdən evdir də, ailədir, deyirdim, filan şeyimiz çatışmır, deyirdi ki, bazar günü bir yerdə çıxıb alarıq. O vaxt yaradıcı adamlar qonorarla dolanırdılar. O da, demək olar, bütün qəzet-jurnallarda çap olunurdu. Çox yazırdı, BAM xatirələri, şeirləri, məqalələri... elə gün olmurdu ki, çap olunmasın. Qayınanam şəkər xəstəsiydi, deyirdim nə edirsən elə, amma onun dərmanlarını, həkimini yaddan çıxratma, qoy arvad əziyyət çəkməsin.

 

Hər gün çap olunurdu

 

Qayınanam dünyasını dəyişəndə Şəkidəydik, zəng vurub dedilər ki, arvadın vəziyyəti ağırdır. Deyirdi, Məlahət gəlməsə, canımı tapşıra bilmərəm. Biz onu sap-sağlam qoyub getmişdik, şəkərdir də, birdən halı pisləşib. Yay vaxtı idi, tez qayıtdıq Sumqayıta, arvad, elə bil, doğrudan da, bizi gözləyirdi. Qucaqladım onu, başını qoydum əlimin üstündə, mənə baxdı, canını tapşırdı.

- BAM-a tez-tez gedib-gəlirdi, hətta ona BAM-ın fəxri inşaatçısı adı verilmişdi. Nə bağlayırdı onu BAM-la? Maddi maraqları vardımı?

- Yox, nə maddi maraq?! Ümumiyyətlə, səyahət etməyi sevirdi, yollarda olmağı sevən adam idi. BAM-ın Unkan qəsəbəsində azərbaycanlılar çox idi, onlarla görüşməyə, onlardan müsahibə almağa, onlardan yazmağa gedirdi. Həmin yazıları böyük jurnalist Nəsir İmanquliyev baş redaktoru olduğu "Bakı" və "Baku" axşam qəzetlərində silsilə şəklində çap edirdi. O, komsomol xəttilə ezamiyyətə gedirdi, elə komsomol mükafatını da BAM silsiləsinə görə almışdı.

 

BAM-ın fəxri inşaatçısı

 

Onun BAM-a gedib-gəlməyi yarım ay çəkirdi. Mən gəlin köçənə qədər, sən demə, Arif qardaşı narazılıq edirmiş ki, gedirsən, günlərlə xəbər-ətər çıxmır səndən, atan-anan yaşlı adamlardır, narahat olurlar, arada zəng vur, demişdi BAM dünyanın o başıdır, zəng vurmaq çətindir. Təzə ailə qurmuşduq, axşam hamımız evdəydik, şəhərlərarası zəngin çağırışı fərqli olurdu, bir də gördük, şəhərlərarası zəng gəldi. Tez qaçdım dəstəyi götürməyə, dedim, Vaqif olacaq. Arif dedi ki, ola bilməz Vaqif zəng vursun, amma Vaqif idi (üzü gülür). Vaqifdən sonra da onlar məni həmişə uca tutdular, heç vaxt könlümü qırmadılar. Uşaqlar da əmilərinə, bibilərinə çox bağlıdırlar.

- Vaqif müəllim həm şeir yazırdı, həm də məqalələr, oçerklər. Onun yazı prosesi necəydi? Hansı saatlarda işləyirdi?

- Mən onu işləyəndə görmürdüm. Demək olar, evdə işləmirdi, ola bilsin, nəsə qeydlər edirdi, vəssalam. Sumqayıtda onun tək otağı var idi, yaradıcılıq otağı, evdən də bir qədər aralı idi. Bircə dəfə demişdi ki, işləyəndə məni narahat etməyin. Mən ora heç vaxt getməmişdim, ancaq Vaqif dünyasını dəyişəndən sonra getdim həmin otağa. Çünki heç vaxt onun bir sözünü iki eləməzdim. Hər bazar günü səhər yeməyini o hazırlayırdı, pomidor-yumurta bişirirdi bizə, bir yerdə yeyirdik, ona görə bazar günlərini həsrətlə gözləyirdim, bir yerdə olurduq axı. Sonra çıxırdı evdən, naharını hazırlayıb qoyurdum çantasına, bir də gecə saat 10-da, bəzən daha da gec qayırdırdı evə. Biz onu doyunca görə bilmirdik.

 

Məni narahat etməyin

 

- Daha çox gənclərlə işləyirdi, üstəlik, özü də gənc idi, 38 yaş nədir ki? İş söhbətlərini evdə danışmağı xoşlayan adam idi? Xətrini istədiyi, ümidverən gəncdən, ya da onu bezdirən kimdənsə danışırdı evdə?

- Qətiyyən evdə iş söhbəti eləməzdi. Hərdən əsəbi olanda hiss edirdim ki, kimsə mane olur, kimsə ayağının altını qazır onun. Bilirsiniz, gözü götürməyən çox idi onu. Cavan idi, amma çox tanınırdı, yaxşı hörmət qazanmışdı. O dövrdə çox sevilən, məşhur bir şair vardı, o da komsomol mükafatı almışdı, amma nədənsə, gözü götürmürdü Vaqifi, çox əsəbiləşdirirdi.

- Vaqif müəllim dünyasını dəyişəndən sonra söhbətimizin əvvəlində adlarını çəkdiyiniz yaxın dostlarını nəzərdə tutmuram, komsomol, dövlət xəttilə sizinlə maraqlanan oldumu?

- Yox... Vaqiflə hər şey qurtardı. Mən özüm də heç bir qapıya getmədim. Çox deyirdilər kiməsə ağız açım, kiminsə qəbuluna gedim, amma getmədim. Respublika Komsomolunun birinci katibi C.Müslümzadə xəbər göndərdi ki, Məlahət yanıma gəlsin, görək nə kömək etmək lazımdır. Getmədim. Uzun illər bu xasiyyətim dəyişmədi. Sağ olsun, Aqil Abbas, həmişə "Ədalət" qəzetində Vaqifi yad eləyir, xatirəsini əziz tutur. Vaqif oktyabrda dünyasını dəyişib, Aqil müəllim hər il oktyabrda onu xatırlayır. Vaqif Cəbrayılzadə Vaqif haqqında yaxşı yazı yazmışdı. Yəni yada salanlar, xatırlayanlar var, sağ olsunlar.

Cəmi bir dəfə, uşaqlar böyüyb, ali təhsil alandan sonra onların işilə bağlı bir tanınmış deputatımızın yanına getdim, bilirdim Vaqiflə yaxın olduqlarını.

- Kim idi o deputat?

- Yox, adını çəkməyəcəyəm, Allah cansağlığı versin, başqa nə deyim? Xahiş elədim məktəblərin birində Rəşadın işə düzəlməsinə kömək eləsin, sözümü yerə saldı, dedi, mənim elə tanışlarım yoxdur, amma bilirdim ki, bir zəngiylə həll edə bilər. Onun yanından çıxıb həyətdə çox ağladım. Yaxşı ki Rəşada deməmişdim sənin işinlə bağlı filankəsin yanına gedirəm, yəqin, inciyərdi məndən, qınayardı məni.

 

Buna yaşamaq demək olmaz

 

- Aydındır (araya uzun sükut çökür). Vaqif müəllim dünyasını dəyişəndən sonra ilk vaxtlar, əlbəttə, çox ağır oldu, necə yaşaya bildiniz o günləri?

- Buna yaşamaq demək olmaz. Qızım Aytəni anamgilin yanında qoyurdum, Rəşadı geyindirib gəlirdim Sumqayıta, amma hər dəfə Vaqif qəzaya düşdüyü yerdən keçəndə gözlərimi yumurdum. Gedirdik Sumqayıta, Vaqifin gəzdiyi yerləri, məhəlləmizi, iş otağının yanını gəzirdim, sonra fikirləşirdim ki, mənim burada nə işim var. Elə bilirdim, dəli olacağam... Qayıdırdım Bakıya, amma yenə özümə yer tapa bilmirdim, deyirdim, qayıdıram Sumqayıta. Bütün günü yollarda, avtobuslardaydım (ağlayır). Yaxşı ki, uşaqlar tez böyüdülər, onlar böyüdükcə mən yavaş-yavaş ovundum, dedim ki, yaşamalıyam, Vaqifin yadigarları üçün yaşamalıyam. Feyzi gəlirdi, Rəhman gəlirdi, çalışırdılar başımı qatmağa...

- Hər gün Sumqayıt-Bakı yoluyla gedib-gəlirdi, amma bir oktyabr günü o yol bitdi. Belə götürəndə həm də Vaqif İbrahim adlı bir yol da bitdi o gün. O qəza xəbərini necə eşitdiniz? Kim dedi, kim çatdırdı?

Əlvida, qara gözlüm

 

- Səhər işə gedəndə həmişəki kimi zarafat eləyib getdi, sonra tez pəncərəyə çəkilib, xeyli arxasınca baxdım. Hələ dayanıb, əl də elədi mənə. Sonra eyvandan baxdım onun arxasınca, gözdən itənə qədər baxdım, elə bil, nəsə olacaqdı, özümə yer tapa bilmirdim, çox narahat idim. Həmin gün ev telefonumuz da kəsildi. Aytən anamgildəydi, Rəşadı ayaqlarım üstə yatırdırdım, nəsə mürgüləyəndə yuxu gördüm. Elə bil Vaqifin ölümünü gördüm. Yuxuda gördüm qapısız-pəncərəsiz bir otaqdayam, quş kimi çırpına-çırpına qalmışam. Sonra oyandım, elə bildim Vaqif gəldi, uşağı kənara qoyub mətbəxə baxdım, hamama baxdım, gördüm yox, məni qara basıb. Oturdum pəncərə qabağında, gecə saat 1 oldu, gəlmədi, 2 oldu, gəlmədi, ürəyim partlayır. Sən demə, mən yuxu görəndə artıq Vaqif həyatla əlləşirmiş. Axşam saat 8-9 arası birliyin məşğələsindən qayıdanda hadisə olub, anamgili tapıblar, Vaqifi Republika xəstəxanasına aparıblar, rəhmətlik Bəxtiyar Bahabzadə gəlib özünü çatdırıb.

Gecə saat 3-ü keçmişdi, bir də gördüm "Göyərçin" jurnalının sürücüsü Rizvan gəldi maşınla həyətə, elə bildim Vaqifi gətirir. Tez qapını açdım, qapıda anamla bacımı görəndə dalağım sancdı ki, nəsə olub. Anam dedi, Vaqif bir az əzilib, 1 gün xəstəxanada qalacaq, geyin gedək onun yanına. Səhər öz əlimlə geyindirdiyim plaşı, sən demə, qan içində olub, anam onu gizlincə gətirib hamama qoymuşdu. Getdik xəstəxanaya. Gördüm Feyzigili, dostları, Bəxtiyar Vahabzadə, Gəncənin katibi olan bacısının yoldaşı, hamısı burdadır. Məni palataya keçməyə qoymadılar. Mən Vaqifi son dəfə həyətdə bir anlıq dayanıb mənə əl eləyəndə gördüm. Vaqif üç gün komada qaldı, sonra öz ölümü ilə məni yandırıb getdi...

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.16-17.