Vüsal Nuru: "Ədəbiyyatın

işi insanı anlatmaqdır..."

 

"Fikir bucağı" layihəsinin qonağı yazıçı, ssenarist Vüsal Nurudur.

 

- Vüsal bəy, siz Ağdamda anadan olmusunuz. Ağdamı necə xatırlayırsınız? Bu gün Ağdamın bir şəhər kimi gələcəyini necə görürsünüz?

- Ağdam ilk dəfə ciyərlərimə havasını çəkdiyim yerdir. Göbəyimin kəsildiyi yerdir. Dizimi yerə qoyub iməklədiyim, addım atdığım... adam olduğumu anladığım yerdir. Ağdamı xatırlamıram, o nəsnələr xatırlanar ki, onlar səndən qopub, uzaqlaşıb. Mən Ağdamı hər gün yaşayıram. Uşaqlığım hələ də beynimdədir, ondan ayrılmamışam. Anamdan kəsilən göbəyim Ağdama bağlanıb. Havam ordan gəlir, fikrim, sözüm, düşüncəm Ağdam havalıdır. Bu hissləri sadalamaqla, danışmaqla nə izah eləmək olar, nə də bitirmək. Ağdamın gələcəyi məlumdur. Cənab Prezidentimiz elə bir baş plan təsdiqlədi ki, hər bir ağdamlının ürəyindən oldu. Görənlər bilir ki, Ağdam həmişə zəngin və bacarıqlı şəhər olub. Eyni zamanda qonşu bölgələrin bəzən ümid yeri, bəzən çörək yeri, bəzən pənah yeri olub. Düşünürəm ki, Ağdam yenə olacaq. Ağdam hamını məhəbbətlə qarşılayıb, bağrına basacaq, hörmətlə yola salacaq.

- Yaradıcılıq və iş həyatı. Hər ikisi bir arada necə uyğunlaşır və ya uyğunlaşmır?

- Arzuladığım, sevdiyim bir işin başındayam. Burda həyatımı istədiyim kimi yaşayıram. Sevdiyim işimlə, seçdiyim həyat yolum birdir. Heç bir döngədə ayrılmır, körpüdə qalmır. İşə ayrı, yaradıcılığa ayrı atı minib getmirəm. İşimdə yaradıcılıqla məşğul oluram. Jurnalı çapa hazırlamaq da bir həzz verən yaradıcılıqdır.

- İxtisasca rejissorsunuz. Bu sahədə hansı problemlər var? Azərbaycan kinosunun  bugünkü vəziyyəti sizi qane edirmi?

- Problem pis əlamət deyil. Əgər bir yerdə iş varsa orda mütləq problem olmalıdır. Problem ortaya çıxıbsa, onu işləyib həll edəcəklər. Deməli, bütün hallarda iş gedəcək. Bu da müsbət haldır. Kino kollektiv işdir. Bir film istehsal etməmişdən əvvəl gərək kollektiv olmağı bacarasan, başlar qaynayıb, qarışıb bir ola. Gərək əvvəl adamların dilini anlayasan, sonra kadrın dilini. Heç şübhəsiz ki, belə kollektivlər var. Onların işi də uğurludur. Uğur maddiyyətin üzərində qurulur, mənəviyyata təsir edir. İndi dünyanın elə mərhələsinə gəlmişik ki, burda arzular pulla alınır. Əgər yaxşı bir film çəkmək arzun varsa mütləq münasib məbləğin olmalıdır. Film biznesi, təəssüf ki, bizdə elə də genişlənmir. Genişlənmir həm də ona görə ki, bu biznes bəzən adi məhəllə marketi qədər sərfəli olmaya bilər. Büdcən böyük olmalıdır, riskin də elə o boyda. Büdcəsiz, yaxud kasıb büdcəylə arzulanan film istehsal olunmur. O film xəstə, qüsurlu, çox vaxt əlil uşaq kimi doğulur. Azərbaycan kino tarixinə baxanda görürsən ki, bizim nə aktyorlarımız, nə də rejissorlarımız filmlərinə bəh-bəhlə baxdığımız qonşulardan geri qalmırlar.     

- Bəlkə Azərbaycanda rejissorluq işinə dəyər verilmir?

- Ümumiyyətlə nədir axı bu dəyər vermək? Kimsə yaxasında rejissor medalyonu gəzdirməlidir, hamı da onu görəndə təzim eləməlidir? Rejissor o vaxt dəyərli olur ki, o, zövqləri oxşayan film istehsal edə bilir. Filmi baxımlı olur. Kiməsə ixtisası rejissor olduğuna görə yox, filmi olduğuna görə yanaşılır. Hazırda ölkəmizdə rejissorlar üçün çox yaxşı yaradıcı mühit var. Üzünü çevirib hansı tərəfə baxsan mövzudur. Maddi imkan lazımdır işləməyə. Kifayət qədər zövqlü, duyumlu rejissorlarımız var. Bəzən yanımızdakı adamları görməzdən gəlirik, elə bilirik sərhədin o tərəfindəkilərin sehrli çubuqları var.

- Ədəbiyyat və rejissorluq... Bu iki anlayış arasında hansı bağlılıq var?

- Mənim fikrimcə, yazıçı həm də yaxşı rejissordur. Əsərinə, hadisələrə hansı rakursdan yanaşmağı, xarakterləri hansı səhnədə göstərməyi, nəyi işıqda, nəyi kölgədə açıb gizlətməyi bilir. Mən də film estetikasıyla yazmağa çalışıram. İstəyirəm, oxucu əlindəki əsərə tamaşa eləsin. Mətn görünsün. Mənim üçün rejissorluq və ədəbiyyat bir anlayışdır.

- Yazı mətbəəniz haqqında nə deyə bilərsiniz?

- Bunun mətbəə olub-olmadığını bilmirəm. Yazı mənim həyat tərzimdir. Qətiyyən pafosla demirəm, həqiqətən yazmadığım günü boş, papağı günə yandırmaq kimi hesab edirəm. Elə yazılarım var ki, alınmayıb, silib atmışam. Amma onlar mənim məşqlərim olub. Yazdığım iki "romanı" amansızca silib atmışam. Onlar mənim istədiyim kimi böyümədilər. Amma mənə xeyirləri dəyib. İdmançı məşqini dayandıranda bədəni necə formasını itirirsə, məncə, yazıçı da yazmayanda passivləşir. Vacib deyil həmişə böyük əsər yazmaq qollarını çırmalayasan. Əsas odur yazmaq vərdişini unutmayasan. Bu baxımdan deyə bilərəm ki, çalışıram özümü formada saxlayam. Bu yaxınlarda, nəhayət ki, janrı subliminal elmi-fantastika olan romanı bitirmişəm.

- Yazı prosesində məkan və zaman məfhumları sizin üçün hansı məqamda önəmlidir?

- Bütün məqamlarda. Yazmaq üçün mütləq bir zamanı seçirəm. Köklənirəm. Bilirəm ki, bu saatda yazmalıyam. Neçə saat yazacağımı yazı prosesi təyin edir. Yəni yazının bitmə vaxtı, adətən mətndən asılı olur. Bir də hansısa çox vacib kənar təsir. Məkan daha önəmlidir; istədiyim yerdə oturub yazmağı bacarmıram. Mistikaya çox bağlıyam, ona görə də mənim üçün vacib olan əlamətlər, işarələr, rəqəmlər var. Yazmaq istədiyim yerdə enerjisi mənə mənfi gələn hər hansı bir şey mane olur. Məsələn, klaviaturamın altında mütləq kağız olmalıdır. Yazının ahənginə uyğunlaşan musiqi seçirəm. O məkan, zaman imkan verməlidir mən rahat uçub gedə bilim. 

- "Yağış damlasıyam" adlı ilk şeirlər kitabınız çap olunduqdan sonra şeirlə bağlı fikirləriniz dəyişdimi? Nəsrə keçməyinizə səbəb nə oldu?

- Şeirlə bağlı fikirlərim, təbii ki, dəyişə bilməz. Poeziya müqəddəs pıçıltılardı. Gərgin anında dilinə düşən misralar səni dincəldə bilir. Belə nümunələr ədəbiyyatımızda kifayət qədərdir. Məsələn, dilimin ucunda elə bir bənd var ki, o dörd misrada özümü tapmışam. Əlbəttə, "kaş bunu mən yazardım" sözü də ürəyimdən keçib. Amma nə fərqi var, şair elə bil onu mənim üçün yazıb. O misralara məni sığışdırıb. Mən yaza bilmədiyimi o yazıb. Çünki mən şair deyiləm. Şeir yazmaq şair olmaq deyil. Mənim ilk kitabım bir təcrübə idi, birinci pillə idi. Orda kifayət qədər zəif misralar var. Amma mənim başlanğıc nöqtəmdir. Təbii ki, yaşa dolduqca, oxuduqca, öyrəndikcə təcrübən artır, nəyi, necə yazmağın sirrini öyrənirsən. Özünü tapırsan, hara aid olduğunu təyin edirsən. Mən nəsrə keçməmişdim, o ilk kitabda da nəsr nümunələri var. Bir-iki kiçik çiy hekayələr. Sadə o hekayələrin üstündən yeridim. 

- Bu gün şeirin aktuallığı və ümumi durumu barədə nə deyə bilərsiniz?

- Yaxşı sözün, yerində, məqamında deyilmiş fikrin hansı janrda olmasının fərqi yoxdur. Şeir həmişə ortada olacaq. Kim istəyir götürəcək. Kim istəmir...

- "Eybəcərlər adası" romanınız maraqla qarşılandı. Sanki psixoloji səpkidə yazılan romanlar oxucuları daha çox maraqlandırır. Necə düşünürsünüz, bu belədirmi?

- Ədəbiyyatın işi insanı anlatmaqdır. İnsan da həmişə istəyir ki, onu anlayan olsun, onun kimi düşünən adamlarla qarşılaşsın. Dünyanın ortasında tək qalmadığını bilsin. Qorxmasın. Hörümçək küncə, budaqların arasına toruyla bağlandığı kimi insan da həyata psixoloji tellərlə bağlanır. Ona görə ətrafı onun psixikasına təsir edir, o, həyatı anlayır. Anlamağa, qavramağa çalışır. Başlayır axtarmağa. Bu baxımdan psixoloji romanlar əksər oxucuların diqqətini çəkir.

- Daha sonra "999" adlı roman... Ədəbi tənqid necə qarşıladı bu romanı?

- Ədəbi tənqid maraq dairəmdə deyil. Metroda bir sərnişinin əlində kitabımı görmək mənim üçün daha dəyərlidir. Əminəm ki, o kitabdan çoxunun xəbəri də yoxdur. Bunu da çox təbii hesab edirəm. Kitabı gərək kiməsə verəsən ki, tanış ola. Mən kitabımı çantama qoyub hər qarşıma çıxana vermirəm, utanıram. Kitab kitab mağazasındadır, oradakı rəflərin arasından boylanır, kimsə onu görürsə, diqqətini çəkirsə, maraq oyadırsa götürüb oxuyur. Yox, əgər, görən yoxdursa, gözləyir. "Prezidentin qızı" romanım da tələbələr arasında maraq doğurmuşdu. Bu roman da fantastikadır. "Dorantağ" romanım "Azərbaycan" jurnalında çap olundu. Yazıçılar Birliyində müzakirəyə qoyuldu. Müsbət fikirlər dedilər. Bir neçə təhlil məqalələri yazıldı. Adı 11-ci sinf dərsliyinə düşdü. Eləcə də "Qaraqaşlı" romanı. Bu roman fantastika deyil. Qarabağ həqiqətləridir. Uşaqlığımdan içimdə böyüyən ağrıdır, cəsarətdir. Bu romanın hələ də xoş xəbərini almaqdayam. Yaxşı sorağı gəlir. Bu da yazmağa ruh verir, stimul yaradır. Özümü aldatmağa bəhanəm olur.

- Ümumiyyətlə, Azərbaycan ədəbi tənqidi barədə nə deyə bilərsiniz? Tənqidçilər "tərifçilərə" çevrilməyiblər?

- Tənqidçi sözünü, peşəsini qəbul eləmirəm. Yanlış anlaşılmasın; mənim fikrim mənə aiddir, başqası üçün səhv ola bilər. Düşünürəm ki, ədəbiyyata tənqidçi yox, təhlilçi lazımdır. Əldə olan kitabı, mətni təhlil edib oxucuya anlamaqda kömək etmək, əsərin dəyərini ortaya çıxarmaq daha vacibdir. Təbii ki, dəyəri olan, dəyəri bilən əsəri təhlil eləmək lazımdır. Bu təhlil həm də imkan verəcək ki, əsər başqalarına nümunə olsun. Yoxsa götür zəif bir əsəri başla ki, bunu müəllif elə yazmalıydı, belə yazıb. Elə deməliydi, belə deyib. Deyib, kitablaşdırıb, bitib. Daldan daş atıb topuğa vurmağın nə mənası? Bu bir az da futbol azarkeşinin tribunadan qışqırıb sahədəki futbolçuya topu necə vurmağı öyrətməyə bənzəyir. Özünü sahəyə buraxsan topun dalınca yarım saat qaça bilməz. Tənqidçi də elədir, bədii mətn yaratmaqda uğursuz olanda, ya da ümumiyyətlə yaza bilməyəndə sahəyə tənqidçi formasında çıxırlar. Topu kimin qapısına gəldi vurmağa çalışırlar. O ki qaldı tərifə. Bu birdəfəlik ömürdə, ölümü sinəsinin altında saatlı bomba kimi gəzdirən adamlara elə tərif lazımdır. Bir adamı tənqid edib qəlbini qırmaqdansa, tərif deyib üzünü güldürmək yaxşıdır. Yox, əgər tərif deməyə səbəbin yoxdursa, sus. Onsuz da öləcək; mətn də, adam da. Amma onu qeyd edim ki, ədəbiyyatşünaslıqda qələmini ədəbi vicdanıyla tutan təhlilçilər var. Mən onları təhlilçi hesab edirəm. Məncə, bu daha üstündür. Onlar mətnin içini görə bilirlər, daha yaxşı araşdırıb, daha dəqiq analiz edirlər.

- "Azərbaycan" jurnalında məsul katib vəzifəsində çalışırsınız. Jurnalla bağlı hansı yeniliklər gözlənilir?

- "Azərbaycan" jurnalının məsul katibi olmaq həyatda qazandığım ən böyük uğurdur. Bir vaxtlar uzaqdan baxdığım jurnalın indi içində oturmuşam. Burdan ədəbiyyata bacardığım qədər, səlahiyyətim çatan qədər xidmət edirəm. Zövqlə, sevgiylə, məhəbbətlə işimin öhdəsindən gəlməyə çalışıram. Jurnalımızın 99 yaşı var. Qocamandır. Gələn il 100 illik yubileyini təntənəli şəkildə qeyd etmək fikrindəyik. Jurnal qocaman olsa da, ruhu həmişə gəncdir. Elə bu gənclik şövqü ilə də hər nömrəsini hazırlayırıq. Jurnalın hər nömrəsi Azərbaycan ədəbiyyatında bir yenilikdi. Hər nömrə ədəbiyyatımıza bir ərməğandır. Dəyərli bir nümunədir. 

- Sanki bəzi dərgilərimizdə ab-hava köhnə təfəkkürlə, Sovet nostalgiyasını görürük. Bu nə ilə bağlı ola bilər?

- "Sovet nostalgiyası" dediyiniz Azərbaycan ədəbiyyatın təməlidir. Sualdakı yanaşma qüsurludur. Jurnal kiminsə xatirə dəftəri deyil, gündəliyi deyil. Bir ölkənin ədəbiyyatının flaqmanıdır. Burda çap olunmaq üçün mətn xəlbirdən, ələkdən keçməlidir. Mətn bir xalqın ağrısıyla, acısıyla, sevinciylə, sevgisiylə yüklənməlidir. Bu dərgilərin, xüsusən də sizin gizlin-aşkar ehyam vurduğunuz Azərbaycan ədəbiyyatında ən qocaman (99 yaş) "Azərbaycan" jurnalının ən böyük mükəlləfiyyəti xalqın mədəniyyətini, ədəbiyyatını, milli dəyərlərini, sözünü qorumaqdı, keşiyini çəkməkdir. "Azərbaycan" jurnalı imkan verə bilməz ki, kimlərsə, hansısa məqsədləri üçün dəyərləri əzib keçsinlər. "Novator" döş nişanıyla xalqın ədəbiyyatına zərbə vurmaq olmaz. Yeni fikrə, sağlam düşüncəyə, möhkəm əqidəyə, kökünə, milli dəyərlərinə, xalqına sadiq olan mətinləri redaksiyamız sevə-sevə qəbul edir. Hörmətlə qarşılayıb yuxarı başda oturdur. Əməkdaşlıq üçün məmnun olur. Jurnalımızın baş redaktoru İntiqam Qasımzadənin jurnalla bağlı yalnız bir prinsipi var: "geniş mənada Azərbaycan ədəbiyyatını səlahiyyəti, imkanı çatan yerdə qorumaq". Bu, səngərdə dayanıb strateji bir postu qorumaqla eynidir. O ki qaldı yeni təfəkkürə, yeni təfəkkür parazit olmadığını sübut edənə qədər köhnəlir. Odur ki, ən yaxşısı təfəkkürün sağlam olanını seçməkdir. Yaşı, cinsi önəmli deyil. 

- Gənclərə yer verilmir, bəlkə ona görə?

- Bu sualı qətiyyən qəbul eləmirəm. Yanlışdır. Mətn lokomotiv olmalıdır, dalınca imzanı aparmalıdır. Gənc dediyin adamın mətni zəifdirsə, iddiası özündən böyükdürsə, ona verilən yerə sığmırsa, qəbahəti özündə axtarmalıdır. Əgər mətn təqdim olunan orqanda çap olunmursa müəllif qayıdıb özünü, yerini, yazdığını görməlidir. Daha çox çalışmalıdır. Jurnal pambıq bardanı deyil ki, əlinə gələni içinə doldurasan. Əgər bir gəncə, istənilən müəllifə çap olunmağa yer tapılmırsa, demək, o müəllifin mətni yoxdur. Yazısı kaldı. Açıq gözlə baxsanız çap üçün ölkədə geniş imkanlar var. Heç kim kiminsə qarşısında Təpəgöz olub dayanmayıb. Bütün mətbuat orqanları, eləcə də "Azərbaycan" jurnalı səhifələrlə çıxmaq fikrində deyil, buna çalışmır. Redaksiya jurnalın səhifələrini dəyərli, lazım olan, vacib yazılarla doldurmaq üçün çalışır. Odur ki, yaxşı yazıya bütün qəzet və jurnallarda həmişə ehtiyac var.

- Gənclər demişkən, gənclərdən kimləri oxuyursunuz?

- İşim budur, oxumaq. Jurnala gələn bütün yazıları oxuya bilməsəm də, böyük əksəriyyətini mütaliə edirəm. Sosial şəbəkələrdən istifadə edirəm. Mənə verilən kitabları oxuyuram. Mənim üçün ədəbiyyatın yaşı yoxdur. Ədəbiyyatı nəsillərə bölməyin tərəfdarı deyiləm. Mətn daha önəmlidir. Əgər kiminsə yaxşı, zövqümə uyğun şeiri, nəsri, publisistikası qarşıma çıxırsa buna səmimi qəlbdən sevinirəm. Çox yaxşı ədəbi nümunələr var. 

- Siz müstəqillik dövr Azərbaycan ədəbiyyatında ilk fantastik yazar kimi qeyd olunursunuz. Azərbaycanda Qotik ədəbiyyatının ilk nümayəndəsi sayılırsınız. Bu barədə nə deyə bilərsiniz?

- İlk olub-olmadığımı tam dəqiq deyə bilmərəm. Çünki bu heç nəyi dəyişmir - nə xeyrimə, nə əksimə. Mən sadəcə yazmaq və oxumaq istədiyimi, yaşadığımı, yaşamaq istədiyimi yazıram. Bu, başqalarının gözündə, zövqündə necə alınır, hansı səviyyədə durur bilmirəm. Bacırığım, qabiliyyətim, istedadım nə qədərdirsə o qədər yazıram. Qotik yaşam tərzini sevirəm. Mənim üçün hər çöküşdə bir diriliş var, hər məğlubiyyətdə zəfər. Hər uğursuzluq yeni bir uğurun başlanğıcıdır. Qaranlıq da bir aydınlandırır.

- Ədəbi mükafatlara münasibətiniz...

- Çox yaxşı. Mükafat həm də stimul verir. Mükafatın dəyəri elə yüksək olmasa da, onun arxasında dayanan diqqət çox dəyərlidir. Yaradıcı adamın umub-umacağı diqqətdir. Xoş sözdür, qayğıdır. Mükafat, hədiyyə almağı kim istəməz?

- Yazıçı və ya şair qonororla dolana bilərmi? Bu mexanizm necə qurulmalıdır?

- Bu mexanizm yerli çap məhsulları üzərində bir də heç vaxt arzulanan səviyyədə qurulmayacaq. Yəni Sovet dövründəki kimi bir kitaba bir maşın almaq əyyamı gedib. İndi bir kitaba dörd təkər də düşmür. Xırda-para, simvolik bir məbləğ bəzi mətbuat orqanlarında var, ola bilər, sabah bir-iki jurnal, sayt da bu sıraya qoşula bilər. Amma qonorar heç vaxt dolanışıq üçün əsas gəlir mənbəyi olmayacaq. Məncə, belədir. Kaş ki, yanılım.

- Yaxşı yazmaq üçün lazım olan üç vacib komponent...

- Bildiyini, yaşadığını, oxumaq istədiyini yazmaq.

 

Söhbətləşdi: Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.2-3.