Nizami "Xəmsə"si və Şərq
ədəbiyyatı
Nizami Gəncəvinin ictimai fikrin, ədəbiyyatın,
Şərq mədəniyyətinin inkişafına təsirinin
hədsiz böyüklüyü məlumdur. Nizami söz sənəti
meydanında şair nəsillərinə yol göstərmiş,
parlaq bədii yaradıcılıq nümunələrinin
yaradılmasında onlar üçün ilham qaynağı olmuş,
bir çoxları bu qaynaq sayəsində dünya ədəbiyyatı
xəzinəsinə dəyərli töhfələr
vermişlər.
Nizaminin
birbaşa təsiri altında olmuş ədəbiyyat xadimləri
arasında Əmir Xosrov, Xacu Kirmani, Əbdürrəhman Cami,
Əlişir Nəvai, Fani Kəşmiri və b. kimi korifeylərin
adını çəkmək olar. Burada
söhbət, faktiki olaraq, tarixdə bütöv bir bədii
qat yaratmış və vahid bir prototipə - Nizaminin "Xəmsə"sinə
aid olan Nizami məktəbindən gedir.
"Xəmsə"yə
nəzirələrin, yaxud poetik "cavab"ların
yazılması ənənəsi orta əsrlər ədəbi sisteminin üzvi tərkib
hissəsinə çevrilmişdi və bu dövr ədəbiyyatının
daşıdığı xüsusiyyətlərin ifadəsi
üçün ən çox seçilən üsul idi.
Nizaminin "Xəmsə"sindəki süjet, motiv və
mövzulara həsr olunan əsərlər XIII əsrin sonundan
etibarən meydana çıxmağa başladı. İlk dəfə görkəmli
hind şairi Əmir Xosrov Dəhləvi uzun şairlər cərgəsindəki
birinci yeri tutaraq "Xəmsə"yə beş
poemadan ibarət tam "cavab" yazdı. Onun
poemaları çoxəsrlik nəzirə ənənəsinin
əsasını qoydu və bugünədək nəzirələr
arasında ən çox tədqiq olunmuş əsərlərdən
sayılır.
XIV əsr nəzirə sahəsində heç də ən
məhsuldar dövr olmamışdır. Bu, nəzirə
ənənəsinin təşəkkülü ilə izah
edilir. Ancaq bu əsrdə sonrakı nəzirə ədəbiyyatının
özülü qoyulmuş, XV əsrdə bir çox görkəmli
və az tanınan şairlərin
hesabına sözügedən sahədə
sıçrayış olmuşdur. Nəzirə
ənənəsi özünün zirvə nöqtəsinə
XVI-XVII əsrlərdə çatmışdır. Məsələn,
Nizaminin "Sirlər xəzinəsi" əsərinə
yazılmış 70 "cavab"dan 20-si XVI əsrdə,
17-si XVII əsrdə, 7-si də XVI-XVII əsrlərin ərzində
qələmə alınmışdır.
Başqa yöndən, "Xəmsə"yə
yazılmış nəzirələrin sayı bir neçə
maraqlı nəticəyə gəlməyimizə əsas
verir. Nizaminin "Yeddi gözəl" əsərinə ən
çox nəzirə hind ədəbiyyatında qələmə
alınmışdır (bu əsərə yazılmış
bütün nəzirələrə nisbətdə). Əslində, bu nəticə qanunauyğundur, belə
ki, "Yeddi gözəl" hind oxucusuna çoxdan məlum
olan kompozisiya üsulu ilə bənzər cizgilər
daşıyır. Söhbət sanskrit
dilindəki bir çox nəzm abidəsinin
özülünü təşkil edən çərçivə
quruluşundan gedir. Sanskrit dilində çərçivəli
yazıya alınmış əsər topluları Şərq
ədəbiyyatına, eləcə də farsdilli ədəbiyyata
böyük təsir göstərmişdir. Misal
üçün, Məhəmməd Zahiri Səmərqəndinin
"Sindbadnamə", Dəqaiqinin "Bəxtiyarnamə",
həmçinin Ziyaəddin Nəxşəbinin "Tutinamə"
əsərlərini göstərmək olar. Çərçivəli
kompozisiya hind ədəbiyyatında çox
yayılmışdı və bu səbəbdən, hind ənənələri
əsasında tərbiyə almış müəllif və
oxucuları ilk növbədə "Yeddi gözəl" əsərinin
cəlb etməsini təbii qarşılamaq lazımdır.
Nəzirə ənənəsi tarixində XV əsr
böyük əhəmiyyətə malikdir. Bu dövrdə
özünəməxsus yaradıcılığı, parlaq
şəxsiyyəti olan şairlər
yazıb-yaratmışdır. XV əsrdə Katibi
Turşizi öz əsərlərini qələmə
almış, görkəmli fars şairi Əbdürrəhman
Cami poemalarını yazmış, dahi özbək şairi
Əlişir Nəvai özünün "Xəmsə"sini
yaratmış, Məktəbi Şirazi Nizaminin "Leyli və
Məcnun" poemasına eyni adda ən gözəl bənzətmələrdən
birini qələmə almış, tanınmış şair
Abdullah Hatifi 4 məşhur poemasından 3-nü
yazmışdır.
"Xəmsə" yaradıcısının poetik
istedadı çox yüksək dəyərləndirilirdi. Nəzirə
qələmə almaq istəyən şairlər dəfələrlə
Nizaminin istedadını və heyrətamiz
ustalığını təsdiqləyirdilər. Tez-tez
şair saraylarında və nüfuzlu şəxslərin evində
kimin "Beşliyi"nin daha yaxşı
olduğu barədə qızğın mübahisələr
olurdu. Məsələn, şahzadələr
Baysunqur (öl. 1434) və Uluğ bəy (1447-1449)
arasındakı mübahisə getdiyi bizə məlumdur.
Baysunqur Əmir Xosrovun şeirlərini daha
üstün tuturdu, Uluqbəy isə əksinə, Nizaminin pərəstişkarı
idi. Poetik sahədə təşviq edilən və
şeir hamiləri tərəfindən dəstəklənən
poetik rəqabət ab-havası, şöhrət qazanmaq
üçün çalışma, eləcə də
xüsusən istedadlı şairlər üçün cəlbedici
görünən "Xəmsə"yə, yaxud heç
olmasa, onun bir hissəsinə bənzətmə yazmaq kimi
çətin bir işdə qələmini sınamaq
imkanı nəzirə yaradıcılığının
inkişafına təkan verirdi. Yeni-yeni əsərlərin
yaranması oxucu zövqü, əsasən poeziya dəyərləndiricilərinin
mühafizəkarlığı ilə seçilən müəyyən
estetik tələbləri ilə bağlı idi.
Nizaminin "Xəmsə"sini onun ideoloji mövqeyinin
kompleks şəkildə ifadəsi kimi qəbul etmək olar. Daha sonralar da
"Xəmsə" müəlliflərinin əsərlərində
bu xüsusiyyət qorunub saxlanırdı. Silsiləyə
daxil olan poemaların müxtəlifliyi həyat gerçəkliyinin
əks etdirilməsinə imkan yaradır, təsvir olunan hadisələrin
müəllif tərəfindən necə başa
düşüldüyünü çatdıra bilirdi. Demək olar ki, "Xəmsə" gerçəkliyin
bütün sahələrini əhatə edir və bədii
düşüncə tərzinin özünəməxsus bir
ifadə forması kimi universal xarakter daşıyırdı.
Nəzirənin
ənənəylə bağlılığı
inkişafın qarşısını alan
bir amil deyildi. O, hər hansı böyük bir itki olmadan
müxtəlif məqsədlər üçün yaradıla
və istifadə oluna bilərdi. Artıq Əbdi bəyin
poemalarında didaktik məqamlarla birlikdə müəllifin
ictimai mövqeyi ilə səsləşən şiəliyin mədhi
də hiss olunur. Azərbaycan şairi Əşrəf
Marağayi və Əbdürrəhman Caminin əsərlərində
isə açıq-aydın sufi
çalarları vardır.
"Xəmsə"nin universallığı orta əsr
yaradıcılıq normaları ilə ziddiyyət təşkil
etmirdi. Beş poema, əsas etibarilə, nəzirədə
müəyyən forma-məzmun cizgilərinin
saxlanmasını təmin edirdi. Ancaq bu universallıq sayəsində
müəllif "Xəmsə"dən kənara
çıxmadan azad şəkildə yaradıcılıqla məşğul
ola, hətta poemaların
sırasını dəyişə bilirdi. Ənənələr
təkamülə uğradıqca, fərdi müəlliflik
başlanğıcı qüvvətləndikcə belə
yerdəyişmələr də artırdı. Bundan əlavə, şairlər poemaların
sayını da artıra bilərdilər. Məsələn,
Cami və Zülali Xansarinin (1615-ci ildə vəfat
etmişdir) etdiyi kimi onların sayını yeddiyə
çatdıra bilərdilər. Amma bu halda da silsilənin
ümumi ideya-tematik birliyinin platforması pozulmurdu və
"Yeddilik" yeni ədəbi forma kimi olsa da, "Xəmsə"nin əsas xarakteristikasını
saxlayırdı.
"Beşlik" adı altında bir neçə
poemanın birləşməsinin özü də silsilənin
ədəbi tamlığı kimi dərk olunmasına gətirib
çıxarır. Nəzirələrdə kəmiyyət
artımına zidd proseslər də gedirdi. Misal üçün, Hatifi və ya Fani Kəşmiri
yalnız dörd poemaya nəzirə yazmışlar.
Burada nəzərdə tutulmuş sayı bitirməyə imkan
verməyən müxtəlif səbəblərlə
yanaşı, bir məqamı da qeyd etmək lazımdır
ki, şairin "Xəmsə"nin
ideya-tematik zənginliyin bütün diapazonuna müraciəti
vacib deyildi. Şair onun üçün
mühüm olan problematikaya söykənə və onu iki, hətta
üç poemada işləyib hazırlaya bilərdi. Məsələn, Fanidə bunlar sufi-didaktik xarakterli
məsələlər idi ki, öz əksini onun
"Meyxane" ("Şərab evi"), "Məsdər əl-asar"
("Təsirlərin mənbəyi") və "Həft əxtər"
("Yeddi ulduz") əsərlərində
tapmışdır.
Əgər
Nizaminin "Leyli və Məcnun"a olan
nəzirələrə müraciət etsək, görə
bilərik ki, süjet əsas məqamlar qorunaraq işlənmişdir.
Əmir Xosrov öz poemasına çoxsaylı
dəyişikliklər daxil etmişdir, halbuki əsərdə
təhkiyənin xarakteri də dəyişilə bilərdi.
Əşrəf Marağayinin "Eşqnamə"sində
başqa nəzirələrlə müqayisədə hadisələrin
emosional çaları qüvvətləndirilmişdir. Poemada qəzəllərlə yanaşı, on məktubun
xülasəsi verilmişdir ki, lirik qəhrəmanın surəti
vasitəsilə əsərin ideya məzmunu tam şəkildə
açılır. "Eşqnamə"də
təhkiyə ləng gedir, əlavə hekayələr,
aşiqlərin yazışması ilə kəsilir.
Amma Camidə əksinə dinamik şəkildə
özünü büruzə verir. Caminin "Leyli və Məcnun"u
təkcə Nizaminin poeması əsasında deyil, qədim ərəb
rəvayətlərindən də qaynaqlanmışdır ki,
Məcnunun Kəriməyə nakam məhəbbəti, şair
Kuseyyir ilə söhbətlər, xəlifə ilə
görüşlər və s. kimi epizodlar mülahizə
yürütməyə imkan verir.
Əlişir Nəvainin Nizaminin "Həft peykər"inə
cavab olaraq yazdığı "Səbaye səyyarə"
("Yeddi ulduz") poemasında Bəhramla bağlı
süjetdə yürütdüyü düşüncə
diqqəti cəlb edir. Nəvai deyir ki, Nizaminin poemasında məhəbbət
yoxdur, buna görə də əsərə məhəbbət
süjeti daxil etmək yerinə düşər. Bu qeyd o mənada adi əhəmiyyət kəsb edir
ki, bütövlükdə müəllifin mövqeyinin
açılmasında nəzirənin əsas estetik
yönümü ilə uyğun gəlir.
"Xəmsə"nin digər ədəbi mühitdə qəbulu
müxtəlif olmuşdur. Bəzi hallarda o qədər
interpretasiyaya uğramışdır ki, tanınması
çox əhəmiyyətsiz olmuşdur. Bəzilərində
isə demək olar ki, prototipin tam mənası ilə izlənməsi
baş vermişdir. Məşhur fars
şairi Xacu Kirmaninin "Xəmsə"sində az-çox
nəzirənin yalnız bir şərti - şeirlərin
ölçüsünə riayət olunmuşdur. Yalnız "Rövzətül-ənvar"
("Nurlar bağları") poemasında Nizamini izləyir
ki, adının interpretasiyasında, ayrı-ayrı motivlərin
kompozisiyasının qorunmasında öz əksini
tapmışdır. Onun başqa
poemalarında Nizami "Xəmsə"sindən yalnız bəzi
epizodlar işlənib hazırlanır.
Davamçı rolunda çıxış edən Xacu
silsilədə poemaların dəyişikliyinə yol verir. Cami isə
daha sərbəst şəkildə nəzirə
qaydalarını qəbul edir. O, silsilədə
poemaların qarşılıqlı əlaqəsinə və
onun janr sisteminin nizamlığına riayət etsə də,
eyni zamanda kəmiyyət göstəricilərinə yenidən
baxır və yalnız üç poemasında Nizaminin
süjetlərinə müraciət edir: "Töhfətül-əhrar"
("Əsilzadələrin töhfəsi"), "Leyli və
Məcnun" və "Xerədname-ye Eskəndəri"
("İskəndərin müdriklik kitabı"). Sonralar Abdullah Hatifinin "Teymurnamə" və
Feyzinin "Nal və Damən" poemalarında nəzirə
olaraq tamamilə başqa bir süjetdən istifadə olunmuşdur.
Yenilik
nöqteyi-nəzərindən "Xəmsə"nin mühüm təqlidçilik xüsusiyyəti
kimi onda folklor süjetlərinin istifadəsini araşdırmaq
faydalı olardı. Bu, əsasən Nizaminin
"Məxzənül-əsrar" və "Həft peykər"inə
nəzirələrdə əlavə olunmuş novellalarla
bağlıdır ki, maraqlı süjet xətti ilə
rastlaşırıq.
Belə ki, Əmir Xosrovun "Həşt beheşt"
("Səkkiz cənnət") əsərinin birinci
novellasında ağıllı qardaşların hekayəsi,
Əşrəf Marağayinin "Həft ourəng"inin
("Yeddi taxt") yeddinci novellasında sədaqətli
qadının hekayəsi təqdim olunmuşdur.
Bəzi novellalar tam şəkildə yox, ayrı-ayrı
hissələrində nağıl süjetlərindən ibarətdir. Əşrəfin "Həft
ourəng"inin iki, beş və
altıncı novellaları təpəgözün kor
olması, daha mərd personajın üzə
çıxarılması və qızın
qoçaqlığı motivləri ilə uyğunluq təşkil
edir. Azərbaycan şairi Camalinin "Töhfətül-əbrar"
poemasında on səkkizinci məqalənin novellası
"Kasada siçan" məşhur nağılının
elementləri əsasında qurulmuşdur.
Nizaminin "Xəmsə"sinə nəzirə
yazılması ənənəsi çox ədəbiyyat
nümayəndələri tərəfindən dəstəklənmişdir. Bəzən
bu və ya digər şairin yaradıcılığı bu
günə məlum olan onun "Beşlik"i və yaxud bəzi
silsilə poemalarına nəzirələrlə məhdudlaşır.
Bununla yanaşı, onun bir və ya bir neçə
əsəri ayrıca ədəbiyyat tarixini, onda üzə
çıxan ənənələri araşdırma
nöqteyi-nəzərindən böyük əhəmiyyət
kəsb edir. Onlar digər tərəfdən
də əhəmiyyət daşıyırlar, Nizami
yaradıcılığının ideya-bədii müxtəlifliyinin
yeni tərəflərini üzə çıxarmaqdan əlavə,
onun dərin poetik məharətini, həmçinin Azərbaycan
şairinin yaradıcılıq uğurlarının
reallaşmasının konkret yollarını göstərir.
Mehdi KAZIMOV
Professor
Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.44.