Atam, anam, qardaşım, mən və
Stalin
Faktlar, mətnlər və xatirələr
əsasında Cavidlərin ailə dramı.
İştirakçılar:
Ata
Ana
Qardaş
Mən
Zaman
Hadisələr dəyişdikcə rejissorun və rəssamın
düşüncəsinə görə səhnəyə bəzi
məişət detalları qoymaq olar. Yaxşı
olar ki, epoxa nəzərə alınsın. İstifadə olunan detallar "Mən"in xəyalında
yaranır, sonra da yoxa çıxır. Pyes
epik janrda qurulub. Hətta dialoqlar belə nəqldən
yaranır. Hər bir deyilən fakt "Mən"in
söylədiklərindən "oyuna" çevrilir.
I səhnə
Boş məkan...
ara qaranlıqdır... Zaman
görünür. Xeyli dayanıb salonda əyləşən
tamaşaçılara baxır. Sonra cibindən
kağız çıxarıb oxuyur.
Zaman: - 3
iyun 1937. Hüseyn Cavid. Cinayət Məcəlləsinin 68, 72,
73-cü maddələrinə əsasən ittiham olunub. 1882-ci ildə Naxçıvan şəhərində
anadan olub. Yaşadığı ünvan: Bakı şəhəri,
Kommunist küçəsi, ev 8.
İxtisası və peşəsi: şair. İşləmir,
təqaüdçüdür. Kəndli
ailəsindən çıxmışdır. Təhsili:
ali. Bitərəf.
Milliyyəti: azərbaycanlı. Orduda xidmət
etməyib. Arvadı: Mişkinaz - 36 yaşında.
Oğlu: Ərtoğrol - 16 yaşında. Qızı: Turan -
13 yaşında. (Kağızı büküb
cibinə qoyur. Sonra əllərini bir-birinə
sürtüb yuxarı qaldırır. İşarə
edir. Simfonik musiqi səslənir. Zaman sanki musiqini çalan orkestrə dirijorluq edir).
II səhnə
Qardaş:
- Gecənin soyuqluğu xəfif səhər küləyinə
çevrilmədədir. Quşcığazların səsi
işıqlamanı xəbər verirdi... Dan yıldızı
yenicə çıxır, günəş gecənin soyuq nəfəsi
ilə donmuş buludları ilıq şüası ilə
isidərkən mənim səadətimin dan yıldızı
yenicə sönür, qaynar qəlbim isə kədər
buzları ilə donurdu... Yarpaqların şehi təvəxxir
edirkən, mənim gözlərim yeni-yeni yaşla dolurdu.
Uf!.. Nə uğursuz gecə,
nə pərişan mənzərə. Odanı
məzar soyuqluğu, ölüm sükutu
bürümüş. Kitablar, dəftərlər
yerdə, şkafların qapıları açıq, hər
şey tərpədilmiş, döşəklər yarıya qədər
qatlanmış. Ümumən bir
qırıqlıq. Odanın sükutunu pozan iki şeydi:
quşların səsi və mışıl-mışıl
uyuyan bacımın mışıltısı. Arabir
anamın ah çəkməsi, boğuq
hıçqırıqları eşidilirdi. Mənim qəlbim
daş kəsilmişmi?.. Yox.
Mənim bütün həyəcanlarım içimdə
alovlanmış, içimdə sönür! Neçin?!
Nə olmuş? Bir neçə saatdan sonra
bacım qalxacaq, acı duyacaq, o: - babam hardadır? - deyə sorunca anam ağlayacaq, bacım da ona
uyacaq. Neçin? Babam harda?
Kim bilir?.. Babam gedirkən belə
həmişəki kimi gülümsəyirdi. Lakin ağlasaydı daha yaxşı olardı.
Mənalarla dolu bu gülüş daş ürəkləri əridər,
insanın isə düşüncəsində silinməz iz
buraxır...
III səhnə
Ata: - Azər
düşünür... Bəlkə otuz yıldır o, hər
an
Düşkün bəşərin eşqini, fəryadını
inlər.
Yaqdıqca
yaqar beynini bir kölgəli böhran,
Əflaka sorar dərdini, yıldızları dinlər.
Göz
qırparaq ancaq ona yıldızlar edər naz,
Dilsiz və sağır göylər onun halını
duymaz.
Bəsləndi
küçük duyğusu azadə çocuqkən,
Pək incə tərənnümlər öpən neylər
icində.
Vurğundu
o həp şer ilə ahəngə əzəldən,
Ağlar və gülümsərdi təğənnilər
icində.
Hər
gün yaralar qəlbini bir sıtmalı röya,
Hər gün uyutur dərdini bir nəşəli
xülya.
Atəşkədələr,
fırtınalar yavrusu Azər
Coşduqca
alevlər və köpüklər kibi cılğın...
Bəzən
bayılıb sərəli bir heykələ bənzər,
Yorğun gözü həsrətli üfüqlər
kibi dalğın.
Bəzən
o baqışlar yenə şimşək kibi parlar,
Qəsvət savuran hiçliyi bir anda yaqarlar.
Bir
gün acı bir sis o gülümsər yüzü sardı,
Yalnızlığa imrəndi, uzaqlaşdı bəşərdən.
Bir qulbəyə
saqlandı ki, issızca məzardı,
Məhrum
idi dünyayı saran xeyr ilə şərdən,
Yıllarca
dalıb getdi o böhranlı qəfəsdə,
İnsanları
özlərdi hər atəşli nəfəsdə...
IV səhnə
Mən: -
Babam çaya aludə deyildi. Daha çox qəhvə
içərdi. Türkiyədə
olduğu vaxtlar adət etmişdi. Gecələr
bəzən ana, bəzənsə özü bişirərdi.
1937-ci il iyun ayının 3-də, gecə
ana yatmağa hazırlaşanda qapını döyüb anadan
yatıb-yatmadığını soruşub. Ana
- yox - deyib, hələ yatmamışam. Bir
şey lazımdı? Heç... qəhvə
istəyirdim. Bir halda ki, uzanmısan,
özüm bişirərəm - deyib qapını
örtüb. Baba həmin gecə həbs
olunub. Sonuncu dəfə bişirdiyi qəhvəni
içə bilməyib... Bundan sonra ana bir daha qəhvə
bişirmədi... və içmədi... (Ana
görünür. Əlində bağlama
var) Görüş verdilər?
Ana: - Yox.
(Pauza) Dəhşətdir...
Mən: -
Nə olub?
Ana: - Bir
qadın ərinin paltarlarını aldı... qan içindəydi...
Deyirdi ki, dəhşətli işgəncələr verirlər...
Məhbusları böyük kisələrin
içinə salıb rezinlə döyürlər,
dırnaqlarını çıxarırlar,
dırnaqlarının altına iynə batırırlar.
Qorxa-qorxa açıb baxdım... heç bir işgəncə
izi yox idi... Rahatlaşdım... Dedilər ara-sıra dəyişəcək
gətirə bilərsiniz...
Mən: -
Baba nəsə istəyib?
Ana: - Yemək...
yarpaq dolması... kələm dolması... onlarsa dedilər ki,
olmaz...
Mən: -
Niyə?
Ana: -
Dedilər bir-bir açıb içinə baxmayacağıq
ki... Dedilər küftə, qovurma gətirə bilərsiniz...
hərdənbir...
Mən: -
Kağız-qələm istəyib?
Ana: -
Yox... İstəsə belə bizdən qəbul etməzlər...
Amma dedilər görüş verəcəklər...
V səhnə
Uzun skamya. Ana, Qardaş və Mən skamyada oturublar.
Ata arxası onlara üzü Zamana oturub.
Mən: -
Vəd olunan görüş babamın həbsindən düz
iki il bir ay sonra - 1939-cu ilin 2 iyulunda
Keşlə həbsxanasında baş tutdu...
Ana: -
Bağışla, dünən gələ bilmədik,
çatdıra bilmədim... (Zamana baxır) Nə deyəcəkdim,
unutdum...
Mən: -
Baba həmişə belə vəziyyətdə işarə
bildirmək üçün deyərdi: Allahu əbha.
Ana: - Hə,
hə... Allahu əbha...
Mən: -
Yaxşını yaman qələmə verənlər yox
olurlar.
Ata: - Təmiz
adına ləkə vurulması,
başı-qulağı üç qəpiyə dəyməyənin
qarşısında dayanıb təhqirli sözlər dinləmək,
anlamaz qarşısında susmaq, anlatmağa haqqın olmamaq cəza
deyilmi? Elə təhqirli sözlər deyirlər
ki, dözmək mümkün deyil. Gərək nə qədər
ürəksiz, şərəfsiz adam ola
ki, olmayan sözləri danışa. Nə isə...
sözüm çoxdu. Əfsus ki, vaxt
azdı. Əsl xain yaxşıları pis
adlandırıb məhv edənlərdir. Vaxt
gələcək bu günahsız zavallılar
üçün nə qədər təəssüf ediləcək.
Mən: -
Hə... umulmaz ümid...
Zaman: -
Vaxt qurtardı!..
Ana: - Vaxt
nə tez çatdı?!
Zaman: - Məndən
asılı olsaydı bir az da gec gələrdim...
Mən: -
İnsafsızlar içində insaflılar da varmış...
Zaman Mənə tərəf hərəkət edir.
Ata: -
Toxunma... nənəsimə, toxunma!
VI səhnə
Ata: -
Möhtərəm Mircəfər Bağırov yoldaş! Son zamanlarda mənə və yazılarıma
qarşı istər mənəvi, istər maddi cəhətdən
qaba və soyuq bir keçimsizlik var. Bu da tək-tək şəxslərin
kaprizindən irəli gəlməkdədir. Düz iki il bir aydır ki, həbsdəyəm, cəsarət
olsa da fikrinizi bu nöqtəyə cəlb etməklə 30 ildən
artıq əmək sərf edən xəstə və
yorğun bir yazıçının halını
düşünməyinizi rica edirəm... Dərin
hörmətlə, H.Cavid.
Mən: -
Rəngi solğun, kədərli idi. Dəyişilmişdi.
Çox həsrətlə baxırdı bizə.
Elə bil bir daha görüşməyəcəyimizi
bilirdi. Çox əsəbiydi. Qəribədir,
görüş vaxtı hamı bizə baxırdı... Elə bil hamı bizi nəzarətdə
saxlayırdı. Baba heç
dinib-danışmırdı. Sadəcə
qırıq-qırıq kəlmələr. Daha çox baxırdı. Düz iki il idi görüşmürdük. Mənə
çox baxırdı... Özümü saxlaya bilməyib
ağladım... İyulun 4-də gəmi ilə
Krasnovodska apardılar. Sonra qatarla gedib,
avqustun 22-də Vladivostoka çatıblar. Ordan da gəmiyə mindirib Maqadana aparıblar. Təsəvvür edin bütün iyul, avqust
aylarını, iki aya yaxın, yük qatarında yol gedib.
Yollarda nə qədər dözməyib ölənlər
olurmuş. Ölənləri yollarda
atırmışlar...
Qardaş:
- Sən bu keçənlərə yaxşı bax, yadında
saxla onların simasını. Babanı həbs
etməyə gələn onlar idi. Rus və erməni...
VII səhnə
Ana: - (Həbsxanadan verilmiş növbəti
bağlamanı açır. Diqqətlə hər
geyimi nəzərdən keçirir). Bacım
məni sənə tərifləyir. Sən
də razılıq vermirsən. Sonra da
şərt kəsirsən ki, özüm görməsəm
"hə" deyə bilmərəm. Böyük
qardaşının arvadı deyir ki, "Mişkinazı
çağırım gəlsin bizə, deyim, gəlsin mənim
tikiş maşınıma baxsın. Sən
də onu orada görərsən". Sizə
get-gəlim olmadığı üçün gəlib anamdan
icazə almışdılar. Mən də
gəldim. Böyük bir ev idi.
Yarı hissəsindən o yana iki böyük
sandıq qoyub üstünə yük
yığmışdılar. Sən də
oturmusan yükün arxasında. Məni də
üzü yükə tərəf oturdublar. Demə, işıq dal tərəfdən
düşdüyü üçün məni yaxşı
görə bilmədiyindən, razılıq vermirsən.
Bir neçə gün götür-qoy edəndən
sonra qərara gəlirlər ki, məni bu dəfə də
bacısıgilə aparsınlar. (Paltarlara baxır) İçəri girəndə gördüm, samovar
qoyub, dairəvi oturub çay içirlər. Məni təyin olunmuş yerdə oturdurlar. Sənsə
o biri evdə qapının arasından baxırmışsan...
Razılıq verirsən... 1918-ci ildə evləndik... Sonra
Bakıya gəldik... Necə gəldik? Naxçıvandan
Tiflisə dörd-beş günə çatdıq. O zaman yol oradan idi. İndiki təzə yol yox idi. İllərin
ağır vaxtlarıydı. Qatar
gündüzlər gedir, gecələr dayanırdıq.
Üç günlük yolu bir həftəyə gəlib
çıxdıq Bakıya... Kiçik bir ev
kirayələdik. Evdə heç nə yox idi.
O çətinliklə ki, biz gəlmişdik, evə dair
heç bir şey götürə bilməmişdik... Sonra hər
şey yoluna düşdü... Yoxdur...
Mən: -
Ana, kiminlə danışırsan?
Ana: - Nə?
Mən: -
Deyirəm, kiminlə danışırsan?
Ana: - Həbsxanadan
dəyişikləri götürmüşdüm... Diqqətlə
baxdım, Allaha şükür ki, qan izi yoxdu... yoxdu...
Zaman: -
(peyda olur) Yığışın,
köçürsünüz!
Qardaş:
- Necə yəni?
Zaman: -
Evin kişisi olmadığına görə, evin sahəsi
artıq olduğu üçün, evi təhvil verib başqa
evə köçməlisiniz.
Ana: -
Mümkün qədər münasib ev
olsun... gündüşən...
Zaman: -
Xalq düşməninin arvadı kurort istəyir. Şeylərinizi yığın. Bu gün burdan köçməlisiniz. Sovet
küçəsi, ev 92. (Gedir).
Ana: - Aman
Allah, nə həyət, nə ev?! Az qaldım çığırıb
qaçam... Həmin həyətdə on doqquz il
nələr çəkdim?! Oğullu getdim, oğulsuz
çıxdım... Amma hələ var... Görəcəkli
günlərim hələ qabaqda imiş... Ev nə ev... Üç pillə
aşağı enir. Bir göz otaq. Nazik taxta ilə aradan kəsilmiş. Hərəsi doqquz kvadratmetr. Birini
mənə, birini də Qərənfil xanımgilə - Əsəd
Verdiyevin ailəsinə - qonşuma verdilər. Onlara verilənin heç qapısı da yox idi.
Bir pəncərəydi. Xeyli
sonra o pəncərəni qapı açdılar. Onlar da bizim evdən keçirdilər. İndi gəl fəryada bax.
Bu an Mən və Qardaş bağlamaları bir yerə
yığırlar. Sıxlaşıb epizodun sonunda otururlar
bir yerə.
VIII səhnə
Həbsxana kamerası.
Zaman: - Sənin
haqqında gör nə ifadələr verirlər: "O, həmişə
narazıdır, şikayət edir ki, onu bir türk olaraq
incidir, təqib edir, işləməyə və ailəsini
dolandırmağa qoymurlar. Şəxsən mənə
şikayət edirdi ki, erməni yazıçıları dəfələrlə
xaricə getdikləri halda, ona xaricə getmək
üçün ezamiyyə vermirlər. Artist
Ponodyan həmişə xaricə gedir... türk artistlərindən
heç kimi göndərmirlər.
"Türkiyənin
şpionu, müsavatçı-pantürkist, əksinqilabi təşkilatın
üzvü, ədəbiyyat və dramaturgiya sahəsində gənclərin
millətçi əksinqilabi ruhda tərbiyə olunması
istiqamətində iş görür, pantürkist
ideyaların yayılmasına çalışır".
"İran, Dağıstan, Ermənistan və
Gürcüstan ərazilərindəki bütün Azərbaycan
torpaqlarını birləşdirib, burjua təmayüllü
müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda fəaliyyət
göstərən pantürkist əks-inqilabçı təşkilatın
üzvüdür".
Zaman bir qəzet götürüb baxır. "Ədəbiyyat
qəzeti" 16 iyun 1937. Məqalələrin
başlıqlarını oxuyur: "Böyük dramaturq
Qabriel Sundukyan". "Xalq və səadət
düşməni, şarlatan Hüseyn Cavid".
Hətta səndən həyatın canlı məsələlərini
yazmağı tələb edənlərə də "Bəncə,
ədəbiyyat başqa, siyasət və təbliğat
başqadır. Təbliğat bənim işim
deyildir" - deyirmişsən.
Ata: - Nə
deyəydim? Onların istədiyini yazaydım?
"Ey quru şalban, // Mən sənə qurban!".
Zaman: -
Qardaşın Şeyx Məhəmməd yazırdı amma:
Ey
sosializm ölkəsində ziya saçan qüvvəmiz!
Sən eylə bir mühəndissən yaparsan
böyük bina.
...O
binanın müəssisi böyük dahi Lenindir,
O
binanın mühəndisi sevimli Stalindir.
Ata: - Mən
qardaşımı bir Şeyx kimi tanımışam. Amma 1918-ci ildən sonra onu görməmişəm.
İndi nə üçün belə
yazdığını bilmirəm.
IX səhnə
Həbsxanada görüş yeri.
Ata: -
Mişkinaz, sənə deyilməli o qədər sözüm
var ki... Mişkinaz, mənim haqqımda deyilənlərin
heç birinə inanma. İki dəfə
məhkəmə etdilər. Axırda o qərara gəldilər
ki, guya bir az vətən dəyişikliyi...
Ana: - Səni
də "xalq düşməni" etdilər, hə?
Ata: - Cərəyandır,
keçib gedər... Hamı məni satıb... Amma
sən üzülmə, bu işləri gələcək həll
edəcək. Həqiqət bir vaxt aşkara
çıxacaq... Turan on illiyi bitirib bir il
fasilə versin. Çox üzgündü yəqin.
Sonra qoysalar, ali təhsil alsın.
Ana: -
Oğlun oxuyur, heç bir söz deyən yoxdu. Bu
da oxuyacaq. Onu özün gəlib
oxudacaqsan.
Ata: - Sən
deyən olsa.
Ana: -
İnşallah...
Ata: -
Ərtoğrolun oxumasına yaxşı ki, mane olmadılar. Şükür, xeyirxahlar, qədirbilənlər
varmış. Haqlını haqsızdan
xalq ayırıb qiymət verəcək. Əfsus
ki, gördüyüm rəzalətləri, keçirdiyim
günlərimi heç bir yerə qeyd edə bilmədim.
Ana: - Gələndən
sonra hamısını yazarsan.
Ata: -
Sözüm çoxdu, vaxt az... Bir də kim bilir, görüşmək qismət
olacaqmı? Mən istərdim, biz həmişə
bir yerdə, el içində şad, xoşbəxt olaydıq.
Nə qədər işlərim, arzularım
qaldı.
Ana: - Sənə
ümidsizlik yaraşmır. Gələndən
sonra bu acıları unudarsan.
Ata: -
Zavallı yavrum. Unudulmaz acılar umulmaz ümid.
Ananın gözləri yol çəkir.
Zaman gələcək, yazılmamış əsərlərimə,
qaranlıq zindanıma xalqım da ağlayacaq. Azərbaycana
vurulan yara çox dərindi. Əsrlər boyu bu yaralar
sızlayacaq... Sən arzu etdiyin kimi olsa, gələsi olsam,
onda hamısını danışaram... Üzləri
"ağ" olsun ağ üzləri
"qara" adlandıranların (Zaman görünür, Ata
ayağa durur). Sağlıq olsa, yenə də
görüşərik. Məktub yazmaq
hüququm var. Harda olsam, məktub yazacağam. Məni bu yola yolçu edənlərdən yazsam, təbii
ki, buraxmayacaqlar. Heç olmasa, barı
bir-ikisinin adlarını deyim... biləsən...
Zaman: -
Vaxt qurtardı...
Ata: -
Uşaqları öpərsən... yaxşı dostlara,
qonşulara salam de. Darıxmayın...
Əlvida...
Ana: -
Yox... yaxın vaxtda görüşənə qədər...
Ata görünməz olur.
Nə vaxt aparacaqlar?
Zaman: -
Bilmək olmaz, yarım saat bundan əvvəl iki maşın
apardılar. Bu qədər camaat da durub gözləyir.
Gəlsən də görə bilməyəcəksən.
Ana başını yelləyib görünməz olur. Zaman əllərini
qaldırır.
Təntənəli
marş.
X səhnə
Mən və Qardaş evdədir. Qardaş
sabahkı dərslərə hazırlaşır.
Mən: -
Nə kitabı oxuyursan?
Qardaş:
- "Hamlet"dir. Sabahkı dərsimizdir.
Mən:
(Kitabı alıb vərəqləyir).
Qardaş:
- Hamletin sarayın adətlərinə, insanlarına
münasibəti başqadır. O, atasının ehsanından
qalanların toyda paylanmasını izahla saraydakıların gəmik
sümürən köpək olmasını demək istəyir.
Onu qavrayanlar sərsəmdir. Hamlet istəmədiyi
mühitə düşdüyündə pessimistdir...
Ana: (daxil
olur) - Babadan sizə çoxlu-çoxlu salamlar. (Hər ikisini
öpür) Babanın əvəzinə.
Qardaş:
- Kaş biz də gedəydik.
Mən: -
Necəydi, nə dedi?
Pauza.
Ana: -
Çox yaxşıdı... Kiçik bir bağlama verdim...
bir şələ dərd, kədər, nisgil gətirdim...
Pauza.
Qardaş:
- Ana, sabah gedək, bəlkə
görüş ala bildik.
Ana: -
Artıq görüş yox, məktubunu gözləməliyik...
Bu gün gecə, ya sabah səhər aparmalıdılar...
Pauza.
Qardaş:
- Neçə il iş veriblər?
Ana: - Səkkiz...
Qardaş:
- Səkkiz?!
Mən: -
Səkkiz?!
Ana: - Nədi
ki, beş ildən sonra gələcək...
Mən: -
Mənə elə gəldi ki, ayağımın altında bir
quyu açıldı, məni çəkdi aşağı.
Başım gicəlləndi. Yerə baxdım. Quyu-filan,
heç nə yox idi.
Qardaş:
- Sanki yuxuda qaranlığa düşdüm. Həyat
ağlamaq qədər çətindir... Nəşəli
gənclik planlarım pozuldu. Zəhərli
ilan belə bunlardan mərhəmətlidir. İnsanı
su içirkən görsə sancmaz... Amma bunlar... qan və
ölümlə oynayan ölülər, şər və nifrət
yavruları... Bu sərsəm korlar bu böyük dünyaya tək
gözlə baxırlar...
Mən: -
Axı atam kimə pislik edib ki, hamı məndən məktəbdə
də üz çevirib. Ən yaxın rəfiqələrim
belə məndən yan qaçırlar.
Qatar səsi.
1937-ci il iyunun dördündə evindən
çıxdı, 1939-cu il iyulun dördündə isə Vətənindən
qapalı qatarda qarlı-şaxtalı səhralara əsir
getdi. Ona "qardaşım, dostum" deyənlər də səfalı
bağlara, sərin yaylaqlara...
Ana: -
Ağlamaqdan bir şey çıxmaz... Çalışın
yaxşı oxuyun, babanıza layiq olun. Heç
kimə əyilməyin. Üzünüz ağ,
alnınız açıq olsun. Şərəfli
ad dünya qədər qiymətlidi. Ac
qalmaq, solğun geyinmək, ağır işlərdə
çalışmaq əskiklik deyil. Açıq
alınla ac qalmaq alçaq yaşamaqdan qat-qat şərəflidir.
Mən: -
Gözümüzü bağlı qapılardan çəkib
uzaqlardan gələcək məktubların yoluna
dikmişdik...
Zaman: -
"Hara üz tutasan, hara gedəsən? Qapı da
bağlıdır, dünya da bağlı...".
Alaqaranlıq
qatar.
Ata: - Nə
əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər maymunlar.
Cühəla
elm, fəzilət satıyor,
Xalqı əfsunlayaraq aldatıyor.
Kəndi əxlaqı
sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.
Sadə
minbərdə deyil, coq yerdə
Göz boyar həp şu qaranlıq pərdə.
Hanki bir sərxoşu
söylətdim, inan
Bəhs edər, gördüm, o huşyarlıqdan.
Nerdə beş kölgə görür ördəklər
Başlayıb nitqə həmən saz köklər.
Rəqsi
təlim ediyor aqsaqlar,
Əzəmət düşkünüdür alcaqlar.
Zevqə
biganə səfillər bol-bol
Şerü sənətdə arar bir yeni yol.
Sadədil,
hissə uyan abdallar
Həp siyasi kəsilib at nallar.
Bir
yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.
Hər
gülər yüzdə ölüm, qan görürəm,
Pək yaqın dostları düşman görürəm.
Yurdu
sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş
varsa, səbəb alcaqlıq...
XI səhnə
Ana: -
Babadan məktub var...
Qardaş və mən onun üstünə
atılırlar. Ana konverti cırıb açır.
O yan, bu yana çevirir, qəhər
boğduğundan oxuya bilmir.
Mən: -
(məktubu ondan alıb oxumağa başlayır). Əzizim Mişkinaz. Köhnə
yerimdəyəm. Sağlamam. Bağlama lazım deyil. Ancaq hər
yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burda hərdən yüzlərlə dustaq azad edilir.
Ya da müddətlərini qısaldırlar.
Arxayın olun. Mənə də
növbə çatacaq. Səni,
ağıllı, bacarıqlı oğlumu və xüsusən,
istəkli, mehriban Turancığımı öpürəm.
İşlərinizdən yazın. Yenə öpürəm sizi. Hüseyn Cavid. 27
may 1941-ci il.
Ana: -
Babaya mütləq bağlama göndərmək
lazımdır. Yazmasa da bilirəm ki, ona çətindir...
Qardaş:
- Anam, bacım və mən. Maddi vəsait təkcə
mənim stipendiyamdır.
Ana: - Onu
xilas etmək lazımdır. Yaz... mən deyim, sən
də rəhbərə bir məktub yaz, bəlkə kömək
oldu. Yaz:
"Hörmətli yoldaş Stalin! Necə ola
bilər ki, xalqın son dərəcə böyük hörmətini
qazanan bir adam "xalq düşməni" adı ilə həbs
olunsun, ömrünün son günlərini xəstə
vücudu ilə sürgünlərdə başa vursun... Hüseyn Cavid xalq düşməni olmamış və
heç bir zaman da olmayacaq. Çünki qırx illik ədəbi
yaradıcılığında xalqı duyaraq, ondan ilham alaraq
yazmışdı... O, xalq düşməni deyil, ola da bilməz. Çünki xalqı sevməyən
adamı xalq da sevə bilməz və o, xalqın ruhunu
oxşayan böyük sənətkar ola
bilməz. Bu günə kimi onun həbs
olunmasını haqlı sayan bir fikir belə eşitməmişəm.
Hamı bu işin səhv olub, tezliklə azad ediləcəyini
söyləyir... Sizə dərin hörmətlə,
Hüseyn Cavid ailəsi adından həyat yoldaşı
Mişkinaz Cavid".
Mən: -
Ana...
Ana: -
Bilirəm nə demək istəyirsən... amma indiki vaxtda belə
yazmaq lazımdır.
Qardaş
və Mən Cavidin məktubuna baxır... Sonra
divara asdıqları SSRİ xəritəsinə
yaxınlaşırlar. Qardaşın əlində
qırmızı karandaş var. Məktubun göndərildiyi
ünvanı qeyd edir.
Qardaş:
- Babamın getdiyi yollar... Krasnovodsk, Daşkənd, Alma-Ata,
Novosibirsk, Vladivostok, Maqadan. Dünyanın sonu... Babam Hüseyn Cavid bir günəş idi, yüksəldi,
parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar.
Buludlar onun atəşli işıqlarını udmaq istədilər...
Patlatmaq! O mənhus karvanı patlatmaq lazımdır. Top mərmiləriylə
təbiətin anası günəşi yavrusundan ayıran
dumanlar səltənətini patlatmaq...
XII səhnə
Mən qaçaraq gəlir. Həyəcanlıdır.
Arxaya baxır. Ana həyətdədir.
Sərgilərdə paltar sərir. Daha
çox ağ mələfələrdir.
Ana: - Nə
olub?
Mən: -
Məktubu yola salmağa Mərkəzi Komitənin poçtuna
getmişdim. Qayıdanda yolda Stalinin şəklini
gördüm. Tüpürdüm şəklinə.
Bayaqdan elə bilirəm kimsə görüb,
ardımca gəlir, məni təqib edir.
Ana: -
Çaşasan, məni çaşdıran...
XIII səhnə
Mən: -
Babamdan aldığımız məktub bizə nə qədər
ümid verdi... Yarıarxayın günlər
keçirdi... İndi ayları yox, illəri sayırdıq...
Gəlişini, şad günləri gözlədiyimiz halda,
qanlı-qadalı, anaları ağlar qoyan, evlər yıxan
1941-ci il müharibəsi başlandı. Yara üstündən yara. Birinci həftə
dayım Abuzəri apardılar...
Ana: -
(işini yarımçıq qoyur) Cavidin böyük
qardaşının böyük oğlu Tahir mənə
oğul əvəziydi, o da getdi. Ağır
işlərimi, ac günlərimi, yuxusuz gecələrimi demirəm.
Deyirdim, Cavidim gələr, dərdlərimi onunla
bölüşərəm, keçirdiyim ağır dərdlərimi
unudaram. Noyabr ayında da oğlum getdi...
Qardaş:
- "Hörmətli Üzeyir bəy! Əsgərliyə
getməzdən əvvəl Sizinlə görüşmək
istədimsə də, qismət olmadı. Yeganə
narahatlığım, anam və bacımın
acınacaqlı halıdır. Rica edirəm,
keçdiyimiz səmimi dərs illəri və ümidli gələcək
xatirinə mümkün ola biləcək
yardımınızı əsirgəməyin. Anam
uşaq bağçalarında işləyə bilər.
Bacım həm bağçada, həm
maşinistkalıq, həm də ibtidai məktəbdə dərs
(matematika, dil) deyə bilər. Lakin ən
lazım məsələ çətin hallarda nəzarət
etmək, ürək vermək, mənəvi yardımdır.
Zənn edirəm rədd etməzsiniz. Hörmətlə, Ərtoğrol. 25.II.1942".
Mən: -
Məktubu Üzeyir bəyə verdim. Oxuyub mənə
qaytardı. Kim idi onun bir sözünü
iki edən. Məni Radiokomitetə işə
götürdülər. Birtəhər anamla
dolanırdıq... Amma çətin idi, xalq düşməninin
qızına iş verən şəxslər və ya ona
kömək edənlər risk edirdilər... Ərtoğrolu
əsgərliyə çağırsalar da, xalq düşməninin
oğlu olduğundan etibar edib cəbhəyə də göndərmədilər.
Fəhlə batalyonuna göndərmişdilər,
yol tikintisinə. Gürcüstanda idi.
Heç vaxt ağır iş görməyən bir adamı
birdən-birə ağır işdə işlətdilər.
O da soyuqladı, ciyərləri...
Ana: - Bir
evin ki, çırağı söndü, heç yandan
işıq düşməz. Sən demə,
oğlumu ağır vəziyyətdə Tiflis qospitalına gətiriblər.
Özünə demədən baş həkimin adından mənə
teleqramma gəldi... Aman Allah "gəl" demək
nə deməkdir? Gör nə haldadır
ki, mənə "gəl" deyirlər. Birinci, maddi ehtiyac. İkinci, getmək
üçün icazə verəcəklərmi?
Mən: -
Həmişə evdən satılmaq üçün bir
şey verəndə qardaşım deyirdi ki, Ana, elə et ki, ac da qalsaq, o halqa üzüyü satma. O,
babamın yadigarıdır.
Ana: -
Bundan ağır gün olmaz. Cavidimin
yadigarını yadigarına sərf edəcəyəm. (Üzüyü barmağından
çıxarır. Ətrafı nəzərindən
keçirir). Satmağa bu üzükdən, bir də
babanın xoşuna gələn paltardan başqa heç nə
qalmayıb... Saxlamışdım ki, gələndə
geyinərəm... qismət deyilmiş... özündən
muğayat ol. (Qucaqlaşırlar).
Qatar səsi.
XIV səhnə
Ana yorğun-yorğun ətrafa baxıb, bir tərəfə
çəkilib gözləyir.
Zaman görünür. Çiyninə ağ
xalat atıb.
Zaman: - O,
gəzən deyil, ağırdı...
Ana: -
Doktor... (ağlayır)
Zaman: - Elə
bir oğulun anası ağlamaz... Əlimizdən
gələni etdik. Görək nə
olacaq? Sizin xalqda qədirbilməzlər
çoxdu, belə bir ağıllı, mədəni adamı
saxlamalıydılar. Bütün həkimlər
onun sağalmasına çalışırlar. Baş həkim
hamısına tapşırıb... (Çamadanı
götürür). Çalışın
ağlamayın, ona həyəcanlanmaq olmaz.
İşıqlar dəyişir.
Palata. Ana çarpayıya yaxınlaşır.
Qardaş:
- Nə yaxşı gəldin... Öpmə!..
Ana əyilib onu oxşayır.
Ana: - Bu nə
sözdü?! Adam xəstə də olar,
sağalar da. Sənə nə olub?
Qardaş:
- Nə yaxşı gəldin... Yollar çox çətindi,
çox əziyyət çəkdin...
Ana: - Yox,
rahat gəldim...
Qardaş:
- (onun barmaqlarına toxunur) Nə yaxşı gəldin... Ana,
birdən üzüyü...
Ana: - Yox,
evdədi...
Pauza.
Qardaş:
- Ana, mən əsgər gedəndə dedim ki, səni qəhrəman
anası edəcəyəm, demədim ki, ağır dərdinin
üstünə sağalmaz dərd qoyacağam. Adamın ki,
taleyi döndü, hərtərəfli dönür...
Ana: -
Canın sağ olsun, inşallah, yaxşı olarsan... hər
şey düzələr...
Qardaş:
- Sağalsam...
Ana: - Adam
ümidsiz olmaz.
Qardaş:
- Yazıq anam... (Öskürür).
Zaman işarə edir, Ana ona yaxınlaşır.
Zaman: -
İkitərəfli sətəlcəm olub, müalicəsi
düzgün aparılmayıb. Sonra döndərib
vərəmə. Keçən həftə
çox qan itirdi. Mənim azərbaycanlı
dostlarım, tanışlarım çox olub. Sizin dildə danışmağı da onlardan öyrənmişəm.
Əlimizdən gələni edirik. Bir az yaxşı olsun, bir il vaxt verərik... Əgər o vaxta qədər müharibə qurtarmasa
onu bir də əsgər getməyə qoymaram.
Ana: -
Qalmaq mümkün deyil, aparmaq imkanım yoxdu... Onun
kəlmə-kəlmə öskürməsi, ümidsiz
baxışları ömrüm uzunu unudulmaz.
Qardaş:
- Ana...
Ana: -
(yaxınlaşır). Can ana...
Qardaş:
- Ana, baba Keşlədə görüşəndə sizi mənə
tapşırdı. İndi mən kimə
tapşırım?
Ana: - Bu nə
sözdü?
Qardaş:
- Arzu etmədiyim sözdü... (Öskürür) Ana, mənə möhlət veriləndə
Naxçıvana gedim.
Ana: -
(Zamana baxır) Necə istəsən.
Zaman: -
Bir az yaxşı olsun, sonra adamınız
gəlib aparar.
Ana: - Onu
elə ağır halda yataqda qoyub gedən köməksiz
ananın vəziyyətini izah etmək çox çətindi...
Qardaş:
- Turanı öpərsən, salam söyləyərsən.
Deyərsən ki, yaxşıyam. Qismət olsa, görüşərik.
Ana: -
İnşallah! Əlbəttə, görüşəcəksiniz,
o nə sözdü...
Bu mənim
onunla son görüşüm idi...
Qatar səsi.
XV səhnə
Qardaş:
- Əzizlərim! Salamlar! Nəhayət,
Naxçıvana da gəldim. Ümid
bağladığım bir adam (Əziz
Şərif) məni çox rahat gətirib
çıxardı... Saat 7-nin yarısında
çatdıq, əvvəl Əzizgilə getdik. Böyük ana qonşu kənddə idi.
Şamil Bakıda, Süleyman Culfada, Hacı
Bazarçayında... Sanki mənim gəlişimi eşidib
qaçmışdılar... Ərtoğrol.
6 sentyabr 1943
Musiqi.
Mən bir tərəfə çəkilib məktub
oxuyur.
Qardaş:
- Əziz bacım Turan. Bu məktubu anaya göstərmə... Məni ən çox düşündürən səni
əhatə edən mühitdir - yoldaşların, sənin
xarakter inkişafındır. Hər
addımda çox ehtiyatlı ol, hamı
yalançıdır. Qardaşın
Ərtoğrol.
Mən: -
Nədənsə, çox rahatsızdır. 10 gün sonra təkrar
başqa məktub aldım...
Qardaş:
- Çalış familəmizin saflığını,
ucalığını qoru. Möhkəm ol.
Qırıl, lakin əyilmə. Yaxşı olar ki, çalış kimsə
yaxın durmasın. Mümkün qədər
kənar, ciddi, soyuqqanlı. Hamı
yalançıdır. Hamı həm də
etibarsızdır. Ərtoğrol.
Mən: -
Hamı yalançıdır... Hamı həm də
etibarsızdır... sentyabrın 15-dən sonra
yazdığı məktublarsa ağrıyla, nisgillə, xəyal
qırıqlığıyla doludur. Hər məktub
sanki ölümqabağı fəryaddır...
Qardaş:
- Onu bir daha anlayın ki... Siz bura gəlməsəniz
nə yeməyim normal olacaq, nə yaxşılaşacam, nə
də istirahət edə biləcəm. Bu evdə mən
hələ isti yemək görmədim... Daha bir
çox səbəblər var ki, sizin gəlməyinizi zəruri
sayır. Belə vaxtlarda ailənin bir yerdə
olması lazımdır. Mümkündür ki, həmişəlik
ayrı düşək...
Mən: -
15 sentyabr...
Qardaş:
- Burda sanki hər şey boğur, didir, insanın az qala qəlbi sızlayır. Nə bir dost, nə
də bir həmdəm. Ən yaxın zənn etdiyim Şamil
belə daş kəsildi... Bütün ümidlər boşa
çıxdı...
Mən: -
27 sentyabr...
Qardaş:
- Son dərəcə ağır haldayam. Dünən
bütün günü yediyim iki nəlbəki süzmə
qatıq və yeddi stəkan çay olub. Böyük
ana çox qaba, kəm imiş... Sancı məni
həlak edirkən, o, evdə tapılmır, Təzə kəndə
quzuları otarmağa gedir, lazım olan yeməklərin
heç birini hazırlamır. Bir
sözü gərək beş-altı dəfə təkrar edəsən.
Bir neçə gün bundan əvvəl məni
hamama göndərib, özü də məndən sonra hamama
gedir, açarları da özü ilə götürür.
Mən geri dönərkən, bir saata qədər gün
altında gözləməli oldum, gecə qızdırmam 39-a
çıxdı... Turan! Doğum gününü təbrik edirəm,
təəssüf ki, bir yerdə pilov yeyə bilməyəcəyik...
Buraların havası müntəzəm deyil.
Bir neçə gün bərk soyuq oldu, ətraf
dağlar qarla örtülmüşdür. Bəziləri qış paltarı geymiş.
Bu evdə bir dənə də kişi
paltarı yoxdu... Gəlişimə çox
peşmanam. Daha nə yazım. Mümkün qədər burdan tez
çıxmağa çalışacağam. Hələlik. Bərk-bərk öpürəm
sizləri...
Mən: -
Qardaşın Ərtoğrol. 28 sentyabr. Naxçıvan.
Ana: - Hələ
altı ay əvvəl Tiflis qospitalında mənə
demişdilər ki, o, gəzən deyil, yəni yataq xəstəsidir.
İndi altı ay sonra dərmansızlıqdan,
qidasızlıqdan getdikcə ağırlaşan halını
necə təsəvvür edəsən...
Mən: -
Və ölümündən yeddi gün əvvəl
yazdığı son məktub...
Qardaş:
- Lazımi yemək yeyə bilmirəm. Heç olmasa, dərmanla
özümü saxlayım... Mənə dava-dərman
lazımdır... Tez gəlməsəniz dəlixanaya
düşəcəyəm...
Mən: -
Sonra sükut...
Qardaş:
- Sonra sükut... Sükutun əks sədası...
Mən: -
Məktublar bitir... Sonra xatirələr...
Zaman: -
Ərtoğrolda son günlər qəribə bir şakər əmələ
gəlmişdi. Tez-tez dırnağına
baxırdı. Soruşanda ki, niyə dırnağına
baxırsan, deyirdi ki, burda bir xətt var, o göyərəndə
öləcəyəm...
Mən: -
Ərtoğrol necə can verib? Son anında yanında kim var idi? Son sözü nə
olub? Bu barədə heç kəsin xatirəsi yoxdu...
Zaman: -
Yenə xatirələr... yalan xatirələr...
Ölümündən altmış il
sonra kimsə Ərtoğrola lazım olan dərmanları
"alıb gətirir". Kimisi onuncün dadlı yeməklər
"hazırlayır"...
Mən: -
(məktubları göstərir). Son məktubları
isə bu xatirələrin üstündən qara bir xətt cəkir.
Qardaş:
- "Kimsəyə salam söyləməyin".
Zaman: -
Cavidin oğlu hec kəsdən minnət götürmür.
Mən: -
Ərtoğrol 1943-cü il oktyabrın 14-də
dünyasını dəyişib... Vida şəkli
cəkdiriblər. Sonra tabutu arabaya qoyublar və araba
aramla, cırıltı salaraq həyətdən
cıxıb...
Ana: -
Cavid oğlunu Tuquş deyib əzizləyirdi.
Mən: -
Tuquş belə tamama yetdi... Ağrılar icində, insanlardan
küskün, həyata tamarzı...
Qardaş:
- (görünür).
Bu uzun
zaman nədən
Qəlbimi dəlib keçdin?
Heç
etina etmədən
Qarşımdan gəlib keçdin.
Nə
oldu ki, gözəl qız,
İndi
deyirsən: mənim
Arzum, diləyim
yalnız
Sənin olmaqdır, sənin?!
Gəl,
ilıq dodaqların
Mənliyimi
isitsin,
Ətirli
yanaqların
Cismimi sərxoş
etsin...
Birdən
gözlərimi açınca qandım,
Gördüyüm
yuxudan özüm utandım...
Mən: -
24 yaşı tamam olmadı... Pedaqoji
İnstitutu bitirdi, Konservatoriyada oxudu. Yazdı, rəsmlər
çəkdi, musiqilər bəstələdi...
Çırpındı, qanadlandı, uçmağa macal
tapmadı...
Qardaş:
- Adamın ki, taleyi döndü, hərtərəfli
dönür...
Mən: -
Qardaşımın vəfatından sonra anamın qeyri-adi
insan olduğunu gördüm. Əlbəttə,
təklikdə yəqin ki, ağlayırdı. Amma o gündən sonra nə o mənim gözümdə
yaş gördü, nə də mən onun. Demək olar ki, son dəqiqəsinədək.
1943-dən sonra 1976-dək bizim aramızda Ərtoğrolun
adı çəkilmədi...
Ana: -
İraq qızımın canından, mən qaragün, onun
sağalıb gəlməsini gözləyirdim. Amma
qara xəbərini aldıq. Heç analar,
bacılar görməsin. Özü də
necə nisgiliydim. Əlim çatmır,
ünüm yetmir. Yeganə təsəllim
o oldu ki, o hadisə burda olmadı. Onu yerdən
götürmək üçün bir dost, bir qohum gəlməyəcəkdi.
Gərək çıxıb yoldan keçənlərdən
xahiş edəydim ki, gəlib mənə kömək etsinlər.
Amma Naxçıvanda onu əzizləyənlər, layiqincə
yerdən götürənlərim vardı...
XVI səhnə
Mən: -
1944-cü ildə sənədlərimi Tibb İnstitutuna verdim.
Yüksək qiymətlər aldım və Müalicə
fakültəsinə daxili oldum...
Zaman: - Azərbaycan
Dövlət Tibb İnstitutunun direktoru, professor Z.Məmmədovun
və qəbul komissiyası katibinin abituriyent Turan Cavidə verdiyi
arayışda qəbul imtahanlarında aldığı qiymətlər
öz əksini belə tapıb: "Fizika - 5, Kimya - 5, Azərbaycan
dili, yazılı - 5, Azərbaycan dili, şifahi - 5".
Mən: -
Sentyabrda dərsə getdim... bir gün, iki gün, beş gün... Beşinci gün qərara gəldim
ki, həkim ola bilmərəm...
Zaman: - Sənin
institutdan çıxmağını istəmirəm.
Mən: -
Mən həkim ola bilmərəm...
Zaman: -
Axı niyə?
Mən: -
Ərtoğroldan sonra yaşadıqlarıma, çəkdiklərimə
görə elə bil birdən-birə otuz-qırx il böyümüşəm. Heç
bir dərd-sər görməyən gənclərlə bir
yerdə olmaq məni çəkindirir. Odur ki, xahiş
edirəm sənədlərimi qaytarın...
Zaman: -
Dekan sənin institutdan çıxmağını istəmir
axı.
Ana: - Nə
yaxşı sən həkim olmadın, Tibb İnstitutundan
getdin... Xalq düşməninin qızını həkim kimi kim işə götürəcəkdi ki?
XVII səhnə
Mən: -
1945-ci ildə Teatr İnstitutuna qəbul olundum. Mən
artıq yerimdə idim. Mən burda "xalq düşməninin"
qızı olduğumu hiss etmədim. Məlum məsələlərə
görə aspiranturaya girə bilməsəm də, hər
halda, ali təhsil ala bildim. Burada
Cavidə münasibət aydın idi. Heç elə bil
repressiya olunmamışdı... Babadan isə xəbər
yoxdu. Hara müraciət edirdiksə
cavabsız qalırdı. Mən isə
ümidimi itirmir ona məktub yazırdım. Ona Teatr İnstitutuna daxil olduğumu, burda
hamının onu sevdiyni yazırdım. Əlbəttə,
bu məktublarda Ərtoğrolun ölümünü gizlədirdim...
Düşünürdüm ki, onun dərdinin
üstünə dərd qoymaq lazım deyil. Özü gələr,
özü bilər...
Zaman: -
Müqəddəs yalançı məktublar. Xoşbəxt
yaşayan sevimli qızın məktubları. Cavid çoxdan canını tapşırıb.
Məktubları o yox, (özünə işarə
edir). Zaman oxuyur.
Mən: -
1948-ci ildə heç gözləmədiyimiz halda bir
bildiriş aldıq...
Zaman: - 59
yaşlı Hüseyn Cavid sepsisdən, iki ayağın pəncəsinin
donması və ürək iflicindən 1941-ci il
dekabr ayının 5-də gecə saat 22.30-da vəfat
etmişdir. 21 saylı əlillər
zonasının rəisi Sinitsın, həkim Vartminski, palata
növbətçisi Fisunenko.
Mən: -
Bəs mənim bu müddətdə babama yazdığım məktublar?
Bəs mənim babama çatmalı olan məktublarım
haradadır? Kimə çatıb o məktublar?!
Kim məndən icazəsiz oxuyub o məktubları?!
Axı niyə? Nə haqla?!
Davamlı məktublar yazırdım. Maqadandan məktub kəsiləndən sonra yazdım
ki, məktub almırıq.
Zaman: -
Onlar da başqa bir ünvan göndərmişdilər:
İrkutsk vilayətinin Bratsk şəhəri.
Mən: -
Ora da yazdım.
Zaman: -
Ordan da cavab alınmadı.
Mən: -
1948-ci ildə Ananı çağırıb bizim
yaşadığımız rayonun VVAQ idarəsindən
ölüm şəhadətnaməsi vermişdilər. 1956-cı ilə qədər Ana həmin şəhadətnaməni
məndən gizləmişdi.
Zaman: - Azərbaycanda
Hüseyn Cavidin ölümü haqqında qeydiyyat vəfatından
7 il sonra - 1948-ci il martın 31-də
aparılıb, ölüm şəhadətnaməsi isə
1948-ci il mayın 4-də ailəsinə verilib. Ölüm
tarixi dəqiq göstərilsə də, vəfat etdiyi yer
bildirilməyib. Şəhadətnamə
Caparidze rayonunun VVAQ bürosu tərəfindən təqdim
olunub.
XVIII səhnə
Zaman: -
(Stalinin ölümü haqda xəbəri oxuyur). 1953-cü il martın 5-də Stalin...
Mən: -
Gəbərdi!.. (əli
ilə ağzını tutur, yavaşca). Gəbərdi!.. (ucadan) Gəbərdi!..
Zaman: -
Stalin öldü, üç il sonra
1956-cı ildə Cavid bəraət aldı. Bəraət
müjdəsini alan Mişkinaz - Ana hər
zamankı təmkinliyini, mətinliyini itirmişdi.
Ana: -
Ərtoğrol, ay oğul, hardasan?
XIX səhnə
Zaman: -
Ən çox kimə ehtiyac duyursan?
Mən: -
Ərtoğrola.
Zaman: -
Cavidin həyatında rəqəmlərin mistikası var.
Mən: -
Hə. Atanın saxlandığı kameranın nömrəsi
qırxdan bir əskik idi... Yəni 39. Ailəsi ilə son görüşü 39-cu ilin
iyulunda oldu. Cavid 59 yaşında vəfat
edib. Sibirdəki qəbrinin nömrəsi də
59 idi. Ölüm aktı da 59 nömrəliydi.
Məqbərədə Cavidlər 59 ildən
sonra (1937-96) görüşdülər. Məqbərənin
inşaya başlandığı gün (3 iyun 1996) Cavidin
düz 59 il əvvəl (3 iyun 1937) həbs
olunduğu gündü. Cavid cib dəftərçəsinə
başının ölçüsünü qeyd edib - 59.
Mənim tələbə biletim də 59 nömrəlidir.
1982-ci ildə Cavid vətənə gətiriləndə
mən də, bu işin təşəbbüskarı Heydər
Əliyev də - hər ikimiz 59 yaşındaydıq.
XX səhnə
Mən: -
Əgər Heydər Əliyev olmasaydı, Cavidin Azərbaycana
gətirilməsi baş tutmazdı. 1937-ci il
repressiyasının qurbanlarından heç birisinin nəşi
vətənə gətirilməmişdi. Bu, SSRİ-də
yeganə hadisəydi... Səksən ikinci ilin
oktyabr ayı qədər dəhşətli ay təsəvvür
etmirəm. Bir tərəfdən Cavidin 100
yaşı tamam olur, digər tərəfdən, Ana yoxdu.
Zaman: - Cənazəni
gətirməyə gedənlərin məqsədləri
oymuş ki, ordan birbaşa Moskva - İrəvan reysilə
uçsunlar. İrəvanda - belə
planlaşdırıblar Naxçıvandan Cavidin
obrazlarında aktyorlar gəlsin və cənazəni onlar
aparsın.
Mən: -
Sonralar mən onlara dedim bunu, necə insafınız yol verirdi
ki, Cavid Azərbaycana İrəvandan daxil olsun. Amma
yaxşı ki, bu plan baş tutmur.
Zaman: -
İrkutskdan Moskvaya uçanda radioqramma alırlar ki,
birbaşa Bakıya gəlmək lazımdır.
Mən: -
Ömrümdə mənim o qədər əzab çəkdiyim
olmayıb. Heç nədən xəbərim
yoxdu. Ayın 26-da Mədəniyyət
Nazirliyindən zəng vurdular ki, Cavidin cənazəsi gətirilir,
saat 3-də işçilərlə olarsız aeroportda. Bunu eşidəndə dəhşətə gəldim.
Bu barədə heç kəs mənə
heç nə deməmişdi. Hara zəng
vurmaq lazım gəldiyini bilmirdim. Birbaşa
gəldik hava limanına. Həbibə Məmmədxanlı
da mənimlə idi. Biz ora çatanda cənazə
artıq meydanda qoyulmuşdu. Yaxınlaşdıq
tabut qoyulan hissəyə.
Zaman: -
Hansı hissləri keçirdiniz?
Mən: -
Belə hallarda ən asan hal ağlamaqdı. Ətrafda
heç kəsi görmürdüm. Biz
qarşılaşanda baba 18 gün məndən böyük
idi.
Mən:
(Yaxınlaşıb tabuta əlini ehmalca sürtür). - Biz
sonuncu dəfə ayrılanda üç nəfər idik. İndi səni tək qarşılayıram.
Zaman: -
Amma ağlamadın...
Mən: -
Ağlamaq, kədərin ən aşağı qatıdı.
XXI səhnə
Mən: -
Gecə yuxuda Ananı görmüşəm.
Zaman: -
Necə gördün?
Mən: -
Evimizin eyvanı Qoşa Qala Qapıya baxır. Görürəm
ki, həmin istiqamətdən evimizə tərəf sel gəlir.
Ana da selin içərisindəydi. Çox nigaran oldum. Amma evə girəndə
gördüm ki, üstü-başı qupqurudu...
(Musiqi)
Mən: -
Heç islanmamısan.
Ana: - Səni
aparmağa gəlmişəm.
Mən: -
Seldən qorxuram.
Ana: -
Qorxma, səni quru yollarla aparacam.
(Musiqi)
Zaman: - Nə
olub?..
Mən: -
Gedirəm.
Zaman: -
Hara?
Mən: -
... (Sükut).
Zaman: - (ətrafa)
Susmaq! O da başqa dürlü fəryad.
Mən: -
Görürsən, necə tərləmişəm? Bu əcəl
təridi...
Zaman: - Sən
hələ çox yaşayacaqsan...
Mən: -
Deyirsən qurdnan qiyamətə qalacam?
Zaman: -
Əlbəttə...
Mən: -
Zarafat vaxtı deyil...
Zaman: - Bəlkə
sizi xəstəxanaya aparaq?
Mən: -
Yox!
Zaman: -
Ağrı isə onu qovururdu...Təcili yardıma zəng
vurdum. On dəqiqədən sonra iki həkim
qadın gəldi. O isə sakitcə uzandı. Gözlərini otağın divarlarında gəzdirdi
və iri dolabın üstündəki üç şəklə
- özünün qibləgahına - Cavid əfəndinin,
Mişkinaz xanımın və Ərtoğrolun şəkillərinə
tərəf boylandı. Baxdı, baxdı,
baxdı və gözlərini yummadı.
...Keçindi... Miokard infarktından sonrakı
kardioskleroz. Ürək astması. Ağ ciyər odemi. Təkrar
miokard infarktı.
"Ölmək
yaşamaqdır..."
Şaşırdım
kaldım iştə,
bilməm ki, nəyimsən?
Bəzən
qızqardaşımsan,
bəzən
öpöz annəmsən.
Sultanımsan
susunca,
danışınca
köləmsən.
Əksilməyən çiləmsən.
Orada
üfüq cizgim,
burada
yanım, yörəmsən.
Məni
ruh kimi saran
sonsuzluq
dairəmsən...
Çarəsizəm...
Çarəmsən...
Şaşırdım
qaldım iştə,
bilməm ki, nəyimsən?
Mən: -
Ey fələk, keçdi zaman dalğa kimi...
İşıqlar sönür.
Pərdə
Son
Avqust, 2022
Azər Turan
Ədəbiyyat qəzeti.- 2022.- 13
avqust.- S.10-11-12-13.