Müəllifin səmimi qəlbdən inandığı həqiqət

 

"Ədəbiyyat qəzeti" nin "Onun romanı" rubrikasının bu sayında yazıçı, jurnalist Samirə Əşrəflə belarusiyalı yazıçı Svetlana Aleksiyeviçin "Müharibə qadın simalı deyil" romanı ətrafında söhbət etdik.

 

- 2015-ci ilin Nobel mükafatının sahibi olan Svetlana Aleksiyeviçin "Müharibə qadın simalı deyil" romanından danışacağıq. Romanın adı artıq oxucuya əsərdə söhbətin nədən getdiyini söyləyir. Amma bu əsərin bir xüsusiliyi var: ənənəvi müharibə motivli əsər deyil.

- Bəli, əsər İkinci Dünya müharibəsi zamanı cəbhədə iştirak edən qadın döyüşçülərin, həm müharibə həyatından, həm də müharibədən sonrakı talelərindən bəhs edir. Bunların fonunda Aleksiyeviç daha çox müharibənin necə dəhşətli, amansız hadisə olduğunu, insan həyatına hansı zərbələri vurduğunu təsvir edir. Müharibə haqqında çoxlu filmlərə baxmışam, əsərlər oxumuşam. Hətta bir ara o qədər müharibə filmlərini izləyirdim ki, dostlara zarafatla deyirdim, qaranlıqda eyvana çıxanda elə bilirəm uzaqdan kimsə məni silahla vuracaq.

- Mən də demək olar ki, mütaliə vərdişimə mövzusu müharibə olan romanları oxumaqla başlamışam. Görünür, bu, müharibənin ortasında uşaq olmağın yaratdığı bir travmadır.

- Birmənalı olaraq belədir. Çünki sən də, mən də içindən keçib gəldiyimiz Qarabağ müharibəsi zamanı təkcə müharibədə həlak olan insanların yox, həm də onların yaxınlarının, doğmalarının həyatının necə məhv olduğunun şahidləri olmuşuq. Müharibədən sonra bir insanın əlil olması artıq onun həyatını, gələcəyini, xoşbəxtliyini sual altında qoyur. Amma tək əlilliklə iş bitmir axı. İnsan müharibədə öz həyatını da itirə bilir. Bu isə artıq başqalarının yaşantısına faciə kimi daxil olur.

Aleksiyeviçin romanı həm də ona görə qiymətlidir ki, əsər real faktlar əsasında yazılıb. Yazıçı qəhrəmanlarının həyatını illərlə araşdırıb, öyrənib. Onlarla təkcə yazıçı kimi yox, həm də insan kimi ünsiyyət qurub, daxili dünyalarına giriş, çıxışlar edə bilib. Bunun üçün müəllifdən çox geniş, oturuşmuş yaş və təcrübə, müşahidə tələb olunur ki, Aleksiyeviç bunu bacarıb. Məncə, müəllifi Nobel mükafatına qədər aparıb çıxaran vacib səbəblərdən biri də bu idi.

- Svetlana Aleksiyeviçə Nobel mükafatı verilərkən yazarın "yeni bir ədəbi janr" yaratdığı və əsərlərində "hiss və ruhun bir tarixi" olduğu bildirilmişdi. Sən romanı oxuyanda müəllif haqqında nələr düşündün?

- Romanı oxuyarkən onun hadisələrə müstəsna formada insani münasibət göstərməsi, qəlbinin səsinə hörmət və ehtiramla yanaşması məni, doğrudan da, mütəəssir etdi. Aleksiyeviçin "Sonuncu şahidlər" romanı da müharibədən bəhs edir. Orada o, uşaqları dinləndirir. Hər iki romanda yazıçının insanlara şəfqətlə yanaşması ehtirama layiqdir. O, qəhrəmanları ilə ünsiyyətdə həm ana, həm bacı, həm qız, həm də sözün əsl mənasında qadın olur. Ümumiyyətlə, Svetlana Aleksiyeviç deyəndə mənim təsəvvürümdə yazıçıdan çox, doğma insan, qadın obrazı canlanır. Bu qadın müharibə filmlərində xəstələrə, yaralılara təmənnasız xidmət göstərən, yaralarını yuyub, dərmanlayan tibb bacılarını xatırladır. Romanda can verən əsgərin ölüm ayağında sinəsinə baxmaq istədiyi tibb bacısını yəqin ki, xatırlayırsan. Bax, Aleksiyeviç həm də həmin tibb bacısını yada salır.

- Həmin epizod həqiqətən romanda ən dəhşətli epizodlardan biri idi. Və əlbəttə ki, bununla müəllif həm də müharibə atmosferində yüzlərlə kişinin arasında qadın olmağın çətinliyini göz önünə sərir.

- Aleksiyeviç eşitdiyi, duyduğu hadisələrin hamısını öz içindən keçirib yaşamağı bacaran nasirlərdəndir. Təbii ki, qadın olduğu üçün hadisələrə yanaşması da müəyyən məqamlarda qadın kimi olur. Amma məsələ təkcə bununla bitmir. Yazıçıda yazı masasının arxasına keçəndə qəhrəmanlarla empati hissini qurmaq bacarığı da lazımdır. Bilmirəm, bəlkə də bayaq dediyim kimi Svetlana Aleksiyeviç əsərinin qəhrəmanları ilə canlı təmasda olduğundan, hadisələri şahidlərin dilindən eşitdiyindən onların hisslərini də dərindən yaşamağı bacarıb. Bütün hallarda canlı ünsiyyət tamam başqa məsələdir. Ancaq yazıçının öz gücünü bilməsi, hesablama aparması, hisslərinin sərhədini tanıması vacibdir.

Hər yazıçının öz mətbəxi var. Və biz az, ya çox bu mətbəxdən xəbərdarıq. Çünki özümüz də yazı adamıyıq. Amma əminəm ki, Aleksiyeviçin mətbəxində, yəni həm də daxili dünyasında fərqli qaydalar da mövcuddur.

- Bu əsərdə müəllif müharibədən sonra qadınların həyatında yeni bir müharibənin baş qaldırdığından bəhs edir həm də. Sən də uzun illərdir müharibənin ağrılarına yoldaşlıq edən insanlarla bağlı reportajlar yazırsan. Sənin reportajlarının da qəhrəmanlarının çoxu qadınlardır.

- Bəli, artıq üç ilə yaxındır ki, Lent.az saytında "Şəhid əmanəti" adlı layihəni hazırlayıram. Hər buraxılışda bir şəhid ailəsi ilə görüşüb söhbət edirik. Bu günə qədər xeyli şəhid xanımı, övladı, bacısı və valideynləri ilə ünsiyyətdə olmuşam. Həmsöhbətlərimlə inanılmaz dərəcədə ağır situasiyalar yaşamışam. Təsəvvür edə bilməyəcəyin qədər göz yaşı görmüşəm. Otuz il bundan əvvəl şəhid olan insanların həyat yoldaşlarının necə hönkürtü ilə ağlamalarının, illərlə xörək çəkəndə, yoldaşımın heç vaxt gəlməyəcəyini bilə-bilə onun üçün də bir boşqab xörək ayırmalarını deməsini eşitmişəm. Bir dəfə Milli Qəhrəman Əliyar Əliyevin qızı ilə söhbət edəndə dedi: "Mən atamın öldüyünü bilə-bilə hər dəfə cəbhədən kimsə gələndə onların içində atamı axtarırdım, adamlardan cəbhədə hündürboy, qarayanız kişi görmədiniz, deyə soruşurdum". İnan, onun bu sözlərindən sonra günlərlə özümə gəlməmişdim. Yəni bu baxımdan "Müharibə qadın simalı deyil" əsəri mənim bildiyim, gördüyüm və eşitdiyim mövzulardan bəhs edir. Sadəcə, bu əsərin əsas qəhrəmanları qadınlardır. Kişilər bu əsərdə hərdən görünürlər. Bu romanda qadınların daha maraqlı, daha həssas və cəsarətli olduqlarını öyrənirik. Təsəvvür et ki, on beş, on altı yaşı yenicə tamam olmuş qızlar müharibəyə yollanırlar. Onlar təbii ki, müharibənin məşəqqətlərindən xəbərsizdirlər. Amma bütün hallarda onları müharibəyə aparan hansısa keçici duyğu, hiss olmur. Bu qızlar, qadınlar döyüşə sevgi ilə gedirlər. Müharibə isə onlara tamam başqa şeylər - ölüm, itim, xəyanət, ayrılıq təqdim edir.

- Müharibədən sonra evinə qayıdan qadınlar cəmiyyət, hətta ailələri tərəfindən təsəvvürlərindəkindən xeyli fərqli və amansız münasibət görürlər. Mənə görə bu reallıq cəmiyyətin ən ədalətsiz yanaşmasıdır. Səncə, Aleksiyeviçin qəhrəmanları öz həyatlarını belə bir cəmiyyət üçün qurban verdiklərinin peşmanlığını çəkirlər?

- Cəmiyyət, kütlə hər zaman amansız olub. Bir insanı xırda bir səhvinə görə daşlamaq üçün iki-üç nəfərin çıxıb o adam haqqında mənfi nə isə söyləməsi kifayətdir. Ona görə də mən tam səmimi sənə deyirəm ki, dəfələrlə cəmiyyətin, kütlənin, hətta ən savadlı insanların birliyi belə məndə təəccüb və qorxu yaradıb. Müqayisə yersiz olsa da, yaxşı bir misal var. Deyir "bir dəli quyuya bir daş atdı, 100 ağıllı yığışdı, çıxara bilmədi". Aleksiyeviçin əsərində də məhz cəmiyyətin, kütlənin bu tərəfi ziyanlı mövqeyi qabardılır. Canlı qəhrəmanlar müəllif vasitəsilə cəmiyyətə sual verir. Axı biz sizin uğrunuzda canımızı, sağlamlığımızı, gəncliyimizi, səadətimizi qurban verdik. Digər tərəfdən də, romanın qəhrəmanları mənə görə artıq baş verənlərlə barışmış, hətta müəyyən mənada daxilən yorulub sakitləşmiş insanlardır. Geri dönüşü mümkün olmayan hadisələr, reallıqlar insanı bəzən sakitcə yerində oturmağa vadar edir.

Müharibədə qocalan bu qızlar evlərinə gələndən sonra da heç kimə lazım olmurlar. Məlum olur ki, ailələri, yaxınları onlardan utanır, səngərdə çiyin-çiyinə döyüşdükləri kişilər onlardan qaçır, yeni, müharibəsiz, arxa cəbhənin qadınını axtarırlar.

Kimdir günahkar desək, bir doğru cavab da tapa bilməyəcəm. Amma həm də müharibə və bunu yaradan insanlar günahkardır deyəcəm. Müharibə o qədər amansızdır ki, ona qoşulan insanların canlarını, sağlamlıqlarını almaqla yanaşı, həm də onların gələcəklərini zədələyir, zərbə vurur.

Təbii ki, əsərdə müharibə zamanı qadın kimi olmaq və görünmək istəyən, amma buna nail ola bilməyən qadınlar məni təsirləndirmişdi. Onlar müharibəyə özləri ilə rəngli paltarlar, tuflilər aparmışdılar. Hətta bir neçə dəqiqəlik bu paltarları, tufliləri geyinib gəzənlər də vardı. Onlar qadın olduqlarını unutmaq istəmirdilər. Qadınlıqlarını unutmamağa çalışırdılar.

İkinci təsirləndirici məqam isə müharibədən sonra onların ailə qura bilməməsi idi. Uğrunda döyüşdükləri insanlar, qoruduqları cəmiyyət onlara xor baxır, onları qəbul etmirdi. Bu çox ağrılı məsələdir.

- Aleksiyeviç bizə bu romanda həm də medalyonun görmədiyimiz üzünü göstərdi. Səncə, müəllif əsərdə qadınların hansı hisslərini daha qabarıq ifadə edib?

- Sevgi, fədakarlıq, cəsarət bu əsərdə ön plandadır. Əsərdəki bütün qadınlar sevgi doludur. Onlar nə edirlərsə, sevgi ilə edirlər. Ümumiyyətlə, qadınların heç bir qorxu, hürkü bilmədən müharibəyə getməsi artıq fədakarlıq deməkdir. Əbəs deyil ki, müəllifi də cəlb edən məhz həmin nöqtədir. Əminəm ki, o, keçmiş döyüşçülərə, qadınlara "Nə idi sizi müharibəyə çəkib aparan?" sualını verib. Cavab da dediyim kimi fədakarlıq və sevgidir.

Çox istərdim ki, Birinci Qarabağ müharibəsi zamanı döyüşən azərbaycanlı qadınlara da bu sualları verim, onlar haqqında kitab olmasa belə silsilə yazılar hazırlayım. Amma bizim qadınlar müharibə və orada baş verənlər barədə, qadın hissləri ilə nə qədər cəsarətlə, açıq şəkildə danışa biləcəklər və cəmiyyət onların bu danışıqlarına hansı münasibəti göstərəcək.

- Xarakterindən, zövq və düşüncələrindən asılı olmayaraq demək olar ki, dünyada bütün qadınlar müharibəyə qarşıdır. Svetlananın qəhrəmanları isə həm də müharibənin bir parçasıdır. Bu qadınların müharibə meydanındakı işləri, hekayələri fərqlidir. Onların hekayələrini oxuduqca səni ən çox nə düşündürdü?

- Təbiət etibarilə çox zəifəm. Yüngülvari soyuq olan kimi üşüyən, xəstələnən adamam. Ona görə də müharibə mənim üçün həmişə kabus təsiri bağışlayıb. Misalçün, "bir həftə, iyirmi gün saçlarımı yumasam, nə olar, başıma sirkə bit düşsə nə edərəm? Və yaxud aclıq və susuzluğa, hər hansısa işgəncəyə dözə bilərəmmi?" kimi suallar ətrafında tez-tez düşünmüşəm. Hələ bunun təbii ehtiyacını, vacib gigiyenik qaydalarını demirəm. Buna görə də müharibə həm də bu tərəfləri ilə məni qorxudub. "Müharibə qadın simalı deyil" əsərində bu qorxuları bir də yaşadım. Gördüm ki, müharibə həqiqətən, biz nə qədər desək də qadın simalı deyil. Bütün hallarda təbiətin öz qanunları var. Qadın təbiət etibarilə elə yaradılıb ki, o, məişətlə, evlə iç-içə olmalıdır.

- Qadın və duyğuları arasındakı qopan bağlar əsərdə hansı qadınların hekayələrində daha qabarıq ifadə olunub. Məsələn, kitabda qadınlardan biri deyir ki, müharibədə o qədər çox insan öldürdüm ki, evlənəndə uşaq doğmaqdan qorxdum. Mənə görə ən dəhşətli itkidir bir qadının analıq hissini itirməsi.

- Romanda məni ən çox təsirləndirən məqamlardan biri müharibə zamanı sevgili olub, sonradan ayrılan cütlükdür. Belə çıxır ki, müharibə həm də onların xoşbəxt olması üçün şərait yaradıb. Müharibə çoxlarına bədbəxtlik gətirsə də, bu iki nəfərə, sevgiliyə xoşbəxtlik, həzz gətirib. Amma müharibənin bitməsi ilə yolların ayrılması, həm də onların sevgisinin bitməsinə səbəb olub. Bir də oxuyanlar bilir. Orada qadınların xüsusi günlərdə əziyyət çəkməsi, kişilərin paltarlarını oğurlayıb özləri üçün istifadə etməsi dəhşətlidir. Həmin səhnələr də dil açıb danışır, sanki qadına öz yerini göstərir. Bəşəriyyətə isə mesaj ötürür ki, müharibə dəhşətli bəladır.

- Bu romanda cəbhədə qadınlar sevgi hisslərini boğa bilirmi?

- Ümumiyyətlə, mənə elə gəlir ki, sevgi heç bir situasiyada boğula bilməz. Bunun imitasiyası, bəlkə də, mümkündür. Amma səni inandırıram ki, bu da bir yerə qədər davam edər. Sevgi elə bir hissdir ki, o, hər yerə öz toxumlarını səpir. Misalçün, mənə həmişə rahib həyatı maraqlı gəlib. Onların həyatına dair əsərlər də oxumuşam. Onların öz sevgi hisslərini boğmağa çalışması, oxucu kimi mənə də əziyyət verib. Aleksiyeviçin romanında da qadınlar bu hissi boğmurlar, əksinə, onlar müharibədə özlərinə daha çox güvənirlər.

- Cəbhədə kişilərin bu qəhrəman qadınlara münasibətləri məndə ikrah hissi oyadır, nədənsə. Əsərdəki qadınlardan biri deyir ki, "Gecələri əsgərlərin əllərini itələməkdən yuxu yata bilmirdim, hətta yaralanandan sonra belə huşsuz vəziyyətdə əllərimi havada yellədirdim". Bu, hər gecə təkrar olur və müəllif müharibədə qadın olmağın ən real tərəfini göstərir bizə: qadın müharibədə gündüzlər Vətən uğrunda, gecələr isə öz iffəti uğrunda savaşır.

- Bilirsən, istənilən vəziyyətdə kişilərin qadınlara münasibəti belə olur. Bacarırsan, et, kim qoymur, kim maneçilik törədir. Müharibə məsələsində də qadın-kişi bərabərsizliyi olub, olacaq da. Biz bilirik ki, müharibəyə kişilər getməli, qadınlar arxa cəbhədə qalıb evi qorumalı, uşaqlara baxmalıdır. Yox, əgər hansısa qadın bunun əksini iddia edirsə, onda buyursun, meydana. Şüuraltı artıq bu fikir baş qaldırır. Qadının müharibəyə və yaxud da kişilərin edəcəyi işlərə girişməsi, özünü yükün altına verməsi kişilərin ona qarşı çıxmasına şərait yaradır. Loru dildə desəm, qadının kişi işinə qarışması, onun taleyinə qarşı çıxmasıdır. Necə ki, bir insan öz ömrünü qoyur bir kənarda, başqa yeni bir ömrü yaşamağa çalışır, qəhrəmana, seçilmişə çevrilir. Amma qəhrəmanlığın, şöhrətin bir əvəzi də var axı. Bu həyatda heç nə insana havayıdan verilmir. Nə qazanırsansa, mütləq onun əvəzini verməlisən. Ən azından, təbiət, tale sənə verdiyinin əvəzində gəncliyini, illərini əlindən alacaq. Bu da asan məsələlər deyil. Qadının müharibəyə getməsi, sonradan yaşadığı məşəqqətlər də həmin əvəzlənmədir. Kişilər üzə vurmasalar da, onların işinə qarışan qadınların cəsarətindən, özünə inamından, onlarla ayaqlaşmaq istəyindən qəzəblənir, qadınların onlarla bir cərgədə dayanmasına şüuraltı etiraz edir və onu bəlkə də özləri fərqində olmadan cəzalandırır. Ümumiyyətlə, mənə görə qadın-kişi bərabərliyi deyilən sözlər cəfəngiyatdan başqa bir şey deyil. Bu heç lazım da deyil. Şəxsən mən bir qadın olaraq odun yarmaq, ev tikmək, maşın ustası olmaq fikrindən çox-çox uzağam. Siyirmədəki dodaq boyalarını, əl kremlərini çeşidləmək mənim üçün daha maraqlıdır.

- "Müharibə qadın simalı deyil" romanında müəllifin əsas vurğularından biri nədir?

- İnsan. Müəllifin əsas vurğusu insandır. O, bütün qələm adamları kimi, müharibəsiz və sağlam cəmiyyət istəyir və bütün bunların nə zamansa dünyada bərqərar olacağına səmimi-qəlbdən inanır.

 

Söhbətləşdi: Günel MUSA

 

Ədəbiyyat qəzeti.-2021.- 30 oktyabr.- S.20-21.