Derek Volkotun  Antillər: Epik yaddaşın fraqmentləri

 

Nobel nitqi

7 dekabr, 1992

 

 

Derek Volkot (1930-2017) - şair, esseist, dramaturq. 1992-ci ildə "Multikultural öhdəliyin nəticəsi kimi ortaya çıxan tarixi baxışla möhkəmlənmiş parlaq poetik yaradıcılığa görə" Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.

Felisitidəki (bu, Trinidadda, Keroni kənarındakı yaşayış məntəqəsidir) geniş mərkəzi düzənlikdə indinin özündə də şəkər plantasiyaları var. Bu plantasiyalarda müqavilə əsasında keçmiş məhkumların (qamış kəsənlərin) əməyindən istifadə olunur. Odur ki, Felisitinin bütün əhalisi Şərqi Hindistan miqrantlarından ibarətdir. Amerikalı dostlarımı Felisitiyə apardığım gün də yolda qarşımıza ancaq hindlilər çıxırdı, ümid edirəm ki, sizi bunun çox dinamik, gözəl mənzərə olduğuna inandıracağam. Çünki həmin bazar günü hind eposu "Ramayana"nın motivləri əsasında hazırlanmış epik tamaşa Ramlilaya həsr olunmuşdu. Tamaşa başlamaq üzrəydi və yerli sakinlərdən ibarət kostyumlu ifaçılar rəngbərəng bayraqlarla bəzənmiş, yanacaqdoldurma stansiyasını xatırladan tarlaya yığışırdılar. Qırmızılı-qaralı köynəklər geymiş yaraşıqlı hind oğlanlar hədəfi nişan almadan günəşli səmaya ox atırdılar. Üfüqdə mavi dağlar, əlvan otlar, hava qaralanadək özünə bütün rəngləri hopduran buludlar...

Felisiti! Bu anqlo-sakson ad epik yaddaşa necə də uyğun gəlir! Tarlanın kənarındakı çardağın altında yekə qəfəslərə bənzəyən iri bambuk armaturlar görünürdü. Bu, nəhəng bir heykəlin bədən üzvləri idi - baldırı, ya da çanağı. Tamaşanın sonunda tonqala atılacaq tanrı heykəli. Bu qamış karkasa baxanda ağlıma vacib bir müqayisə gəldi. Ozimandinin yıxılmış heykəli və tənəzzülə uğramış imperiyası barədə (səhranın ortasındakı əzəmətli qalıq) Şellinin yazdığı sonet.

Təbilçalanlar çardaq altında ocaq qaladılar və dəri daha sıx dartılsın deyə, alətlərini atəşə yaxın tutdular. Zəfəran rəngli alov dilləri, əlvan otlar, tanrının yanmağa məhkum əldəqayırma gövdəsi - bunlar səhrada, qüdrətli imperiyanın dinclik tapdığı yerdə baş vermirdi; bu, həmişəyaşıl mövsümün bir hissəsi, bir ritualı idi və məhsulun yandırılması kimi hər il təkrarlanırdı: qurbanın verilməsi təkrar idi, məhvedilmə alov vasitəsilə yenilənmək mənasına gəlirdi.

Budur, tanrılar tarlaya daxil oldular. Bizim hind musiqisi kimi qəbul etməyə alışdığımız səslər açıq platformadan yayılırdı, elə ordan da epik təhkiyə səslənməli idi. Kostyumlu aktyorlar bir yandan tarlaya axışırdılar. Bunlar şahzadələr və tanrılardır - deyə səthi təxmində bulundum. Dərhal səhv etdiyimi anladım. Mən bizim Afrika və Asiya diasporamızı ələ verən tipik jesti (çiyin çəkməyi) sözə çevirdim. Mən heç vaxt görülməmiş Ramlila barədə tez-tez düşünürdüm, hə, bir də ki, mən bu teatrı, açıq tarlanı, döyüşçüləri, şahzadələri və tanrıları təsvir edən kənd uşaqlarını da heç vaxt görməmişdim. Mən eposun süjetini, qəhrəmanın kim olduğunu, onun kimlərə qarşı döyüşdüyünü bilmirdim. Bununla belə, mən "Odisseya" ingilis teatrı üçün uyğunlaşdıranda əmin idim ki, tamaşaçılar bu Asiya epos qəhrəmanının başına gələnlərdən xəbərdardırlar. Trinidadda isə heç kim Rama, Kali, Şiva, Vişna barədə mənim bildiyimdən çox bilmirdi. Əlbəttə, hindlilərdən başqa. Əslində, bu da Trinidadda zərb-məsələ çevrilib: "Hindlilərdən başqa heç kim".

Mərkəzi düzənliyin kənarında plato kimi bir şey var idi, qamış dənizinin ortasında bir bərə. Orada "Ramayana"nın motivləri əsasında zəif tamaşa göstərilməli idi. Lakin bu, mənim yazıçı bucağımdan belədir. Bu, düzgün deyil. Felisitidəki Ramlila mənim üçün tamaşa idi, əslində, bu, onların inancı idi.

Fikrinizi belə bir özünüdərk anına fokuslayın: qrimli və kostyumlu aktyorlar səhnəyə çıxmazdan qabaq güzgüdə öz əkslərinə baxıb başlarını yelləyirlər və inanırlar ki, indi həqiqi olan "o" xəyali zonaya keçəcəklər. İndi epos ifaçılarının halını xarakterizə edəndə nə demək istədiyimi anlayırsınız. Ancaq onlar aktyor deyildilər. Onlar seçilmişdilər, yaxud doqquz gün davam edən və hər gün günəşin qürubundan iki saat əvvəl ifa olunan sakral tamaşadakı rollarını özləri seçmişdilər. Onlar həvəskar-aktyor yox, inanclı insanlar idi. Teatr leksikonunda onları təyin etmək üçün müvafiq söz yoxdur. Onların rola girməmişdən qabaq özlərini kökləməyə ehtiyacları yoxdur. Onların hərəkətləri axşam səmasını yarıb keçən bambuk oxlar qədər şən və təbii ola bilər. Onlar ifa etdiklərinə inanırdılar, mətnin ilhamına, Hindistanın seçilmişliyinə inandırdılar, mən isə yazıçı vərdişimə əsasən döyüşçü-oğlanların xoşbəxt simalarında və ya kənd şahzadələrinin heraldik profillərində bir növ elegiyalar, çatışmazlıqlar, hətta idiotik mimikriya axtarırdım. Mən şadlığa olan şübhə və inamsızlığımla həmin günü ləkələmişdim. Mən Tarixin vizual əks-sədasını prosesə daxil edərək hadisəni təhrif etdim: qamış tarlaları, müqaviləli işçilər, dağılmış ordular barədə xatirələr, qəsrlər, fillərin səsi - lakin bu zaman ətrafımda bunların tam əksi baş verirdi: coşqulu sevinc, oğlanların fərəhli səsləri, şirniyyatlar, yeni-yeni kostyumlu aktyorlar; itki yox, inamın sevinci.

Felisiti adının özü hər şeyə məna verirdi.

Asiyanı bu kontekstə gətirin: minarələrin kiçik nidaları, yaxud şəkər qamışı tarlalarının ortasındakı məscidlərin daş günbəzləri - bax, onda bu cür ayinlərdə parodiya, hətta degenerasiya əlamətləri görənlərin avto-ironiyasını, çaşqınlığını başa düşəcəksiniz. Qrammatiklər yerli dialektlərə, böyük şəhərlər əyalətlərə, imperiyalar öz müstəmləkələrinə necə münasibət bəsləyirlərsə, Puristlər də bu cür mərasimlərə elə yanaşırlar. Mərkəzlə birləşmək üçün nəql edən yaddaş, tanrının bambuk baldırları kimi, öz bədənini xatırlayan kəsilmiş üzv. Qısası Vest-Hində ümumi baxış qeyri-qanuni, əsassız və qərəzlidir. "Burada (Freydin sözlərini dəyişdirsək) sözün əsl mənasında insanlar yoxdur". İnsanlar yoxdur. Əsl insanların fraqmentləri, sədaları maraqsız və natamam bir şeydir. Həmin tamaşa dialekt, əsas dilin şaxəsi, onun qısa lüğəti idi; lakin əsla mütləq dəyəri olan miqyasın pozulması və alçaldılması deyildi. Burada, Trinidadda kəşf etdim ki, dünyanın ən böyük eposlarından biri nəyin bahasına olur-olsun, mədəni dəyəri qorumaq üçün yox, Keroni düzənliyinin qamış krujevasını əyən külək kimi itaətsiz inamla səhnələşdirilir. Tamaşa "Keroni Svemp" qışqırıqları ilə bitməmişdən əvvəl biz getməli idik və yolda, axşamın şəfəqində evlərinə uçan al-qırmızı qaraleyləklərlə qarşılaşdıq. İzdiham Ramlilanın ifaçıları qədər harmonik və təbii idi, qırmızı bayraqlar oxatan oğlanların al geyimləri kimi əlvan idi; bütün bunlar adanın üstünü örtərək onu çiçəkləyən ağaca, solmaz çiçək dəstəsinə bənzədirdi. Burada tarixi kədərin heç bir əhəmiyyəti yox idi. Bu iki tamaşa, Ramlila və oxdan çıxmış yaya bənzəyən al-qırmızı qaraleylək dəstəsi birmənalı olaraq minnətdarlıq hissi təlqin edirdi. Karib adalarında gözlə görünən möcüzə adi bir şeydir. O, landşaftın təbiətində var, gözəllik qarşısında tarixi kədər heçə çevrilir. Artıq biz keçmişi qalın xətlə əhatələyən bu uzun iniltilərin canında can kimiyik. Mən özüm üçün Felisitinin qaraleyləklərini və al geyimli oxçularını kəşf edərək qabağa düşmüşdüm.

Tarixi kədər təbii landşaftlar üzərində yox, xarabalıqlar üzərində yüksəlir. Üstəlik, Antillərdə kədərin təntənəsi üçün xarabalıq demək olar ki, yoxdur, ancaq plantatorların tənəzzülə uğramış mülkləri və dağılmış qalalar var. Port-of-Speyn üzərindəki mavi təpələrə, kənd yoluna, evlərə, oxçulara, tanrı-aktyorlara və onların xidmətçilərinə baxanda, musiqini eşidəndə Felisiti barədə çox kədərli bir film çəkmək istədim. Mən Hindistanın tükədilmiş ruhunu günümüzə qaytarmaq istəyirdim. Lakin niyə söhbət itirilmişin qaytarılmasından getməlidir? Niyə hazırda mövcud olanı bayram etməyək? Niyə Hindistan tükənib? Axı bu məskənlərdən heç biri onu elə tanımayıb və niyə davamı gəlməməlidir, niyə sevinc Felisiti adında və Mərkəzi düzənliyin digər toponimlərində əbədiləşdirilməməlidir: Kouva, Şaquanes, Çarli-Villic? Həzzin pəncərələrini taybatay açmağa mənə nə mane olur? Mən bütün trinidadlılar kimi ekstaza cəlb olunmuşdum, ekstaz dalğası meqafonlardan yayılan təbil səsi kimi üstümə axırdı. Mənim Hüseyn ehsanına, müsəlman eposundakı məbədlərin güzgülərinə və papye-maşesinə ("döyülmüş" kağız - tərcüməçidən), Çin əjdahasının rəqsinə, burdakı küçələrin birində yerləşən yəhudi sinaqoqunun ayinlərinə haqqım var idi. Mən Trinidadın bütün dillərini, dialektlərini özümə sığdıra bilsəydim, ola biləcəyim yazıçının cəmi səkkizdə biri olardım. Vazanı sındırın, qırıntıları yığıb əvvəlki formanı bərpa etməyə çalışan Sevgi, vazanın salamat günlərindəki simmetriyasının varlığını qəbul edəndən daha güclü olacaq. Parçaları bir-birinə bağlayan yapışqan orijinal formanı təsdiqləyir. Məhz bu cür bərpaçı-Sevgi bəyaz çapıqlar bəxş etdiyi Afrikalı və Asiyalı fraqmentlərimizi, ailə dəyərlərini yenidən bir yerə yığır. Qırıntıların yığılması Antillərin qayğısı və ağrısıdır. Qırıntılar uyğunlaşdırılmayıbsa, pis yerləşdirilibsə, orijinaldan, yaxud əcdadlarımızın bizə xətərsiz qoruyub saxladığı ikonalardan, müqəddəs qablardan daha çox ağrı-acı daşıyır. Antillərin mədəniyyəti bizim hissələrə parçalanmış tariximizin restavrasiyasıdır, ilkin qitədən qopmuş parçaların sinoniminə çevrilmiş lüğətimizin qırıqları bizim arxipelaqımızdır. Bax bu, poeziya yaratmaq prosesidir - yaratmaq isə həmişə şəkil dəyişdirmək, qırıq-qırıq yaddaş, tanrının bambuk gövdəsi və hətta həmin tanrının ocağa atılma ayinidir; tanrı bambuk gövdələrindən və qamış saplaqlarından yığılaraq hər cizgisini bərpa edirdi, bu vaxt Felisitinin aktyorları öz müqəddəs əks-sədalarını yayırdılar. Poeziya mükəmməllik təridir, lakin o, heykəlin alnına düşən yağış damlaları kimi təzə olmalıdır, beləcə, onunla təbiiliyin və mərmərin yaxınlığı həyata keçirilir; o, zamanları - keçmişi və indini qovuşdurur, burada keçmiş heykəl, indi isə keçmişin alnındakı yağış damlalarıdır. Onda basdırılmış ulu dil, individual lüğət var, odur ki, bu proses həm qazıntı, həm də özünüifadədir. Ton olaraq istənilən fərdi səs dialektdən başqa bir şey deyil. O, şəxsi vurğularını, şəxsi lüğətini, melodikasını formalaşdırır və bu üsulla özünü imperiya dili, Ozimandiya dili ideyasından, ictimai kitabxanalardan, akademik lüğətlərdən, tənqid və mühakimə edən qanundan, yeparxiyalardan, universitetlərdən, siyasi doqmalardan, müəssisə leksikonlarından qoruyur. Poeziya qitədən ayrılmış adadır. Mənim arxipelaqımın dialektləri mənə heykəlin alnındakı yağış damlaları kimi təzə gəlir, bu klassik mərmərin qırışlarından sıxılıb çıxarılmış tər yox, təravətləndirici ünsürlərin kondensasiyasıdır - yağışın və duzun.

Qədim dildən qoparılmış, qula çevrilmiş və müqavilələrlə əl-qolu bağlanmış tayfa qrupları Asiya və Afrikadan bəzi şeyləri mənimsəyərək, lakin ilk növbədə irsən keçən və məskənləri Felisiti, yaxud Şuazel kimi adlar daşıdıqca, köləliyə və əsarətə təslim olmayan təbii qan ritminə qulaq verərək, qədim epik lüğət üzərində özlərinə məxsus ovsunlu variasiyalar yaradırlar. İlkin Dil, elə bil, okeanı keçməyə çalışan duman kimi uzun məsafə qət etməkdən yorularaq simasızlaşır, lakin bu addəyişmə, yeni metaforalar tapmaq prosesi şairin hər iş gününün səhərində cəlb olunduğu proseslə tam eynilik təşkil edir. Şair Robinzon kimi öz iş inventarını yaradır, lazım olduqda lüğət ehtiyatını əlvan tapıntılarla zənginləşdirir, hətta öz adını da dəyişir. Hər şeyini itirmiş insan tamamilə təbii və özlüyündə heyrətamiz olan qüvvəyə - öz şüuruna etibar edir. Antil təcrübəsinin əsası budur, gəmi qəzasından qalan söküntüyə yaxın natamamlıq, bu sədalar, böyük tayfa lüğətinin qalıqları və qırıntıları, bu detallı şəkildə yadda qalan adətlər, üstəlik, bütün bunlar dekadent yox, güclüdür. Onlar Orta Yolu, Mədrəsədən Felisitinin şəkər qamışı tarlalarına ilk müqaviləli hindliləri çatdıran "Fetl-Rosek" gəmisini, ilk məhkum olunmuş kromvelçiləri, səfərad yəhudilərini, çinli baqqalları, velosipedlə paltar satan liviyalı taciri görüblər. Burada, tipik vest-hind şəhəri olan Port-of-Speyndə, onlar tarixin məcmusuna çevriliblər. Trollopun dediyi kimi, "qeyri-insanlar"a. Ticari lövhələrin və küçələrin şəhərkənarı Babili, qanların qarışığı, poliqlot, səmalara yaxın anti-tarixi maya. Yeni Dünyada bu cür şəhərin mövcudluğu yazıçı üçün Cənnətə bərabərdir. Hamımız bilirik ki, mədəniyyət böyük şəhərlər tərəfindən yaradılıb. İkinci səhəri evdə açıram - təlaşlı şəfəq intizarı yuxumu qaçırır. Saat beşdə hələ qaranlıqdır, pərdələri açmağın mənası yoxdur, sonra qəfil parlayan işıqda kolonial üslubda kral palmaları ilə əhatələnmiş polis bölməsinin krem rəngli divarları, qəhvəyi damı, bir az arxada yaşıl köpüyə bənzəyən ağac dəstələri və hündür palmaların pırpız pipikləri; yuvasında gizlənmiş göyərçin, yağışdan ləkələnmiş müasir üslublu blok, səhərlər maşınsız olan bölmənin giriş yolu. Bütün bunlar arzuolunan dincliyi yaradır. Mən varlığımda dərindən kök salan bu şəhərciyə hər gələndə mənəvi sakitlik tapıram. Güllər də, dağlar da dincliklə doludur, onlara sevgi əvvəlcədən bəllidir. Bircə erkən dövr memarlığı adamı çaşdırır. Amerikan cazibəsindən sonra səyahətçi adətən nəyisə itirdiyini hiss edir, itirdiklərini yada salmaq yanğısı duyur. Yağış ləkəsi içində beton tikililər... Bunlar hələ də davam edən bütpərəstlik qalıqlarıdır: şəhər barmaq ucları üstə dayanmağa, siluetini amerikan üslubunda dəyişməyə, profilini Kolumbiya və De-Moynla eyni şablonda formalaşdırmağa çalışır. Gücün apologiyası, yumşaq dekor, icraçıların, katibə xanımların kimin toxunma jaketinin daha gözəl olduğu barədə mübahisələr etməyinə səbəb olan kondisionerlər: müəssisələr nə qədər soyuqdursa, jaket bir o qədər prestijlidir - başqa iqlimin imitasiyası. Soyuq dəbi və vəhşi soyuq istəyi.

Qışları boz, hərbi rəngdə keçən ciddi şəhərlərdə günlər sanki boğaza qədər düymələnmiş şinellərin içində keçir, istənilən bina bütün pəncərələrdə işıqlar yanan kazarmalara oxşayır və qar başlayanda hər kəsin ruhu XIX əsrin rus romanlarına köçür, çünki bu, qış ədəbiyyatıdır.

Beləliklə, Karib ölkələrinə gələnlər həyatlarını poçt açıqcaları seriyası zənn etməlidirlər. Biz bu və ya digər iqlim anlayışını ədəbiyyatdan silmişik. Turistlər üçün günəşin parıldaması çox ciddi şey kimi gəlir. Günəş dərinlik bəxş edir, çalarları çoxaldır - ədəbiyyatda olduğu kimi, həyatda da. Tropiklərin sonsuz yayında isə yalnız yoxsulluq və poeziya (antilcə yoxsulluq - "povetry"-dir, "poetry" sözünə bir V əlavə etməklə yaranır - həm varlığın, həm də təxəyyülün şərti kimi) dərin olmaq qabiliyyəti əldə edirlər. Adaların poeziyası, musiqiləri kimi, birmənalı şəkildə ekstatik olduğu qədər sevinclə də zəngindir. Sevincə əsaslanan mədəniyyəti bir qayda olaraq boş hesab edirlər. Təəssüf ki, Vest-Hind özünü sataraq bəsitliyin sevincini, parlaq boşluğu təşviq edir, nəinki qışda, hətta ilin dörd mövsümündə mədəniyyətin yaydığı ciddiyyətdən yan keçən yerə çevrilir. Elədirsə, burada sözün əsl mənasında xalq necə ola bilər? Onlar nə ilin yarpaqlarla vidalaşdığı, nə budaqların bəyaz tüklərlə örtüldüyü, nə böyük şəhərlərin duman içində itib-batdığı, nə insanların kamin-soba yanında fikrə daldığı mövsümlər barədə nəsə bilirlər. Onların coğrafiyası, musiqiləri kimi, yalnız üst və alt hüdudlardan ibarətdir: isti və nəmişlik, günəş və yağış, işıq və kölgə, gün və gecə. Bu, şeirlərdə ancaq ikihecalı ölçüləri saxlamaq kimidir. Buna əsaslanaraq belə nəticəyə gəlmək çox cazibəli görünür: bu xalqlar incə ziddiyyəti, imaginativ mürəkkəbliyi dərk etməyə qadir deyillər. Qoy belə olsun. Əlimizdən bir şey gəlmir - axı bizi ciddi qəbul etmirlər. Bizim hər kəs tərəfindən qəbul edilmiş mənada şəhərlərimiz yoxdur, heç kim onların olmasını da istəmir. Antillər müxtəlif sahələrdə öz proporsiyalarını, öz qərarlarını diktə edirlər. Məsələn, deyək ki, onların nəsri onları sevməyənlərin nəsrindən geri qalmır, odur ki, indi təkcə Sent-Ceyms yox, həmçinin Naypol tərəfindən yenidən yaradılmış küçələr və həyətlər var, onların cizgiləri onun cümlələri qədər lakonik və inandırıcıdır; biz sadəcə Qunapunanın səs-küyünü və fitini eşitmirik, onlar C.L.R.-in sərhədləri dağıtmağa can atan personajlarının prototiplərinin mahiyyətidir; sadəcə Keroni düzənliyində Felisiti məskəni mövcud deyil, bu, Selvona ölkəsidir.

Beləcə, bütün adaları gözdən keçirmək olar. Dominikanda əsasən Cina Risin onun barədə yazdıqları gözə dəyir. Erkən Sezerin Martinikası haqqında, Sen-Jon Persin Qvadelupası haqqında da eyni şeyi demək olar, hərçənd, indi orada nə tıxacdan dəbilqə, nə də qatırlar var. Ədəbiyyatın (üç imperiya dilində, fransızca, ingiliscə və ispanca) heç də ürkək, xam olmayan mədəniyyətin ən yüksək zirvəsində, qönçələrə düyün vurduğunu, adaları tədricən açdığını, xamlıq və ürkəklik epitetlərinin bəyaz, ağır ləçəkli frangipaniyalara aid edilməməsini izləmək zövq və üstünlükdür. Bu lovğa çağırış deyil, sadəcə təbii təntənənin konstatasiyasıdır: çiçəklənməsi nəzərdə tutulan şey, çiçəklənəcək.

Qızmar küçəli, pəncərələri sarmaşıqlı, hər tərəfində palma yetişən Port-of-Speyn günortasında bürc pəncərəsindən görünən dumanlı dağ adamın yadına Voanı və ya Herberti ("Palma kölgəsindəki həmin şəhər...") salır, yaxud Kastri kənd kilsəsində "Qızıl Qüds" ifa edən camaata qulaq asanda Hammondun orqanını xatırlayırsan. Belə səhralıqda boşalma cizgiləri sezmək çətin olardı. Məhz bu sakit dözümlülük antil həyatına genişlik bəxş edir, sirr bundadır ki, bu həyata lazımsız suallar verməyə, onu lazımsız şeylərlə yoldan çıxarmağa ehtiyac yoxdur, heç onun da yoldan çıxmağa təbii meyli yoxdur. Səyyah bunu letargiya və apatiya kimi oxuya bilər.

Belə deyirlər: bura yeni kitablar gəlmir, burda teatrlar, muzeylər yoxdur, burda heç bir məşğuliyyət tapmazsan. Lakin kitablar olmadığına görə insanlar fikrə gedir, fikirlər isə qeydlərə, qeyd olmadıqda isə rəvayəti təşkil edən şifahi təhkiyəyə çevrilir; ritmin qələbəsinə, anım mərasiminə gətirib çıxaran yaddaş nizamlanması belə baş verir. Bu və ya digər şeylərin olmaması yaxşılıqla nəticələnə bilər, əslində, qəlibləşmiş adilik axınından yeganə xilas yolu yalnız yaxşılıqdadır, bir halda ki, indi kitablar yaradıcılıqdan daha çox, yenidən işləmədir.

Böyük şəhərlərin mədəniyyəti yaratması həqiqəti ilə heç kim mübahisə etmir. Lakin indi mahiyyətcə bizim əlimizdə şaxələnmiş bazar-şəhərlər var. Elədirsə, ideal böyük vest-hind şəhərinin proporsiyaları necədir? O, kənd təsərrüfatı ilə məşğul olan şəhərətrafı və parklar halqası ilə əhatələnib, ən yaxşısı isə bir tərəfə geniş düzənlik uzansın. Əlbəttə, bir də ki, buludlara sancılan dağlar və mavi dəniz. Təmiz səmadakı göyərçinlərin uçuşu uşaq kitablarındakı əlifbanı xatırlatsın və əlamətlərə inamın yaşadığı qədim zamanları yada salsın. Hə bir də ki: böyük şəhərin düz mərkəzində atlar olmalıdır. Bəli, ötən əsrin sonundan bəri burada görə bilmədiyimiz atlar. Onda onlar təkbaşına ikiyerli faytonu daşıyır, ya da dördü bir yerdə silindrli cənabların ekipajını aparırdılar. İndiki zamanda, soyuq dağlardan gələn duman damların üstünə yayılanda, Savanna adlı kral parkının çəmənliyində qaçarkən torpaqdan qopan dırnaqların taqqıltılı elegik əks-sədası olmadan yaşayan atlar. Kaş hər mövsüm böyük yarışlar keçirilərdi ki, şəhər sakinləri bu XIX əsrin nümayəndələrinin sürətini, qrasiyasını zövqlə hayqıraraq alqışlasın. Doklarda tüstü olmayaydı və çoxsaylı mexanizmlərin gurultusu qulaq batırmayaydı. Hələ burdakı irq müxtəlifliyi necə maraqlı olardı! Asiya, Aralıq dənizi, Avropa, Afrika burada təmsil olunardı. Bu, Coysun Dublinindən daha həyəcanverici müxtəliflik olardı. Adalılar ənənələrə görə yox, öz seçimlərinə görə, instiktiv çağırışlarına görə evlənər, ərə gedərdilər, bir vaxt gələcək onların uşaqları irqi geneologiyalarının aydınlaşdırılmasının faydasız olduğundan əmin olacaqlar. Sürücülər və piyadalar üçün təhlükəli geniş magistrallar xüsusilə az olacaq. Ticari rayonlarda aksentlərin, qədim sivilizasiya dillərinin parça-parça kakofoniyası səslənəcək. Lakin axşam saat beşdən sonra ticarət məkanlarında sükut hökm sürəcək, bazar günləri isə hətta doklarda belə ins-cins olmayacaq. Mənim üçün insani və işgüzar ölçülərdə ideal böyük şəhər, bax, budur. Burada şəhərli piyada yox, yolçudur. Yəqin, vahid mədəni əks-sədaya çevrilməmişdən əvvəl yunan Afinası da belə idi.

Port-of-Speynin ən ovsunlu mənzərələri əllə yaradılanın idealizasiyasıdır: nə beton, nə şüşə, ancaq ağac üzərindəki hər fantaziyanın dülgərlər tərəfindən hazırlanana yox, öz içindən böyüyənə oxşadığı barokko üslubunda ağac memarlığı. Şəhər kənarında isə kəndləriylə, hindlilərin dua bayraqlarıyla, qaraleyləklərin üzərində rəngbərəng bayraqlar kimi uçuşduğu yol kənarını dolduran meyvə piştaxtalarıyla Keroni düzənliyi uzanır. Fotogenik yoxsulluq! Açıqca kədəri! Mən Edemi bərpa etmirəm, yox, əslində, bu, Antillərdir, dünyanın, əməyin, sağ qalmağın həqiqəti. Yol kənarındakı kənd evi də, Karib dənizi də özündə yenilənmiş imkanların, eyni zamanda sağ qalmağın qoxusunu daşıyır. Sağ qalmaq - inadkarlığın, həmçinin, ruhi mətanətin qələbəsidir, poeziyanın diriliyini və vacibliyini qoruyan həmin fədakar sarsaqlıqdır, bununla yanaşı, bir çox şeylərin hesabına, o, birinci dərəcəli və ciddi iş deyil. Bir yerə yığılmış bu şeylərin əksəriyyəti dünyəvi şeylər adı altında kollektiv şəkildə toplanıb. Antillərin gözlə görülən poeziyası budur. Sağ qalmaq.

Əgər siz niyə bizə adətən kədər və mərhəmətlə baxıldığını anlamaq istəyirsinizsə, xatirənizdə dəyişilməz palmaları, qıjıları (ayıdöşəyi) və şəlalələri olan antil meşələrinin akvatint-qravürlərini dirildin. Onlar botanika bağları kimi sivil-əxlaqlıdırlar. Əgər səma şüşə tavan olsaydı, müstəmləkənin bitki örtüyü sakit gəzintilərə və ya ekipajlardakı səfərlərə fon kimi xidmət etməyə uyğunlaşardı. Oymaçının aləti və topoqrafın karandaşı vahid pafosla hərəkət edir, həmin pafos hindlilərin məskənini qərəzli-ironik şəkildə Felisiti adına məhkum edib. Əsr bu coşqun landşafta yanlış işıqda və səhv gözlə baxıb. Qüssə tropiklərin özündən çox, ayrı-ayrı görüntülərdən yayılır. Şəkər dəyirmanlarının, fortların, limanların, milli geyimdəki qadınların şit qravürləri Tarixə aiddir, əvvəlcə oymaçının, sonra da fotokameralı adamın çiyninin üstündən baxan Tarixə.

Tarix gözləri və əlləri elə istiqamətləndirməyi bacarır ki, sonra əks-sədadan darıxaraq ondan dinclik almaq olur, o, yerlərin adını dəyişə bilər, əlvan tropik iqlimi elegik melanxoniyaya çevirə bilər, dünya nəsri buna misaldır: Konradın romanlarında və ya Trollopun yol qeydlərindəki mühakimə intonasiyası. Bu səyyahlar öz nasazlıqlarının infeksiyasını özləri ilə gətirdilər: onların nəsri hətta landşaftı da melanxoliya və özünə əzabvermə rəmzi altında gördü. İmitasiya memarlıqdan musiqiyədək hər şeydə miqyasları gizlədir.

Freyd qətiliklə iddia edir ki, Tarix nailiyyətə əsaslandığı üçün, Antillərin tarixi öz qanlı döyüşlər, köləlik, əzablardan ibarət dövriyyəsi ilə əvvəlcədən depressiv olduğu üçün, indiki mədəniyyət də burada doğula bilmədi; bu boşalmış limanlarda, darıxdırıcı feodalist şəkər mülklərində layiqli heç nə yaradıla bilməzdi. Buna qarşı nəinki Antil dağlarının işığı və duzu, həmçinin böyük müxtəlifyönlülüklə birləşən sakinlərinin adi gücü şahidlik edir. Şəlalələyə yaxın gedin, siz onun gurultusunu eşitməyəcəksiniz. Atlar kimi XIX əsrdə qalmaq, Brodskinin yazdığı kimi, o qədər də pis şey deyil, mahiyyətcə Antillərdəki həyat vest-hind nəsri kimi hələ də keçmiş yüz illiyin ritminə tabedir. Hətta Qrem Qrin kimi önhökmsüz yazıçılar belə Karib adalarını daim davam edən kədər rəmzi altında, Levi-Strossun "tristes tropiques" epitetini bəxş etdiyi elegik iniltilər kimi qəbul edirlər. Kariblərin alaqaranlığı, yağışları, itaətsiz bitki örtüyü, modern memarlığın brutal replikalarının kiçik evləri, qədim küçələri sıxışdırdığı şəhərlərin əyalət şöhrətpərəstliyi onlarda xiffət doğurur. Bu əhvalı anlamaq olar. Melanxoliya qürub vaxtı qızdırma kimi, yaxud xəstə kokos palmalarının qızılı yarpaqları kimi yoluxucudur, lakin ingilislərin, fransızların, hətta sürgündən sonra burada qalmış bəzi yerli yazıçıların bu ölüvaylığa keçən yerli qüssəni təqdimetmə şəklində ikrah doğuran və qəti şəkildə səhv olan bir şey var. Bütün məsələ bizim işığın təbiətini və bu işığın düşdüyü insanların mahiyyətini anlamamaqdır. Onlar bizim mədəniyyətsiz şəhərlərimizin gülünc ambisiyaları və əsassız hökmlərimiz barədə danışırlar, lakin Karib şəhəri yalnız öz şkalasına uyğun düşünür, mühakimə yürüdür, eləcə də Karib mədəniyyəti inkişaf etməsə də, artıq formalaşıb. Bu yerləri ziyarət etməyimiz, yaxud ora göndərilməyimiz faktı işin mahiyyətinə təsir etmir. Burada məxsusi şəhər tipi və memarlığı yaranıb. Və sənə davamlı olaraq hələ şəhər və ya mədəniyyət olmadığını deyəndə, bu, müəyyən reaksiya doğurur. Mən sizin şəhəriniz, sizin mədəniyyətiniz deyiləm. Ola bilsin, bundan sonra bir qədər "tristes tropiques" azalar. Bu yüksəkliyin ətrafında, salın ətrafındakı kimi, dalğaların alqış səsi gəlir: bizim tariximizi, bizim landşaftımızı nəhayət "tanıyıblar".

İlk Karib kitabı nə vaxt yazılıb? Onun müəllifi səyahət edən viktorian Çarlz Kinqsli idi. Bu Antil landşaftını və məişətini ingilis ədəbiyyatına daxil etmiş erkən kitablardan biridir. Düzünü desəm, onu oxumamışam, lakin onun xeyirxah tonda olduğunu qeyd etsəm, səhv etmərəm. Antil arxipelaqı burada özünüifadə yox, təsvir predmeti kimi çıxış edir. Trollopun, Patrik Ley-Fermorun da tonu belədir, indi mən də sizə Felisitidəki kənd tamaşası barədə bu tonda danışdım - yəni yerli koloriti seyr edərkən özünü Felisitidən etibarlı şəkildə ayrı tutan yad kimi, həm şəfqətlə, həm zövq alaraq. Daxili gözdən gizlənəni sevmək mümkün deyil. Səyyah sevə bilməz, çünki səyahət dinamikadır, sevgi isə statika. O, heyran olduğu şeyə qayıtsa, deməli, daha səyyah deyil. Onda o, sakit, diqqətini toplayan yad tərzli müridə çevrilir. Onda artıq o, özümüzünküdür.

Mən xeyli insandan Vest-Hindi sevdiklərini eşitmişəm. Bunu belə başa düşmək lazımdır ki, onlar bura bir daha gəlməyə hazırdırlar, lakin burada həmişəlik qalmağa razı olmazdılar. Səyyahın, turistin sadə, mehriban hissləri. Bu səyyahlar, onlardan ən xeyirxahları, dəbdəbəli bitki örtüyü, geridəqalmışlığı, yoxsulluğu ilə, necə deyərlər, profildən gördükləri adalara kömək etmək arzularını bəyan etmişdilər. Viktorian nəsrinin xeyirxah personajları. Onlar öz gözəl siluetlərini bizə göstərib və unudulan qayğısız istirahət günləri kimi yaddan çıxıblar. Özünə Sen-Jon-Pers təxəllüsünü götürmüş Aleksis Sen-Leje Leje poeziyaya görə Nobel mükafatına layiq görülmüş ilk yerlimiz idi. Qvadelupedə doğulmuş şair sırf fransız dilində yazırdı, lakin ona qədər, onun uşaqlığı barədə şeirlərindəki (Antil plantasiyasındakı imtiyazlı uşağın həyatı) qədər heç vaxt bu yerlərin hissiyyatı belə təmiz və təravətli əks olunmamışdı. Bu "Pour Feter une Enfance", "Eloges" və bir qədər sonra "Images a Crusoe". İlk dəfə səhifələrdən bizim passat kimi duzlu-kəskin, özünü yeniləyən təzə dəniz küləyimiz, palma yarpaqları, pillə-pillə qalxan qəhvə aromatı duyulurdu. Karib dühası ziddiyyətli olmağa məhkumdur. İndi bizim Persi mədh etməyimiz plantator sistemini, riyakarlığı, yaxud at üstündə gəzən ağbənizli zəngini, mulatları, ağ probka dəbilqəli ağ fransız dilini, özündənrazı himayədarlığın ritorikasını mədh etmək deməkdir; lakin Pers nəticədə öz köklərindən imtina etsə də, (böyük yazıçılar öz əslini malalamaq kimi axmaqlıq edirlər) biz onlardan imtina edə bilmərik, eləcə də afrikalı Eme Sezerdən.

Bu, uyğunlaşma deyil. Bu, ironiyanın hakimiyyətidir, Poeziya belədir. Hər dəfə üzlərini Şərqə çevirən yüzyarpaqlı palmaları görəndə düşünürəm ki, onlar Persi oxuyurlar.

Persin öz uşaqlığını tərifləmək üçün yazdığı ətirli, imtiyazlı şeirlər və Antil səmasının qübbəsini dəstəkləyən həmin yüzyarpaqlı palmaların fonunda şokolad rəngli oxçuların kürəkləri arxasında kassetlərdən süzülən Hindistan musiqisi - hər ikisi məni eyni dərəcədə sarsıtmışdı. Mən onun şeirlərində də, onların üzlərində də eyni əzablı qüruru hiss edirdim. Niyə Antil Tarixinin bu bəxşişləri belə gözəldir? Ümumdünya tarixi - ümumdünya deyəndə, əlbəttə ki, Avropanı nəzərdə tuturuq - əsasən tayfalararası qopmaların, etnik təmizliklərin salnaməsidir. Adalar haqqında yazmaq lazım deyil, qoy özləri öz barələrində yazsınlar. Antillərdəki palmalar və müsəlman minarələri nida işarələri kimi ucalır. Nəhayət! Qvadelupenin kral palmaları "Eloges"i əzbər oxuyur. Pers daha sonra "Anabasis"də cırıldayan sərhəd qapıları, zəhərli göllərin köpüyü ilə barsız "wadis", qum burulğanlarından burnuslarla qorunan atlılar ilə uydurma bir eposun fraqmentlərini yaratmışdı - hər şey Kariblərin soyuq səhərlərinə əks idi, lakin Felisitinin döyüşləri, filləri, meymun tanrıları ilə birgə bayraqlarla bəzənmiş tarlanın hər tərəfinə yayılan müqəddəs mətnə qulaq verən şokolad kimi oxçular qədər kontrast təşkil etmirdi - bütün bunlar şəkər qamışı plantasiyalarının çəpərlərindən, təsərrüfat arabalarından, öküzlərdən və Antil səmalarında kalliqrafik xətlə qədim dillərdə (hind, Çin, ərəb) kəlamlar yazan, bambuk yarpaqlarından gələcək eposu üçün fraqmentlər yığan Qvadelupenin ağ uşağından daha kontrastlı ola bilərmi?

Ramayanadan Anabisə, Qvadelupedən Trinidada qədər bütün bu çürümüş Afrika monarxiyasının sağ qalmış fraqmentləri, Suriya və Livanın qırıntılarının arxeologiyası yeraltı sirr yox, bizim səsi tutulmuş, sadə insanlarla dolu küçələrimizin biabırçı gerçəyidir. Gözü zəif görən oğlan Egey limanında hamar suya hamar daş atır və əyri gedən biləyin bu elementar hərəkəti özündə "İliada" və "Odisseya"nın əndazəni aşan ölçülərini ehtiva edir. Bir də ki, bir uşaq kənd bayramında bambuk ox buraxır. Üçüncüsü isə Karib günəşi doğanda yüzyarpaqlı palmaların marşa oxşayan xışıltısına qulaq asır və bu səsdən Pers eposunun sıxılmış tələsikliyi çıxır. Və bütün bunlar əsrlərdən, arxipelaqlardan asılı deyil. Hər şair üçün dünya mütləq səhər vaxtındadır. Tarix unudulmuş yuxusuz gecədir; Tarix və təbiət qarşısında müqəddəs qorxu - onlar həmişə yalnız başlanğıcdır, çünki poeziyanın taleyi Tarixin acığına dünyaya vurulmaqdır. Şair özünü mədəniyyətin sübh vaxtının şahidi hiss edəndə, hər şeyi təyin edən səhər işığında budaq budaq dalınca, yarpaq yarpaq dalınca aydınlaşanda, bu, zəfərin səsi, uğur bayramı olur, bu, uçurum kənarında səslənən "niyə?" sualı olur və bu, ağla gələn ən yaxşı şeydir - günəş doğan ərəfədə ayin. Həm də adın özü: Antillər. O, təlaşlanır, parıldayan su kimi, yarpaq xışıltısı, palma taclarının vıyıltısı, quş cəhcəhi kimi səslənir - bu, gənc dialektin, doğma dilin səsləşməsidir. Təkrarolunmaz lüğət, fərdi melodika, sənin əsl bioqrafiyan olan ritm bu səsdə nadir dərəcədə uğurlu şəkildə qovuşurlar və sən bütün oyanan bədəninlə adaların ritmini dərk edirsən. Bu, cavan dilin, cavan xalqın xeyir-dua bayramıdır və biz bu qorxunc ehtirama çox şey borcluyuq.

Mən burada o insanlar adına dayanıram. Lakin həmçinin ilkin adları ingilis adlarından daha yumşaq, daha yaşıl, səhər çağı kimi həssas olan ağaclar adına: laurier-cannelles, bois-flot, bois-canot; bu, vadi adlarına da aiddir: Fond St.Jacques, Matoonya, Forestier, Roseau, Mahaut - yaxud səhra dayazlıqlarına: L'Anse Ivrogne, Case en Bas, Paradis - kimi yenilənən dialekt adına da. Və nəğmələrin, əfsanələrin canlandığı bu adlar fransız yox, patuan aksenti ilə səslənir.

Oyanırsan və iki dil eşidirsən, biri ağacların, digəri ingiliscə çıxış edən məktəblilərin:

 

 

Qurudakı, dənizdəki quşları, canlıları,

Öz mülkiyyətimə qəbul etmişəm təkcənə;

Hakimiyyətimi mübahisəsiz qəbul edirlər.

Gözlə görünən hər şeyin ağasıyam.

 

 

Tənhalıq, hanı sənin ovsunların?

Səni boş yerə tərifləyirlər.

Səninlə genişlikdə şahlıq etməkdənsə,

Fəlakətləri, kabusları yaşamaq daha yaxşıdır.

 

 

 

(Sətri tərcümə)

 

Elə həmin vaxt kənddə bənzər ritmlə, lakin uyğunlaşdırılmış alətlərin müşayiəti ilə (əldəqayırma çak-çak skripkası və keçi dərisindən baraban) Sensenna adlı qız oxuyur:

 

 

Si mwen di'ous ca fait mwen la peine

'Ous kai dire ca vrai.

- Əzizim, bədənim necə dəhşətli ağrıyır!

- Əzizim, inanıram! Bəs sən nə gözləyirdin?

 

Si mwen di'ous ca pentetrait mwen

'Ous peut dire ca vrai

- Əzizim, sinəmə ox sancılıb!

- Əzizim, inanıram ki, ürəyinə girib.

 

Ses mamailles actuellement

Pas ka faire l'amour z'autres pour un rien.

Əgər yaralamaq və öldürmək olmayacaqsa,

Uşaqların oyuna başlamağına dəyərmi?

 

 

Səhər günəşi təkbaşına Tarixi ləğv edə bilməz. Bütün məsələ antil coğrafiyasında, bizim bitki aləmimizin coşqunluğundadır. Dəniz Orta yolda batanların xiffətini çəkməyə davam edir, aborigenlərin - kariblərin, aruakların, tainoların qanlı qətliamı isə solmazçiçəyinin al rəngində əks olunub. Quma toxunan dalğalar da, əsir asiyalıların, Felisitinin əsasını qoyanların hələ də müqavilə əsasında işlədiyi yaşıl həbsxana - şəkər qamışı nizələri də, bizim Afrika yaddaşımızı hamarlaya bilməz.

Poetik qələmimin ilk sınaqları oxucu canfəşanlığımın mükafatı idi. Məni əhatələyən uşaqlığımdan çox şey öyrənmişəm: qırmızı ağacın rənglərində ağacdoğrayanların sifəti, qatran kimi qara kömürqazanlar, bir də uçurumun kənarında duran adam var - o, çiynində toxanı yelləyirdi və onu xaki rəngli qeyri-adi, anlaşılmaz it müşayiət edirdi, əyninə nə gəldi geyinən bu adam hələ soyuq olanda və qaranlıq hələ dağılmamış səhər tezdən oyanır; o öz bağını becərmək üçün dağlara dırmaşır: bağ və dağ onun evindən bir neçə mil uzaqda idi, lakin həmin torpaq onun mülkü idi. Yanında isə balıqçılar gedir, onlar Afrikanın qalıqlarıdır. Lakin formalaşıb, möhkəmlənib və ada həyatında kök salıblar, lakin ağaclardan, otlardan daha savadlı deyillər. Bəli, onlar oxuya bilmirdilər. Onlar bura başqaları tərəfindən oxunmaq üçün gəliblər. Lakin onlara necə lazımdır oxumağı öyrətsən, onlar dünyaya öz ədəbiyyatlarını bəxş edərlər. Ancaq təəssüf ki, bizim Vest-Hind turistləri üçün broşürlərimizdə bu yalnız Floridanın cazibədar şəkildə uzun ayağını uzatdığı və çətirli xanımların gəmidə yaxınlaşdığı mavi körfəzdir. Beləcə, adalar yoxsulluqlarından utanaraq özlərini satırlar və bu tədricən onların təkrarolunmazlığını pozur. Eyni reklam çarxlarının təmtəraqla sırınması baş verir, bunlara görə artıq bir ada o birindən fərqlənməməyə başlayır. Gələcəkdə bizim təhqir olunmuş marinalarımız, cənab nazirlər tərəfindən satılmış torpaq paylarımız qalacaq. Kimsə unisonla "Happy hour" oxuyur, kiminsə ağzı qulaqlarının dibinə çatır. Bizim ziyarətçilər üçün yer üzündə cənnət nə deməkdir? Bir neçə həftə yağışlardan dincəlmək və qırmızımtıl günəş yanığına nail olmaq. Və qürub vaxtı həsir şlyapalı, rəngbərəng köynəkli yerli trubadurlar heydən düşənə qədər "Yellow bird" və "Banan qayığı"nı ifa edirlər. Hər nə olur-olsun, bundan daha böyük ərazilər (adanın xəritədə göstərilən sərhədlərindən geniş) var; bu, sərhədsiz yaddaş xəzinələri ilə zəngin ucsuz-bucaqsız dənizdir.

Antillər bir vahid təşkil edir və hər bir ada ayrılıqda yaddaş cəhdidir: huşsuzluq və dumanda öz kulminasiyasına çatan ruh mifi və irq bioqrafiyası. Duman arasından süzülən işıq və qəfil göy qurşağı - arc-en-ciel. Bu, Antil fantaziyasının nəhəng zəhmətidir, o, kəlməni kəlməyə qoşaraq öz tanrılarını bambuk karkaslarla yenidən yaradır. Aruakların soyqırımı - Antil tarixinin lənətlənmiş kökü və xeyirxah məyusluqdur, turizm ada millətlərini buna yoluxdura bilər. Xəstəlik yavaş-yavaş yox, inanılmaz sürətlə yayılacaq. Gözünü qırmağa macal tapmamış onlar bütün qayaları öz quanoları ilə (bəyaz otellər) boyayacaqlar. İnkişafın göy qurşağı və təntənəsi. Lakin hələ bu baş verməyib, hələ bir neçə toxunulmamış vadi qalıb - köhnə həyatın qalıqları, hələ təkamül hər sənətkarı antropoloqa və ya folklorçuya çevirməyib, hələ ideyaların səslənmədiyi sevimli guşələr və gizli talalar var, hələ başlanğıca aparan yolları qanqal basmayıb - bu o deməkdir ki, biz təhlükəli dəyişikliklərdən müəyyən dərəcədə sığortalanmışıq. Bu, nostalgik qoruqlar deyil, hasarlanmış ziyarətgahlardır, buruna təhlükə yaradan buldozer kimi, dəniz badamlarına təhlükə yaradan geodeziyaçı kəndiri, yaxud dağ dəfnəsinə təhlükə yaradan parazit həşəratlar kimi, nəsrin hədələdiyi ölkələrin dünyəvi günəşidir. Bu heç bir əhəmiyyət kəsb etməyən kasıblamış yer nəsrlə o qədər korlanıb ki, vaciblik haləsi qazanıb. İdeya bu yeri heç nə ilə işıqlandırmayıb və vurğulamayıb, hətta xatirə ilə belə. Adi beton pillələrlə bayırlıq geyimlərini geyinmiş afrikalı uşaqlar kilsəyə gedir. Günəşdə bərq vuran banan yarpaqları qeyri-ixtiyari sallanırlar. Ayağı həyətdə qalaqlanmış zir-zibilə dolaşan qarı asta-asta kilsəyə yaxınlaşır. Bax, burada freska çəkmək olardı! Özlüyündə çox da mühüm olmayan, lakin əsl inancla dolu bir şey. Xəritədə işarələnməmiş və tarixi olmayan. Bütün bunlar necə sürətlə yoxa çıxa bilər! Və bu bizi daha uzağa getməyə tələsdirir (belə ümid edirik) - bizə qədər heç kim getmədiyi yerlərə, pis yolların sonundakı yaşıl müəmmalara, baxan kimi otelin yox, uzun dayazlığın görüldüyü burunlara; ətrafda isə heç kim yoxdur, bəlkə uzaqlarda bir yerdə hansısa balıqçının tüstüsü sual kimi havadan asılıb. Karib adaları idilliya deyil. Ən azından burada yaşayanlar üçün heç deyil. Onlar bu torpaqdan iş qüvvəsini ağac kimi təbii, üzvi şəkildə mənimsəyirlər - dəniz badamı, yaxud ədviyyatlı dağ dəfnəsi. Bu kəndlilər, balıqçılar kiminsə marağını cəlb etmək, yaxud obyektiv önündə dayanmaq üçün deyillər; onlar ağaclar kimidirlər, sadəcə alın təri axıdırlar, duz dərilərində örtük yaradıb. Amma bu kostyumlu, köksüz ağaclar hər gün zirvələri və dəniz badamlarının, dağ dəfnələrinin zirvələrini də, köklərini də zəhərləyənlər sırasında olan antreprenerlərlə məcburi müqavilələr imzalayırlar.

Bir dəfə kiminsə hökumətindən mütləq soruşacaqlar ki, bəs təkcə meşələr və buxtalara yox, bütöv bir xalqa nə oldu?

Onlar yenə burdadılar, onlar qayıdırlar, fotomodellər, korrupsiyaya məruz qalmış, hamar dərili və təlaşlı, sevinc dolu, iri bəyaz gözlü mələklər. Bu gözlərdəki ifadələr Ramlila vaxtı Felisitidəki asiyalı uşaqların gözlərindəki ifadəyə oxşayır. İki müxtəlif din, iki qitə. Hər ikisinin ürəyi sevinc adının daşıdığı ağrı ilə doludur. Qorxusuz sevincin nə mənası var? Təəssüf ki, bütün dünyanın gözlərinin zilləndiyi bu yerdə hiss etdiyim eqoist qorxunu boğa bilmirəm. Lakin adi sevinclər və müqəddəs həyəcan - bax, bunları ləkələmədən qorumaq istəyərdim, məsum olduqları üçün yox, həqiqi olduqları üçün. Qoy hər şey həqiqi olsun, Pers öz istedadına minnətdarlıq kimi, yüzillik palmaların səs-küyündə öz kiçik Asiya eposunun parçalarını eşidəndə olduğutək. Onları təxəyyülün bələdçiləri adlandırardım, əgər təxəyyül bizim Felisitidəki tarlada bambuk oxunu bayraqlardan yüksəyə atan balaca döyüşçü-hindlinin coşqusu kimi həqiqi olan kollektiv yaddaşın sinonimidirsə.

Qoy bundan sonra da balaca oğlanın məktəb dəftərini açıb səliqə ilə, xətdən kənarda çıxmadan öz naşılığı ilə xoşbəxt olan, bizim kimi əhəmiyyətsiz, heç nə ilə fərqlənməyən insanlara sakit bağlılıq bəsləyən adanın üzərində yüksələn təpələrin işığı hopmuş stanslar yazdığı saatlardakı kimi minnət dolu sevinc və mübarək qorxu olsun.

 

Tərcümə: Qismət

 

Ədəbiyyat qəzeti.- 2022.- 13 avqust.- S.24-25;26.