"Filoloji fantaziya" esseləri:

 

bədii mətn transformasiyaları

 

Üçüncü yazı

1

 

Klassik poeziya, poetik düşüncə ilə modern şeirin, sərbəst poetik düşüncə mətnlərinin birləşib ayrıldığı, yaxud ayrılıb birləşdiyi məqam hardadı? Şübhəsiz ki, elə o bədii mətnlərin içində, birində (klassikada) toxum kimi (bəzən bu toxumlar min illər boyu heç bir torpağa səpilmir...), digərində yarpaqlarıyla keçmiş dövrlərin düşüncə vadisinə tələsən ağac kimi. Bu təsviri bir yana qoysaq və daha ciddi şəkildə ifadə etməli olsaq, klassik poetik düşüncə paradiqması qəbul və təsbit olunduğu andan moderniteni yaradan, ona güc və enerji qatan mənbə olmaqdan yana həm də ona qarşı duran (təsəvvür edin: modern yox, klassik poetik düşüncə qarşı qoyur və biz bu prosesi çox zaman tərsinə anlayırıq, çünki onun özü belə istəyir-!) bir kateqoriyadır, məsələn, T.S.Eliotun poeziyasını yaradan paradiqma əslində, tərsinə düşünülməlidir, bu nümunədə klassik poetik ifadə tərzi, romantik "ekspressionizm" özü özündən bezir və həmin proses onun "Bəhrəsiz torpaq" poemasında o dövr üçün çox işlək olan poetik fiqurun - anjambmanların köməyi ilə verilir (həm də hadisəni tərsinə anlamaq effekti yaratmaq üçün):

 

Aprel - ayların ən qəddarı, cücərdir

yasəməni ölü torpaqdan, çaşdırır

yaddaşı arzuyla, isladır

süst düşən kökləri yaz yağmuruyla...

 

Bəs bu prosesin tərsinə yozulmaq "azarından" məqsəd nədir? Çox qəliz filoloji məsələ olduğuna görə bu suala bütün mətn boyu cavab verməyə çalışacağıq. Ancaq bir məsələni bəri başdan demək olar ki, bədii mətnlərlə münasibətdə müəllif həmişə yolayrıcındadır. Hansısa çox dəyərli ənənələri daşıyıb ömür boyu onlardan xilas olmaq (buna görə hər təsadüfdə onu bütün eneji və gücüylə ifadə etməyə çalışır-!) instinkti civə kimi oynayan yaddaşla unutmağın, unutqanlığın sərhədini cızır, gözəl bir şeir oxuyanda sənə elə gələ bilər ki, bax bu ifadəni (mənanı-!) nə qədər axtarsan da klassik ənənədə tapa bilməzsən, səndə bu hissi yaradan klassik poeziyadakı həmin gizlənmək ("saman altdan su...") stixiyası yaradır. Məsələn, Əli Kərimin "Vəsiyyət" şeirindəki mənanın sanki adi söhbət əsnasında, həm də unudulmaq üçün deyilib "tapıldığı" anı təsəvvür edin. Yeri oldu-olmadı // həkim ki // girdi xəstənin qılığına // Nəsə pıçıldadı dostlarından birinin qulağına // Onda həkim, Salamleyküm // Hardan gəldi çıxdı // ölüm bu qoca kaftar // Yaman kəmfürsətdir // Görmür ki, əlimdə nə qədər işim var // Heç kim inanmır ki // Öləcək... // Elə mən də...//. Özü haqqında üçüncü şəxs kimi düşünür, artıq hər şey məlumdur, hər şeyin sonu gəlib... Ancaq bir azdan təzədən həmin "öz"ünə qayıdır.

Amma bu adi söhbətin (mətnin) ən dəhşətli məqamı daha sakit şəkildə verilir: inandım öləcəyimə... şeirdə bu məna onu yaradan bütün semantik vektorların "düzəlib" eyni istiqaməti göstərməsində, bu işarə vektorlarının bir anda bərabərləşməsində (Onların hələ dünyanı tamam yığa bilməmiş // gözləriylə baxanda // onlarla bir oyanıb da bir oynayanda // Hər işdə onlardan geri qalmayanda // Sadiq köpək kimi girəni, çıxanı yoxlayıb // qapının yanından ayrılmayanda // İnandım öləcəyimə...) özünü tam şəkildə göstərir. (Ümumiyyətlə, Əli Kərimdə ölümlə bağlı mənalandırmalar çox düşündürücüdür, bu barədə ayrıca danışmağa dəyər). "Vəsiyyət" şeirində insanı sarsıdan əsas məqam budur, digər təşbehlər nə qədər gözəl olsa da (məsələn, daha çox nümunə kimi verilən misra: şeirlə mahnının möcüzəsiylə ayılmağa çox dəli bir ümidim var... ), bu məna "çuxuru" elə klassik poeziyadakı mənaların bir-birinə nüfuz edib dünyaya qarşıdurma stixiyası yaratma potensialına malikdir. Məhz bu nümunədə həmin bərabərləşdirmə əməliyyatı nəticəsində şair özünə qarşı durur, əsas, böyük, dünyaya tən və ondan daha böyük mənanı insanları çaşdıran təşbehlərin altında gizlətmək... Məqsəd klassik poeziyadakı ifadə tərzinə, üslub paradiqmasına başqa bir adla dönmək, onu içəridən fəth (dəf...) etmək, ona büsbütün yiyələnməkdir. Bunu kimsə bacarırmı demək çətindir...

 

2

 

Yuxarıda bir ifadə işlətdik: bədii mətnləri ilə münasibətdə şair həmişə yolayrıcındadır (həm də klassik poetik düşüncəyə münasibətdə...). Yəni əvvəllə, başlanğıcla sonsuzluğun tən ortasında, bu situasiya elədir ki, müəllif bir an sonra əriyib keçmiş olacaq gələcəyi müşahidə edə, onun tamaşasına qala bilirşair ismi də elə bu anımdan doğur, gələcəyin damla-damla əriyib keçmişə dönüşməsi prosesi onu öz mətnlərindən də ayırır, onların arasında məsafə qoyur, ancaq bir addımla keçiləsi məsafə min illər boyu aşılmır. Bu nə deməkdir?

Bu, hər şeydən öncə, üslub məsələsidir, o mənada ki, bir şairin yaradıcılığında hər bir şeir ayrılıqda və bütün mətnlər küll halında əvvəldən sonadək başqalaşmağa, başqa, fərqli şəkil almağa can atır, özünün cızdığı konturları silməyə meyilli nəsnə bir anın içində tutduğu duyğu selini daim əbədiyyətə, sonsuzluğa şamil etməyə, bir mesaj kimi ora yollamağa çalışır. Çox gözəl mətnləri olan şairlərin kərpic-kərpic qalın kitablar çıxarmağı zövqsüzlükdən çox üslub anlayışının daxilindəki həmin "inert" kütlənin üstünlük təşkil etdiyini təsdiqləyir. İndilərdə çox məşhur şairlərin kitablarında bir-iki şeir şiddətlə sevilir, yerdə qalan mətnlər həmin o çox sevilən nümunələrin "lampa işığında" oxunur. Nə qədər bacarıq və ustalıqla yazılsa da bir-birinə bənzəyən mətnlərin qalın bir kitabda ard-arda düzülməsi həmin o şiddətli sevginin də dozasını azaldır. Diqqət edin: Ələkbər Salahzadənin bütün şeir kitabları az qala eyni ölçüdizayn həllinə tabedir, bu çərçivədə şairin yolu daha aydın və bütün gözəlliyi ilə görünür. Bu mənada üslub kateqoriyasında ən təhlükəli bilinən yol fərqli yozumlara yol açan mətnlərin yaradılmasına cəhddir. Molla Pənah Vaqifin mətnlərini oxuyun, həyat eşqi, sevgi, insanın bütün hüceyrələrini oyadıb onu durduğu yerdən başqa bir aləmə aparan şeirlər sanki eyni lad üstündədir, həm də bir-birinin davamı kimi, bir şeirdən digərinə keçid dərhal bilinir, nəticədə böyük bir kitabın səhifələri bizdən xəbərsiz çevrilir, biz sadəcə o mətnlərin birindən digərinə keçidini hiss edirik. Üz yanında tökülübdür tel nazik // Sinə meydan, zülf pərişan, bel nazik // Ağız nazik, dodaq nazik, dil nazik // Ağ əllərin əlvan hənadan, Pəri // Avçısı olmuşam səntək maralın // Xəyalımdan çıxmaz hərgiz xəyalın // Ənliyi, kirşanı neylər camalın // Sən elə gözəlsən binadan, Pəri! Bu şeirləri ard-arda oxuduqda unikal bir mənzərə yaranır, bədii mətnin içindəki səs bizi aldada-aldada nələrsə deyir, onun ardınca qoşuruq, ancaq təsəvvür birdən, bu mətnin gözlənilməyən məqamında pozulur, amma əsas hadisə heçbu deyildir. Vaqif haqdan dilər lütfi kərəmlər // Belə yerdə qalan, vallahi vərəmlər // Yenə yada düşər bizim sənəmlər // Getməyin binası, hayıf ki, yoxdur! Vaqif poeziyasında "yoxdur"dan "Görmədim"ə gedib çatan yol yuxarıda ifadə etdiyimiz "bircə addımlıq məsafənin" artıq aşılması anlamına gəlir. Bayaqdan vərəq-vərəq oxunan böyük bir kitab yaddaşdan "silinir", o mətnlərdəki təşbehlər adi cizgilərə, yəni gözəlin çöhrəsindəki ifadələrə dönür. Molla Pənah Vaqif "ibadət şairidir", özü də "həqqə layiq ibadət"... Bu şeirlə o, təkcə zahirən cahan mülkündə illər boyu müşahidə etdiyi, gördüyü pisliklərə, naqis cəhətlərə deyil, ilk növbədə özünə qarşı durur, bir şair, bir sənətkar kimi! Yəni elə yox (gözlərimizin önündə vərəq-vərəq çevrilən, oxucunu canlı, diri, duyğu seliylə aşıb-daşan cinas və metaforaların arasında xoşbəxt edən mətnlər...) belə yazmaq lazımdır. Bu, düzdür, ya səhv, hər halda Azərbaycan poeziyasında üslub dəyişməsi prosesində çox önəmli bir yer tutan Molla Pənah Vaqifin dünyaya, gerçəkliyə meydan oxuyan üslubudur: bir şeirçox zərif poetik fiqurlardan hörülən qoşma, qəzəl kitabı... Bunların arasındakı qovğa heç zaman səngimir, bizim poeziyanın taleyinin bəlirlənməsində, belə deyək, bəlkə də ilk misralarını yazan şairləri yolayrıcına gətirən, əl saxladan bir məqamdır.

 

Alimü cahil, müridü mürşidü şagirdü pir,

Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir,

Həqqi batil eyləmişlər, işlənir curmi-kəbir,

Şeyxlər şəyyad, abidlər abusən qəmtərir,

Hic kəsdə həqqə layiq bir ibadət görmədim.

 

bütün qovğalar bundan sonra başlayır. Yada salın Mirzə Ələkbər Sabirin " yazım?" şeirini, Vaqifin yuxarıdakı mətninin içindədir bu sual, Sabir onu elə bir dəqiqliklə tutub ki, şeir az qala proza təhkiyəsinə yaxınlaşmaq həddinə çatır... Şairəm, çünki vəzifəm budur əşar yazım // Gördüyüm nikü bədi eyləyim izhar, yazım // Günü parlaq, günüzü , gecəni ta yazım // Pisi pis, əyrini əyri, düzü həmvar yazım // Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü // Yoxsa bu ayinədə əyri görürsən özünü?!

 

3

 

Sonra. Şeirdə səsin transformasiyası. Bəzən şeir haçansa eşitdiyin, ya da eşitmiş kimi bildiyin səsdən yaranar, o səsi içinə alıb ondan ən müxtəlif, göy qurşağının rənglərinə tən rənglər yaratmaq istər. Bədii mətnə bu şəkildə hopan səs qəribədir ki, özündən başqa hər şeyə çevrilər bir funksiyası da elə budur. Səs transformasiyası mətndə adı çəkilməyən, uzaq keçmişdə qalan, yaxud gələcəkdə olacaq şeyləri xatırladan nəsnələri göz önündə tamaşaya qoyur, bu ecazkar səs mətndə elə detalları, elə əşyaları yan-yana, yaxud başqa bir kombinasiyada düzər ki (Rəbiqənin aşağıdakı şeirində "çətir tutar ürəyim o qaranquş ömrünə" "kirpiklərim uzanar pəncərənə hər səhər" misraları digər keçidlər...), yağış effekti yaranar, özünü başqa bir iqlim qurşağının içində hiss edərsən sair. Bəzənib görüşünə ürəyim bir çıxar // Sən misralarımda gəzmə, yığış ömrümə // Mənim dörd mövsümüm var // sığar, baharım, sığar // Çətir tutar ürəyim o qaranquş ömrünə // Yarıb keçər günəşim hər qaranlıq gecəni // Kirpiklərim uzanar pəncərənə hər səhər.

Bir bu şeir, sadəcə oxumaq üçün, şərhsiz təhlilsiz...

 

Allah, mənə bir az baxt ver,

bir az da vaxt, yaşayım.

Bir az ömrümdən yaşayım,

Bir az sərvaxt yaşayım.

Mənə gecələr yuxu,

Səhərlər gümrahlıq ver.

Mənə bir damcı qorxu,

Bir damcı toxtaqlıq ver.

Bir az ümiddən yolla,

Bir az işıq at, bəsdi.

Bir az ağıl ver, seçim

bəsdi, əbəsdi.

Bir az mərhəmət göndər,

Bir , bol-bol məhəbbət.

Bircə sənə yazmağa

Bir yerim olsun xəlvət.

Bir tikə çörək tapım,

Bir parç su, yaşayaram.

Bir , qızımı qoru,

versən, daşıyaram.

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.26.