"Reallığı dərk eləsək, daha uğurlu olacağıq"

 

 "Fikir bucağı" layihəsinin qonağı gənc yazar Ülvi Bahadırdır

 

- Ülvi bəy, xoş gördük. Gənclər arasında müasir ədəbi, mədəni prosesləri daha yaxından izləyirsiniz. Ümumiyyətlə, ədəbiyyata, incəsənətə marağınız necə yarandı?

- Xoş gördük. Açığı, bu sualın dəqiq cavabı yoxdur. Necə oldu şeir yazmağa başladım? Necə oldu ədəbiyyata, sənətə sevgi yarandı? Bir də ayıldım ki, məktəbli dəftərlərinin arxasına şeirlər yazıram və onlar artıq dəftəri tam tutub. Gedib dərs üçün başqa dəftər alırdım. Ədəbiyyata marağın kökü isə böyük ehtimalla, evimizdəki kitab şkafı olub. Əslində, kitab üçün yox, qab-qacaq üçün idi, 2 rəfinə də kitab yığmışdı anam. Kənd şkafı idi. Divarı oyub düzəltmişdilər. Təbii ki, hamısı kirilcə idi. Mən kirilcəni latınca ilə paralel öyrəndim. Sonra rayon kitabxanası və uzun bir yol. Ədəbiyyat, kino, musiqi zövqümü oyadan, tərpədən anam olub. Onun oxuduqları, dinlədikləri mənim üçün bünövrə olub. Mən də davam etdirmişəm.

- Sanki sizin imzanız bir az kənarda qalıb, belə demək mümkündüsə, müəyyən qruplaşmalardan uzaqsınız. Ancaq istedadınız göz önündədir. Bunu qeyd etməmək olmaz. Ədəbi qruplaşmalar və ədalətsiz yanaşmalar, təqdimatlar haqqında nə deyə bilərsiniz?

- Paytaxtdan uzaqda yaşadığıma görə təqdimatlara gedə bilməmişəm. Açığı, paytaxtda yaşasaydım da getmək istəməzdim. İnkubator kitab təqdimatları çox gülünc görünür. O təqdimatların videoyazısını dalbadal qoysan, şairin, yazıçının adını çəkməsələr bilməzsən ki, ayrı-ayrı adamların təqdimatıdır. Bir qəlib var hazır, hamı gəlir mikrofonu götürüb bəytərifi deyir, vəssalam. Nəyə lazımdır? Eyni adamlar... Eyni simalar... "Gərək gedəsən ki gələlər" prinsipi ilə keçirilən məqsədsiz, amalsız təqdimatlar. Sonra da deyirlər ki, kitaba maraq yoxdur. Var. Gərək yaradıcı adamın özü də maraqlı olsun. Sovet rəsmiyyəti, gülünc, iyrənc ciddiyyət... Azərbaycanda maraqlı qələm adamı barmaqsayıdır. Təkcə şeir yox, dediyim kimi, özü də maraqlı olan. Söhbət qalmaqaldan getmir. Bilirsən, maraqlı adam ağzından çıxan ilk cümlədən bilinir. Bir cümləsi ilə yapışır hulqumundan. Bizdə necədir? Hələ də fotoşopla üzü dağlara şəkil düzəltdirib kitabın arxasına vururlar. Hətta fotoşop olmasa belə, yenə də bayağıdır, dayazdır. Üz qapağının dizaynı çox önəmlidir. Oxucunu çəkməlidir. Təkcə üz qapağı yox, ümumiyyətlə kitabı əlinə alanda onun enerjisini hiss eləməlisən. İlə bir şeir kitabı necə yazırlar, onu mən necə ciddi qəbul eləyim? Problemlər çoxdur. Qruplaşmalar isə hər yerdə olub. Bundan qoxmayaq. Qarşısını almağa yox, doğru istiqamətə yönəltməyə çalışaq. Qruplaşmalar həm də düşüncə fərqliliyidir. Onsuz da nə çəkiriksə, monotonluqdan, birrənglikdən çəkirik. Məqsəd ədəbiyyatdırsa, qruplaşmaların olması mütləqdir, vacibdir. Necə deyərlər, yoxdursa da, yaratmalıyıq.

- Bir az da iddia... İddiası özündən böyük gənc "yazar"lara sözünüz. Yaxud bu bir qaydadı, ya iddialı olmalısan, ya da unudulacaqsan?!

- İddia hər bir yaradıcı insan üçün çox vacibdir. Bəli, istedadsız adamlar da bəzən çox iddialı ola bilər, ancaq bu, iddialı olmağın pis olması demək deyil. İddia yaradıcı insanı diri saxlayır, əgər, doğrudan da, istedadlıdırsa, onu digərlərindən fərqləndirir. İddia yekə-yekə danışmaq deyil. Məsələn, tutarlı bir əsər yazırsan və bununla iddia eləyirsən ki, ədəbiyyatda varsan və olacaqsan. Əsərin sənin iddiandır. İstedadsız adamlar həm də iddiasız şairləri, yazıçıları sevir. "Onun iddiasız şeirlərini çox sevirəm" filan deyirlər. Bu da istedadsızların tələsidir. "Çox sevirəm"lə səni ələ alırlar və səni qeyri-ciddi biri kimi təqdim eləyirlər. Bununla bəslənirlər. Vay o gündən ki, qarşı tərəf də təvazökar ola. Onu cəmiyyətin gözündə bihörmət eləməsələr, əl çəkmirlər. Nə ilə? Təbii ki, "çox sevirəm"lərlə. Cəmiyyətə hər şey pis-yaxşı, xeyir-şər formatında təqdim olunub deyə, insanların da beyni buna uyğunlaşıb. İddia da beynimizin "şər" bölməsində qərarlaşıb. Çünki biz özümüz də xalq olaraq iddiasız olmuşuq həmişə. Müstəmləkə altında yaşadığımıza görə qərarlarımızı həmişə başqaları verib. İddialarımızın çərçivəsini də işğalçı cızıb, "bura qədər iddialı ola bilərsən" deyib, biz də başımız üstümüzdə qalsın deyə, "baş üstə" demişik. Belə formalaşmışıq. Ona görə də iddialı adamlara yekəxana kimi baxırıq. Çünki iddianın əslində nə olduğunu bilmirik. İddiaçı özü də tam olaraq dərk eləmir bunu.

- Bir az da yaradıcılığınız haqqında danışaq. Nə yazırsınız, nə oxuyursunuz?

- Hazırda daha çox oxuyuram. Uzun müddətdir ki, bədii ədəbiyyat oxumuram. Gördüm ki, bədii ədəbiyyat mütaliəsi məni digər mövzulardan uzaqlaşdırıb. Açığı, özüm də yoruldum. 3 ildir ki, ancaq fəlsəfə, sosiologiya, psixologiya, antropologiya, paleontologiya və sənətin digər sahələri ilə bağlı kitablar, məqalələr oxuyuram. Xüsusilə də sosiologiya və antropologiya diqqət mərkəzimdədir. Bir də kino və musiqi. Hər yazıçı, şair sosiologiyanı bilməlidir. Yaradıcılıq baxımından, hazırda bir neçə şeir yazmışam. Üzə çıxarmıram. Hekayələr də var, ancaq nəsrə daha həssas yanaşdığıma görə ona hələ var deyə düşünürəm. Belə məqalələr, esselər var. Zamanla üzə çıxacaq.

- Yazmaq üçün hər hansı bir sistem varmı?

- Konkret bir sistem yoxdur. Daha çox gecələr yazıram. Bir də sübh çağı. Elə olub ki, qəfildən bir misra ağlıma gəlib, heç yerə yaza bilməmişəm. Daşla divara cızmışam. Sonra görmüşəm itib-gedib. Belə şeirlərim çoxdur.

- Bir gənc kimi Azərbaycan ədəbiyyatının bugünkü durumunu necə təsvir edərdin?

- Maraqlı əsərlər yazılır. İnsanlar nələrsə eləməyə çalışır. Təbii ki, mövzu və işləniş problemləri, zamanla ayaqlaşmaq məsələləri var, ancaq bu tip problemlər aşağı-yuxarı hər yerdə var. Nəşriyyat sistemi yoxdur. Nəşriyyat yazıçısını yetişdirmir. Onsuz da tanınan müəlliflərin materiallarını çap eləyir. Bu şəkildə ədəbiyyat inkişaf eləyə bilməz. Yazıçının məişət problemi olmamalıdır. O, supulu düşünməməlidir. Evə çörək almağı filan düşünməməlidir. Bilirəm, o dəqiqə neçə əsr əvvəl yaşamış yazıçını misal çəkib deyəcəklər ki, filankəs acından ölüb. Cem Yılmaz demiş, bizdə sənətçinin sürünməyini istəyirlər. Sanki bundan həzz alırlar. Sən də sürün, alçaq. O neçə əsr əvvəl acından ölən yazıçının ölkəsində bu gün yazıçılar bəy balası kimi yaşayır. Niyə onu görmürsən? Çünki sərf eləmir. "Aclıq"ı yazan Hamsunun ölkəsi bu gün dünyanın ən xoşbəxt ölkələrindəndir. Bunu heç vaxt dilə gətirməzlər. Çünki dediyim kimi, sərf eləmir. Yazıçı ancaq sürünsün, bunlar da başını bulayıb, pəjmürdə görünsünlər. Ədəbiyyatın əsas tələbi azad mühitdir. O mühiti yaratmadan heç nə eləmək mümkün deyil.

- Bir qism qələm əhli, yaxud sənət adamları intellektual görünmək üçün bir-iki rejissor adını əzbərləyir, kinolardan danışır, özünü daha müasir təqdim etməyə çalışır. Ancaq ortada bir ciddi iş yoxdu. Bu haqda nə deyə bilərsiniz?

- Var elə adamlar. Ancaq əgər söhbət kinodan gedirsə, bu, komanda işidir. Mən ssenarimi yazdım, vəssalam. Bununla olmur. Uzun müddət iş gedir. İllər və vəsait tələb olunur. Gənc rejissorlar çox maraqlı işlər görürlər. Bəziləri, hətta təəccübləndirir. Sadəcə, bunların mütləq əksəriyyəti festival filmi olduğuna görə gözə dəymir. Kommersiya filmləri isə ciddi maliyyə tələb eləyir. Pulsuz mümkün deyil. Nəticədə, eyni adamlarla bəsit komediyalar çəkildi və xalqın komediya tərəfi zəli kimi soruldu. Di gəl ki, "Oğlan evi 1"dən savayı bir dənə də normal komediya ortaya çıxmadı. Çünki pul qazanmaq vasitə yox, məqsəd oldu. Pul məqsəd olanda faciə ilə nəticələnir. "Pərdə" trilogiyası göstərdi ki, bizdə dram daha yaxşı alınır. Təbii ki, problemləri çox idi, ancaq başlanğıc üçün yaxşı idi. O ki qaldı tamaşaçı sayına, azsaylı istisnaları çıxsaq, dünyanın hər yerində komediya dramdan daha çox baxılır. Ancaq o filmlərin "Yutub"dakı izlənmə sayına baxsaq, görərik ki, xalqın, insanların drama ehtiyacı var. Sadəcə insanlarda maraq yaratmaq lazımdır. Məsələn, "Zəhər tuluğu" ilə Taleh Yüzbəyov bunu bacardı. Tam dram deyil, ancaq tragikomediyadır. Bunun da diqqət çəkməkdə böyük payı var. Tamaşaçı "Yutub"dakı o qısa filmlərdə tanış məqamlar gördü, sonra da əsas filmə gedib baxdılar. Necəsə eləmək lazımdır. Pisləməklə, alçaltmaqla heç nəyə nail ola bilmərik.

- "Getmə dedin... getdilər... ömürdəki adamlar...". Yaşınıza görə ağır deyilmi bu cür ifadələr?

- O şeiri 19 yaşımda yazmışam. O şeir ovqat yox, yaşantı şeiridir. Mən, ümumiyyətlə, çox nadir hallarda ovqat şeiri yazmışam. Çoxunu da cırıb atmışam. Əsas yaşın çoxluğu yox, onu dolduran məqamlardır. 90 il yaşayarsan, ancaq mənasız, məzmunsuz bir ömür olar. Özün belə geriyə baxanda iyrənərsən, təəssüf hissi boğar səni. Mən xoşbəxtlikdən, bəlkə də bədbəxtlikdən dolu-dolu yaşamışam. Bu doluluğu büruzə verməmişəm heç vaxt. Bu da xarakter məsələsidir. Mən maddi cəhət də paylaşımcılam, ancaq mənəvi olaraq deyiləm. Xüsusən də həyatımla bağlı. Qorxuram ki, paylaşsam, çirklənər, zədələnər. Axı mənim onlardan savayı heç nəyim yoxdur.

- Mütaliə, araşdırma, maraqlar... Müasir dövrün də öz tələbləri var. Məsələ yazmaqla bitmir, hətta yaxşı yazmaqla da işi bitmiş hesab etmək doğru deyil. Nələr etməliyik, nələri dəyişməliyik, dünya ədəbi, mədəni axınına qoşula bilək?

- Əvvəlcə düşüncələrimizi dəyişməliyik. Dünyanı sosrealist yox, müasir imkanlarla müşahidə eləməliyik. Hər şey düşüncədən başlayır. Sən dünyanı necə görürsənsə, elə də işıqlandırsan. Bayaq da dediyim kimi, nəşriyyat sistemi olmalıdır. Yazıçıya yaxşı qonorar verilməlidir ki, get, əsər yaz, rahat ol. Yazıçının beyni, qəlbi rahat olmalıdır. Əsərinə köklənməlidir. Bu əsərləri oxuyanda da hiss olunur. Elə bil ki, 45-ci səhifədə yazıçının işığını kəsiblər o da şam işığında yazıb əsəri. Bəli, həssas oxucular bunu hiss eləyir. Şam işığı romanlarının ruhu fərqlidir. Ya da soyuq, rütubətli evdə yazılan romanlar... Yazıçının rahatlığını təmin eləyəndən sonra ondan ciddi nələrsə gözləmək olar. Tələb eləmək yox ha, gözləmək. "Rahatlığını təmin eləmək" deyərkən dövlətin nəsə eləməyini nəzərdə tutmuram. Yazıçının kitabları alınsa, o da rahat, problemsiz yaşayar. Kitabları ilə, yazıları ilə dolanmaq yazıçının qürurudur.

- Yazıçıların dil bilgisizliyi. Çoxu doğma dilində yaza bilmir. Əsərləri orijinaldan oxumurlar. Bütün bunların fonunda mükafatları da eyni imzalar alır... Buna münasibətiniz necədir?

- Bəli, bu barədə bir dəfə də yazmışdım. Bizdə yazılan mətnlər elə bil ki, tərcümədir. Azərbaycan dilinin ruhu yoxdur o mətnlərdə. Bu da ölkəyə yox, xaricə hesablanmasına görədir. Yeri gəlmişkən, bizdə tərcümə sahəsi də ürəkaçan deyil. Çox-çox az səviyyəli, axıcı tərcümə var. Burda tərcüməçiyə ödənən qonorarın azlığının da böyük payı var. Necə deyərlər, ucuz ətin şorbası olmaz. Olsa da elə bizdəki kimi olar. Müasir ədəbi tendensiyaları izləmək lazımdır. Bizdəki mətnlərdə mən bir köhnəlik sezirəm. Elə bil ki, hansısa Sovet yazıçısı yazıb. Bunun olması üçün də kefiyyətli tərcümələr olmalıdır ki, gənclər dünya ədəbiyyatı nümunələrini rus və türk dillərində yox, öz dilimizdə oxusunlar.

- İsmayıllıda yaşayırsınız. Bölgələrdə ədəbiyyatla bağlı vəziyyət haqda nə demək olar?

- Digər bölgələr barədə danışa bilmərəm. Çünki bələd deyiləm. İsmayıllıda isə ədəbiyyatla bağlı ciddi heç nə yoxdur. Gənclik ya Bakıdadır, ya da tamamilə başqa işlərlə məşğuldur. Çünki ədəbiyyat heç bir gəlir gətirmir. Şeirlər şablon, nəsr isə ümumiyyətlə yoxdur. Bir sözlə, ədəbiyyat yoxdur mən gəldiyim yerdə. Təbii ki, bölgələrdə də ədəbiyyatın inkişafı üçün nələrsə eləmək olar. Həm də çox şey. Bilirsiniz, bayaq nəşriyyatlarla bağlı dediyim şeylər, bölgə üçün də keçərlidir. Sən bölgənin yaradıcı adamını tanımalısan. Onu necəsə tapmalısan. Dəstək olmalısan, şərait yaratmalısan. Biz elə istəyirik ki, şair, yazıçı dilənçi kimi qapı-qapı gəzsin, "siz Allah, mənə kömək eləyin kitabımı çıxarım" filan desin. Xeyr! Doğulduğun, yaşadığın yerdə səni axtarıb tapmalıdırlar. Ta onu da yaradıcı adam eləyəcəksə, o qurumlar, idarələr nəyə lazımdır? Sən bölgənin düşüncə adamlarını tapmalı, onlarla görüşməli, həmin şəhərin, rayonun gələcəyi ilə bağlı fikirlərini bölüşməyə şərait yaratmalısan. Onların mədəni sahə ilə fikirlərini ümumiləşdirib onun əsasında hərəkət etməlisən. Merkantil təfəkkürlü adamlarla mədəniyyət çox qabağa gedə bilməz. Mədəni, estetik duyumu olmalıdır o adamların. Bizdə rəsmi sahədə çalışanların çoxu yaradıcı adamlara üstdən-aşağı baxır. Bunlar kimdir ki? Arada toylarına çağırıb bir-iki ağız şeir oxutmaq olar. 5-10 manat da cibinə basırsan elə ordaca, göstərə-göstərə. Vəssalam. Çox olsa, qudurarlar. Belə bir nadan yanaşma var yaradıcı adamlara. O gün bir dostum danışır ki, məni qonaqlığa çağırıb neçə yüz manat hesab verdilər, ancaq kitabımı almadılar. Baxın, bizim hər şeyimiz belə dayaz və səthidir. Elit təbəqə yoxdur. İmkanlı adamlarımızın çoxu bilgisizdir. Ancaq pulu var, vəssalam. Ona görə də bizdə sənət, ədəbiyyat inkişaf eləmir. Elit təbəqəsi olmayan ölkədə mədəniyyət və incəsənət inkişaf edə bilməz. Müasir dünyada sənətin inkişafı böyük maliyyədən keçir. Reallığı dərk eləsək, daha uğurlu olacağıq.

- Dünya ədəbiyyatından kimləri oxuyub özünüzə nümunə bilirsiniz?

- Sırf nümunə bildiyim müəlliflər yoxdur, ancaq sevdiyim müəlliflər var. Tolstoyu çox sevirəm. Tez-tez qayıdıram ona. Bir də tez-tez qayıtdığım Kunderadır. Təəssüf ki, ölkəmizdə istənilən səviyyədə tanınmır. Rünöskeni, Hesseni, Böllü, Folkneri, Tomas Manı, Tomas Vulfu da çox sevirəm. Vulf da ölkəmizdə, demək olar ki, tanınmır. Halbuki mütləq tanıdılmalıdır.

- Son olaraq oxuculara sözünüz...

- Ədəbiyyatla qalın...

 

Söhbətləşdi: Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2022.-23 aprel.- S.16-17.