Nizami Gəncəvinin tərəzisində

Musa Yaqub daşları

 

"Daş" sözünün həm də zinət mənası var. Çox yəqin, ondandır ki, öləndə də sonuncu zinətimiz daş olur - başdaşı. İnsan daşı ona görə sevir ki, az-çox, daşda əbədiyyət nişanı var, hər halda, tarixin min illik sınağından çıxmış daş binalar, sərdabələr bunu göstərir. Qızıl da çürümür, yaxud da gec çürüyür deyə, bunca qiymətlidir. İnsan sağlığında əbədiyyət nişanını boynundan asır, biləyinə bağlayır, qulağına salır, öləndən sonra isə əbədiyyət işarəsi ilə - başdaşı ilə fanilik ünvanını bəlirləyir.

Nizami Gəncəvinin "Şərəfnamə" əsərinin qəhrəmanı İskəndər dirilik suyunun dalınca gedəndə bir məsələni unudur, o bilmir ki, Allah birinin taleyini başqasına yazmır və kiminsə nəsibini özgəsinə vermir. İnsan həddən artıq böyük güc sahibi olanda - dünyanın axarını dəyişə biləcəyini düşünür. Amma Allahın çayı nə zamansa nə geri axır, nə də məcrasını dəyişir...

İskəndər anlamır ki, Xızır peyğəmbərə nəsib olan dirilik suyu onun qismətində yoxdur. Yüz adam eyni məqsədlə çalışsa da, onlardan ancaq biri öz arzusuna çatır. Ona görə də hər arzuya çatan şükür etməlidir, çünki niyyətinə qovuşmaq yüz adamdan biri olmaq deməkdir:

 

Yüzü halva üçün yandırar ocaq,

Halva şirin eylər bir ağzı ancaq.

 

Nizami aşağıdakı misraları ilə öz qəhrəmanının düzgün yol seçmədiyini göstərir, gücü, hakimiyyət əzmi nəticəsində yolunu azdığına görə onu məzəmmət eləyir:

 

Qismətsiz bir şeyə göstərdi həvəs.

Qismətin deyilsə, çalışma əbəs.

 

Arzuya gedən yollar fərqlidir, hər kəs bir yolla çatır. İnsanın niyyətinin müqəddəsliyi yoldan asılıdır, əyri yolla pak məqsədə çatmaq olmaz. Xızır peyğəmbər insanlığa xidmət, Allaha ibadət üçün dirilik suyu, əbədi həyat istəyir, İskəndər isə öz hakimiyyətini əbədi etmək, hökmranlıq qılıncını boyunlarda itiləmək eşqi ilə əbədiyyət eşqinə düşür. Ona görə də Xızır peyğəmbər dirilik suyunu işıqlı diyarda tapmışdı, İskəndər isə niyyətinin yanlışlığı ucbatından dirilik suyu naminə zülmət aləminə baş vurmuşdu.

Qeybdən səs gəlirdi:

 

Başqa bir səs gəldi: "Ey əhli-Rum

Bu gözəl ölkədə var parlayan qum.

 

Peşman olacaq onu götürən.

Dizinə vuracaq heç götürməyən.

 

Keçərkən parlayan qumdan bir nəfər

Götürdü bəxtinə görə bir qədər".

 

Sonra İskəndərin ordusu 40 gündən sonra zülmət diyarından işıqlı aləmə qayıdanda götürdükləri qumları, daşları qarşılarına tökürlər, əldə etdikləri ləl-cəvahirata çevrilir:

 

Daşların hamısı qırmızı, yaqut,

Gözlərə nur verir, ürəklərə qut.

 

Daşdan az götürən düşmüşdür dərdə,

Heç götürməyən ahda, kədərdə.

 

Peşman olmuşdu az götürənlər,

Alışıb-yanırdı götürməyənlər.

 

İskəndərin əsgərləri qumları, daşları götürməkdə tərəddüd edirlər, ona görə də bəziləri çox götürür, bəziləri az. Çünki onlar tərəddüd edirlər ki, görəsən, götürdükləri onlara xeyir gətirəcəkmi. Onlardan başqa zülmət diyarında kimsə yoxdur ki, barı soruşsalar: bu daş bizə gərəklidir, yoxsa yox?

Adi dünya olsaydı, daşların gərəkli olub-olmayacağı onlarda sual doğurmazdı və kimsə demədən də qənimət kimi o qumları acgözlüklə yığardılar.

 

Dönsəydi o dağa gedənin biri,

O zaman gözəldi, o dağ səfəri.

 

Amma zülmət diyarında reallıq başqadır, eləcə də axirətin həqiqəti başqadır. Burda bizə sərvət kimi görünənlər axirətdə yük ola bilər. Musa Yaqub poetik tərəzisində həmin məqamı belə çəkir:

 

Özümlə nə döyüşüm, özümlə nə vuruşum?

Burda köhnə izlərin cığırı ot, yeri şum,

Daha bu yoldan geri dönən yox ki, soruşum,

İlahi, mən bu daşı götürüm, götürməyim?

 

İskəndərin qoşunları zülmətdən 40 günə çıxır, deməli, o qumlar, o daşlar həmin müddətdə, yolda onlara yük ola bilərdi. Çünki qoşunun yükü nə qədər çox olsa, irəliləməsi bir o qədər çətinləşir. Tərəddüdün bir səbəbi də budur. M.Yaqub insana xatırladır ki, sən dünya malını belində daşıyan yük heyvanı deyilsən, ona görə həmişə özünə yük olmayacaq şeyləri götür:

 

Bir dərya sularında yüküm olacaq isə,

Bir səhra küləyində çəkim olacaq isə,

Şeytan üçün tüfəngim, cəngim olacaq isə,

İlahi, mən bu daşı götürüm, götürməyim?

 

Saxlamaq da çətindi, aparmaq da azardı,

Tale bu bilməcəni görən necə yozardı?

Bu necə gəl-getdi bəs, eh bu necə bazardı,

İlahi, mən bu daşı götürüm, götürməyim?

 

İskəndərin qoşunu o daşların nəyə gərək olduğunu bilmir, ona görə də onları tərəddüdlə götürür. Əgər əsgərlər axirət üçün nəsə toplamaq, o dünya üçün sərmayə cəm etmək fikrinə düşsəydilər, düşünəcəkdilər ki, daş, qum axı bizim nəyimizə gərəkdir? M.Yaqub "Bu dünyadakı çox şey bu dünya üçündür, başqa dünyada heç nəyə yaramır" fikrini bu tərəddüdlərlə açır:

 

Bir əl yetməzliyində bəlkə mənə köməkdi,

Budaqda ruzim olsa bir qarış boy deməkdi,

Yerim cənnət bağısa, daş nəyimə gərəkdi,

İlahi, mən bu daşı götürüm, götürməyim?

 

 İskəndərin qoşunu zülmətdən çıxarkən - yəni keçid nöqtəsində imtahan olunurlar, onlara belə bir fürsət verilir ki, daşlardan ya götürsünlər, ya da yox. Bu, bir yolayrıcıdır, onlar işıqlı dünya ilə qaranlıq dünya arasındakı yolayrıcındadırlar. Qəribədir ki, insan həmişə həyatının yolayrıclarında imtahan olunur. Musa Yaqub bu məqamı - yolayrıcı amilini belə şeirləşdirir:

 

Gördüm yolayrıcında bu nə süfahi daşdı.

Yəqin, yol gedən deyib daş yoldaşla adaşdı.

Dünyanın bir ucu toy, bir ucu da savaşdı,

İlahi, mən bu daşı götürüm, götürməyim?

 

İskəndər nə üçün dirilik suyunu tapmır? Çünki dirilik suyuna gedən yolu insanlardan soruşmuşdu, Allaha təvəkkül etməmişdi. Buna görə də Xızır peyğəmbərdən fərqli olaraq, Allah ona yol göstərməmişdi.

 

Atı Xızra verdi böyük tacidar

Bilirdi onda bir aslan qəlbi var.

 

Verdi ki, bu yolda səyirtsin onu,

Onunla tapsın bu həyat suyunu.

 

Yaradan Xızıra at verir və yol göstərir. Xızır peyğəmbər istəyir ki, İskəndərə dirilik suyu tapmaqda kömək etsin, suyun yerini göstərsin:

 

İstədi gəlincə yoldan İskəndər,

Desin həyat suyu budur, qıl nəzər.

 

Bir daha çeşməyə göz gəzdirərkən,

Dirilik çeşməsi yox oldu birdən.

 

Dərhal bu iş oldu Xızır üçün məlum,

İskəndər o sudan qalacaq məhrum.

 

Ancaq bu kömək qərarı yanlış idi, çünki Allahın nəyisə nəsib etmədiyi neməti insan kimsəyə bəxş edə bilməz. Bizim xeyirxahlarımız Tanrı tərəfindən yaxşılıq etmək üçün icazəli insanlardır.

Bu hadisə ilə bağlı Nizami başqa bir rəvayət də danışır. Yazır ki, Xızır İlyas duzlanmış, quru balıqla çeşməyə düşür, balıq əlindən düşərək suya düşür və dirilir. Bu işarədən başa düşür  ki, bu su dirilik suyudur. Sudan doyunca içir, İskəndər eşidir ki, orada dirilik suyu var. O, suyun yanına gəlir, amma su olan ərazi çəmənliyə çevrilir, Nəticədə, suyu tapmır. İskəndər əlində qılıncla, Xızır isə gül ilə dirilik suyu axtarmağa getdilər. İskəndər ona görə dirilik suyunu tapa bilmədi ki, Tanrı əlində qılınc götürənin yox, gül tutanın əbədi həyat qazanmasını məqbul bildi. O gündən bəri dirilik suyu - zülmə yox, mərhəmətə nəsib oldu.

İskəndər qayıdarkən onun yoluna bir mələk çıxır. Mələk ona deyir ki, dünyanı tutsan da, dirilik suyu tapmaq kimi çiy arzudan əl çəkmədin. Al bu xırdaca daşı götür, çalış ki, bu daşla tarazlıq yarada biləcək bir daş tapasan, onda diləklərin gerçəkləşəcək. İskəndər gələndən sonra tərəziyə ən ağır, batman daşları qoysa da,  xırdaca - dəmir pul boydakı daşla tarazlıq yaradan daşı tapmır. Bu halda Xızır peyğəmbər onun gözünə görünərək deyir ki, o daşla ancaq bir ovuc torpaq bərabər ola bilər. Doğrudan da, tərəzinin digər gözünə bir ovuc torpaq tökəndə pərsəng bərabərləşir. Bu hadisədən sonra İskəndər anlayır ki, torpaqdan yaranan insanın da mənəvi tarazlığını ancaq torpaq tamamlaya bilər, torpaqdan yaranan insanın gözünü ancaq torpaq doydurar.

Bütün bunlardan - bunca peşmançılıqlardan, İlahi işarələrdən sonra İskəndər yenə də anlamır ki, əgər nə isə insanın nəsibi deyilsə, onu, sadəcə, inadkarlığın gücü ilə əldə edə bilməz. Nizami yenə xatırladır:

 

Ruzi arxasınca qaçmaq nə gərək,

Sən otur, ruzinin özü gələcək.

 

Keçənlər zəhmətlə əkdiyi bağdan,

Gələnlər meyvəni dərmiş hər zaman.

 

Amma bütün bunlardan sonra İskəndər yenə də nəfsinə aldanır. Bir məclisdə qoca bir şəxs dirilik suyunun yerini bildiyini deyir.  Deyirlər ki, dağın başından bir səs gəlir, o səs kimin adını çəkirsə, o adam o səsin gəldiyi yerə gedir və heç zaman geri qayıtmır. Gərək adıçəkilən adam səs gələn dağa doğru getməsin və beləcə, oradakı vəziyyəti öyrənsin. İskəndər bir neçə adam seçib göndərir və getməmişdən onlara tapşırır ki, dağdakı səs sizin adınızı çəkib çağıranda yerinizdən qalxmayın. İskəndərin göndərdiyi adamların da adı çəkilir. Ancaq o səsi eşidən heç kəs hara getdiyinin fərqinə varmır, adı çəkiləni heç qılıncla da yolundan eləmək mümkün olmur. Yəni dirilik suyu eşqi - əbədi yaşamaq istəyi hamını özünə doğru çəkir və məhv edir. Hamı, əslində, əbədiyyətə doğru bir səsə tərəf yüyürür. İnsanları həmin səs  - əbədiyyət eşqi ölümə yaxınlaşdırır. Dirilik suyu, yəni bizim bu dünyada mübarizə apardığımız nəsnə, o dünyada bizə mübarizəsiz, zəhmətsiz verilir. Amma bütün bunlara baxmayaraq, insan daim tərəddüddədir və gözünü yumub əbədiyyət savaşına girir. Musa Yaqub həmin savaşı belə təsvir edir:

 

"Ömrümün sarayından gündə bir kərpic düşər",

Min belə kərpic düşə, torpağa nə güc düşər?

Ömrün karxanasında bəlkə bir az gec bişər,

İlahi, mən bu daşı götürüm, götürməyim?

 

Nizami Gəncəvidən Musa Yaquba qədər, onlardan sonra da insanın qarşısına daş qoyub seçim etmək tələb olunanda insan tərəddüd etdiyini seçir. Tərəddüd şeytanın, təvəkkül isə Allahın tərəfidir. Dünyanı bir qumarxanaya bənzətsək, bu acı mənzərənin şahidi olarıq: insanlar daşı uduzmamaq əzmi ilə oyunu uduzur...

 

Fərid HÜSEYN

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.30.