Cığır

 

Şuşanın işğaldan azad edilməsi

 

Romandan parça

 

Müharibə isə davam edirdi...

Bütün dünya görürdü, xalq tam əmin idi ki, Şuşa işğaldan azad olunacaq. Bu, əsasən də, Hadrut və Füzuli rayonları düşməndən təmizləndikdən sonra özünü daha çox büruzə verirdi. Dünyanın əksər dövlətləri "xristian birliyi" adı altında müharibəni durdurmaq, erməniləri məğlubiyyətdən qurtarmaq istəyirdilər. Ali Baş Komandan isə israrla erməni qoşunlarının işğal ərazilərdən çıxarılması üçün cədvəl və vaxt tələb edirdi. Əsas məsələ isə Şuşanın azad olunması idi.

Şuşa necə bir yerdirsə, mistikliyi bitib-tükənmir. Şəhərin ətrafı elədir ki, sanki göydən bir kosmik gəmi yerə düşüb, orada məskunlaşıb. Dağları da, daşları da elə bil göylərdən gətirib ora düzmüsən. Başqa bir dünyaya düşürsən. Bu şəhərdə, orada doğulan ən yaradıcı adamların ruhlarını görürsən. Bu ruhlar sənin yanındadırlar, amma şəhərdən heç vaxt çıxıb getmirlər...

Qərargah zabitlərə və əsgərlərə Ali Baş Komandanın əmrini çatdırmalı idi: "Şuşasız işimiz yarımçıq qalar!". Əslində, bunu hamı bilirdi, ancaq bu əmr hökmən yerinə yetirilməli idi.

Zabitlər generaldan Şuşanı necə almaq əmrini səbirsizliklə gözləyirdilər. Hikmət Mirzəyevlə yanaşı, o biri zabitlər də elə bir ruhla yaşayırdılar ki, sanki ömürləri boyu bu günü gözləmişdilər, zatən, belə olmuşdu. Hamının gözündə qisas və intiqam qığılcımı görünürdü.

- Cənab zabitlər! Gün o gün gəldi. - General oturanlara izah etməyə başladı. - On min üç yüz səksən altı gün bizdən ayrı qalan, gözümüzün mirvarisi olan Şuşanı işğaldan azad etmək vaxtı gəlib çatdı. - Zabitlər bir-birlərilə baxışdıqda gözlərdən və üzlərdən sevinc oxundu. - Yadınızdan çıxartmayın, Şuşa bizim şərəf, qürur, namus məsələmizdir. Keçirəcəyiniz əməliyyatla təkcə xalqımızın tarixinə deyil, həm də dünya tarixinə imzanızı atacaqsınız. Gələcək nəsillər adınızı şərəflə yad edəcəklər. Bu əməliyyat "Dağlarda toy" əməliyyatına ən tutarlı cavab olacaq. "Dəmir yumruq"u başlarına elə endirmək lazımdır ki, bir də Şuşanın adını heç vaxt çəkməsinlər. Bu əməliyyata yüngül silahlarla gediləcək. Onsuz da yükünüz ağır olacaq. Həm də nəzərə almaq lazımdır ki, uzun, ta Şuşaya qədər uzun yol qət edəcəksiniz. Silah-sursatınızda məhdudiyyət olacaq. Odur ki, "Bir atış - Bir hədəf"lə döyüşü aparmalıyıq, çünki bu, "arxaya sızma"nın ən vacib prinsipidir...

Generalı hər zaman düşündürən bir məsələ vardı: Az qüvvə ilə, az itki ilə Şuşanı necə alsın. Günlərdir bu barədə fikirləşirdi. Elə bil bu əməliyyatda nəsə çatışmırdı, ürəyi darıxırdı. İçində nəsə bir boşluq vardı. Bu boşluq onu boğurdu, özünə yer tapa bilmirdi. Hər gün şəhərin xəritəsinə baxır, nəsə axtarırdı. Ona məlum idi ki, düşmənin şəhərdə güclü müdafiəsi və böyük sayda qüvvəsi var. Deməli, onun üçün dörd əsas məsələ qalırdı: Arxaya sızmaq, qəfil döyüşlər aparmaq, düşmənin təminat yolunu kəsmək, qruplarla bir an da olsa əlaqələri kəsməmək.    

Ona xəbər veriləndə ki, arıq bir kişi Şuşa ilə bağlı sizə çox mühüm xəbər vermək istəyir, general əvvəl istədi onu qəbul etməsin, çünki indi müharibənin taleyi həll olunurdu. Heç buna vaxtı da yox idi. Amma ürəyinə nəsə damdı. Düşündü ki, Şuşa haqqında məlumatı yalnız şuşalı verə bilər. Növbətçidən soruşdu:

- Bu arıq kişinin adı, soyadı yoxmu? Özü şuşalıdır?

Növbətçi dərhal cavab verdi:

- Var, cənab general! Adı Nəsrəddin, soyadı Murad, özü də şuşalı qaçqındır.

General düzəliş verdi:

- Şuşadan qaçqın ola bilməz! Olsa-olsa, məcburi köçkün ola bilər. Çağır gəlsin.

Növbətçi generalın ona irad tutmasını anladı:

- Günahkaram, cənab general! Bu dəqiqə.

O, içəri girəndə general ayağa durdu. Salamlaşıb yer göstərdi, özü də üzbəüz əyləşdi.

- Buyurun, ağsaqqal, eşidirəm! Növbətçi dedi ki, Şuşa ilə bağlı ciddi xəbərin var.

Qoca əlini əlinin üstünə sürtdü.

- Hə, - dedi, - sizin Şuşada axtardığınız yeri mən bilirəm.

Onu maraq bürüdü:

- Mən Şuşada nə axtarıram ki?

Nəsrəddin kişi cibindən bir kağız çıxarıb ona uzatdı:

- Buyur, generalım! Bunu Şuşadan çıxandan sonra çəkmişəm. Həmişə deyirdim yüz il daraq, bir gün yaraq. Bax, indi bu lazım oldu.

Kağızı alıb baxdı, dərhal da təəccübləndi.

- Bu ki Şuşanın xəritəsidir. - Gözünə nəsə tanış olmayan bir yer dəydi. - Bəs bu yer bizim xəritədə niyə yoxdur? Bu nədir?

- Cığırdır, generalım!

- Nə cığır?

- Dağkeçisinin saldığı cığır. - Dərindən nəfəs alıb əlavə etdi. - Bu cığırı Pənahəli xanın vaxtından bizim soyumuz qoruyur. İndi vaxtı gəlib. Bu cığırı bəziləri bilsələr də, heç kimin ağlına gəlməz ki, buradan insan keçsin, çünki bu, ölümə bərabərdir. Ancaq bizim əsgərlərimiz keçə bilər. Bilirlər ki, torpaq uğrunda vuruşurlar.

General ayağa durub seyfini açdı. Dəqiqləşdirmək üçün Şuşanın xəritəsini götürdü. Cığır onun xəritəsində yox idi. Dərindən nəfəs aldı. İndi istədiyini tapmışdı. İndi bütün daşlar yerinə otururdu. Bu barədə məruzəsini etdi. Muradı da yoxlatdırmağı unutmadı. Müharibədə hər şey ola bilərdi...

...İclasda qərargah rəisi Kənan Seyidova müraciət etdi:

- Cənab general! Bu döyüşdə bir müttəfiqimiz də var. - Danışmağa üstünlük verməsələr də, iclasdakılar ona baxdılar. General isə davam etdi. - Bizim təbii müttəfiqimiz dağlar, meşələr, ağaclar, daşlar, buludlardır, çünki bu torpaq bizimdir. Bu yer, yurd bizi otuz ildir gözləyir. Biz onların necə həsrətini çəkmişiksə, onlar da bizim həsrətimizdədirlər. Nə olmasından asılı olmayaraq, biz Şuşaya qovuşmalıyıq, hətta şəhid də, qazi də olsaq. Biz bunu etməliyik.

İclasdakıların çoxunun gözləri yaşardı...

Noyabrın ikisində quru qoşunlar aldadıcı manevrə başladılar. Erməni ordusu bu manevri izləyirdi. Dərhal Şuşakənd və Daşaltı istiqamətində ordu toplamağa əmr verildi.

Xüsusi təyinatlı qüvvələr Salaqçı yaşayış məntəqəsini azad etdilər. Bunsuz dərin sızma mümkün olmayacaqdı. Arxaya dərin sızma başladı.

Xüsusi təyinatlılar qruplara bölündülər. İndi təminat yolu olan Laçın dəhlizi bağlanmalı idi.

Dərin meşələrlə, soyuq havada, suyun içində, yuxusuz, amma yorulmaq bilməyən bir qrup gah yoxuşa qalxır, gah dərəyə düşür, dəhlizdən bir neçə kilometr aralı paralel irəliləyirdi. Qarşıya göndərilən kəşfiyyatçı geri qayıtdı.

- Komandir, - dedi, - dəhliz yolunda yüzə yaxın erməni var. Özü də düz dəhlizə qədər postlar qoyublar. Neyləyək?

Qəzənfər adlı komandir İqbala baxıb cavab verdi:

- İqbal, bu əmrdir, nə yolla olur-olsun, dəhliz bağlanmalıdır! O biri iki qrupla da əlaqəni saxla, eyni vaxtda erməniləri zərərsizləşdirək.

Amma, "neyləmək lazımdır" sualı ağlını qarışdırmışdı. Birdən sanki qeybdən səs gəldi. Nə etmək lazımdır yolunu göstərdi. Tez giziri çağırıb ratsiyanı qoşdu, mərkəzlə əlaqə saxladı.

- Komandir, burada vəziyyət belədir. - O, əhvalatı təfsilatı ilə danışdı.

O biri tərəfdən səs gəldi.

- Neyləmək istəyirsən?

- Komandir, icazə versəydiniz, açıq efirə çıxıb erməniləri qorxudardım. Onsuz da onlar təlaş və qorxu içindədirlər. Elə biləcəklər, çoxuq, qaçıb Laçına tərəf gedəcəklər.

Razılıq verildi. Qəzənfər ratsiya ilə açıq efirə çıxdı:

- Sən altmışla sağdan, sən yetmiş əsgərlə soldan get. Mən yüz nəfərlə mərkəzdən gəlirəm. Uşaqlar, elə edin ki, bir erməni dığası da mühasirədən çıxmasın. Xocalının, Şuşanın intiqamı yaxınlaşır.

Ermənilər açıq efirə girə bilirdi. Odur ki, efirdə belə əmri eşidən kimi bir çoxları maşınlarına oturub qaçdılar. Bəziləri, hətta ağır silahlarını atıb gedirdilər. Qalan bir neçə qrup vardı ki, yalnız piyada yola düzdü. Onları da yolda xüsusi təyinatlılar haqladı.

Beləliklə, Laçın dəhlizinə nəzarət tam ələ keçdi. Erməni ordusunun təminatı kəsildi.

Sonra qruplara əmr gəldi: Daşaltı tərəfə irəliləmək. Yolda qruplar az qalmışdı mühasirəyə düşsünlər. Bu zaman bir topa bulud düşmənlə qrupların arasına girdi. Hər tərəf dumana büründü. Qruplar rahat şəkildə dumandan istifadə edib, yenə yoxa çıxdılar.

Bu da Daşaltı. Bu kənd min beş yüz əlli üç metr hündürlükdə yerləşir. Daşaltı azad edildikdən sonra Şuşa hər tərəfdən mühasirəyə alındı.

Cəmi dörd yüzə qədər xüsusi təyinatlı cığırı tapdılar.

...Ratsiyadan mayor Hüseynovun səsi eşidildi:

- Uşaqlar, bu cığır bizi Şuşaya aparır, həsrətini çəkdiyimiz Şuşaya, ürəyimizdə gəzdirdiyimiz, gözlərimizə doldurduğumuz Şuşaya. Qalxdığımız bu cığır bizə doğmadır. Amma bu sonuncu maneə deyil. Əsas maneə şəhərdə oturan erməni döyüşçülərdir. Gör neçə illərdir buranı mundarlayırlar. Daşlar, qayalar sizə yol verəcəklər. Bilirdilər ki, buranın əsl sahibi qayıdır. Yorulmaq yoxdur. Sungülərdən istifadə edin. Lazım gəlsə, əllərinizi də ayaqlara çevirin. Aydındır?

Heç kim cavab vermədi. Hamı bilirdi ki, komandir nəyə işarə edir, mayorun işi bu idi, heç kimi yorulmağa qoymurdu.

Cığırın sərt yeri irəlidə idi. Xüsusi təyinatlı qüvvələr səssiz-səmirsiz dağkeçilərinin qalxıb-düşdükləri izlə, kürəklərində əlli kiloqramlıq yük, könüllərində bu yükdən yüz dəfələrlə ağır olan Şuşa həsrətilə yuxarı qalxırdılar. Hamısı əllərində döyüş bıçağı tutmuşdu. Bəzən elə yer olurdu ki, süngünü daşa vururdun, çünki başqa yer yox idi. Ya da daşlar arasında bir çat yeri görünən kimi irəlidə gedən əlindəki bıçaqla onu bir az da dərinləşdirir, pıçıltı ilə arxada gələnlərə xəbər verirdi:

- Uşaqlar, mənim yerimə çatanda, sağ tərəfdə çat var, ondan istifadə edə bilərsiniz.

Ratsiya ilə deyilən bu sözləri hamı eşitsə də, heç kim cavab vermirdi. İndi əsas iş cığırın başına çatmaq idi. Bəlkə də, adi vaxt olsa idi, bu cəsur döyüşçülərin heç biri bu cığırla yuxarı qalxmaq istəməzdi. Ancaq indi... Elə bil Şuşanın sehri, tilsimi onların belinə kəmənd salıb yuxarı dartırdı. Onlar özlərindən asılı olmayaraq qayalara dırmaşır, heç kimin edə bilmədiklərini edirdilər. Hərdən adama elə gəlirdi ki, onlar dağlardan, göylərdən asılı vəziyyətdə qalıblar. Şuşadan atılan kəməndsə yelləncəkdə olduğu kimi onları yellədir.

Baş gizir Yaşar bıçağı növbəti dəfə çat olan yerə salıb nəfəsini dərdi. Dönüb arxaya baxanda az qaldı başı hərlənib yıxılsın. Yaxşı ki, bıçağı əlində möhkəm saxlamışdı. Onun can yoldaşları, qan qardaşları qayalarda qarışqa kimi yeriyirdilər. Sanki illərdir bu cığırda təlim keçmişdilər. Düzdür, dağ təlimlərini tez-tez keçirdilər, amma bu cığır kimi yer onların təlimlərində heç vaxt olmamışdı. Bəs onları belə çəkib aparan nə idi? Bəlkə də Şuşanın tək bir adı bəs idi ki, belə şövqlə yuxarı qalxsınlar.

Yaşar ratsiya ilə komandiri çağırdı:

- Cənab mayor, sizdən bir xahişim olacaq.

Mayor ürəyində fikirləşdi ki, rəhmətliyin oğlu, heç hənanın yeridir? Qoy cığırın sonuna gələk, sonra nə xahiş edirsən, et də. Əlimiz qayalarda sallana-sallana qalmışıq. Amma fikirləşdiklərini demədi. İndi hamı ölümlə həyatın arasında idi. Bəlkə nəsə ailəsinin xahişini edəcək. Belə şeylər azmı olub? Döyüşə atılmamışdan qabaq belə şeylər çox olur. Onlar tək döyüş yoldaşları olmurdular, həm də tez biz zamanda dosta, qardaşa, ailənin bir üzvünə çevrilirdilər. Odur ki, yavaş səslə cavab verdi:

- Buyur Hüseynov, ancaq qısa elə.

- Baş üstə, komandir. Ürəyimdə bir muradım, istəyim var. Xahis edirəm muradımı gözümdə qoymayasınız.

Komandir sol əlini atıb qayanın çıxıntısından yapışdı, sağ əlindəki bıcağı çata salandan sonra dilləndi.

- Hüseynov, bu dəqiqə elə bir vəziyyətdəyəm ki, Şuşadan başqa yadıma heç nə düşmür. Sən də xahiş edirsən.

Baş gizir əl çəkmədi:

- Cənab mayor, - dedi, - elə mən də Şuşanın xahişini edəcəm.

Komandir az qaldı gülsün, ancaq belə yerdə gülmək yerinə düşmürdü. Ehmalca dedi:

- Yaşar, qoy Şuşaya çataq, erməniləri dərbədər edək, sonra xahişini edərsən.

Baş gizir əl çəkmədi:

- Yox e, komandir! Dəmiri isti-isti döyərlər. İnşallah, Şuşaya da girəcəyik, erməniləri dərbədər də edəcəyik, amma orada bu xahişin ləzzəti olmayacaq.

Mayorun daha səbri çatmadı, təpindi.

- Hüseynov, qısa et! Bax indi bu qayalıqdan yıxılsam, günah sənin boynunda qalacaq, çünki diqqətimi yayındırırsan.

Baş gizir indi başa düşdü ki, məsələni doğrudan çox uzatdı. Odur ki, qısa cavab verdi:

Komandir, əgər şəhid olmasam, yaralı olsam belə, Şuşada bayrağımızı qaldırmağı Allah mənə nəsib etsin!

Mayorun sanki bir anlığa ürəyi dayandı. Düşündü: ...Allah, biz nə millətik belə? Bayrağı Şuşada dalğalandırmaq üçün əhd eləyir. Deyir ki, hətta yaralı olsam belə. Qısa müddətdə bu güc, bu sel hardan gəldi? Bu nə enerjidir belə başımızın üstündə fırlanır?". Komandir onun ürəyini qırmadı. Qısaca olaraq cavab verdi:

- Amin, Yaşar, amin!

Kimsə ratsiyada pıçıltılı səslə zarafat etdi:

- Yaşar, sən çaldın!

Nəhayət, qala divarları göründü. Artıq cığırın sonu idi. Heç ermənilərin ağlına da gəlməzdi ki, Azərbaycan əsgəri bu sal qayalardan yuxarı dırmaşacaq, onları qəfil yaxalayacaq. Bu yerdən o qədər arxayın idilər ki, heç mühafizə də qoymamışdılar.

Mayor Hüseynov hamının qala divarlarının dibində toplaşması üçün bölmə komandirinə əmr verdi:

- Bölmə komandirləri, yanıma!

Bir anda komandirlər onun yanına toplandı. O, xəritəni çıxarıb, üstünə fənərin işığını tutdu. Kimin hansı küçədə olacağını bir daha xatırlatdı.

- Bir azdan "Sızma" əməliyyatına başlayırıq. - Bölmə komandirləri getdikdən sonra mərkəzə məlumat verdi. - Cənab general, cığırı - birinci mərhələni keçdik. "Sızma" əməliyyatına başlayırıq.

Ratsiyanın o biri başından general Mirzəyevin səsi gəldi:

- Cənab mayor, "Sızma" əməliyyatına başlaya bilərsiniz. Təkrar biliyin anası olduğundan bir də deyirəm. Səssiz işləyirik. Düşməni daima təlaşda, həyəcan və qorxu altında saxlayırıq. Erməninin gözünə hər yerdə biz görünürük, hətta biz olmayan yerdə də. Haydı, Allah amanında!

Xüsusi təyinatlı qüvvələrə elə bil yenidən güc gəlmişdi. Sanki günlərdir bu ağır yükün altında irəliləyən bunlar deyildi. Yorğunluqları keçib getmişdi, "Sızma" əməliyyatına başlamamışdan öncə bütün döyüşçülər əyilib qala divarlarının dibindəki daşı, torpağı öpdülər, sonra divarın qapıya oxşayan bir dəliyindən şəhərə sızdılar. Ermənilər özlərinə zəhmət verib, heç dağılan divarı da təmir etdirməmişdilər. Hətta etsəydilər belə, xüsusi təyinatlılar divara dırmaşıb şəhərə girəcəkdilər və girdilər də...

Qırmızı bazar tərəfdən toplardan atılan mərmilərin gurultusu eşidildi, sanki yer-göy titrədi. Bu, Azərbaycan Ordusunun Şuşadakı ermənilərə sonuncu xəbərdarlığı idi. Çəkilin gedin! Yerin sahibi gəlir! Erməni ordusu isə özünə arxayın idi. Şəhərdə heç kim yatmamışdı. Hamı döyüşə hazır idi. Bilirdilər ki, Şuşa alınmazdır. Nə qədər istəyir qoşun gəlsin, xeyri olmayacaq. Xan sarayının yanında iki erməni əsgəri növbə çəkir, arada dərdləşir, söhbət edə-edə siqareti siqaretə calayırdılar. Şuşa işğal olunandan sonra Xan sarayının yalnız divarları qalmışdı. Vaqifin məqbərəsini də söküb satmışdılar, hətta Bülbülün, Natəvanın heykəllərini də güllələmişdilər. Fikir babası Əhməd bəy Ağa oğlunun ata evini yerlə bir etmişdilər. Məscidləri dağıtmışdılar. İşğala qədər hər məhəllədə bir məscid vardı. İşğaldan sonra isə yalnız Yuxarı Gövhər ağa məscidi qalmışdı. Onu da İran hökuməti bərpa etmişdi və İran mədəniyyəti inciləri kimi qələmə verirdi.

Bir sözlə, Şuşada türkə aid nə vardısa şəhərdən silməyə çalışan ermənilər bir şeyi başa düşmürdülər: Şuşa azərbaycanlılar tərəfindən niyə bu qədər sevilir. İyirmi səkkiz il ərzində ermənilər bu şəhərdə daşı daş üstünə qoymadılar. Çünki şəhər onlara yad idi, Şuşanın ruhunu tuta bilmirdilər. Çünki bu şəhəri onlar inşa etməmişdilər. Ümumiyyətlə, ermənilər öz tarixlərində heç bir şəhər salmayıblar. Ya hazırına gəliblər, ya da onların əvəzinə osmanlılar, səfəvilər, sovetlər şəhər salıb, onları şərəfləndiriblər. Tarixin ironiyasına baxın: Özünün əldəqayırma dövləti var, ancaq indiyə qədər bir şəhər inşa etməyib. Şuşa da onlardan biri.

Yenə iki erməni əsgəri Xan sarayının tinində üz-üzə gəldilər. Biri dərhal cibindən siqaret çıxardıb, damağına qoyub yandırdı. Qutunu Vaxtanqa uzatdı:

- Ara, Vaxtanq, gəl bir dənə siqaret çəkək. Siqaret çəkməkdən sinəm kömürə dönüb. Bu qədər də siqaret çəkmək olar? Bu türklər də yaşamağa qoymurlar. - Atılan topların gurultusuna reaksiya verdi. - Ara, özünü yorma! Nə qədər istəyirsən at, bizim heç vecimizə də deyil, Şuşa alınmaz qaladır, heli, alınmaz. Sizin ağlınız olmadı o zaman, şəhəri verdiniz bizə.

Armen adlı o biri əsgər onun uzatdığı qutudan bir siqaret götürüb dodaqları arasına qoydu. Ondan siqareti alıb közünü siqaretə caladı. Dərindən bir qüllab vurub tüstüsünü havaya buraxdı, sonra ondan soruşdu:

- Ara, Vaxtanq, türklər Şuşaya gələ bilərlərmi? Deyirlər, lap burnumuzun ucundadırlar, hətta Daşaltını da alıblar.

Vaxtanq onu sakitləşdirdi:

- Ara, heç vecinə alma! Türklərdə "dux" hardadır gəlib Şuşaya çıxsınlar? Şəhərdə bu qədər qoşunumuz var, texnikamız var. Bizə kim bata bilər? Bir də, eşitmədin komandir nə dedi? - Bir qədər sükutdan sonra əlavə etdi. - Komandir Paşinyana çox inanır. O, televizorda çıxış edib deyib ki, türkləri bilə-bilə Qarabağın dərinliyinə çəkirik ki, sonra masştab hücuma keçək. Ara, o gün çox uzaqda deyil.

Armen ona etiraz etdi:

- Birdən Paşinyan yalan deyirsə? Buna necə inanaq? Qulağımızın dibində toplar guruldayır. Deyirlər, buralarda axırıncı dəfə topların guruldaması 1992-ci ildə olub. Ondan sonra Şuşa ətrafında iyirmi səkkiz il mərmi səsi eşidən olmayıb. Sonralar bu gurultuları aşağılarda eşidiblər. Bütün bunların sonu necə olacaq, ara?

Vaxtanq siqaretinə sonuncu qüllabı vurub yerə atdı, çəkməsinin altında əzib söndürdü.

- Belə şeylərə fikir vermə! Dünya bizim arxamızdadır. Türklərin hünəri çatarmı buralara gəlsin?

Armen yenə etiraz etdi:

- Ara, fikrimi qəribçiliyə salma! Deyirlər ki, onlar PUA-lardan başqa, "gözəgörünməz kölgə" əsgərlər də icad ediblər. O əsgərlərdən heç Amerikada yoxdur. Bizim əsgərlərdən biri onları aşağılarda görüb, danışır ki, güllə ilə vurursan yıxılır. Düşünürsən ki, birini öldürdüm. Heç bir dəqiqə keçmir ki, robot ayağa durub, atəş aça-aça üstünə gəlir. Ara, biz türklərlə vuruşmuruq, e.., robotlarla vuruşuruq. Sonra da deyir ki, bu türk robotu istəyəndə yoxa çıxır, yəni gözəgörünməz olur.

Vaxtanq onu ələ saldı:

- Ara, nə danışırsan, gözəgörünməz nədir? Belə bir şey olsa idi, Fransa bizə onu çoxdan ötürərdi, ağlına belə şeylər gətirmə. Gözəgörünməz, yox bir sehrbazlar...

Vaxtanq sözünü axıra çatdıra bilmədi. Xan sarayının dağılmış pəncərəsində iki kölgə göründü. Bu zaman göydə gümüşü rəngdə parıldayan iki bıçaq uçaraq onların boğazına saplandı. Hər iki erməni əsgəri bir-birinə təəccüblə baxıb, ağır-ağır, xırıldayaraq yerə yıxıldı. Nə olduğunu heç başa da düşmədilər. İki nəfər sakitcə onlara yaxınlaşıb, boğazlarına batan bıçaqları çıxardıb heç nə olmamış kimi yenidən kölgəyə çevrildilər.

Dörd yüz nəfər xüsusi təyinatlı kölgəyə çevrilib Şuşanın küçələrində "Sızma" əməliyyatını davam etdirirdilər.

Nəhayət, ermənilər başa düşdülər ki, Azərbaycan əsgəri şəhərdə xüsusi əməliyyat aparır, amma heç kim başa düşmürdü ki, onlar haradan gəlib çıxıblar. Şəhərin girişində yerləşən posta zəng edib soruşurdular ki, türklər hardan gəlib şəhərin ortasına çıxıblar.

Postun komandiri - buradan keçməyiblər - dedi. Elə isə haradan? Bu müəmmalı sualın altında ermənilər hara gəldi atəş açmağa başladılar. Onlar hansı qaraltını görürdülər, gülləbarana tuturdular. Şəhəri atışma səsi başına götürdü.

Dörd yüz kölgə isə işini görürdü. Artıq tapança ilə atəş açmaq olardı. Şəhərdə atəş səsinin çoxalması onların xeyrinə idi. Mayor Hüseynov ratsiya ilə növbəti əmrini verdi.

- Uşaqlar, bu erməni küçükləri qorxudan, həyəcandan hər yerdə bizi görürlər. İmkan verək, bir-birlərini qırsınlar. Biz isə bir saatlığa "kölgə"yə çevrilirik. Hə, şahinlərim, Şuşanın azad olunmasına çox qalmayıb.

Bir andaca dörd yüz döyüşçü "kölgə"yə çevrildi, gözəgörünməz oldu. Şəhərdə isə atışma güclənmiş, qaçaqaç düşmüşdü. Gözlərinə kim görünürdüsə, atəş açırdılar. Düşünürdülər ki, türklər erməni hərbi paltarlarını da geyinib üzərlərinə gələ bilərlər. Odur ki, hər yerə atəş açır, bir-birlərini öldürürdülər. Motorlar işə düşdü. Tanklar, BTR-lər, BMP-lər sürətlə şəhərdən çıxıb Xankəndinə tərəf üz tutdu. Bir neçə saatdan sonra şəhər boşaldı, ancaq əsl döyüş hələ qabaqda idi.

"Türklər şəhərdədir, qaçın, canınızı qurtarın" səsləri isə getdikcə uzaqlaşırdı. Bu zaman "kölgə" döyüşçülər yenidən şəhərin küçələrində görünməyə başladılar. Mayor Hüseynov generala raport verdi: - Cənab general, "Sızma" əməliyyatı bitdi. Şuşa bizdədir. İndi də "təmizləmə" əməliyyatına keçirik.

General qulaqlarına inanmadı. İçində özünün də başa düşmədiyi bir qalxınma yarandı. Həyəcanla soruşdu:

- Səsinə quzu kəsim, mayor Hüseynov! İndi dediyini bir də təkrar et. Sevincdən qulaqlarım guruldayır, yaxşı eşitmədim.

Mayor dediklərini bir də təkrar etdi:

 - Cənab general, - az qaldı qışqıra-qışqıra desin, - Şuşa bizdədir! "Sızma" əməliyyatı bitdi, indi isə təmizləmə əməliyyatına keçirik...

Xankəndidə əhali ağır günlərini yaşayırdı. Arxayın idilər ki, Azərbaycan Ordusu buralara qədər gəlib çıxa bilməz, buna dünya icazə verməz. İndi bu şəhərdə yalnız ermənilər yaşayır, özlərini ağa kimi aparırdılar. Sovetlər dövründə burada on mindən çox azərbaycanlı yaşayırdı. Səksəninci illərdə hadisələr başlanandan sonra erməni olmayanları zorla Xankəndidən qovdular, bəzilərini öldürdülər, əmlaklarını isə zəbt etdilər. O zaman dünya onların tərəfində idi. İndi isə Şuşadan enən əsgərləri, ölüləri, yaralıları gördükdə əhali başa düşdü ki, bu sondur. Bu dəfə onların köçü başladı. Şəhərdən düz Laçın dəhlizinin sonuna qədər maşın karvanı düzülmüşdü. İndi onların getmək vaxtı çatmışdı. Amma getməyənlər də vardı.

Xəstəxananın dəhlizi yaralılar və ölülərlə dolu idi. Fransanın "Fiqaro" qəzetinin müxbiri onların arasında gəzir, həm də təəccübünü gizlədə bilmirdi. Demək olar ki, gətirilənlərin əksəriyyəti ya tapança, ya da bıçaq zərbəsindən öldürülmüş, yaxud da yaralanmışdı. Nə baş verdiyini anlaya bilmirdi. Gətirilənlərin də hamısı Şuşada olublar. Əvvəl Fransaya zəng edib baş redaktorla danışdı:

- Müsyö, Qarabağda qəribə hadisələr baş verir. Şuşa şəhəri yadındamı? Siz də bir dəfə olmusuz burada.

Baş redaktor onun sözlərini təsdiq etdi:

- Hə elədir, gözəl yerdir, çox xoşuma gəlmişdi. Nə olub, nə hadisə baş verib?

O, hadisəni nəql etməyə çalışdı:

- Bura Şuşadan çox sayda, o qədərdir ki, sayı-hesabı bilinməyən yaralı və ölü əsgərlər gətiriblər. Hamısı da ya tapanca gülləsi alıb, ya da bıçaqla kəsilib.

Baş redaktoru maraq bürüdü:

- Şəhərdə döyüş gedir?

- Yox, atışma səsləri gəlmir.

- Bəs onları hardan gətiriblər?

- Dedim axı, Şuşadan.

Baş redaktor müxbirə göstəriş verdi:

- Sən yaralılardan danışa biləndən tez bir müsahibə al, xəbər bloku hazırla, redaksiyaya göndər.

- Oldu, müsyö!

Müxbir qız yaralıların arasında gəzə-gəzə nəhayət bir nəfəri tapdı. Mikrofonu onun ağzına tutub soruşdu:

- Danışa bilirsənmi?

Yüngül yara almış erməni başı ilə təsdiqləyici cavab verdi:

- Hə, bilirəm.

- Elə isə deyin, Şuşada nə baş verir?

Əsgər əzab və qorxu dolu gözlərini müxbirin sifətinə dikib cavab verdi:

- Orada hər yerdə türklərdir. Şuşada küçələrdə yaralı, ölən var ki, burada heç dörddə biri yoxdur.

O, növbəti sualı verdi:

- Şuşa indi kimdədir?

Əsgər çiyinlərini çəkdi:

- Bilmirəm, məncə, bizdə olmalıdır.

Müxbir əlilə ətrafı göstərib yenə soruşdu:

- Bəs onda bunlar hardan çıxdı?

- Bilmirəm.

Bu zaman onların ətrafına başqa dövlətlərdən bura göndərilən ermənipərəst müxbirlər də toplaşdı.

Qız ona növbəti sualı verdi:

- Sən Şuşada düşmən gördünmü, sizi bu günə kim qoyub, kiminlə vuruşurdunuz?

Yaralı əsgər zarıyaraq cavab verdi:

- Mən Şuşada ancaq kölgə görürdüm. Qaranlıq kölgələr çıxır, bıçağı boğazımıza çəkir, sonra qaranlığa batırdılar. Heç nə edə bilmirdik. Lap yaxından güllə atırdıq, bilirdik ki, hədəfə dəyib. Ancaq nə ölən vardı, nə də yıxılan. Elə bil ruhlarla döyüşürdük.

Arxadan kimsə sual verdi:

- Şuşada türklər oturub indi?

Dönüb sual verənə baxdılar. Sən demə, qondarma rejimin rəhbəri Araik Arutunyan da bayaqdan gəlib burada dayanıbmış, onların söhbətinə qulaq asırmış. Müxbirlər onu görən kimi yaralı əsgər yaddan çıxdı. Tez mikrofonları ona tərəf uzadıb suallar yağdırmağa başladılar.

- Şuşa kimdədir?

Araik çox arxayınlıqla cavab verdi:

- Əlbəttə, bizdə. Düzdür, gecə atışma oldu, amma diversantları zərərsizləşdirə bildik. İndi Şuşa tam bizim nəzarətimiz altındadır.

Başqa bir müxbir dərhal sual verdi:

- Beş-on nəfərlik diversant qrupu bu qədər əsgəri yaralayıb, öldürə bilərmi? Hələ deyirlər ki, Şuşada ölən və yaralanan qat-qat bundan çoxdur.

"Rəhbər" sualdan yayınmağa çalışdı.

- Biz indi bütün bunların hamısını araşdırmağa çalışırıq. Göstəriş vermişəm, bir azdan Şuşaya əlavə qüvvələr göndəriləcək.

"Le Monde" qəzetinin müxbiri soruşdu:

- Əsgəriniz deyir ki, biz kölgələrlə vuruşurduq. Azərbaycanın doğrudanmı "kölgə" əsgərləri mövcuddur? Bu xəstəxanaya gətirilənlərdən aydın olur ki, orada əlbəyaxa döyüşlər olub.

Arutunyan da başa düşürdü ki, Şuşada nəsə ciddi hadisələr baş verir, amma heç kim Azərbaycan əsgərini orada gördüyünü yadına sala bilmirdi.

Bura gələnə qədər bir neçə nəfərdən sorğu etmişdi. Hamı "kölgə" əsgərlərdən danışırdı. Xankəndini də xof basmışdı. Əhali onsuz da qaçıb gedirdi. İndi də Şuşadakı "kölgə" məsələsini eşidib, qaçışlarını sürətləndirirdilər. Azərbaycana qarşı heç bir təxribat onun ordusunun irəliləməsinin qarşısını ala bilmirdi, hətta "İsgəndər" adlı ballistik raket də. O, acı gülümsəməsindən qalmadı. Əslində, bu acı gülümsəmə əlindən çıxan taxıl sahələri, şərab zavodunun acısı idi. Onu bu əsgərlərdən çox, itirdiyi milyonlar qayğılardırırdı.

Qəti şəkildə dilləndi:

- Heç bir "kölgə" əsgərlər mövcud deyil, Şuşa, yenə deyirəm, bizim nəzarətimiz altındadır. Bu gün də olmasa sabah hamımız bir yerdə ora gedəcəyik. Panika yaymaq lazım deyil. İndi döyüşdən daha çox informasiya müharibəsi gedir...

Noyabrın altısı idi.

Deyəsən, yağış yağacaqdı. Hava tutqun olduğundan PUA-ları qaldırmaq da gərəksiz olacaqdı. Briqada komandiri polkovnik Zaur Zeynalov ratsiya ilə generalla əlaqə yaratdı.

- Cənab general, kəşfiyyat məlumat verir ki, Xankəndi tərəfdə çox sayda tank və zirehli texnika Şuşaya doğru hərəkətə keçib. Şəhəri qorumaq çətin də olsa, bu bizim şərəf məsələmizdir. Şəhid olarıq, amma bir addım da geri çəkilmərik.

Mirzəyev vəziyyətin ağır olduğunu anlayırdı, ancaq artıq geriyə yol yox idi. İyirmi səkkiz illik Şuşasızlıq həsrətinə son qoyulmuşdu. Vətən müharibəsi xalqın ümidini, qürurunu özünə qaytarmışdı.

- Cənab polkovnik! - Nəhayət, o dilləndi. Şuşa müdafiə olunmalı, düşmən geri oturulmalıdır. - Hələ ümid də verdi. - Siz orda müdafiə olunanda, bir də gördün, biz bu tərəfdən Xankəndinə girdik. Düşməni sındırmışıq. Ermənilər başa düşürlər ki, Şuşanı ala bilməsələr, tam məğlubiyyətə uğrayacaqlar. Onlar indi çalışacaqlar ki, heç olmasa bir döyüşdə qələbə qazanmaqla döyüşçülərin ruhunu qaldırsınlar. Başa düşürsənmi, cənab polkovnik?!

Zeynalov dərhal cavab verdi:

- Bəli, cənab general.

- Lap yaxşı. Qalanı qorumağa kimi təyin etmisən?

- Mayor Zaur Hüseynovu.

- Lap yaxşı. Çalışacağıq düşmən qüvvələrini yayındırmaq üçün manevr edək. Allah köməyiniz olsun!

Dörd yüz xüsusi təyinatlı, çox qısa müddətdə bütün dünyada məşhur olan dörd yüz "kölgə" əsgər, şəhid olmağa hazır olan dörd yüz igid, Vətən uğrunda, torpaq uğrunda, bayraq uğrunda aslan kimi vuruşmağa hazırlaşan dörd yüz cəsur Şuşanın müdafiəsinə hazırlıqları bitirdi. Hamısının gözündə qürur vardı. Qorxunun nə olduğunu ağıllarına belə gətirmirdilər.

Dörd yüz nəfər yüngül silahlarla silahlanmışdı: Bir neçə tank əleyhinə qranatomyot, əl qumbaraları, avtomat, tapanca, süngü-bütün döyüş arsenalı bu idi, ancaq onlar düşmən qarşısına əliyalın da çıxmağa hazır idilər.

Yenə də doxsan ikinci ildə olduğu kimi Şuşa Xankəndidən raket və mərmi atəşinə tutuldu. Daş qırıntıları, torpaq göydə oynadı, yerə düşəndə qəribə səslər çıxardıb şappıldadı. Bu dəfə döyüşçülərimizi qalanın divarları qorudu. Qala divarları daş örtüyünü onların üstünə çəkdi. Bombalama səngiyəndə qala rəisi başını qaldırıb yola baxdı. Tanklar nərildəyə-nərildəyə yoxuşu çıxırdılar. Mayor gizir Dadaşı yanına çağırdı:

- Gizir, - dedi, - sənin qumbaranı uzağa atmağın var. Hansı tankı durdura bilərsən?

Dadaş əlini qaşının üstünə qoyub bir gözünü qıyaraq dilləndi:

- Məsafə 60-80 metr olar. Hansını vurum, cənab mayor?

Mayor qranatomyotu götürüb əmr verdi:

- Üç qranatomyot - üç hədəf, bir qumbara - bir tank. Sən ikincini vur, biz bir, üç, dördüncü tankları vuracağıq. Hazır olun! Ya Allah!

Eyni vaxtda atılan mərmilər və qumbara dörd tankı partlatdı. Eyni vaxtda bir gurultu yarandı ki, sanki PUA-lar onların üstünə mərmilər tökürdülər. Ermənilər çaşbaş qaldılar. Heç nə anlamayıb geri çəkildilər. Bu zaman qala üstündən snayperlər işləməyə başladılar. Bir atış - bir hədəf. Tanklar yolu kəsdiyindən qalan texnika geri çəkildi, amma çox da uzağa getmədi. Yenə Xankəndidən Şuşaya raketlər, mərmilər uçmağa başladı. Yenə də qala divarları əsgərlərimizi qorusa da, şəhid və yaralananlar oldu, amma ermənilər cəsarət edib daha yuxarı qalxmadılar. Gözləyirdilər ki, səhər açılsın, hücumu davam etdirsinlər.

Artıq gecə yarını keçmişdi. Bu zaman qala rəisi bir qrup döyüşçüyə heç kimin ağlına gəlməyən əmr verdi...

Bir qrup xüsusi təyinatlı cığırla necə gəlmişdisə, eləcə də aşağı düşdü. Gecə qaranlığı onları yenə "kölgə" əsgərlərə çevirdi. Ermənilər soyuqda ocaq da yandırmırdılar ki, yuxarıdan hər şey ovucun içi kimi görünürdü. Erməni əsgərlərinə siqaret çəkmək də qadağan edilmişdi.

"Kölgə" əsgərlər yenə səssiz pişik yerişi, şir ürəyilə ermənilərin ən ucqarda yerləşən dəstəsinə tərəf irəliləyirdilər. Hətta onların danışıqlarını da eşidirdilər. Əsgərlərdən biri erməni dilini bildiyindən nə danışdıqlarını başa düşürdü, ancaq indi burada tərcümə ilə məşğul olmaq heç yerinə düşməzdi. Səssizlik və qəfil hücum düşməni çaşbaş salmalı, xof yaratmalı, son nəticədə məğlub etməli idi. Onların danışığından belə başa düşdü ki, düşmən əlini yerdən-göydən üzüb, heç döyüşmək həvəsi yoxdur. Kiçik hücumla onu dərbədər etmək olar. Qrup iki hissəyə ayrıldı. Barmaq işarələrilə dəstəyə hara hücum edəcək istiqamət göstərildi. Birinci dəstə sondan əvvəlkinə, ikinci dəstə isə quyruqdakı qrupa hücum edəcəkdi. Elə də oldu. Eyni anda "kölgə" əsgərlər qrupların bu başından girib, o başından çıxdılar. O qədər sürətlə və cəld hərəkət edirdilər ki, erməni əsgərlər heç başa düşə bilmədilər nə hadisə baş verir. Yalnız boğazlarına çəkilən bıçaq tiyəsindən anladılar ki, həyatlarının sonudur. Hər iki qrupun erməni əsgərləri eyni vaxtda səssiz yerə uzandılar. Ətraf isə qan gölməçələrilə doldu. "Kölgə" əsgərlər isə qaranlıq pərdənin arxasında yoxa çıxdılar.

Erməni əsgərlərindən biri kiçik ehtiyacını ödəmək üçün kolluğun arxasına getmişdi. Qayıdıb gələndə baxdı ki, onun əsgər yoldaşları yerə uzanıblar.

Əvvəl elə bildi ki, onunla məzələnirlər. Hələ birinə də təpik vurub söydü:

- Ara, mamat k... (sənin ananı...) mənimlə məzələnirsiniz? Durun ayağa, bu yatmaqla türklər gəlib olan qalanızı da k... m edəcək.

Baxdı ki, heç kim ona cavab vermir. Əyilib təpik vurduğu əsgərin yaxasından tutub qaldırmaq istədi. Əllərinin islandığını hiss etdi. Burnuna yaxınlaşdırıb iyləyəndə qan qoxusunu hiss etdi.

Dərhal avtomatından hara gəldi atəş açıb qışqırdı:

- "Kölgə" əsgərlər, "kölgə" əsgərlər, qaçın canınızı qurtarın.

Onun son cümləsi bu oldu. Göydə fırlanan bıçaq düz onun köksünə saplandı.

Erməni əsgərləri arasında vahimə yarandı. "Kölgə" əsgərlər sözü onları elə qorxuya salmışdı ki, hara gəldi gülləni atırdılar. Bir az aralıda qaraltı görən kimi avtomatların uclarını o tərəfə yönəldib darağı axıra qədər boşaldırdılar. Bir azdan qaçaqaç düşdü. Kimisi Xankəndinə, kimisi Laçın dəhlizinə, kimisi də dağa-daşa, meşəyə üz tutdu. Texnikaların hayına isə qalan yox idi. Erməni əsgərlər qaçır, özləri özlərinə atəş açır, ölür, öldürürdülər. Yolu yaralı və meyitlər doldurmuşdu. Səhərə yaxın Şuşa yolunda daha heç kim qalmamışdı. Cığırdan düşən "kölgə" əsgərlər bu dəfə rahatlıqla meyitlərin üstündən adlayaraq asfalt yol ilə Şuşaya qalxırdılar. Dəstənin komandiri polkovnikə ratsiya ilə məlumat verdi.

- Cənab briqada komandiri, daha aşağıda heç bir təhlükə yoxdur. Asfalt yolla yuxarı qalxırıq.

Xəbəri eşidən kimi qaladan atəşfəşanlıq başladı. Xankəndidə də elə bilirdilər ki, türklər axırıncı erməni əsgəri ilə atışır.

Dərhal komandanlığa məlumat verildi.

Noyabrın yeddisi saat ikiyə qədər şəhərdə tam təmizləmə aparıldıqdan sonra əsas məsələyə keçildi. Baş gizir mayor Hüseynovun ətrafında fırlanırdı, nə isə demək istəsə də, çəkinirdi. Axırda mayor ondan soruşdu:

- Yaşar, xeyir ola? Bayaqdan ətrafımda fırfıra kimi fırlanırsan. Nəsə sözlü adama oxşayırsan.

Baş gizir üstüörtülü anlatmaq istədi:

- Cənab mayor, cığır.

Hüseynov özünü bilməməzliyə vurub, soruşdu:

- Nə cığır?

- Cığır da, bayraq da, asmaq da...

Mayor əlini onun kürəyinə vurub güldü:

- Hə, demək istəyirsən ki, cığırda verdiyim sözü tutum, yəni bayrağı sən asasan.

- Hə də...

Mayor rəsmiyyətə keçdi:

- Baş gizir Yaşar Hüseynov! - O özünü yığışdırıb farağat dayandı. - Komandanlıqdan üçrəngli bayrağımızı Şuşa səmasında qaldırmaq sənə həvalə edilib.

Bu saat, bu dəqiqə dünyanın bütün var-dövlətini ona versəydin, qəbul etməzdi. Bu saat, bu dəqiqə onun özü də göyə qalxacaq bayraq kimi göylərdə idi. Sağ əlini gicgahına qaldırıb:

- Baş üstə komandir, - dedi, - bu mənim üçün şərəfdir! - pıçıltı ilə əlavə etdi. - Sağ ol komandir, muradımı gözümdə qoymadın. Allahım, sənə şükürlər olsun!

Təmizləmə əməliyyatından sonra Şuşanın köhnə mehmanxanasının dördüncü mərtəbəsinə beş snayper qoyuldu. Buradan şəhərin hər yeri ovucun içi kimi görünür, hər tərəfə nəzarət edilirdi.

Gizir bayrağı öpdü, sinəsinə bərk-bərk sıxıb İcra Hakimiyyətinin binası tərəfə qaçdı. Bu zaman iyirmi səkkiz ildən sonra Şuşadan azan səsi eşidildi: "Allahu Əkbər! Allahu Əkbər!".

Çizir erməni bayrağını aşağı tullayanda bayraq daş kimi yerə dəydi. Sanki bununla başa düşüldü ki, sən buranın əbədi sahibi ola bilməzsən! Azərbaycan bayrağı göylərə ucalanda əsgərlər himni oxumağa başladılar.

 

"Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladının şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə qadiriz!

Səndən ötrü qan tökməyə cümlə hazırız!

Üçrəngli bayrağınla məsud yaşa...".

 

Himn bitdikdən sonra kimsə "Bayatı-Şiraz" üstündə Molla Pənah Vaqifdən gözəl avazla oxumağa başladı:

 

Xumar-xumar baxmaq göz qaydasıdır,

Lalətək qızarmaq üz qaydasıdır,

Pərişanlıq zülfün öz qaydasıdır

Nə badi-səbadan, nə şanədəndir!

 

Noyabrın 8-də Ali Baş Komandan xalqa müraciət etdi:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq...

 

Epiloq

 

Cığır bitdi, Azərbaycan yola çıxdı. Dövlətini dünyaya tanıdan Böyük yola. Qırx dörd günlük müharibə sona yetdi, ancaq mübarizə davam edir. Vətən müharibəsi iyirmi birinci əsrin yeni hibrid müharibəsinin əsasını qoydu. Bu müharibə eyni zamanda beş komponenti (klassik müharibə, informasiya, yeni texnologiya, xarici siyasət və xalq-iqtidar birliyi) özündə birləşdirdiyi üçün hibrid adlandırılır. Azərbaycan Böyük Yola çıxdığı üçün bölgədə lider ölkəyə çevrildi və bu davam edir.

Vətən müharibəsi, Şuşanın işğaldan azad olunması xalqın inamını özünə qaytardı. Xalqın dövlətə və onun ordusuna inamını gücləndirdi. Güc isə birlikdədir.

Heç bir xanlıq cığır salıb yola çıxa bilmədilər, çünki xalqı vahid millətə çevirə bilmədilər.

Pənahəli xanın xalqı qarşısında xidməti ondan ibarət oldu ki, o Şuşanı inşa etməklə, bu şəhərdə yüzlərlə fikir babaları, şairlər, musiqi xadimləri, söz sahibləri, hərb adamları doğuldu və səslərini, fikirlərini dünyaya çatdırdılar.

Şuşanın işğaldan azad edilməsi xalqı birləşdirdi, erməniləri isə parçaladı. Ermənilərin, onların havadarlarının bütün planları boşa çıxdı. Çox keçmədi ki, Paşinyan bütün kabinetini istefaya göndərdi.

Şuşa ruhumuzu özümüzə qaytardı, parçalanmış ruh isə torpağı da, xalqı da parçalayır.

Şuşa cığırı Zəfər yoluna çevirdi.

 

***

 

Artıq cığır yox idi. Nəsrəddin Murad maşınla onun əvəzinə yeni çəkilən Zəfər yolu ilə Şuşaya qalxır, olub keçənləri xatırlayır, ətrafa baxa-baxa gözləri yaşarırdı. Sevinirdi ki, xalqın bir nümayəndəsi kimi bu Cığırın Zəfər yoluna çevrilməsində, az da olsa xidməti oldu. "İndi ölməyə dəyərdi".

Cığırın Zəfər yolu isə davam edir.

 

Yunus Oğuz

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 aprel.- S.8-11.