Minalanmış ərazilər: Allah, söz, müəllif...
I yazı
Allahla ilk dəfə
harda və necə rastlaşdığım
yadımda deyil. Məncə, burda təəccüblü
heç nə yoxdur, mən heç ilk addımımı,
ilk kəlməmi də
xatırlamıram. Anamın
anam, atamın atam olduğunu, evimizin evimiz olduğunu bildiyimi... Çox şeyi, hamımız kimi...
Amma ilk sözü
yazmağım yadımdadır,
harda, nə ilə nəyin üstünə yazmağım
da. Bağçamızda balaca bir kötüyün
üstündə oturmuşdum,
dəftər dizlərimin
üstündə idi,
qələmin rəngi
ağ idi,
başı göy, tilli qələm. Hərfləri bilirdim, söz düzəldə bilməmişdim ona kimi, yan-yana qoyduğum hərflər heç nə demirdi, atam da
hər dəfə baxıb başını bulayırdı: Söz yoxdur, boş şeydir.
Bir dəfə
öyrətmişdi, daha
etmirdi. Bircə dəfə hansı
hərfi hansının
yanına qoysam nəsə deyə biləcəyimi göstərmişdi,
vəssalam. Qızını sözlərlə başlı-başına
buraxmışdı. Mən
də hər dəfə ümidlə nəsə yazdığımı
fikirləşib ayağa
qalxırdım, yanına
qaçırdım, dəftəri
gözünün qabağında
tuturdum, əlindəki
bellə suyun yolunu döndərə-döndərə
deyirdi ki, yox, olmayıb..
Sonra necə
oldusa oldu. Təsadüfən oldu. Çünki olan halın
ardınca yenə olmayan hallar gəldi. Sonra anam dəftərimə baxıb bir sirri açdı: "A-ları saxla", - dedi, - "aradakı n-nı götür, yerinə t qoy. Ana. Ata".
Matdım-matdım bir dəftərə, bir qələmə, bir yazdığım sözə baxdım, canımı qorxu aldı. İlahi, nə
qorxuydu! Hələ də xatırlayanda
eyni şəkildə
qorxuram. N nə idi, t nə idi, hansını hardan götürüb hara qoyacaqdım ki, sözdən sonra yenə söz tapılsın.. a-nı
hardan tapacaqdım?
Allahın işi idi. Amma onda
Allahın işi olduğunu bilmirdim deyə, rastlaşdığımızdan
xəbərim olmamışdı,
xəbərim olmamışdı
deyə də qorxmamışdım. Söz
düzəldə bildiyim
gün yadımdadır:
Qorxu! Allahı bildiyim gün yadımda deyil: Qorxusuzluqdandır...
***
Adam sonra böyüyür, baxır ki, dünyada nəyin nə ilə, kimin kim
ilə yan-yana qoyulması nə qədər vacib məsələymiş. Aramıza
gələnlər, aramızdan
gedənlər.. Bir yerə yığılıb
söz olanlarla bir yerə yığılıb
söz düzəldənlər...
Birincilər müəllifdirlər... ikincilərlə işimiz
yoxdur...
***
Mənə gələn ilk, əl boyda kitabımı oxuya bilməmişdim. Baxa-baxa qalmışdım.
Gördüyüm ilk kitab deyildi,
atamın rəfləri
dolu idi, ha vərəqləyirdim, baxmağa
heç nə tapmırdım. Hamısı bir qaydada, hamısı
yan-yana hərflər,
dəftərimdə yan-yana
qoyub düzəldə
bilmədiyim sözlər
kimi heç nə demirdi hələ. Amma bu mənim kimi
balaca, mənim kimi beş-altı vərəqlik, mənim kimi şəkilləri bol, sözləri az olan bir kitab idi
deyə, həm də elə mənim olması üçün verilmişdi
deyə, yaddaşımdan
dördəlli yapışıb
bu günlərə kimi gəlib çatıb. Nənəm, zəhmiylə ad çıxarmış ucaboy,
qarayanız, qaşqabağlı
Emnə qarı da yadımda elə o kitabı mənə uzatmış halıyla qalıb. Nə ondan əvvəlini fikirləşə bilirəm,
nə ondan sonrasını. Kitabı uzadıb
"al" demişdi, almışdım.
Sonra soruşmuşdum ki, hardan olub? "Oğurlamışam", -
demişdi. Diksinmişdim. Deyəsən, Allahı o vaxta kimi o ciddiliklə
xatırlamamışdım; "Olmaz, götürə bilmərəm!". Nənəm pərt olmuşdu: "Niyə?". "Allaha
acıq gedər",
- demişdim, - "oğurlamısan".
Dilə tutmağa çalışmışdı: "Allah uşaqlardan incimir". "Səndən inciyəcək", - inadlaşmışdım.
Nənəm vəziyyəti
düzəltməyə çalışmışdı:
"Elə də oğurluq deyildi, bir baba qabağına
qoyub otumuşdu, dedim ver aparım
nəvəmə, dedi
götür". Nənəmə ürəyimdə yazığım
gəlmişdi, istəyib
almaqla oğurlamağın
fərqini bilməyən
nənə. Üstəlik,
kitab da rus dilindəymiş, bunu da vərəqləri
büküləndən, üz
qabığı qopub
düşəndən sonra
bilmişdim:
- Qusi, qusi!
- Qa. Qa, qa!
-Yest xotiti?
- Da, da, da!
Yaxşı ki, onda insanların
eyni hərfləri yan-yana qoyub bir-birlərini başa düşmək üçün
deyil, başa düşməmək üçün
sözlər düzəltdiklərindən
xəbərim yoxdu, yoxsa onsuz da
öz dilimdə sözləri söz edə bilməməyin qorxusunda qalan canımı hara qoyacaqdım?
Sonradan ha fikirləşdim,
nənəm nə ondan əvvəl, nə ondan sonra
mənə heç nə almamışdı. Almışdısa da yadımda qalmayıb. Allah da elə ordaca
növbəti günaha.
Ya da arzuya kimi
yadımdan çıxmışdı,
amma o əl boyda kitab böyüyüb
məktəbə gedəndən,
nənəm öləndən
sonra da bir müddət özümlə gəzdirirdim.
Bir gün, bilmirəm neçənci sinifdəydim,
o kitabı rəfdən
tapdım, anama dedim ki, nənəm
bu kitabı bir babanın qabağından oğurlayıb
gətirmişdi. Dedim, qanım
qaraldı. O vaxtlar hələ adam
olmamışdım, kitab
oğurluğunu halal hesab etmirdim. Anam o yandan cavab
verdi ki,
nə oğurluq, bazarda malını satandan sonra gedib pulunu verib
almışdı, satıcıda
ondan başqa xoşuna gələn kitab tapmamışdı deyə, rus dilində olmasına fikir verməmişdi.
***
Kadrlar yan-yana yığılanda həyatmı
yaranır? Kimin həyatı? Kimin üçün həyat?
Nə üçün həyat?
Bunları fikirləşməyə başlayanda
Allah çoxdan başımızın
üstünü kəsdirmiş
olur. Çoxdan bizimlə yol
gedib-gəlir, çoxdan
bizimlə bir süfrəyə əl uzadır. Bizimlə bir kiməsə yaxşılıq və pislik etmək barədə fikirləşməyə
başlamış olur...
Belə deyirik, çünki daha sözləri yan-yana qoyub düşüncəmizi də,
cümləmizi də,
həyatımızı da
heç kimə göstərib "alınıb"
deməsinə ehtiyac
hiss etmədən qurmağa
başlamışıq. Yolu alıb gedirik, deyirik ki, "söz-sözü
gətirər"... Söz sözü
gətirir gətirməsinə,
amma hərəmizi bir tərəfə göndərib ayrı salandan bəri kimin sözünün gedib kimin sözünü
gətirdiyi Allaha qalır.
Sonra kadrlar çoxaldıqca
lent tez-tez qırılmağa
başlayır. Lent qırılmağa başlayanda
Allah bölünməyə başlayır. Gedənin Allahı
olmur... muş, gələnin Allahı çox istəyir... miş.
Ölənin Allahı bilən məsləhət... miş.
***
İnsan elə əməldir ki, həyatı boyu nəyisə nəyinsə yanına qoymadan yaşaya bilmir. Yan-yana qoyduğu şeylərin arasında da itib-batır, yoxa çıxır, kölgəsində
əzilir, üstündə
əsir-yesir qalır,
özünü əlindən,
qolundan, ayağından
yığıb yan-yana
qoyduğu şeylərə
zəncirləyib çürüyür.
Deyəsən, söz yeganə şeydir ki, yan-yana qoyulanda bir mətləb hasil olmadısa uşaq oyuncağı kimi hər dəfə
qopub dağılır;
oldusa bağlasa da, zəncirləsə də, ağrıtsa da, öldürsə də insanı sağ saxlayır.
Orda ağlımıza gəlir
ki, anamız bizə heç vaxt deməyib: "O-nu götür, ö-nü qoy, gördünmü, Ol - Öl".
Bəxtimiz gətirib, Allahın hərfləri yan-yana gətirib söz düzəltməyi çoxdan
öyrəndiyi vaxta düşmüşük... - yaranmışıq.
Bəxti gətirənlər varsa, deməli, bəxti gətirməyənlər də
olub. Bəlkə Allah da öyrənə-öyrənə
neçə dəfə
yan-yana qoyulmayacaq hərfləri yan-yana qoyub, dünya da uşaq oyuncağı
kimi dağılıb.
"Hardansa başlamaq
lazımdır, səndə
alınacaq" - yalandan
da deyirik, amma arxayınıq ki, alınmayacaq, alınmayacaq işin pisliyindən qorxmağa dəyməz, vurub öz-özünü dağıdasıdır. İnamla da
deyirik, ümidlə də deyirik, qazanmaq üçün də, itirməmək üçün də.
Allah da bir yerdən başlayıb.
Bir gün olub.
Bir gün
"Ol" olub.
Belə güman edilir ki, sonra uzun
müddət səs-səmir
çıxmayıb. Çıxmayıb deyəndə çıxıb,
içindən söz
olanı çıxmayıb.
Allahın dünyanı, kişini
və qadını yaratmasıyla bağlı
zarafat yadınızdadırmı?
Məncə, söz barədə
bir az
vəziyyət fərqlidir.
Allah sözün hökmünü insana vermək qərarına gələndən sonra uzun bir dincliyə
çəkilib.
Bunu zarafata sala bilməzsən.
***
Dünyanın ən fırtınalı yeri müəllifin qəlbidir. Amma Yaradan dinclik axtaranda məhz ora üz tutur...
Bu barədə sonra...
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2022.- 13
avqust.- S.21.