Oyuncaq
Hekayə.
Liseydə dərsi bitirəndə gimnaziyaya
çatmağım üçün cəmi 15 dəqiqə
vaxtım var idi. Direktor məsələ deyil, şagirdlərin
qarşısında məsuliyyətsiz kimi görünmək
olmazdı. Bir dəfə özüm geciksəm,
sonra dərsə vaxtında girməyən heç bir
uşağa söz keçirə bilməzdim.
Taksi sifariş etdim. Marketin
qarşısı ilə baş yola çıxmadan
körpüyə yan aldıq, oradan Ziya Bünyadov prospekti ilə
gəlib Nəriman Nərimanov istiqamətinə döndük.
Şəki dairəsindən çıxıb
"Nənəmin təndiri"nə, oradan da gimnaziyanın
qarşısına çatıb düşdüm. 3 dəqiqəm qalmışdı, ikinci korpusa,
3-cü mərtəbəyə, 5-cilərin otağına zənglə
eyni vaxtda çatdım.
- Salam,
uşaqlar.
- Salam,
müəllim.
Çiçək
kimi, işıl-işıl uşaqlar... Ən
arxada Fatimə oturmuşdu. Gözləri dolu... Nə baş verdiyini soruşdum, demədi. Üstünə getmədim. Saçını
sığallayıb qələminin çox qəşəng
olduğunu dedim. Üzü güldü.
"Bufetdən almışam, bir dənə
qalmışdı" dedi. Lövhəyə tərəf gələndə
çağırdı:
- Müəllim,
deyim, nə olub?
- De,
qızım, kim dəyib xətrinə?
- Deyiblər
ki, mən o biri sinifdəki Elnuru sevirəm...
Gülümsədim, "yalan deyirlər?"
soruşdum.
- Əlbəttə, yalan deyirlər.
- O zaman hər
şey qaydasındadır ki. Kiminsə
yalanına görə üzülməyə dəyməz.
Boş ver.
Verdi, deyəsən.
Dərsə başladıq. Keçən dərs
oxuduğumuz əfsanənin - "Ana maral"ın
süjetini xatırlatmalarını istədim. Hissə-hissə danışdılar.
Danışdılar ki:
"Ovçu Nurəli evə pərişan gəlir. Arvadı
soruşur ki, niyə kefin yoxdur? Kişi
deyir, bundan sonra ova getməyəcəyəm. Altmış ildir ov edirəm, altmış ildir,
maral, ceyran ovlayıram. Bu gün bir ana
maralı xallı bəbir qova-qova mənə tuş etdi.
Bəbirə güllə atdım, aralandı.
Onun ovuna özüm yiyələndim. Maral qaçdı, mən qovdum, mən atdım, o
sindi, nişangahdan yayındı. Yalnız bir səmtə
can atırdı. Hiss edirdim ki, körpə balaları var,
özünü onlara çatdırmaq istəyir. İkimiz də üzülüb əldən
düşmüşdük. Nə o qaçıb
canını qurtara bilirdi, nə də mən əl çəkirdim...
Axırda yazığı qovub
çıxılmaz bir qayalığa saldım. Lap yaxına gəlib xeyli tamaşa etdim. Gördüm yox, maral heç özündə deyil,
tez-tez həmin səmtə boylanır. Tüfəngi
gözümün tuşuna qaldırdım, niyyətimi
başa düşən maral yanıqlı bir mələrti ilə
mənə yalvardı. Tüfəng
gözlərimdən enmədi. Birdən möcüzə
baş verdi. Maralın soyuq
daşlara fışqıran isti südü gözlərimi
tutdu. Peşmançılıq var
gücüylə əllərimi vurdu. Tüfəngi
çiynimə keçirib marala yol göstərdim. Yazıq heyvan məni anladı. Qabağıma
düşdü, yola düzəldik. Amma
gözlərindəki təlaş çəkilib getmirdi.
Bilirdim ki, xallı bəbirin zəhmi onu titrədir.
Ana maralı bu məskəndə tək qoymaq
olmazdı. Birdən şaqqıltı
qopdu. Qayanın arasında pusquda duran
xallı bəbir ox kimi süzüb maralı süpürlədi.
Tüfəngin nə vaxt açılmasından
xəbərim olmadı. Onu gördüm
ki, xallı bəbir qorxunc bir nərilti ilə yerdə,
maralın ayaqları altında qıvrılır. Maralı düz balalarının yanına qədər
ötürdüm. Geri döndüm. Bundan sonra acından ölsəm də, ovçuluq
eləmərəm, nahaq qan tökmərəm.
Arvadı
dedi ki, a kişi, axı sən pis iş
görməmisən, niyə üzülürsən?
Nurəli bu günə kimi etdiklərinin
peşmançılığını çəkirdi. Beləcə
dərddən xəstə olub, yatağa düşdü.
Həkimlər dərmanının maral
qatığı olduğunu dedilər.
Nurəli
lap ağırlaşanda dedi:
- Arvad,
qab götür, eşiyə çıx, maral mənə
süd gətirib.
Arvadı elə bildi, ərinin son nəfəsidir,
sayıqlayır. Ancaq özünü sındırmadı,
sərnici götürüb bayıra çıxdı. Təəccübdən yerində dondu. İribuynuzlu, qumral ana maral astanada
dayanmışdı. Onun yelinindən
süd axırdı. Arvad tez sərnici
bulaq kimi qaynayan südün altına tutdu. Sərnic ağappaq köpüklü südlə
doldu. Arvad baxıb-baxıb ah çəkdi:
- Həkim
qatıq demişdi, ay maral, sən süd verirsən...
O,
südlə dolu sərnici götürüb içəri
keçmək istəyəndə maral ona mane oldu. İsti südün içinə hər
gözündən bir damla yaş saldı. Süd o saat qatığa çevrildi. Fatimə maralın üzünü,
gözünü tumarlayıb yola saldı".
Tapşırıq vermişdim ki, hər kəs əfsanəyə
nəsə əlavə etsin. Obraz, hadisə, fakt
artırsın. Hadisənin əvvəlini və
ya davamını yazsın. Şagirdlərdən
kağızları yığdım, təkcə Çingizin
kağızı qaldı. O, çantasını
açıb bir oyuncaq çıxardı. Yumşaq
tüklü oyuncağını mənə uzadıb:
- Müəllim,
mən ana maralı gətirmişəm, - dedi.
Böyük ehtimalla, tənbəlliyindən belə bir
variant fikirləşmişdisə də, xoş oldu. Yaradıcı
idi.
Arxada
gülüşmə başladı:
- O maral
deyil ki, kərgədandır, - dedi biri. Başqası: "nə
bilirsən, anadır, bəlkə ata maraldır", - dedi.
Mən uşaqların üzünə baxanda susdular. Çingizin
parta yoldaşı - Yorqos maralı əlinə
götürüb "olar, biz bunu səhnələşdirək?"
soruşdu. Razılıq verdim.
Çingizin sinifdə ən yaxın dostu da elə Yorqos
idi. İkisinin də atası gəmiçi idi. Səhayət
zamanı Yorqosun atası ilə Çingizin atası tanış olub, dostlaşmışdılar. Gediş-gəliş yaranıb, Çingizin atası
Törəqul Yunanıstana gedib, Yorqosun atası Bakıya gəlib.
Gəlişlərinin birində bir qız görüb, bəyənib,
iş elə gətirib ki, elə burada da ailə qurub, məskən
salıb. Uşaqlar da eyni məktəbə, eyni sinfə gəlib,
möhkəm dost olublar.
Həmin gün sonuncu dərsdən çıxanda
Çingizi çöl qapıda gördüm. Niyə getmədiyini
soruşdum? Maralını itirdiyini, tapmayınca getməyəcəyini
dedi. Dilə tutdum, tapılar dedim, and-aman elədim, gəlmədi
ki gəlmədi.
Çingizlə birlikdə həyətə keçdik,
oturduq.
-
Çingizim, mənə başa sal görüm, nədir
axı bu maralı belə önəmli edən? Get, evdəkilər
də narahat qalmasınlar, sabah taparsan.
- Yox,
müəllim, atam verib onu mənə, o hər dəfə səfərə
gedəndə maralı özümlə gəzdirirəm, gecə
də onunla yatıram, gündüz də çantamda
saxlayıram. Maralıma nəsə olsa, atam geri
gəlməz.
-
Ağıllım, belə şeylərə inanma ki. Atan da sağ-salamat gələcək, sən
yaxşını düşün, yaxşı fikirlər yay ətrafına,
hər şey də yaxşı olacaq.
- Yox da,
yox. Siz bilmirsiz, maralımı tapmasam, getməyəcəyəm.
Biz
oturduğumuz vaxt Yorqos gəldi, "axtarıram, axtarıram,
tapmıram", - dedi.
Qapıda
dayanan maşında Yorqosun atasını gördüm,
uşaqları qapıya kimi gətirdim:
- Müəllim,
salam, necəsiz? Evə?
Gəlin, sizi də aparım, - dedi. Qonşu
binalarda qalırdıq deyə, adətən, yol yoldaşı
olurduq.
- Yox, hələ
kursa getməliyəm, yaxşı olar ki, Çingizi də
qoyasız evlərinə, nəsə narahat görünür.
- Baş
üstə, gəl, Çingiz, - deyib uşaqları
maşına mindirdi.
Çingizi növbəti gün görmədim. Dərsə gəlməmişdi.
Yorqosun nəsə bilib-bilmədiyini soruşdum, xəbəri
olmadığını dedi. Sinif rəhbərinə
mesaj yazdım, o da xəbəri olmadığını, əlaqə
saxlayıb məlumat verəcəyini yazdı.
Tənəffüsdə
sinif rəhbəri yaxınlaşdı:
- Müəllim,
Çingizgilə zəng vurdum, telefonu açan olmadı. Onun xalası qızı mənim sinfimdədir,
soruşdum, deyir atasına nəsə olub, ona görə gəlməyib
dərsə.
- Nəsə
olub nədir? Dəqiq bir məlumat yoxdur?
- Yox, eləcə
dedi ki, nəsə olub.
Ayrılıb Yorqosun atasına zəng vurdum, Törəqulu
soruşdum. O
da dəqiq məlumat olmadığını, ancaq deyəsən,
Qara dənizdə gəmilərinin vurulduğunu dedi.
Bir neçə gün əvvəl Ukrayna taxılını
limanlardan çıxarmaq üçün müqavilə
bağlanmış, Türkiyə həmin taxılın
daşınması üçün ciddi işlər
görmüşdü. Yüklər bir gəmidən başqa gəmiyə
daşınmışdı. Yükü qəbul
edən gəminin kapitanı da Törəqul idi. Bütün bunları Çingizin dərsə gəlmədiyi
gün öyrəndim. Onu da öyrəndim
ki, müqavilə imzalansa da, elə həmin gün Rusiya gəmilərə
raket zərbəsi endirib. Əlaqə də
kəsilib.
Hələ heç nə dəqiq deyildi. Törəqulun sağ
olub-olmadığı, yaralandığı, xilas edildiyi və
s. barədə də heç kim heç
nə bilmirdi.
Dərsdən sonra Yorqosu da götürüb
Çingizgilə getdim. Evdə çox adam var idi, yas
havası idi. Hər kəs ümidlə bir xəbər
gözləyirdi, içəri keçmədən
Çingizi səslədim. Məni
görüb qaça-qaça gəldi. Boynumu
qucaqladı:
- Müəllim,
nə olar, maralımı tapın, - dedi, sonra
hönkürtü ilə ağladı.
Çingizi
sıxıb "sakit ol, taparıq, gələn dəfə
maralı gətirib gələcəyəm", - dedim.
- Mənə
heç vaxt yalan danışmamısız, inanıram, - dedi.
Gün boyu eləcə Çingizin atası haqqında
düşünür, həm də maral məsələsini
necə həll edəcəyimi götür-qoy edirdim. Əvvəl
düşündüm ki, təzəsini alıb aparım, fərqi
hiss etməz yəqin. Amma mənə necə
inandığını düşünüb, yalansız bu məsələni
həll etmək istədim.
Evə çox gec çatdım. Yeməyə
iştahım olmadı, divanda uzanıb televizoru
açdım. Xəbərlərdə
Rusiyanın Ukraynaya hücumundan, gəminin vurulmasından
danışırdılar, amma Törəqul haqqında
heç nə deyən yox idi.
Sonra kino kanallarına çevirdim. "Antixrist"i
görüb təəccübləndim. Çoxdandır,
film siyahısına yazmışdım, amma yarıdan baxmaq
istəmirdim. Kanalı yenə
çevirdim. Heç nə tapmayıb
gözümü yumdum.
Şiddətli qapı döyülməsinə axşam
10-un yarısında oyandım. Qapıya
yaxınlaşdım, gözlükdən baxanda heç nə
görmədim. Qapını açıb
Yorqosu gözünün altı göy, dodağı partlaq
gördüm.
- Nə
olub sənə? Niyə bu haldasan? - soruşdum.
- Müəllim,
xahiş edirəm, gedək də.
- Yorqos,
bir sakitləş görək, içəri keç, niyə
üzün-gözün bu gündədir? Sən
əlini-üzünü yu, mən dərman gətirim.
- Yox da...
Xahiş edirəm tez. Çingizgildə
atam da. Gedək də.
Bu
alayarımçıq cümlələri qurarkən əlində
tutduğu oyuncağı göstərdi:
-
Çingizin maralıdır, tapmışam.
Maralı görəndə, artıq ayaqqabımı
geyinmişdim.
Qapını bağlayıb evdən
çıxdıq. Yol boyu Yorqos mənə
olanları danışdı.
İki gün sinifdəki bütün oğlanlarla
dalaşıb, maralı kimin götürdüyünü
soruşubmuş. Heç kim etiraf etməyincə,
yumruqlaşıblar. Gün boyu ata-anası
Çingizgildə olduğundan Yorqosun vəziyyətindən də
heç kimin xəbəri olmayıb, düşünüblər
ki, dərsdən gəlib, yeməyini yeyib, sonra da yatıb.
Yorqos ən son sinif yoldaşları Rəsul və Faiqlə
dalaşıb, yaxşıca söyüşlər
söyüb, buna görə də dodağını
partladıb, gözünü göyərdiblər. O da sinif
yoldaşlarını bəzəyib. Axşam Rəsulun
ata-anası uşağın nə üstə
döyüldüyünü soruşublar, məlum olub ki, maral
da elə Rəsulda imiş. Çingizin
maralını götürüb rəngləyib, buynuz taxıb
kərgədan edəcəkmişlər. Sonra
da Çingiz maral söhbətini böyütdükdə,
qorxularından heç nə deməyiblər. Rəsulun atası maralı Yorqosa gətirib ki, səhər
Çingizə versin. Yorqos da səhəri
gözləməyib, gecə ilə bizə gəlib ki,
maralı aparıb verək.
Çingizgilin qapısına çatanda hər kəsin ümidsizliyə qapıldığını, ağlamaqdan gözlərinin şişdiyini gördüm. Təkcə Çingiz bizə reaksiya verdi. Yorqos da qaça-qaça Çingizin yanına getdi:
- Tapmışam, maralını tapmışam, bax...
Səsə hər kəs döndü, ən çox heyrətlənən Yorqosun atası idi, nə olduğunu anlaması üçün xeyli vaxt lazım gəldi. Bu səs-küy də bir neçə dəqiqədən sonra öz yerini sükuta buraxdı.
Səssizliyi pozan telefon zənginə Çingizin anası qaçaraq getdi. "Bu kimdir? Xarici nömrədir?" deyə-deyə cavab verdi:
- Alo, hə, həəəə, Törə... Törəəə. Sənsən? Ay Allah. Allah sənə şükür, ay Allah, sənə şükür, ay Allah. Hardasan? Necəsən, nə olub, heç nə olmayıb ki, düzünü de, düzünü de, yaxşısanmı...
Qadın o qədər sual verdi, cavab aldıqca gözləri doldu, iki dəfə ağladı, sonra özünə toxtaqlıq verdi. Sakitləşdi. Dəstəyi qoyub "sağdı, sağdı... gəlir", - dedi.
Hər kəsin gözü parıldadı. Sevindilər, sakitləşdilər. Çingizin anası telefonu götürüb həmin nömrəyə bir də yığdı, "ürəyim rahat olmaz, şəkil göndər, görüm ki, salamatsan", - dedi.
Yorqos da Törəqulla danışdığını, yaxşı olduğunu dedi. Onu da dedi ki, Rusiyanın həmin gəmiləri vuracağını bilirmişlər, ona görə də taxıl daşınmayıb, heyət də keçib taxıl yüklü olan gəmiyə. Törəqulun gəmisini də suya buraxıblar. Uzaqdan idarəetmə ilə sahildən xeyli aralayıblar. Gözlədikləri kimi də olub, gəmini vurublar. Şübhə yaratmasın, birinci gəmi də vurulmasın deyə, heç bir məlumat verilməyib.
Yorqos danışdıqca Çingizin anası əlində telefonla yanımıza gəldi:
- Baxın, necə yaxşı görünür, heç nəyi də yoxdur, - dedi.
Şəklə baxdıqca Törəqulun
gülən üzü, bir də nəhəng gəmi diqqətimi
çəkdi. Gəminin üstündə sarı və
göy hərflərlə "B³liy korabelğ"
yazılmışdı.
ADƏM
(Nizami
Hüseynov)
Ədəbiyyat qəzet.- 2022.- 13
avqust.- S.18;19.