Bu payız qürbətdə

bir ağac əkdim

 

Bu payız qürbətdə bir ağac əkdim,

Üfürə-üfürə bir şitil kimi.

Öpüb əzizlədim yarpaqlarını,

Tanrıdan aldığım yüz ödül kimi.

 

Açdı yaylığını qaragöz bulud,

Günəşi bələyə alıb apardı.

Ölmüş yarpaqları yerdən qaldırıb,

Küləklər bir layla çalıb apardı.

 

Şairlər qələmə sarıldı həmən,

Varaqlar utanıb içini çəkdi.

Vətəndən didərgin qərib quşlara,

Mən isə qürbətdə bir ağaç əkdim.

 

Mən isə qürbətdə bir ağaç əkdim,

Allahın adına bir dua kimi.

Asdım ürəyimi budaqlarından,

Yolunu gözləyən bir yuva kimi.

 

Həsrətlə boylandım Vətənə sarı,

Gördüm dəftərində yenə yox adım.

Bir adam tapmadım burda, İlahi!

Durub bu ağaca şeir oxudum...

 

Sözləri halaldı,

ağdı buluddan

 

Bir əlçim buluda açdım qəlbimi,

Yüz qınaq dalğası doğdu buluddan.

Göydəmir at kimi kişnəyib göydə,

İldırım kinini sıxdı buluddan.

 

Dedi ki, bu göylər, yerlər min ildi,

Ruhları oxşadan sözlər mənimdi.

Mənim imanımdı, mənim dinimdi,

Şimşək qılıncıtək çıxdı buluddan.

 

Mən özüm-özümə şübhə elədim,

Qaşıma, gözümə şübhə elədim.

Yazdığım sözümə şübhə elədim,

Şübhələr yığışıb baxdı buluddan.

 

Göylər birdən-birə qara bağladı,

Nənəmin şalına dönüb ağladı.

Aranı vurmadı, ara saxladı,

Anamın göz yaşı axdı buluddan.

 

Bu mənim atəşim, mənim odumdu,

Hər sözün üstündə mənim adımdı.

Ata çörəyimdi, ana südümdü,

Şükür ki, halaldı, ağdı buluddan.

 

Hələ ki soyumur sinəmin odu,

Məni vətənimdə öz sözüm yudu.

Qürbətdə Baloğlan bir ovuc sudu,

Bir gün görərsən ki, yağdı buluddan...

 

Badə yerinə

 

"Sevgi məktubu"nun çoxunu cırdım,

Qoruyub saxladım yalnız birini.

Evdə uşaqlardan ehtiyat edib,

Daha dəyişirəm tez-tez yerini.

 

Nənəmin sirr dolu boğçası kimi,

Eşqini ovcuna alıb gizləyir.

Səndən etibarlı çıxan məktubun,

Hələ oturub məni gözləyir.

 

Bir vaxt yolladığın o məktubdu da,

Alanda öpərdim əl izlərini.

Gör necə sınıxıb, saralıb indi,

Baxanda aparır qəm gözlərimi.

 

"Mən səni sevirəm" deyən məktubun

Sabah tamam olur iyirmi ili.

Sabah dost-tanışı çağırım gərək,

Gərək qeyd eləyim yubileyini.

 

Sən gəl xəlvəti, gəl çıx, əzizim,

Anan evinizi bəhanə elə.

gəlir başıma sevgidən gəlir,

Görən başımıza sabah gələ.

 

Uçub gəl məktubun doğum gününə,

Baxışlar sarılsın biri-birinə.

Süzüb gizli-gizli xatirələrdən,

Çəkək başımıza badə yerinə.

 

Mənə şeir göndər

 

Mənə şeir göndər şəkil yerinə,

Öz səsi, nəfəsi, öz dili olsun!

Misralar içində döyünən qəlbi,

Bənövşə üzündə söz tülü olsun.

 

Dil açıb danışsın duyğularından,

Görüm ürəyində nələr baş verir.

Bəzən doğmaların gizli tutduğu,

Sənə uzaq olan qərib quş deyir.

 

Mənə şeir göndər şəkil yerinə,

Köhnə nağıl kimi uzun olmasın.

zalım şahları görünsün gözə.

göy üzündə qızıl alması.

 

Mənə şeir göndər, sadə, şıdırğı...

Yazda qəfil yağan yağışlar kimi.

Uyuyum sözlərin şırıltısına,

Bulaq kənarında saf daşlar kimi.

 

Mənə şeir göndər şəkil yerinə,

Pərvanə çağıran işığı olsun

Hər şeydən yüksəkdə uçuşan ruhu,

Bircə Allahımdan aşağı olsun.

 

Əriyib gedərdi gecə

şam kimi

 

"Yuxun şirin olsun" - deyərdin mənə,

Hər gecə yuxum da şirin olardı.

Gecə köynəyində sabaha qədər,

Mən Fərhad, sən isə Şirin olardın.

 

Ulduzlar yığışıb enərdi yerə

Saçların sinəmə dağılan çağı,

Gəlib əllərimə əsir düşərdi,

Bənövşə ətirli Bisütun dağı.

 

Gözlərin axardı süd arxı kimi,

Axardı alnına, can ala-ala,

Səni dodaq-dodaq alıb içərdim,

Masamda şərabla cam ola-ola.

 

Hər nəfəs dərdikcə tər nəfəsindən,

Közərmiş üzünü od götürərdi.

Mənim göydə uçan qanadlarıma,

Saçının dalğası od ötürərdi.

 

Çəmən pıçıltılı kəpənək təki,

Əllərin köksümə qonaq qonardı.

Əriyib gedərdi gecə şam kimi,

Elə bil sinəmdə ocaq yanardı.

 

Gözü yol çəkərdi Ulum çayının,

Gəlib yetişəndə ayrılıq dəmi.

Sənin pəncərəndə günəş doğardı,

Əriyib gedərdim mən şam kimi.

 

Alın yazısı

 

Açdım əllərimi uçan quşlara,

Hövüllənib bir quş qondu əlimə.

Bir vaxt uçurduğum göyərçinim,

Elə bil yenidən döndü əlimə.

 

Düyməcə gözləri xatirə dolu,

Cumurdu ovcumun dərin yerinə.

Yadına sevdiyi ağac düşürdü,

Baxdıqca əlimin cizgilərinə.

 

Didərgin ömrümün xəritəsində,

Keçdiyim cığıra, izə baxırdı.

Ulumun Xəzərdə batan suları,

Gözünün önündə üzə çıxırdı.

 

Hardan uçub gəldi, görəsən, bu quş,

Mələk qanadında Allah rizası?

"Quran" ayəsitək varaqlanırdı,

Ovcumun içində "alın yazısı".

 

Alna yazılsa da "alın yazısı"

Oxunur, nədənsə, əlin içində.

Yəqin, ona görə ovcuma qondu,

Bu qədər çiçəyin, gülün içində.

 

Yəqin, ağaclarla səhv salıb məni,

Yəqin, vətən adda bir ağacı var.

Bəlkə əllərimin cizgilərində,

Bir yuva qurmağa ehtiyacı var.

 

Bəlkə, qəriblikdən cana yığılıb,

Başını hardasa salıb, itirib.

Bu qoca dünyanın xilas yolunu,

Mənim əllərimə sovqat gətirib.

 

Bəlkə, sevəcəyim qadındı elə,

Tanrı lapdan onu quşa döndərib.

Bu şeiri ovcuma yazdığı kimi,

Onu da alnıma yazıb göndərib.

 

Bizim evimizin

damı damardı

 

Damı lığdan idi, suvağı gildən...

Palçıq evimizdə buxarı vardı .

Yağış başımıza döysə , onda

Bizim ömrümüzün axarı vardı.

 

Torpaq divarına, döşəməsinə,

Anam əlləriylə mala verərdi.

Elə bil dünyanın dərdi-sərini

O kiçik daxmada yola verərdi.

 

Aradan qədər illər keçsə ,

Gözümdən çəkilmir o divar, o dam.

Payız yağışları başlayan kimi,

Fikir dəryasına dalardı atam.

 

Tutub gözləriylə dayandırardı,

Gah əsən küləyi, gah da yağışı.

Palçıq evimizin damı damardı,

Hər dəfə yağanda göyün qarğışı.

 

Atam namaz üstə dua edərdi,

Allaha çatmazdı yalvarışları.

Külək aparardı dualarını,

Alıb gətirərdi yağışla qarı.

 

Elə ki, əlini üzərdi göydən,

Durub pəncərədən çölə baxardı.

Gözünün önündə evinin damı,

Yağış sularında batıb axardı.

 

Palçıq evimizin damı damardı,

Yığışıb yağışla dava edərdik.

Sonra bir sərçənin qanadlarında,

Allahın yanına uçub gedərdik.

 

Damı lığdan idi, suvağı gildən...

Palçıq evimizdə buxarı vardı.

Yağış başımıza döysə onda

Bizim ömrümüzün baharı vardı.

 

Qürbətin dadı

 

Mən qürbətdə nələr çəkdim,

Çəkdiyim hər bir ah bilir.

Nələr çəkmədim qürbətdə,

Bircə onu Allah bilir.

 

Allah bilir, mən bilirəm;

Qürbət nədir, qərib nədir?

Qəriblikdə keçən günün

Hər biri bir qərinədir.

 

Anasız bir vətən kimi,

Yer , göy qürbət dadır.

Allah da gözə görünmür,

Deyən o da qürbətdədir.

 

Bəlkə O da qürbətdədir -

Su üstündə pambıq kimi.

Hər gün batır gözlərində,

Ümid dolu bir gəmi.

 

Göz dikdiyim Xəzər - qərib,

Ruhumun göy qanadıdır.

Üzü gülən məmləkətəm,

İçim Hələb meydanıdır.

 

Alnında bir şeir yanır

şam kimi...

 

Yenə şirin-şirin yatırsan indi,

Saçın da dağılıb balışın üstə.

Yatırsan, südəmər körpələr kimi,

Mələklər dolaşır başının üstə.

 

Köynəyin gözəl qara bələnib,

gözəl yaraşır çiyinlərə.

Bir nazik məxməri qara tor hörüb,

Qardan baş qaldıran göyərçinlərə.

 

Alnında bir şeyir yanır şam kimi,

Əriyir üzündə dodaq izləri.

Bir az açıq qalan dodaqların, ah...

Sanki öpülməyə dodaq gözləyir.

 

Bəlkə bu yatdığın heç yuxu deyil,

Sənin Allahınla görüş yerindi.

O İsmi-pünhana məndən danış,

Qoy yazsın alnına öpüşlərimi.

 

Qoy bilsin hər gecə nələr çəkirəm.

Sənin pəncərəndə pərdələr kimi.

Sən mənim əlçatmaz bir vətənimsən,

Gəzirəm dünyanı dərbədər kimi.

 

Baloğlan CƏLİL

 

Ədəbiyyat qəzeti.- 2021.- 2 oktyabr.- S.12.