"Özgə adam"

 

Bu axşam ürəyim köksümdə deyil,

Bilmirəm, canlıyam, ya cansızam mən.

Hardan atılmışam bu yer üzünə,

Adı bilinməyən ünvansızam mən.

 

bu yer tanışdı, ağac, daş,

göyün ulduzu səsləmir məni.

məni qəlbində sevən çatmaqaş,

əyri döngəmiz gözləmir məni.

 

Küləyin əli yaddı saçıma,

Yolların qüssəsi dizə gələcək.

Alın yazılarım sığıb ovcuma,

Bu heykəl duruşum gözə gələcək

 

Çöldə qurd ulayır, içimdə sükut,

bu əl mənimdi, ki, ayaq.

Başımın üstündə daş olub bulud,

Bu özgə adamı kim tanıyacaq?

 

Bu axşam özümdən uzağam, nəyəm,

Bəlkə üzr istəyim yanlışlıq üçün

Özgəyə bənzəyən solğun kölgəyəm,

Sabah görüşərik tanışlıq üçün!

 

Ömür saatla...

 

İşıq da saatla, su da saatla,

Ömür saatla verilər bizə.

Uçuruq arzudan doğan qanadla,

Saatla qovuşar sevgilər bizə.

 

Avtobus saatla keçir küçədən,

Saatla çıxırıq evdən işəcən.

Saatla sürüşüb uzun gecədən,

Gedirik bir qızın görüşünəcən.

 

Bəzər ömrümüzü payız toyları,

Dəvətlər qapıdan girib tövşüyər.       

Saatı gözləyər toy adamları,

Zamanın əlinə girəvə düşər.

 

Hər anın hökmü var, bu yalan deyil,

Əqrəblər izləyir bizləri hər an.

Hər kəsi taleyi uyudan deyil,

Saatı soruşur yuxudan duran.

 

Mən divar oxşayan bənna kimiyəm,

Zaman məngənədi məndən ötəri.

Saatı soruşma, bilən deyiləm,

Ölürəm zamansız gündən ötəri.

 

Efirdə bir adam

 

İçimdə ümid var, canı sıxıram,

Şirin arzulara yol qurmuşam mən.

Qüssəli könüllə çölə baxıram,

İşığın altında oturmuşam mən.

 

Xırda pəncərədə solğun işıq var,

Dəhlizi kim atıb kölgəmin altda.

Ötən xatirələr "doqquzdan" baxar,

Özüm oturmuşam "birinci" qatda.

 

Səsini kim alıb ötən çağların,

Ağ-qara şəkillər kölgəli, solğun.

O vaxtkı dəlisov, tərs uşaqların,

Alnı şum yeridi, baxışı yorğun.

 

Yollar cin düyünü, qoynu qüssəli,

Kimi gözləyirəm, kim olur gələn.

Günləri zəhrimar, eşqi təsəlli,

Bir adam qayıdır ilk gəncliyindən.

 

Bu dünya buludlu, axşamında çən,

Ürəyə sevgilər köçəri gəlmir.

İşığın altında oturmuşam mən,

Qaranlıq utanıb içəri gəlmir!

 

Axşam tənhalığı

 

"Çoxunun yadından çıxdım bu axşam,

Susur telefonum qara daş kimi.

Sükutun əlindən möhkəm tutmuşam",

Qırıq xətt cızıram karandaş kimi.

 

Yolların səs-küyü azalıb bir az,

Quşlar da kiriyə-kiriyə qalıb.

Özgə vaxt səsindən dayanmaq olmaz, -

Saatın zamanı geriyə qalıb.

 

Ürəyin əlində can əsir olub,

Kim idi taleyi əyilən, əyən?!

Bu sükunətdi ömrümə dolub,

bir çağıran var, qapı döyən.

 

Kimlər ürəyində kimi çağırır

Dağların qar dolu yaşmağı düşüb.

Böyük pəncərədən yollar bozarır,

Buludun dirsəyi aşağı düşüb.

 

"Tənhalar adası" axşamın adı,

Uzaqda işıq var, yaxında zülmət.

Deyəsən, yol tapıb gələn olmadı,

Gərək unutmağı unudum, əlbət!

 

Melodiya

 

Günəş qürubdadı, torpaq mürgüdə,

Uzaqda dağların boz görüntüsü.

Bulud gözəldi bəyaz hörgüdə,

Dindirsən, dinəcək qız hönkürtüsü.

 

Bu çayın səsində neçə nağıl var,

Bu cığır o yolun görüşündədi.

Bir az bərk danışsan dünya "dağılar",

Təbiət bir xəyal yerişindədi.

 

Pıçıltı ələnir çılpaq budaqdan

Xırda yuvalarda quşlar sarı sim.

Mahnı dinləyirəm durub bayaqdan,

Görən bu nəğmənin bəstəkarı kim?

 

Uzaqdan bir qüssə dumanı gəlir,

Bir səs sükunəti kəsib əridir.

Dünyanın üstünə qaranlıq enir,

Axşamlar səhərin xatirəsidir.

 

Arabir işıqlar közərir tək-tək,

Yuxuya çəkəcək dünyanı axşam.

Bir günün seyrindən doymayıb ürək,

Sabahın yolunun üstdə durmuşam.

 

Məndən incidi

 

Yaxınlara salam dedim,

Uzaqlar məndən incidi.

Saqqalı dağların qarı,

"uşaqlar" məndən incidi.

 

Söz göndərib söz aldığım,

Xəyalına yazıldığım.

Yuxusundan asıldığım,

Dodaqlar məndən incidi

 

Bəxt dediyin çilik-çilik,

Kimə düşdü bu elçilik.

Gözəlləri gəzməmişik,

Yığnaqlar məndən incidi.

 

Ay dediyin - döngə, dalan,

Ürək tutan -unudulan.

Badəsi bayrama qalan,

Sağlıqlar məndən incidi.

 

Bu beşdi, bu da altıdı,

Cənnət qələmin altıdı.

Bir-iki sözüm dadlıdı,

"varaqlar" məndən incidi.

 

Sevgi vaxtı

 

Baxışlar sarılar biri-birinə,

Səslər düymələnib əl-ələ gələr.

Bu anda dünyanın bəxtiyarlığı,

Bir qıza yellənə-yellənə gələr,

                                    Sevgi vaxtı.

 

Titrəyir qəlbinin incə simləri,

Göyərçin gülüşü qanaq-qanaddı.

Qəlbinin kəpənək döyüntüləri,

İçində çiçəkli dünya yaratdı.

                                    Sevgi vaxtı.

 

Sualsız, cavabsız həzinliyə bax,

Göz deyir, əl deyir dil dediklərin.

Sinədən üzəklər qalxıb uçacaq,

Bir "qorxunc" öpüşdü gözlədikləri.

                                    Sevgi vaxtı.

 

Oğlanın titrəyir səsi tel kimi,

Önündə dünyanın sərt imtahanı.

"Sevirəm" sözünü böyük sirr kimi, -

İçində saxlayıb, üşüyür canı,

                                    Sevgi vaxtı.

 

Qızın yanaqları bir cüt lalədi,

Gözləri ox kimi sancılıb yerə.

Az qalır eşqini "tərcümə" üçün -

Yüyürüb özünə dilmanc gətirə.

                                    Sevgi vaxtı.

 

Neylədim, sən məni...

 

Salıb itirdiyin ömür yazı var,

Röyanda yoxamsa, murazın var?!

Həsrətin yuxuna etirazı var.

Neylədim, sən məni sevə bilmədin.

 

Gözlərim yoldadı, qulağım səsdə,

Mən korun ocağam, sən su həvəsdə.

Boğazım kəndirdə, canım qəfəsdə,

Neylədim, sən məni sevə bilmədin.

 

Bir solğun çiçəkli hər üzgün səhər,

Yolumuz buludlu, döngəmiz qəhər.

Mən səni canıma çəkdiyim qədər,

Neynədim, sən məni sevə bilmədin.

 

Ömrümüz zamanın ağuşundadı,

Tale səhər-axşam savaşındadı.

Nömrən telefonun yaddaşındadı,

Neynədim, sən məni sevə bilmədin.

 

Bir dərin axşamda əriyən neyəm,

Yuxulu torpağam, yeriyən göyəm.

Az qala min dəfə özümü döyəm,

Neynədim, sən məni sevə bilmədin.

 

Rizvan NƏSİBOĞLU

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 aprel.- S.28.