"Varislər"

Rafiq Tağısız on il, yaxud gözlədiyim zəng

 

 

"Varislər"in bugünkü qonağı unudulmaz yazıçı, gözəl dost, şəfqətilə hər kəsə can yandıran həkim, zarafatları, söhbətləri daima xatırlanan əziz insan, namərd bir saldırıda həyatını faciəli şəkildə itirən Rafiq Tağının ciyərparası Asiman Tağıdır.

 

 

1950-ci ilin 5 avqust günü Azərbaycanın cənub gözəli, yaşıllıqlara qərq olmuş Masallıda, Xoşçobanlı kəndində, Nəzir kişinin ailəsində dünyaya gəlmişdi. Orta məktəbi qonşuluqdakı Təklə kəndində başa vuran Rafiq Tağı 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdi. Daha sonra Moskva Tibb İnstitutunda ordinaturada təhsil almışdı. Müxtəlif illərdə Saatlıda, Rusiyanın Kalinin vilayətində, Moskvada, ömrünün son illərində isə Bakıda həkim kimi fəaliyyət göstərmişdi.

Rafiq Tağı həm peşəsinə sadiq şəfqətli həkim, həm də bir yazıçı, jurnalist kimi saflığın, təmizliyin və istedadın ən dəyərli etalonlarından biri idi. Onun ədəbiyyatla bağlı söhbətlərini dinləməkdən yorulmaq olmurdu. Sözə, yazıya olan yanaşması həm ciddiliyi, həm də peşəkarlığı ilə seçilirdi. Dostlarının, tanışlarının sağlamlıq qayğısına qalan, resepti yazıb, dərmanı öz puluyla alan həkim idi Rafiq Tağı.

...Və bu il noyabrın 23-də Rafiq Tağının əbədiyyətə qovuşduğu vaxtdan düz 10 il ötəcək. Artıq 10 ildir ki, o əziz dostun, o gözəl insanın, o istedadlı yazıçının təbəssümləri şəkillərində donub qalıb...

 

 

Gülən adam

 

- Babam Nəzir kişini görməmişdim. İki yaşım olanda o, dünyasını dəyişib. Bircə uşaqlıq şəklim var onunla. Atam müəllim ailəsində dünyaya gəlmişdi. Çoxuşaqlı ailə olublar. Doqquz uşaq olub ailədə, ikisi körpə vaxtı tələf olub, yeddi uşağı böyüdüblər, dörd oğlanın hamısı oxuyub, ali təhsil alıb. Atam ailədə böyük uşaq olduğundan onun elmə, təhsilə olan həvəsi özündən kiçik qardaşlarına da keçib. Çox mehriban ailədə böyüyüb atam, o mehribanlıq bu gün də davam edir.

 

Atam tibb institutunda oxuduğu vaxtlarda şeirləri çap olunub, amma belə deyək də, yaradıcılığa hələ orta məktəb illərində başlayıb. İnstitut qəzetində, sonra başqa qəzetlərdə şeirləri, yazıları çıxıb. Moskvada ordinaturada oxuyanda paralel olaraq həm də ədəbiyyatla ciddi məşğul olub. Çoxlu mütaliə edib. Nəsr yazmağa başlayıb. Atamın yaradıcılığından söz düşəndə bəzən ona Azərbaycanın Çexovu deyirlər. Əlbəttə, bu fikir onun daha çox hekayə yazarı olduğu ilə bağlı yaranıb. Atam hekayələrilə sevilirdi və seçilirdi. 

 

Azərbaycanın Çexovu

 

Atamın əmisi Əvəz müəllim də həkim idi, o da ədəbiyyatla maraqlanıb, dünya ədəbiyyatından xəbərdar adam olub. Atam ilk yazılarını əmisinə göstərib və o, atamın yazmaq qabiliyyətini hiss edib, onu həvəsləndirib, müəyyən məsləhətlər verib, atam da bundan həvəslənərək ədəbiyyatla daha ciddi məşğul olmağa başlayıb.

 

- Rafiq Tağının ədəbiyyatda öz dairəsi, özünə yaxın seçdiyi imzalar vardı, amma bir insan kimi də, bir yazıçı kimi də, demək olar, bütün ədəbi dairələrdə sevilirdi, qəbul olunurdu, çünki istedadlıydı. Amma lap yaxın dostlar kimi qəbul olunan insanlar olur həyatda...

 

- Deyim ki, dostları evə gəlib-gedirdi, ya da atam tez-tez kiminsə evinə getməyi xoşlayırdı, yox. Təsadüfən olurdu dostlarından kimsə gələ evimizə. Amma atam dostları üçün yazıçıdan başqa, həm də həkim idi, kimin həkimlik bir problemi olsa, əvvəlcə ona üz tuturdu, onunla məsləhətləşirdi. Öz sahəsinə aid nə lazımsa edirdi, konkret mütəxəssislik iş olanda yönəldirdi. Eşitmişik də, həkimlər çox vaxt xəstəyə baxmağa gedirsə, bunun müqabilində müalicə üçün, müayinə üçün pul alırlar. Atam uzaq idi elə şeydən. Dostunun evinə onu müayinə etməyə gedəndə ən azı bir qutu şokolad olsa belə mütləq alıb aparmalıydı. Çox vaxt dava-dərmanını da alıb çatdırırdı.

 

Evdə daha çox yaxın qohumları görərdik. Bir də orta məktəbdən sinif yoldaşı vardı, hərdən evimizə o gəlib-gedirdi. Amma yazar dostlarıyla, demək olar, hər gün ev telefonuyla danışırdı. Xatırlayıram, Əjdər Olla bəzən saatlarla danışır, hansısa hekayəni, yazını müzakirə edirdilər. Baba Vəziroğluyla danışırdı. Biz balacaydıq, çox söhbəti başa düşmürdük. Amma yadımdadır, bəzən hətta səsi də gəlir qulağıma: necə danışdığını, güldüyünü, nədənsə narazılıq etdiyini, nəyisə təriflədiyini eşidirəm elə bil. Çox darıxıram o səs üçün... lap çox...

 

- Asiman, Rafiq bir müddət Kalinində həkim, sonda Moskvada təcili tibbi yardım stansiyasında həkim işləmişdi. Niyə qayıdıb gəldi Bakıya? Bəzən "bəlkələr" adama rahatlıq vermir. İndi fikirləşirəm, bəlkə, Rafiq Rusiyada qalsaydı, hələ sağ idi. Bəlkə, hələ də yazıb-yaradırdı...

 

20 Yanvardan sonra...

 

- Yox, məncə, qala bilməzdi. Atam elinə, obasına, dostlarına, qohumlara bağlı adam idi. Üstəlik, 1990-cı il Bakıdakı 20 Yanvar qırğınından sonra heç qala bilməzdi. Rusların əli qana bulaşmışdı, atam Rusiyada qalıb əli qana bulaşmış bir xalqa xidmət edə bilməzdi. Fikirləşmişdi ki, birdən ümumiyyətlə yollar, sərhədlər bağlanar, heç gələ bilməz. Orada yaşamağa məhkum olar. Ona görə işini atıb, tez qayıtdı Bakıya.  

 

- Rafiqin hekayələri həm ədəbiyyat hadisəsi idi, həm də içində yük olurdu. Onun ironik dili, fəlsəfəsi, obrazları bütün dəqiqliyi ilə verə bilməsi adama maraqlı gəlirdi. Ayrılmaq olmurdu oxudan. Sən onun bütün hekayələrini oxumusan?

 

- Yox, deməzdim hamısını oxumuşam, amma çoxunu oxumuşam. Atamın "Fərqanə" hekayəsini isə lap çox sevirəm. Atam günün istənilən vaxtı yaza bilərdi. Təcili tibbi yardım stansiyasında atamın işi növbəliydi. Hərdən səhərdən axşama, hərdən də axşamdan səhərə qədər işdə olurdu. Məsələn, gecə növbəsinə gedəndə səhərlər, günortalar evdə yazdığını görürdüm. Məncə, işdə də boş vaxtlarında yazırdı. Hərdən elə olurdu ki, lap tezdən oyananda da atamın oturub yazdığını görürdüm. Hekayələrini A4 vərəqlərə əlyazma kimi yazırdı. Xəttini oxumaq çətin idi. Həkim idi də, həkimin reseptini hər adam oxuya bilir? Yox. Deyərdin hekayələrini də resept kimi yazır. Olub ki, bəzən masada əlyazmasını görüb oxumaq istəmişəm, qəti bacarmamışam. Gecə növbəsindən qayıtdığı günlərdə daha çox telefonla danışırdı, tədbirlərə gedirdi. Əvvəlki yazılarının, demək olar, hamısı əlyazmadır, sonradan kompüterdə yazmağa başladı, hə, onları oxuya bilirdim. Sonra vaxt tapan kimi yazılarının hamısını bir-bir kompüterə köçürürdü.

 

Onunla son görüşümüz...

 

- Rafiq Tağı bıçaqlanandan sonra əməliyyatdan çıxdı. Hətta reanimasiyadan da çıxmışdı, palataya yerləşdirmişdilər. Yazıçı dostumuz Elçin Hüseynbəyliylə baş çəkdik ona. Bir az zarafatlaşdıq da. Gülümsəyirdi, həmişə olduğu kimi, amma dedi ki, güldürməyin məni, tikiş yeri incidir. Hamımız onun kəfəni yırtdığını düşünürdük. Günortaya qədər hava da yaxşıydı o gün. Mən artıq Sumqayıta təzə çatmışdım, şair dostumuz Yusif Məhəmmədoğlunun zəngi gələndə maşının yağını dəyişdirirdim ustaya. Yusif səsi boğula-boğula dedi ki, abi, Rafiqi itirdik. İnanmadım qulaqlarıma. Bu, olmamalıydı. Ola bilməzdi. Bir qədər əvvəl üzümüzə baxıb, gülən adam yox idi artıq həyatda.

 

Tez xəstəxananın həyətinə qayıtdım. Dostların çoxu ora toplaşmışdı. Elçin Hüseynbəyli, Yusif Məhəmmədoğlu, Vüsalə Mahirqızı, Cəlil Cavanşir, Kəramət Böyükçöl... Axşama doğru səma bozardı. Qəribə hava vardı, yas, matəm, ağrı yağırdı havadan. Rafiq yox idi artıq. İndi də başa düşə bilmirəm... necə oldu? Niyə oldu?

 

Biz Rafiqlə görüşəndə onu vuranın kim olduğunu soruşmuşduq...

 

- Reanimasiyadan palataya çıxan kimi ondan müsahibə almışdılar - sonuncu müsahibəsi idi. Eyni sualı onda da vermişdilər. Atam qatilin üzünü görə bilməmişdi. Deyirdi arxada kiminsə həyəcanla gəldiyini hiss elədim, amma üzünü görə bilmədim, maskadaydı.

 

Atam dünyasını dəyişən günün gecəsi mən xəstəxanada, onun yanında qaldım. Özü heç kəsin yanında qalmasını istəmirdi, məndən başqa. Həkimlər bir nəfərin qalmasına icazə vermişdilər. Anam qalacaqdı, atam mənim qalmağımı istədi. Mənim onda 22 yaşım vardı. Atam həbsxanadan çıxanda orta məktəbi bitirirdim, dünyasını dəyişəndə universitetin son kursundaydım. O gecə səhərə qədər yanında qaldım, yatmadım. Gecə həkim gəlib baxdı ona. Səhərə yaxın atam oyandı. Bir az keçəndən sonra əmim İlqar gəldi. Atam məni dincəlmək üçün evə göndərdi. Dedim gedim, yuyunum, bir az yatım, tez qayıdaram. Təzə yuxuya getmişdim, əmimdən zəng gəldi. Dedi möhkəm ol, ata daha yoxdur. Baş açmadıq nə oldu...

 

- Asiman, Rafiqin dəfnini indiki kimi xatırlayıram və heç vaxt unutmayacağam. Gecə hava bozardı və soyudu. Adamlar sizin həyətə yığışdıqları vaxt hava ümumiyyətlə pisləşdi. Qar başladı, şaxta düşdü. Yollar keçilməz oldu. Maşın sürmək mümkün deyildi. Həyətinizdə başsağlığına gələnlər çox idi, amma o havada dəfnə getməyə çoxu ürək eləmədi. Dəfn ərəfəsində ümumiyyətlə çovğun başladı. Məncə, saat 3-də başa çatmışdı dəfn. Qurd qapısı qəbiristanından "20 Yanvar" dairəsinə normal vaxtda 15-20 dəqiqəyə qayıtmaq olur, amma biz ora artıq hardasa, saat 10-da çata bildik. Səhər Xəzərin sahilləri dondu.

 

Dənizi donduran ölüm...

 

O il qış çox sərt keçdi. Dəfndən sonra belə bir status yazmışdım, qoy tapım onu: "25 noyabr 2011-ci il: Səni son mənzilə yola salmağa ancaq təmənnasız sevənlərin gəlmişdi, Rafiq Tağı... Uğrunda vuruşduğun həqiqət budur. Bir şeyə təsəllim vardı: hamı üşüyürdü, bircə səndən başqa. Bundan sonra nə yaraların səni incidəcək, nə qar, nə isti sakitliyini pozacaq. Oralarda həyat necədir, qardaş? Ölümünə həsəd aparanları da gördüm. Xəstə adamların arasında yaşamaqdansa, hər şeyə tüpürüb getməyin mübarizənin bir üsulu oldu, bəlkə də. Amma yaşamaq gözəldir, qardaş... Sən yaşaya bilərdin!". Açığını deyim, onun ölümü mənə çox pis təsir eləmişdi. Həmişə gülən, pozitiv adam artıq yox idi. Elə çox adam sarsılmışdı.

 

- Dostları onu unutmadılar, sağ olsunlar. Rasim Qaraca, Zamin Hacılı, ümumiyyətlə, çox dostları doğum günlərində, xatirə günlərində onu yad edirlər. Hətta atamın adına mükafat da təsis olunmuşdu, sonra maliyyə tapa bimədilər davam eləməyə. Amma bu da bir təşəbbüs idi. Sosial şəbəkələrdə atam yenə xatırlanır. Dostları öz yazılarında onu xatırlayırlar. Yəni unutmağa qoymurlar onu. 

 

- Rafiq anayla necə tanış olub? Bir az bu barədə danışaq.

 

- Onlar eyni kənddəndilər. Atam Moskvada işləyəndə ailə qurmuşdu. Atam evələnəndə yaşı otuz beşdən çox olub. Əvvəlcə ata nənəm görüb bəyənmişdi anamı. Aralarında 13 yaş fərq var. Məsləhət görüblər ki, gedib qızı görsün. Atam da xəstəyə baxmaq adıyla onlara gedib görmüş, bəyənmişdi. Sonra qısa müddət Moskvada yaşayıb qayıtmışdılar. Razıydılar bir-birindən, başa düşürdülər bir-birini. 

 

- Atayla oğul həm də dost olur. Mənə şirin bir xatirə danış atayla bağlı...

 

- Xatirə... (üzünə təbəssüm qonur). Yadımdan çıxmayan bir hadisə olmuşdu. Düzdür, o vaxt çox pis olmuşdum, amma indi xoş xatirədir mənimçün. Tələbəydim. Bir gün bilmirəm doğrudanmı, mənim səhvimdən olmuşdu, ya yox, kompüterdən böyük bir yazısı silinmişdi. Yazılarına çox həssas adam idi axı. Mənim abrımı verdi, bərk danladı məni. "O qədər əziyyətimi zay elədin. İndi mən o yazını bir də yaza bilməyəcəm..." - belə sözlər. İncidim ondan. Şələ-küləmi yığışdırıb, kirayədə yaşayan qrup yoldaşlarımın evinə getdim. Heç nə demədi. Bir gün keçdi. Gözümü telefondan ayırmıram, zəng gözləyirəm ondan. Gözləyirəm zəng vurub desin ki, olan oldu, keçən keçdi, qayıt gəl evə, xətrinə dəymişəm, filan... Zəng vurmur. İkinci gün nəhayət, gözlədiyim zəng gəldi. Heç vaxt unutmaram o zəngi. Dedi qayıt gəl evə. Uça-uça qayıtdım. Qucaqlayıb öpdü məni. Dedi keçdi, mən də çox əsəbiləşmişdim... unudaq bunu. Əlbəttə, unutduq.

 

- Asiman, yenə zəng gözləyirsən ondan?

 

- (Mənə baxır, gözləri dolur, səsi boğulur, nəsə deyir, eşitmirəm. Sonra bir az ucadan təkrar eləyir). Əlbəttə, düz on ildi hər an zəng gözləyirəm...

 

 Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.-2021.-20 noyabr.-S.16-17.