Aclıq ayəsi

 

Tanrıların çəkmədiyi dərd idi müharibə uşaqları.

Karantin rejimindəydi göylərdəki,

çıxmadı çölə bircə an...

Usanıram,

daha romantik deyil yağan yağmurlar.

Yanıram,

daha sərinlətmir mövsümi yağışlar.

Bu fəsil baharsız gəldi,

etməli?!

Uzaqlarda oturan şairin,

yaxında əriyən Afrika uşağın arzusuydu yağmur,

Çörək yağmuru...

Çörək yağmuru...

 

 

 

Səsi yağış

 

 

 

Gözlərində gizlətdiyin tənhalıq

Dərd adında bir quşdur,

yemi bulud...

Aynadan gizlətdiyin üz

qan düşmənindir

qəfildən xəncəri kürəyinə saplar.

Tərk etdiyin vətən yuxuları

hər gecə,

hər gecə şərab badəsinə dolar.

Daha əllərini,

qucağını gizləmə qaranlıqdan.

Gizlədə bilmədi çiçəklər ətrini

Gizlədə bilmədi ağaclar kölgəsini

Bax...

Gözlərində gizlətdiyin tənhalıq

Dərd adında bir quşdur,

yemi bulud,

səsi yağış...

 

 

 

İstanbulun romantikası

 

 

Ah bu yollar...

Sonu dənizlə bitən yollar var,

sonu ayrılıqlar.

Körpə qığıltıları var bu şəhərin

körpə sevinci.

Soyuğu qarşıdadır hələ fəsillərin,

sonu qarşıdadır gülüşlərin,

yarpaq kimi saralıb düşər dodaqlarımızdan...

Burada,

 

sevdiyim qızın ağız dadını xatırlayıram havanı udduqca.

Öpürəm səni arxa küçələrində.

Ah İstanbul sahilində bir qızın taleyi gizli

hər səhər vapurların fit səsinə

            oyanır bəxtsizlərin yatmış bəxti.

Yatır yenidən günəş qoynunda

Əllərini çək başıma,

Mənə şairlərin birinci sevgilisini

mənə uşaqların laylasını oxu...

Mən röyadan doğulmuş Şərq kişisi,

mən lələkdən yüngüləm rüzgarına.

Ortadoğun ətəkliyindəki çiçəkləri

Şərqlilərin şərqisini ucadan oxu...

Oxu yağmuru bu şəhərə

Oxu hekayəmi incə qızlarına

Oxu məni!..

 

 

 

Gözəlliyinə davam et

 

Sən

 

Yaxınlığın başlayan yerində...

Uzaqlığın qurtaran yerindəsən.

Yağmurdan çıxmış şeirdir səsin

Danış ağaclara,

Danış mənim qulağıma...

Dilimə gətirə bilmədiyim sözsən

Sinəmin qəfəsində yırğalanan ümid kimi həbsdə

Beynimdə uzanıb uyuyan kəlmə kimisən.

Sən gözəlliyinə davam et,

Mən isə gedirəm

səsindəki yağışda islanam.

 

 

İstanbul 2022

 

 

 

 

 

Səs kimi çəkilən azad

 

Həyat yoldaşıma

 

Zaman körpü edir insanları,

Əsrlərdir çarəsizcə xatirələr keçir körpülərdən

Əsrlərdir mən keçirəm sənsiz...

Sən keçirsən mənsiz...

Zaman başqa edir insanı, başqa...

Düyün vurur ömürü ömürə,

Calayır gözü göz üstünə,

Calaq edir əllərimi əllərinə.

Bu zaman tunelində,

Səni səsim kimi daşıyıram üzərimdə,

Səsim kimi çəkidən azad,

Səsim kimi havaya qarışan...

Adım kimi daşıyıram səni qəlbimdə

Adım kimi əbədi

Adım kimi tənimdə...

 

 

Yaddaşın dəyişməzliyi

 

 

Al, gözlərini əlimdən

Al...

Yenə Dali oturub beynimdə,

"yaddaşın dəyişməzliyi" əlində...

Küsəm özümdən ...

Bilirsənmi?

Yaddaşımdır məni yadlaşdıran

Məndən bir çıxış yeri axtar!

Yenə Mosart qulağıma oxuyur 40-cı simfoniyanı

Götür get dalğalanan bu yaramaz suları

Təkrarların təkrarıdır hamısı,

İnkarların inkarıdır...

Bilirsənmi?

Əsrlərdir gözlərini yamsılayır bu dəniz,

İllərdir sənin səsində danışır yoxluğun...

 

Ümid NƏCCARİ

 

Ədəbiyyat qəzet.- 2022.- 13 avqust.- S.9.