Qalib

 

 Hekayə.

 

 

Tam adı-soyadı Aleksandr Stepanoviç Qrinevski olan Aleksandr QRİN (1880 - 1932) görkəmli rus nasiri və şairi olmaqla yanaşı, romantik realizmin (neoromantizmin) də təmsilçisidir. Yaratdığı nəsr əsərləri fəlsəfi, psixoloji və fantastik ünsürlərlə zəngindir.

6 romanın ("Gözqamaşdıran dünya", "Qızıl zəncir", "Dalğaların üzəriylə qaçan", "Heç yerə aparan yol", "Afrika dağlarındakı xəzinə", "Cessi və Morgiana"), 6 povestin, yüzlərlə hekayənin və onlarla şeirin müəllifidir.

Yazara məşhurluq qazandıran ən önəmli əsəri isə "Al qırmızı yelkənlər" (1923) povestidir.

 

Qalib

 

Ey heykəltəraş, gəl, bu yapışqanlı

üzüyola gil qarışığını adicə

kündə kimi yoğurma sən...

 

Teofil Qotyenin "Sənət" şeirindən

1

 

Qapını örtüb, yağışda islanan paltosunu asqıya keçirən Gennison dedi:

- Hə, Cen, ən nəhayət, tale bizim də üzümüzə güləcək. Bayırda zəhlətökən bir hava ola bilər, ancaq qəlbim gözəl bir havasatla doludur. Professor Sters ilə rastlaşdığım üçün bir qədər ləngidim. O, heç gözləmədiyim müjdələri paylaşdı mənimlə.

Bunları söyləyən Gennison otaqda var-gəl edir, masadakı süfrəni çaşqınlıqla süzür, buzlamış əllərini bir-birinə sürtürdü: bu jest isə qarnını nə cürsə doyurmağa ümidlər bəsləyən, ancaq bu barədə bəxti heç gətirməyən birisinə xas ola bilərdi.

Cavan bir qadın olan Cenin aşkar çılğınlıq yağan baxışlarında tələbkar və əsəbi bir ifadə sezildi. O, yarıkönül gülümsədi:

- İstənilən gözlənilməz şeydən mən adətən hədsiz ehtiyatlanıram, - deyən qadın yeməyə başlamaq istəsə də, ərinin təlaşa qapıldığını görüb, yerindən qalxdı, ona yanaşıb, əliylə çiyninə toxundu:

- Acığın tutmasın ha. Sadəcə demək istədim ki, adətən sənin bu cür "gözlənilməz müjdələr" gətirdiyin günün sabahısı evimizdəki pul-bərəkət harayasa qeybə çəkilir.

Gennison ona etiraz elədi:

- Ancaq deyəsən, bu dəfə qazancımız həqiqətən artacaq. Çünki Sters və müsabiqənin münsiflər heyətində səs haqqına malik daha üç nəfər emalatxanama baş çəkmək niyyətindədir. Həm də görünən odur ki, mükafatı məhz mənə verəcəklər. Əlbəttə, bu cür işlərdə əminlik - nisbi anlayışdır, həm də Punk, Staorti, Belqrav və digərləri kimi, mənim iş üslubumu da seçib-tanımaq xeyli asan məsələdir, elə bu səbəbdən də Sters dedi ki: "Əzizim, axı "Yoxuşlu cığırla qalxarkən əllərində kitab tutan və körpəsini başı üstə qaldıran qadın" fiqurunu yaratmaq məhz sizin ağlınıza gəlibdir". Aydın məsələdir ki, mən buna etiraz elədim, o isə məndən hər hansı söz qopara bilməyincə, söhbətə bu cür nöqtə qoydu: "Deməli, şərti olaraq sizinki sandığım o heykəlin qalib gəlmə ehtimalı xeyli yüksəkdir və (diqqət yetir ha, o belə dedi) başqalarıyla müqayisədə o heykəl bizim daha çox könlümüzə yatır (deməli, bu barədə aralarında artıq söhbət düşübmüş). Ancaq hələlik siz bunu bir sirr kimi tutun. Məhz rəğbət və böyük ümidlər bəslədiyimdən mən bu məsələni sizə açdım. Gedin, işlərinizi yoluna qoyun".

Cen dilləndi:

- Əlbəttə, sənin dəst-xəttini tanımaq müşkül deyildir, ancaq artıq əldən düşübsən və çıxdığın bu uzun yolun sonunda səni hansısa istirahətin gözlədiyinə də adamın heç inanmağı gəlmir. Sters başqa nələr dedi?

- Dediyi digər məqamları unutmuşam. Sadəcə, bu indi bölüşdüklərim yadımda qalıb və hətta evə qədərki yolu necə gəldiyimi də xatırlamıram. Çünki o üç minlik mükafat məbləğini mən inanılmaz bir yuxu kimi təsəvvürümə gətirirdim. İnanıram ki, nəticə elə umduğum kimi də olacaq. Dolaşan şayiələrə görə, Punkun da əsəri səviyyəlidir, amma mənimki ondan daha üstünmüş. Gizerin əsərində isə təsviri özəlliklər anatomik cəhətlərin kölgəsində qalıbmış. Bəs, görəsən, o, Sters Ledan barədə niyə heçcə nə demədi axı?!

- Ledan da müsabiqəyə qatılıb ki?

- Yəqin ki, yox, əks halda, onun da adını dilinə gətirərdi. Ledan heç vaxt tələsik iş görməz. Amma yaxın günlərdə özü mənə etiraf eləmişdi ki, ləngiməyə də haqqı yoxdur, bir-birindən kiçik düz altı övladı var və onlar da çox yəqin, bu mükafata göz dikiblər. Niyə fikrə daldın belə?

Cen fikirli halda dilləndi:

- Düşünürəm ki, Ledanın bu işin öhdəsindən necə gələcəyini bilmədiyimiz müddətcə, uğurdan tam əmin olmamız tezdir.

- Əzizim Cen, hə, Ledan məndən daha istedadlıdır, ancaq məlum iki səbəbə görə o, bu mükafatı qazana bilməz. Bunlardan birincisi - onun özündən hədsiz razılığıdır. İkincisi, böyük nüfuz sahibləri onun üslubunu bəyənmirlər. Axı mən bütün bu incə məqamlara yaxşıca bələdəm. Sters onu da vurğuladı ki, mənim "Qadın" əsərim - elm məfhumunun ən uğurlu simvoludur, çünki qadın əlində tutduğu körpəni, yəni Bəşəriyyəti, Bilik zirvəsinə doğru aparır.

- Orası elədir... Amma o, niyə Ledan barədə heç nə deməyib?

- Kim?

- Stersi deyirəm.

- Ola bilsin, onu sevmir, hə, sadəcə sevmir. Zorla da sevəcək biri deyil. Bunu ancaq belə yozmaq mümkündür.

Bu gərgin söhbət Liss şəhərində universitet binası tikəcək memarlıq komissiyasının elan etdiyi müsabiqə ilə bağlı idi. Binanın əsas portalında bürünc heykəl ucaltmaq barədə qərar verilmiş və şəhər rəhbərliyi ən uğurlu layihə üçün üç min funt məbləğində yeganə mükafat təsis eləmişdi.

Naharı bitirdikdən sonra Gennison alacağı mükafatı nəyə xərcləyəcəkləri barədə Cen ilə söhbətə girişdi. Müsabiqəyə qatılmaq qərarına gələndən bəri keçən altı ay ərzində bu ər-arvadın apardığı müzakirələr hələ heç vaxt indiki qədər arxayın və canlı keçməmişdi. Son on dəqiqə ərzində Cen xəyalən ən bahalı mağazaları dolaşıb, xeyli əşya aldı, yaşadıqları tək otaqdan ayrıca mənzilə köçdü, Gennison isə şorba ilə kotleti bitirənə qədər xəyallarında Avropa səyahətinə çıxdı, qatlaşdığı onca aşağılanmadan və dilənçi həyat tərzindən yaxasını qurtardı, özünə şöhrət və firavan həyat bəxş edəcək yeni-yeni əsərlərə dair şirin xülyalar qurdu.

Söhbətin köpü yatandan sonra bu cütlüyün bayaqkı təpərindən heç bir əsər-əlamət qalmadı və heykəltəraş bitkin halda öz ətrafına göz gəzdirdi. Yaşadıqları bu məkan elə yenə dar bir otaqdan ibarət idi, ucuzvarı mebellərlə döşənmişdi, künc-bucağa isə sanki kasıblıq kabusları çökmüşdü. Hə, bir az da dözmək, gözləmək lazım gələcəkdi...

Özündən ixtiyarsız bir fikir Gennisonu narahat edirdi, hərçənd bu narahatlığı o, hələm-hələm boynuna almazdı. Saatına nəzər saldı - yeddiyə qalırdı - və yerindən qalxdı:

- Cen, mən gedim. Sənə də bəllidir ki, bu, nə narahatlıqdır, nə də həsəd. Məsələnin öz xeyrimə həll olunacağından əminəm... Ancaq hər ehtimala qarşı gedim görüm Ledanın heykəli orada deyil ki... Bunu edərkən mən hər hansı məqsəd-filan da güdmürəm. Həmişə, xüsusilə də özəl durumlarda, mümkün variantlara hazırlıqlı olmaqda fayda var.

Cen zənn dolu baxışlarını ərinə dikdi. Gennison kimi, elə ona da eyni fikir rahatlıq vermirdi, ancaq yenə də bunu büruzə vermədən tələsik dilləndi:

- Əlbəttə, əzizim. Əgər sən incəsənət məsələlərinə biganə davransaydın, bax, bu, mənə qəribə görünərdi. Tezmi qayıdarsan?

Paltosunu geyinib, şlyapasını taxan Gennison dedi:

- Həm də çox tez. İndi vur-tut ikicə həftə gözləməliyik də, elə?

Çöhrəsinə xoş təbəssüm qondursa da, Cen dərin inamdan məhrum bir səslə dedi:

- Hə, elədir.

Ərinin şlyapasının altından çıxan saçlarını səliqəyə salan qadın əlavə elədi:

- Sən get. Mən də tikiş işimə başlayım.

 

 

2

 

 

 

Müsabiqəyə təqdim olunan əsərlərin cəmləndiyi studiya Rəngkarlıq və Heykəltəraşlıq Məktəbinin binasında yerləşirdi. Həm də belə gec saatda orada Gennisonu çoxdan bəri və yaxından tanıyan gözətçi Nursdan başqa heç kəs olmayasıydı.

Məktəbə girən Gennison dedi:

- Nurs, zəhmət deyilsə, bu şimal tərəfdəki bölümün qapısını açın, mən öz əsərimə bir daha nəzər salmaq istəyirəm, bəlkə hələ nələrəsə əl gəzdirməm də lazım gələcəkmiş. Bu gün necə, çoxmu əsər gətiriblər buraya?

- Yanılmıramsa, cəmi-cümlətanı on dörd heykəl var, - deyən Nurs baxışlarını döşəməyə zillədi. - Bilirsiniz, məsələ nə yerdədir? Bircə saat əvvəl göstəriş aldım ki, daha içəri heç kəsi buraxmayım, çünki günü sabah bura münsiflər heyəti gələcək. Siz də razılaşarsınız ki, hər şeyin səliqə-sahmanlı olması arzuolunandır.

Gennison əlüstü razılaşdı:

- Əlbəttə, orası elədir, ancaq nəsə ürəyimə bir xal düşüb və mənə heç cür rahatlıq vermir, öz işimə daha bir yol nəzər salmasam, əsla rahatlıq tapan deyiləm. Məni sırf insan kimi başa düşün. Bunu heç kimə açıb-söyləmərəm və əgər özünüz də bunun üstünü açmasanız, məsələ tamamən üstüörtülü qalar. Hə... buna isə "Qrill-Ruma" kassasında yəqin, uyğun bir yer taparsınız, - deyərək, cibindən çıxartdığı sonuncu qızıl sikkəni o, Nursun tərəddüdlə açılan ovcuna basdı, sonra isə gözətçinin açıq ovcunu özünün imisti əliylə də yumdu.

Nurs dilləndi:

- Hə, bu narahatlığınızı mən də anlayışla qarşılayıram... Əgər, əlbəttə... Nə isə, ardımca gəlin.

Gennisonu onun "ümidlərinin gömüldüyü zindana" qədər müşayiət edən Nurs qapını açıb işığı yandırdı, özü kandarda dayanmaqla bu yüksək və soyuq məkanı süzməyə başladı: yaşıl mahudla üzlənmiş yüksək altlıqlar üzərində mum və gildən hazırlanmaqla, hərəkətsiz duran məxluqlar düzülmüşdü - heykəltəraşlar sanki bunlara sirli bir ruh üfləmişdilər. Məkandakı bu iki nəfər isə onları fərqli tərzdə süzürdülər: əgər Nursun qarşısında cansız kuklalar vardısa, Gennisonun qəlbini o anlarda mənəvi ağrılar və sarsıntılar gəmirirdi. Öz heykəlciyini tapdıqdan sonra onun baxışları nisbətən sığallı-tumarlı digər işlər fonunda Ledanın əsərini axtardı, durdu.

Həmin an qarovulçu Nurs dışarı çıxdı.

Üç-beş addım da irəliləyən Gennison hündürlüyü üç futdan artıq olmayan bəyaz bir heykəlin önündə ayaq saxladı. Ledanın mərmərdən yonduğu bu modeli məhz misilsiz xəfifliyə və cizgilərinin sadəliyinə görə o, bir baxmaqla tanımışdı. Əsər Punk və Proysa aid heykəllərin arasında durmaqdaydı: həm də öz zəhmətkeşliyi, fədakarlığı ilə tanınan Proysun bir simvol kimi seçdiyi və əlində tutduğu qalxanda şəhər gerbinin təsviri oyulan Yunonası indi adama necə də mənasız görünürdü! Heç Ledanın da xəyal gücü ona dərin heyrət hissi aşılamırdı. O, düşüncələrə dalan, önə doğru əyildiyindən büründüyü örtüyün altından bəzi əzaları gözə dəyən cavan bir qadın fiquruna üstünlük vermişdi, həm də bu qadın əlindəki çubuqla qumun səthində hansısa həndəsi fiqur cızmaqdaydı. Qadının iradəli, düzgün cizgilərə malik sifətindən soyuq bir qətiyyət yağırdı, qaşları isə çatılmışdı. Adama elə gəlirdi ki, onun irəli uzanan yaraşıqlı ayağının pəncə qismi fiquru cızarkən apardığı xəyali hesablamalara və işin təqtinə uyğun olaraq hələ tərpənir də.

Gennison qapıldığı heyrət və sarsıntıdan geri sıçradı. Ən nəhayət, əsl sənət adamı olaraq, bütün cürətini toplayınca isə etiraf elədi: "Hə-ə! Bax, budur ha sənət! Bu, günəş işığını əlinlə tutmağa bənzəyir. Sanki canlıdır. Həm nəfəs alır, həm də düşünür bu heykəl".

Bunun ardınca o, ağır-ağır özünün yaratdığı, qatlaşdığı sıxıntıların bir növ xilaskarı saydığı "Kitablı qadın" heykəlinə yanaşdı: indi o, yaralanan və öz yarasını həm loğman, həm də xəstə kimi süzən yarımcan biri kimi davranırdı. Heykəlin duruşunda o, bəlli bir gərginlik sezdi. Öz işindəki xırda əyər-əskikləri,dəqiq bədii həllin yoxluğunu ört-basdır eləməkdən ötrü aşkar sezilən başdansovdu məqamları da yaxaladı. Tək baxılınca, digərlərindən yaxşı sayılacaq bu heykəl Ledanınkına nisbətən xeyli zəif idi. İçinə dolan iztirab və qüssə hissilə, həmişə sadiq qaldığı yüksək ədalət hissilə o, etiraf elədi ki, Ledan - hətta Stersin rəğbət dolu dəstəyinə gərək duymadan da - mərmərdən istənilən fiquru yonmaq səriştəsinə malikdir.

Bu son bir neçə dəqiqə boyu Gennison sanki fərqli bir həyat yaşadı. Yalnız bu sayədə çıxartdığı nəticə və gəldiyi qənaət yalnız onun özünə xas olan, fərqli bir şəkil aldı. O, buxarı maşasını əlinə alıb, üç güclü zərbə endirməklə, öz əsərini bir qucaq gil yığınına çevirdi - o əsnada nə hönkürdü, nə dəli kimi qəhqəhə çəkdi, nə də çılğınlığa qapıldı - hər şey, tamamlanmamış bir məktub cırılıbmış kimi, məntiqli və maneəsiz tərzdə baş verdi.

Səsi eşidib, özünə tərəf qaçan Nursa isə o, belə dedi:

- Bu zərbələri əslində mən öz-özümə endirdim, hərçənd qırıb-tökdüyüm bu heykəl sadəcə əl əməyim idi. Sizdən buraları bir az süpürməyi rica edəcəyəm.

Nurs səsini başına atdı:

- Necə?! Siz bunu sındırıbmışsınız?.. Və sırf sizinki olduğu üçün?.. Sizə səmimi etiraf etməliyəm ki, bu heykəl başqalarından daha çox könlümə yatırdı. Bəs indi siz neyləyəcəksiniz?

Gennison sualı təkrarladı:

-Neyləyəcəm? İndicə barəmdə söylədiyiniz o tərifə layiq olmaqdan ötrü mən eyni əsəri gedib təzədən yaradacağam. Maşanı işə salana qədər buna olan ümidim hələ zəif idi. İstənilən halda o yöndəmsiz, şələsaqqal və bir cətən külfətin əsirinə dönən, amma istedadlı həmkarım Ledan isə artıq tamamilə arxayın ola bilər ki, münsiflər heyəti başqa bir seçimi qalmadığından məhz onu qalib seçəcəkdir.

 

 

Aleksandr QRİN

Tərcümə: Azad YAŞAR

 

Ədəbiyyat.- 2022.- 13 avqust.- S.20;21.