Üç sadə cümlənin  Azərbaycan ehtişamı

 

Publisistik düşüncələr

 

Qafqazda ilkin sivilizasiya ocağı yandıran Azıx mağarasının vətəni, Azərbaycanın ən qədim yurd yerlərindən biri - Qarabağ...

Bir tərəfdən Kür, Araz, bir yandan Əlincəçay, Göyçə gölü arasına sığınan, lakin qüruru, qüdrəti, sənət eşqiylə dünyaya sığmayan tarix yaşlı, tarix yaddaşlı Qarabağ! Ulu keçmişini xəbər alsan, sinəsində əcdadlarımızın əliylə yazılan Azıx, Tağlar, Borsunlu, Xocalı, Çalağantəpə, Xındırıstan, Qalaqtəpə avtoqraflarını göstərər. Dağlarına üz tutub adını soruşsan, Murovdağ, Qızılboğaz, Qızqala, Ərikli, Qırxqız - deyər. Çaylarını tanımaq istəsən, dilimizin şah damarından törəyən doğma adlar eşidərsən: Quruçay, Köndələnçay, Həkəri, Tərtər, Qozluçay, Qarqar, İncəçay, Daşaltı... Qalalarını soraqlasan: Bayat, Koroğlu, Şahbulaq, Əskəran, Şuşa... Kəndlərini soruşsan: Boyat, Abdal-Gülablı, Kosalı, Çəmənli, Xankəndi, Sığnaq, Quzanlı, Göytəpə, Bəhmənli, Malıbəyli, Kəhrizli, Kəngərli, Üçoğlan, Qaradağlı, Qaradolaq... Ömrünü-gününü xəbər alsan XVII yüzilin böyük filosofları Yusif Məmmədcanoğlunun, İzzəddin Qarabağinin hikmətləriylə, Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Seyid Nigarinin şeirləriylə cavab verər sənə. Bütün tarixi, maddi-mənəvi abidələri, toponimləriylə "Mən Azərbaycanınam" deyir Qarabağ.

Dağlarında küləklərin muğam oxuduğu, düzlərində bulaqların şikəstə pıçıldadığı, göylərində Pənahəli xan Cavanşirlərin ruhu döyüşən, binələrində Bayatlı Qorqud nəfəsi, Füzuli səsi yaşayan qədim Qarabağdan, Qarabağ uğrunda Vətən müharibəsində qazanılan Müqəddəs Qələbədən keçir bu günün Azərbaycan yüksəlişi, milli istiqlalımızın tale yolları. Qafqaz-Qafoğuz dağlarının, Azıx yaddaşlı Quruçay sahillərinin, neçə min illik Tağlar, Borsunlu, Çalağantəpə, Xındırıstan binə-kurqanlarının ruhu titrəşdi, əbədi xatirələri şəhidlərimizin qanına üz tutub torpaqdan baş qaldırdı, namərd düşmənə qarşı bizimlə bir səngərdə döyüşdü; Şahbulaq dağının məğrur zirvəsində ucalan Koroğlu qalasında Misri qılınc qəzəbindən od tutub yandı, neçə minillik milli yaddaşımız o qılınca üz tutub qələbə andıyla ayağa qalxdı, Bayat, Şahbulaq, Əskəran, Şuşa qalalarının daş dünyasında cəngi çalındı; bulaq kimi torpağımızın damarlarından, qalalarımızın daş yaddaşından qaynayıb qalxan, qartal kimi qəlbimizin göylərində qıy vuran o cəngi - çağırış səsini dinlədi, anamız Azərbaycanın qədim guşəsi, milli-mənəvi taleyimizin sınaq meydanı Qarabağda böyük qələbə qazandı Vətən! Xalqımız öz doğma torpağı uğrunda haqq-ədalət savaşında qələbə zirvəsinə ucaldı. Azərbaycan milli-mənəvi yaddaşının məğrur heykəlləri, danılmaz faktları olan Qarabağ qalalarının alnında şölələndi müqəddəs Qələbə sözü. Bayatlı Qorqudların, Füzulilərin, Pənahəli xan Cavanşirlərin, Vaqiflərin, Üzeyirlərin əliylə yazılan o ilahi, əbədi sözü alın yazısı kimi dilə gətirdi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev. Qarabağ dağlarında haqqın, ədalətin sönməz, əbədi çırağını yandırdı, üçrəngli, ay-ulduzlu bayrağımızı yenidən qaldırdı Vətən oğlu, Azərbaycan əsgəri! "Qarabağ Azərbaycandır!" dedi, bu möhtəşəm çağırış-nidanı bütün planetə car çəkdi, təsdiq və etiraf etdirdi, son yüzillərin ən böyük Azərbaycan Qələbəsiylə şərəfli tarix yazdı, yeni tarixi reallıq, zəfər günü yaratdı İlham Əliyev!

Və Zəfər gününün sönməz işığında bu sözləri yazaraq Qarabağın tacı Şuşanın əzəl gününü, yaralı yaddaş yollarını düşünürəm.

 

***

 

Mirzə Camal Cavanşir Qarabağinin 1847-ci ildə yazdığı "Qarabağ tarixi" adlı əsəri, məşhur Qarabağnamənin birinci fəsli belə başlayır:

"Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi Sınıq körpü Qazax, Şəmsəddin və Dəmirçi - Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar.

Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür.

Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır.

Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır... Qarabağ vilayəti Aran məmləkətinin bir hissəsidir".

Bu Qarabağnamənin yazıldığı vaxt Pənahəli Cavanşirin Qarabağ xanlığını yaratmasından və Bayat qalasında ona xanlıq fərmanı təqdim olunmasından 100 il keçmişdi. Sələfi Qarabağ bəylərbəyliyi olan Qarabağ xanlığı həm şərəfli, həm də narahat günlər yaşayırdı.

Pənahəli xan cəmi 10 ay iyirmi günə tikdirdiyi Bayat qalasındakı ilk müharibədə qalib gəlsə də, strateji baxımdan daha möhkəm, alınmaz qala arzusunda idi. Bu arzuyla Ağdamın beş kilometrliyində Şahbulaq-Tərnəküt qalasını inşa etdi. Lakin Qarabağ xanı Şahbulaq qalasında da tam arxayın ola bilmirdi.

Nəhayət, günlərin bir günü... Mirzə Camal Qarabağinin "Qarabağ tarixi" əsəri soraq verir ki...

"Pənah xanın işgüzar və bacarıqlı adamları, xanın əmrinə görə məsləhət üçün yığışıb dedilər: "Mərhum Nadir şah vəfat etdikdən sonra bizimlə Əliqulu xan və Sərdar Əmir Aslanın arasında sülh, ittifaq və dostluq əlaqəsi davam etməkdə idi. İndi, çox mümkündür ki, belə bir münasibət və dostluq əlaqəsi bizimlə Məhəmmədhəsən xan arasında olmasın. Ətraf xanlarından da bir o qədər xətircəm deyilik. Onların Məhəmmədhəsən xanı üzərimizə təhrik edərək, onunla birlikdə bizə qarşı çıxacaqları ehtimalı vardır. Belə bir vəziyyətdə Qarabağın elləri, adlı-sanlı adamları düşmən qoşununun ayağı altında paymal olar, biz isə Şahbulağı qalasında elə bir qüvvətli düşmənin və ətraf xanların qarşısında müqavimət göstərə bilməyib, bütünlüklə qırılarıq. Ona görə də işin əlacını qabaqdan görmək lazımdır. Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz kəsilməməlidir. Beləliklə, Şuşa qalasını tikmək qərarına gəldilər. Xanın bir neçə nəfər bilici və məlumatlı adamı gedib, qalanın yerini və ətrafını yoxladı. Qalanın içində iki-üç bulaqdan başqa, axar su yox idi. Bu bulaqların suyu isə qala camaatına kifayət etməzdi. Ona görə güman gələn yerlərdə quyu qazdırıb, müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür. Bu xəbəri Pənah xana çatdırdılar. Xan sevinərək bir neçə nəfər öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın binasını qoydu".

Pənahəli xan Şuşanı Azərbaycanın milli memarlığı, şəhərsalma mədəniyyəti ənənələri əsasında tikdirdi. Qarabağ sənətkarları ilə yanaşı, Təbrizdən, Ərdəbildən dəvət olunan ustalar da tikinti işlərində yaxından iştirak edir, qala-şəhərin inşasına öz töhfələrini verirdilər.

Qarabağnamələr təsdiq edir ki, Pənahabad-Şuşa sürətlə böyüyür, şöhrəti hər tərəfə yayılırdı. "Şirvan, Gəncə, İrəvan, Naxçıvan, Təbriz, Qaradağ xanları Pənahəli xanın yanına elçilər göndərib, onunla dost və müttəfiq olmaq istədiklərini bildirirdilər".

"Qalanın tikilişindən bir il keçdikdən sonra Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar Şuşa qalasını almaq və Pənah xanı özünə tabe etmək məqsədilə Arazdan keçib qalanın dörd ağaclığında çadırlar qurdurdu. Pənah xanı tabe etmək və beləliklə, Şuşa qalasını ələ keçirmək üçün çox düşündü, tədbirlər tökdü. Bir ay orada oturdu. Lakin bu qədər çoxlu qoşun ilə qalaya yaxınlaşa bilmədi".              

Tanrı bu yerləri təbiətən "əbədi və sarsılmaz qala" kimi yaratmışdı. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə inşa edilən Şuşa qalası cənub tərəfdən Cıdır düzü, Üçmıx təpələri, Kirs dağ silsiləsi, şimaldan Dövtələb təpəsi, Xəlfəli çayı, Mıxtökən yamacı, qərbdən Turşsu yaylası, Sağsağanlı dağı, şərqdən Bağrıqan dağı, Topxana meşəsi və Xəzinə qayası ilə əhatə olunmuşdur.

Şuşa qalasının bu yerlərdə tikilməsinə başqa bir səbəb də vardı. Daşaltı çayının dərəsində, daş, tunc, dəmir dövrlərindən soraq verən qədim Şuşa mağarasında uyuyan mifik-genetik dünyamız, ulu yaddaşımız çağırırdı; o çağırışın canlı cazibəsinə, deyilməz-bilinməz tilsiminə düşmüşdü babalarımız. Tarixi mənbələrdə bu səbəbdən də söhbət açılır: "Şuşanın cənub-qərb tərəfindəki dərənin üstündə bir bürc vardı... Onu divlər, pərilər tikmiş və burada saysız-hesabsız xəzinə gizlədilmişdir. Buna görə də həmin yer Xəzinə qayası adlanır. Həmin bürcdən aşağıda, sanki qayaya yapışmış bir qəsr vardı; oradakı kahadan soyuq bir bulaq axır. Bu qəsr vaxtı ilə ən qorxulu zamanlarda əhalinin etibarlı sığınacaq yeri olmuşdur".

Belə bir qədim yürd yerində ucaldılan Şuşa gündən-günə, ildən-ilə böyüdü, möhkəmləndi, alınmazlıq, mərdlik qalasına döndü. Bir qədər sonra Əhməd bəy Cavanşir "Qarabağ xanlığının tarixi" əsərində yazırdı: "...o zamankı İran sərkərdələrinin, o cümlədən şahın özünün rəyinə görə, alınmaz qala olan Şuşa şəhəri iranlılar üçün Zaqafqaziyanın açarı, ruslar üçün isə İranın qapısı hesab edilirdi".

Əhməd bəy Cavanşirin 1883-cü ildə yazdığı "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı əsərində maraqlı bir tarixi arayış xatırlanır:

"1747-ci ildə Nadir şahın öz qohumları tərəfindən öldürülməsi xəbəri hər tərəfə yayıldıqda, Pənahəli özünün 200-ə qədər qoçaq atlısı ilə birlikdə Qarabağda özünü müstəqil xan elan etdi. Onun ilk nəzərdə cəsarətli görünən bu təşəbbüsü Şərqdə bu cür hallarda çox mötəbər sayılan aşağıdakı rəvayətlərə əsaslanırdı: O, Hulakü xanın nəvələrindən biri olan Arqun şahın nəslindəndir. Onun əcdadı olub, Araz çayının sahilində Bəhmənli kəndinin yaxınlığında Alaqarğa oymağında yaşayan Məhəmmədxan adlı birisi ceyran dərisindən qayrılmış perqament üzərində yazılan bir qəbaləyə əsasən Kürəkçay, Kür, Araz, Əlincəçay və Göyçə gölü arasındakı 200 verstə qədər uzunluğu və bu qədər də eni olan bütün Qarabağ torpaqlarını satın almış və uzun müddət bu yerdən müstəqil surətdə istifadə edərək, hələ öz sağlığında oranı üç oğlu arasında bölüşdürmüşdü".

Şuşa qalasının tikildiyi sahə də, yaxın ətrafı da ən qədim yurd yerləridir. Bura Azərbaycan tarixində mühüm yer tutan Quruçay, Kür-Araz, Xocalı-Gədəbəy mədəniyyətinin mövcud olduğu bölgənin bir hissəsidir. Zarıslı-Daşaltı çayının dərəsindəki qədim mağara Şuşa mağarası adlanır. Daş dövrünə aiddir. Uzunluğu 120 metr, eni 20 metr olan həmin mağaranın girişindəki daş istehkamlar, qala və bina divarlarının qalıqları, buradan tapılan Paleolit dövrünə aid çapacaqlar, Mezolit dövrünə aid bıçaqlar, min illərin şahidi olan gil qablar, saxsı parçaları çox qədim tarix yollarından soraq verir. 1750-ci ildə inşa edilən Şuşa qala-şəhəri məhz belə şərəfli tarixi yaddaşa arxalandı, qədim yolun yeni dayanacağına döndü.

Qarabağın ən uca zirvəsi, 2726 metr yüksəkliyi olan Böyük Kirs dağı inzibati baxımdan Şuşa ərazisindədir... Qartallar oylağı olan o zirvələrdən əbədi qalibiyyət səsləri gəlir. Qartallar kimi daim zirvələrə can atıb, zirvə səslərinin əbədiyyət ruhuna köklənib Şuşa qalası.

Keçilməz qala divarları, qaladaxili qəsrlər, Pənahəli xanın sarayı, Qara Böyükxanım bürcü, xan qızı Xurşudbanu Natəvanın evi, Hacı Hüsünün saray tipli malikanəsi, Əsəd bəyin evi, Mehmandarovların evi, Zöhrabbəyovların evi, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi, türbələr, bulaqlar, karvansaralar, daş döşəli yollar, küçələr, dalanlar... bir sözlə, Şuşa qala-şəhərin bütün daş yaddaşı, əyilməz, qalib ruhun dastanını danışır. Diqqətlə dinləsən, Cıdır düzü, Ərimgəldi, Qırxpilləkən, Çanaqqala, İsa bulağı, Sarıbaba, Topxana meşəsi də o yaddaş dastanından danışar sənə; Şuşanın dağlarında küləklərin muğam oxuduğunu, düzlərində bulaqların şikəstə pıçıldadığını eşidərsən...

Rus şairi Sergey Yeseninin balaca bir cümləsi böyük mətləblərdən soraq verir: "Əgər oxumursansa, deməli, şuşalı deyilsən". Azərbaycan şairi Rəsul Rza "Şuşam mənim" adlı şeirində o böyük mətləblərin əsasını daha yaxşı ifadə edib.

 

Tarix sənin

torpağında, daşındadır.

Hər yan-yörən,

hər dolayın,

hər cığırın

Azərbaycan - Vətən dadır.

 

Tarixin, daşın-torpağın Vətən - Azərbaycan dadmasının ən gözəl nümunəsidir Şuşa qalası...

Mirzə Yusif Qarabaği 1855-ci ildə bitirdiyi "Tarixi-Safi" əsərində yazır:

"...Pənah xan xoş bir gündə Şuşa şəhərinin təməlini qoydu... Divar çəkmək üçün şəhərin aşağı tərəfini və bir də şərq tərəfinin bəzi yerlərini ölçdülər...Beş arşın hündürlüyündə, iki arşın enində bir divar hördülər... Bu divarlardan dörd darvaza açdılar. Şimal və şərq tərəfdən olan darvazaya - Şuşa kənd darvazası deyilir. İki darvaza isə şimal ilə qərb arasındadır. Bunlardan birinə İrəvan darvazası, digərinə isə Gəncə və Çiləbörd darvazası deyilir. Dördüncü darvaza isə dağılmış və hazırda onun yerində divar tikilmişdir.

Şuşa şəhəri bina olandan sonra Pənah xan Şahbulaq qalasının əhalisini, bəzi Qarabağ və başqa kənd adamlarını köçürüb Şuşa şəhərinə gətirdi, onlara burada yer verdi. Burada sikkəxana tikdirdi, Pənahabad adı ilə bir misqal vəznində gümüşdən pul sikkəsi vurdurdu. Sikkənin bir tərəfində Pənahabad, o biri tərəfində isə "La ilahə illəllah və Muhəmmədən rəsulillah" sözləri yazılmışdı. "Pənahabad"ın altısı bir manat, səkkizi isə Qarabağ tüməni adlanırdı.

Pənah xan Şuşa qalasını tikdirib qurtardıqdan sonra asudələşdi. Şuşa qalası əhli gün-gündən artırdı. Keçmişdə Pənah xanın zamanında çəkilmiş qalanın qədim divarları 1799-cu ildə dağılmışdı. İbrahim xanın dövründə və Rus dövləti zamanında bilikli və məlumatlı mühəndis və bələdçilərin yaxşı planı və nəqşəsi üzrə həmin divarlar bir verstdən artıq uzadıldı və əvvəlkindən daha möhkəm bir divar çəkildi...

Şuşa şəhərinin məhəllələri aşağıdakılardan ibarətdir: Mehrili, Qazançılı, Əylisli, Güləbörd Dərə, Aşağı məhəllə, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası.

1751-ci ildə Məhəmmədhəsən xan Qacar Şuşanı tutmaq üçün hücum etmiş və məqsədinə çatmayıb geri çəkilmişdi. "Qarabağ tarixi" əsərinin nişan verdiyi bu ilk hücumdan sonra da Şuşa qalasını fəth etmək istəyənlər çox olub. Fətəli xan Əfşar da Qala qarşısında məğlub oldu. 1795-ci ilin yayında Ağa Məhəmməd xan Qacar 85 minlik ordusuyla 33 gün mühasirədə saxlayıb, ala bilməyib bu qalanı. 1826-28-ci illər Pus-İran müharibəsi zamanı İran şahzadəsi Abbas Mirzə də eyni uğursuzluğa düçar oldu...

Tarix və tale yolları elə gərgin bir məqama gəlib çatdı ki, 1759-1806-cı illərdə 47 il Qarabağ xanı olan İbrahimxəlil xan Kürəkçay müqaviləsinə əsasən Rusiyanın himayəsini qəbul etdi.

Abbasqulu ağa Bakıxanov 1841-ci ildə tamamladığı "Gülüstani-İrəm" əsərinin beşinci fəslində bu hadisə ilə bağlı yazır:

"Rus sərdarı Kürəkçay kənarında qarabağlı İbrahim Xəlil xan ilə görüşdü. İbrahim Xəlil xan bağlanın əhdnamə mucibincə Rusiya dövlətinin himayəsinə daxil oldu və xərac olaraq hər il 10.000 əşrəfi verməyi öhdəsinə aldı. Özünü qorumaq üçün 50 soldat götürüb Şuşa qalasında yerləşdi. İmperator tərəfindən onun özünə general-leytenant rütbəsi, oğlanları Məhəmmədhəsən ağa və Mehdiqulu ağaya general-mayorluq və Xanlar ağaya da polkovniklik rütbəsi verildi.

...Qarabağlı İbrahim xan bir çox ərizə göndərməklə İran dövlətinə ixlas göstərirdi. Onun xahişinə görə, oğlu Əbülfət xan bir dəstə qoşunla Qapan yolunda Şuşa qalasının yanına gəldi. Naibüssəltənə özü də Xudafərin körpüsündən keçdi. Şuşada sakin olan rus qoşununun komandiri mayor Lisaneviç hicri 1221-ci (1806) ildə həziran (iyun) ayının 2-də gecə yarısı qalanın xaricində köç və külfətilə yerləşən İbrahim xanın üzərinə basqın edib onu arvadı, oğlu, qızı və bir çox əyan və xadimlərilə bir yerdə öldürdü. İbrahim xan hünərli, ədalətli, bərk və sadə rəftarlı bir əmir idi.

...Həmin gün Əbülfət xan geri qayıtdı. İbrahim xan nəvəsi Cəfərqulu ağa Məhəmmədhəsən oğlu Ordubadın yaxınlığına qədər onu təqib edərək, çoxlu qətl və qarət etdi. Mehdiqulu ağa atasının yerinə Qarabağ hökumətinə təyin edildi".

Sonra, sanki tilsimlənmiş tarix yollarının yeni-yeni əzab döngələri, qanla qazılan səhifələr gəlir...

1813-cü il Gülüstan müqaviləsinə əsasən Şuşa Qarabağ xanlığı tərkibində Rusiyaya birləşdirildi. 1822-ci ildə Qarabağ xanlığı ləğv olundu və Şuşa yeni yaradılmış hərbi dairənin mərkəzinə çevrildi; qala-şəhər hərbi komendant tərəfindən idarə edilirdi. 1841-ci ildə qəza mərkəzinə çevrilən Şuşa taleyin sarsıdıcı zərbələrinə ürəyi ağrıya-ağrıya, ruhu göynəyə-göynəyə dözür, öz əzəli məğrurluğuna sığınaraq gizli-aşkar mübarizə aparırdı...

 

***

 

Şuşaya "canlı möcüzə", "Azərbaycanın emblemi", "Qafqazın konservatoriyası" deyiblər. Şuşanı "Qafqazın İtaliyası", "Zaqafqaziyanın Şirazı", "Dünyanın şah əsəri - mahnısı" adlandırıblar. 1757-ci ildə şair Yüzbaşı Qarabağ hökmdarı Pənahəli xana həsr etdiyi qəsidədə Şuşanı cənnət bağına bərabər tutur:

 

Əldə yazı ərzi-hal qılmağa gəldi Yüzbaşı,

Xaki pakın öpməyə, həm bağı rizvan görməyə.

 

Azərbaycanın əzəli yurd yeri, belə bir cənnət guşəsi XX əsrdə üç dəfə erməni faşizminin törətdiyi soyqırımına məruz qaldı. 1905-1907-ci illərdə, sonra 1920-ci ildə erməni vandalları Şuşanı dağıtdı, yandırdı, nəhayət, 1992-ci il mayın 8-də qəlbimizin qibləsi, ruhumuzun qalası olan Şuşa işğal edildi...

Şuşa dağlarını duman bürüdü...

Sovet dövrünün qadağalarına baxmayaraq, səsimizin xanı Xan Şuşinskinin vətən eşqiylə yaratdığı "Şuşanın dağları" mahnısında simvolizə edilən Azərbaycan bayrağı Şuşa dağlarının vüqarına sığındı.

 

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdu gümanlı...

 

Şuşanı mənimsəməyə, dərdindən ölməyə gümanlı olan erməni işğalçıları Qarabağ dağlarının uca ruhuna, əyilməz vüqarına sığınan Azərbaycan bayrağını təslim edə bilmədilər....

XX əsrin 70-ci illərindəki genişmiqyaslı tikinti-quruculuq işləri Şuşa şəhərindən da yan keçmədi. O vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevin xüsusi qayğısı, köməyi nəticəsində Şuşada kompleks memarlıq və heykəltəraşlıq abidələri ucaldıldı, etnogenetik yaddaşı oyadan, səfərbər edən muzeylər yaradıldı, şəhərin tarixi hissəsində ciddi elmi-bərpa və restavrasiya işləri görüldü. 1977-ci ildə Şuşa qala-şəhəri Azərbaycan Memarlığı Tarixi Qoruğuna çevrildi. Şəhərdə 9 mərtəbəli mehmanxana, Şuşa sanatoriyasının yeni korpusu ucaldıldı. 1980-ci ilin qışında, Şuşada Molla Pənah Vaqifin möhtəşəm məqbərəsinin açılışı böyük mədəniyyət bayramına çevrildi... Şuşa tarixi olduğu kimi əks etdirən muzeylər şəhəri, kurort zonası, Azərbaycan qalası kimi bütün dünyada məşhurlaşdı. Vaqifin, Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəlləri, xatirə kompleksləri Şuşa qala-şəhərinə Heydər Əliyev töhfələri idi...

Tarix boyu böyük sənətkarları, uca şəxsiyyətləri, halal, vüqarlı, saf adamları, vətən daşı olan vətəndaşları ilə seçilib bu qala şəhər. Pənahəli xan Cavanşirin, İbrahim xanın, ucaltdığı Aşağı və Yuxarı Gövhərağa məscidləriylə övlad həsrətini abidəyə döndərən Gövhər ağanın, el yolunda qəlbini şam kimi yandıran, öz hesabına qalaya su çəkdirən xan qızı Natəvanın, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi ustad şair və yazıçıların, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Zülfüqar və Soltan Hacıbəyovlar, Zakir Bağırov, Əfrasiyab Bədəlbəyli, Süleyman Ələsgərov, Niyazi kimi böyük bəstəkarların, Cabbar Qaryağdıoğlu, Keçəçi Məmməd, Hacı Hüsü, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid kimi qüdrətli sənətkarların, onlarca, yüzlərlə, minlərlə elm, sənət fədaisinin, Azərbaycan milli mədəniyyəti nəhənglərinin əzəli ünvanı, əbədi məksənidir Şuşa. Tarix boyu övladları dağlarından uca olub, dağları övladlarının çiynində ucalıb bu qala-şəhərin.

Erməni faşizminin işğalına qədər Azərbaycanın zümrüd tacı, Qarabağ incisi Şuşa zəngin muzeylər şəhəriydi. Erməni işğalçıları muzeylərini taladı, tarixi yadigarlarını yağmaladı, misilsiz mədəniyyət ocaqlarını şəhid etdi Şuşanın. Qarabağ kurqanlarında uyuyan ulu ruhlar dərd dənizində göynədi, Örənqala, Koroğlu, Əsgəran, Bayat, Şuşa, Şahbulaq kimi Qarabağ qalalarının sinəsinə dağlar çəkildi. Pənahəli xan Cavanşirin, Xan qızı Natəvanın, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin ruhu, xatirəsi od tutdu. Şuşa muzeylərinin yaddaşı odlandı 1992-ci ilin 8 mayında, o amansız işğal günündə...

Neçə il idi ki, erməni faşizminin işğalı altında inləyirdi Şuşa qala-şəhərimiz. Məscidləri, "La-ilahə-illəllah" nidalı minarələri düşmənin top-tank nişangahlarına çevrilib dağıdılırdı, qədim abidələrimiz sinəsindən, ürəyindən vurulurdu, Şuşanın adını bütün dünyaya yayan Natəvan, Bülbül, Üzeyir Hacıbəyli kimi sənətkarlarımızın heykəlləri gülləbaran edilirdi. Erməni faşizmi, hətta türbələrə, qəbirlərə, xatirə abidələrinə də amansızlıqla divan tuturdu. Dağıdılan o türbələrdən biri dahi Azərbaycan şairi, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifindir. Baxın, görün, bu, erməni vandallarının, daşnak cəlladlarının əliylə heykəlinin başı kəsilən şəhid şairimiz Molla Pənah Vaqifdir. Heykəlinin başı kəsilən, qəbir evi, xatirə türbəsi təhqir olunan, viran edilən şairin ruhu 28 il altı ay idi ki, qan ağlayırdı. Şəhid olan məscidlərində donuzlar sülənən, ürəyindən vurulub şikəst edilən Şuşa qala-şəhərimiz işğal altında sıxıla-sıxıla, sinəsi dağlana-dağlana yurdun dağlarına baxırdı. Dağlar təslim olmurdu, dağlar Koroğludan, Pənahəli xandan oxuyurdu. Sinə dağımıza dönən Şuşa dağları heç vaxt təslim olmadı, qəlbimizin-qanımızın, ruhumuzun-yaddaşımızın Şuşa, Qarabağ ağrıları, göynərtiləri heç vaxt susmadı, səngimədi, haqqın, həqiqətin təntənəsini, ədalətli qələbə, zəfər gününü gözlədi. Bədnam işğalçılar, erməni faşizmi əvvəl-axır diz çökəcəkdi və diz çökdü... Qarabağ dağlarında, qəlbimizin Şuşa zirvələrində əbədi olaraq qalib Azərbaycan bayrağı dalğalandı.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Qarabağ Vətən müharibəsi ilə dünya hərb sənəti tarixinə özünəməxsus, parlaq səhifə yazan Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik, uzaqgörən rəhbərliyi ilə Qarabağı, müqəddəs qala-şəhərimiz Şuşanı uzun sürən qanlı işğaldan xilas etdi, üçrəngli, ay-ulduzlu bayrağımız ilahi azan səsləriylə Şuşa məscidinin minarəsində dalğalandı, zəfər himni oxudu....

Bu, tarixdir, Şuşa qalasının şərəfli tarixi. Bu, həqiqətdir, 1992-ci il mayın 8-də işğal olunan, düşmən tapdağında inləyən, düşmən təbliğatıyla doğma tarixi təhrif edilən, saxtalaşdırılan Şuşa şəhərinin əsl həqiqəti. Bu aşkar tarixi gizlətmək, bu əsl həqiqəti məhv etmək mümkün deyil. Neçə-neçə igid oğlu şəhadət zirvəsinə yüksələn Şuşa qala-şəhəri, bütün Qarabağ azad edildi. Bu günü Pənahəli xan Cavanşir, İbrahim xan, Molla Pənah Vaqif, xan qızı Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan... bütün Azərbaycan gözləyirdi. Azərbaycan Prezidenti İlham Əliyevin tarixi həqiqətə, ədalətə, beynəlxalq hüquqlara əsaslanan hərbi-siyasi strategiyası, qalib və qətiyyətli siyasətiylə Qarabağın azadlığı tam reallaşdı. Bütün yollarımız o tarixi günün şərəfli ucalığına doğru gedərək, nəhayət, murada qovuşdu.

Son əsrlər Azərbaycan tarixinin ən böyük qələbəsinə imza atan Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşaya canlı, əbədiyaşar varlıq kimi üz tutdu, bütün xalqımızı bu möhtəşəm uğur münasibətilə təbrik etdi:

- Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Bu üç sadə cümlədə keçmişin, bu günün və gələcəyin böyük Azərbaycan həqiqəti bəyan olunub; Prezidentin diliylə bütün Azərbaycan danışır, yaratdığı yeni tarixi reallığı bölgəyə və bütün dünyaya bəyan edir. Bilməyənlər də bilir, görməyənlər də görür, eşitməyənlər də eşidir bu haqq, ədalət səsini. Az qala üç yüz illik iblis oyununu pozan, şeytan tor-tələsini dağıdan üç sadə cümlə müqəddəs Vətən gücünün ifadəsi, Azərbaycanın tarixi yaddaş enerjisinin, etno-genetik potensial imkanlarının tərcümanıdır. Bu möhtəşəm üç sadə cümlədə boz bəlağət, romantik intonasiya yox, həyatın özü, sərt realizm hökm-fərmadır; provinsial, əyalətçi ovqat yox, "Qarabağ Azərbaycandır!" deyən bütöv Azərbaycançı ruh hakimi-mütləqdir; hər cür maskalı status-kvolar, yalançı, qondarma qurumlar yox, iflic olan, quruyan bir üzvün dirilib, oyanıb bütöv bədənə qovuşması həqiqətdir. Azadlıq, Qayıdış, Dirçəliş deyir bu üç sadə cümlə; Azadlıq Qayıdışla qovuşanda böyük Dirçəliş başlayır. Çox-çox qədimlərdən, ulu köklərdən bir səs gəlir: Özünə qayıt, sən özünə qayıdanda böyük olursan... Şuşaya müraciətlə deyilən üç sadə cümlədə bütöv milli dirçəliş, inkişaf strategiyası modelləşib, düsturlaşıb...

Hər üç sadə cümlə əziz sözüylə başlayır və Şuşaya aiddir - Şuşa sevgisi üçqat əzizliyin ən uca məqamıdır. Bu məqamda düşünürəm ki, Şuşaya sahib olan xalq bütün Qarabağa sahibdir və Azıx yaddaşlı Qarabağa sahib olan xalq bütün Qafqaza sahibdir...

Həmin üç sadə cümlə düşündükcə düşündürür, insanı ümumxalq ruhunun əzəli-əbədi qalib zirvələrinə çəkib aparır və o enməz, uca səmalarda mənsub olduğun xalqınla, Azərbaycan ehtişamıyla fəxr edirsən.

 

Sadıq Elcanlı

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 yanvar.- S.12-13; 19.