Ədəbiyyatın amansızlığı

 

 Esselər  

 

 

 

Öz-özünə...

 

 

 

Vaxt keçdikcə sözlər də solur. Necə ki, yarpaq solur, divar kağızının rəngi öləziyir, eləcə də kəlmələr zamanla öz təravətini itirir.

İnsan yaşadığı evdə əşyalara öyrəşir, həmin əşyalar zaman-zaman sınır, qırılır, ancaq ev sahibi o əşyaların köhnəldiyini dərk etməyənə qədər onları təmir etmək, düzəltmək, saxlamaq istəyir, ancaq köhnəldiyinin fərqinə varanda isə artıq onları dəyişməyi qətiləşdirir. Ədəbiyyatda da belədir, sanki uzun illər əsərləri yaşayan, oxunan yazarların doğurduğu nümunələr sanki qəfildən köhnəlir və ən qəribəsi isə odur ki, oxucuların böyük əksəriyyəti qeyri-ixtiyari, bir-birindən xəbərsiz, heç bir təbliğat, diktə, gözdənsalma olmadan bu qaçılmaz həqiqəti birdən - eyni vaxtda dərk edirlər.

Zamanın sınağından çıxmayan əsərlər müxtəlif zamanlarda meydana çıxsa da zaman onlara qiyməti eyni vaxtda verir.

 

Aqibət yoldaşları...

 

Xan Rəsuloğlunun ikinci əl kitablar satılan mağazasına gedəndə bəzi sovet klassiklərinin kiril əlifbasında rəflərə düzülmüş kitablara. Bir də o kitabların qarşısında dayanan bəzilərini şəxsən tanıdığım ciddi oxuculara. Görürəm ki, biri görkəmli bir şairin kitabını rəfin ortasından çəkir, daha sonra başqa biri qüdrətli bir şairin seçmə şeirlərini nisbətən aşağıdan dartıb çıxarır.

Bir özgəsi gəlib usta romançının romanını tapır, yaxud bir özgəsi unudulmaz bir şairinin kitablar arasında sıxışıb qalan şeirlər toplusunu görüb gözləri işıldayır.

Beləcə, bu mənzərəyə baxıb anlayırsan ki, dəyərli müəlliflər kitab rəfindən bir-bir qeyb olur və kitab qalır zaman aldanışı ilə yazan yazarların, daha oxunmayan əsərlərin ümidinə. Belədə bir daha dəqiqləşdirirsən ki, "Seçilmiş əsərlərin" müəllifi yazıçı yox, ciddi oxuculardır.

Vaxtı ilə hərəsi zamanına bir cür meydan oxumuş, bu gün isə əsərləri rəflərdə qalaqlanan bu ədiblər oxucular tərəfindən indi eyni aqibətə - unudulmağa məhkum edilirlər. Oxunan əsərlər hər oxucunun səviyyəsindən asılı olaraq yeni ünvanlar tapır, tarixin sınağından çıxmayanların isə yeri elə bir olur.

Rəflərin qənimi...

İstedadsız "yazıçılar" təkcə real həyatda deyil, kitab şkafında da istedadlı həmkarlarına mane olurlar. Hər dəfə bir gərəkli kitabı axtaranda bu həqiqətin bir daha şahidi oluram. Bəzən adamın ömrü nəinki real həyatda istedadsız adamların arınmasına yetmir, heç öz kitab rəfini onlardan təmizləməyə gücün çatmır.

 

Tiraj aldanışı...

 

Sovet dövründə bəzi təbliğat yönlü, əslində isə böyük mənada ədəbi dəyəri olmayan bəzi kitablar 50, yaxud 100 min tirajla nəşr olunurmuş və onlara çox yerlərdə rast gəlmək olurdu. Bəzən o tirajlarla müəlliflər bu gün də öyünürlər. Ancaq daha o kitablara heç bir ciddi adamın ev kitabxanasında yox, ancaq bukinistlərdə rast gəlmək olur. Bir zaman məcburi paylanıldığına görə insanların hər yerdə qarşısına çıxırdı bu kitablar, indi isə heç bir mahiyyət kəsb etmədiyi üçün hər kitab evində "əlinə ilişir". Sanki hansısa gözəgörünməz bir qüvvə bir zaman onun saxta dəyərini, indi isə onun həqiqi dəyərini bilərəkdən barizləşdirir.

 

Haqqa qovuşan oxucular...

 

Bəzi detektiv əsərlərin müəlliflərinin əsərləri zamanla oxunub, indi o cür əsərlərdəki cinayət sirlərini sadə oxucular belə ilk on səhifədə rahatca tapırlar. Yaxud indinin virtual məhəbbət həvəskarları üçün keçmişin məktub intizarı ilə dolu melodramları dözülməz dərəcədə cansıxıcı gəlir. Beləcə, baxırsan ki, yaxın keçmişin həvəsnamə yazanları indi əsərlərinə ən az ehtiyac duyulan imzalardır. Elə bil onların oxucularının, onlara inananların, aldananların hamısı vəfat edib. Sanki daha həmin yazarlara bel bağlayan, etimad edən kimsə qalmayıb. Həmid Herisçinin Sabir Əhmədliyə həsr etdiyi şeirdə deyildiyi kimi: "Məni sevənlərin hamısı öldü...".

 

 

Sirr mənbəyi...

 

Ədəbiyyat həm də bir sirr mənbəyidir. Bədii söz çoxyönlü olanda o, hədsiz qədər şərh olunur. Hər şərh özüldəki, batini mənanı həm açır, həm də qapayır. Fikir təkyönlü, yaxud iki, yaxud üç tərəfli olanda isə o mənalar asanca faş olur və daha müəllif ideyasında heç bir düşündürücü məqam qalmır. Tutalım ki, hansısa yazıçı əsərində Sovet imperiyasına sətiraltı bir söz deyib, amma artıq müstəqillik dönəmidir, o dediyin sözün indi ya böyük mənada əhəmiyyəti qalmayıb, ya da ki, o sözün yüz qatını indi ən adi yazar da deyə bilir.

Axı yazıçı bütün oxucuları məcbur edə bilməz ki, onun dəyərini bilmək üçün hər dəfə bir qərinə əvvələ - onun dövrünə qayıtsınlar. Necə ki, robotlaşma bir sıra sənətləri sıradan çıxarır, eləcə də sabahın həqiqətləri dünənin bəzi gerçəkliklərini dəyərdən salır, adiləşdirir. Sürət əsrində "tarix ilə mühakimə etmək" heç də həmişə işlək metod deyil. Bu mənada çoxsaylı əsərlər var ki, onlardakı ideyaların "istehlak müddəti" bitib. Sürət əsrində insanlar sabaha hansı sürətlə irəliləyirlərsə, keçmişdən də o qədər sürətlə "geridə qalırlar".

 

Obraz

 

Gərək ədəbiyyatda müəllif öz əsərlərinə uyğun obraz formalaşdırsın. Əksi çox gülünc olur. Məsələn, şair özünə, geyim-keciminə nə qədər ciddi ton versə də, danışanda hər nə qədər hikmətli söhbətlər etsə də onun haqqında əsas informasiyanı öz yaradıcılığı verir. Əgər ciddi tövrlü yazarın əsərləri ürəklərə yol tapan deyilsə, onun şəxsi ciddiyyəti zamanla inandırıcılığını itirir. Çünki müəllif bir yerdə olur, əsər isə eyni vaxtda yüz ünvanda. Müəllif bir yerdə özü barədə rəy yaratmağa qadirdirsə, əsər eyni vaxtda yüz yerdə fikir formalaşdırmaq iqtidarındadır. Təsadüfi deyil ki, istedadsız adamların kitablarının tirajı artdıqca, onlar barədəki mənfi rəy, qeyri-ciddi münasibət də möhkəmlənir.

Əgər müəllif 500 tirajla kitab çıxarıbsa, 500 yerə parçalanaraq öz mətnlərini hər yerdə öz bildiyi, yazdığı kimi müdafiə etmək, ideyalarını öz düşündüyü kimi yaymağa çalışmamalıdır. Hər nüsxə ilə müəllif ideyasını "parçalayır". O parçaları ancaq parlaq ideya bir yerə toplaya bilir. Məsələn, Şekspirin əsərlərinin batinində elə bir qüdrət var ki, onların tirajı milyardlarla  ölçüldükcə o əsərlərdəki ideyalar parçalanmaq yerinə bütövləşir.

 

 

İstedadın təşkili...

 

 

Bəzən adamlar toy kimi, məclis sayaq öz istedadlarını da təşkil etməyə çalışırlar. Belə halda təşkilatçılıq işi nə qədər ustalıqla qurulursa, həmin adamın istedadı ətrafına toplaşanların sayı da bir o qədər çox olur. Ancaq zaman keçir, bəzi prinsiplər, dəyərlər sanki öz-özünə aşınır və bir də görürsən ki, həmin istedadın ətrafında daha heç kim yoxdur. Və bu yoxluq insan yoxluğundan daha çox, məclis bitəndən sonra adamların dağılışmasını xatırladır.

 

Cıdır düzünə sığmayanlar...

 

Son dövrlər məni ədəbi mühitdə sarsıdan hadisələrdən biri yazıçı Mübariz Örənin başına gələn vaqiə oldu. Deməli, Mübariz bəy Vaqif Poeziya Günlərində ucsuz-bucaqsız Cıdır düzündə gəzirmiş. Arxadan gələn iki yazar ona deyib ki, çəkil, biz də keçək. Bu hadisəni o bizə danışanda qəhqəhə çəkib gülmüşdük. Ancaq sonra bu olay məni xeyli düşünməyə vadar eləmişdi:  Görünür, ədəbiyyatda meydanın böyüklüyündən asılı olmayaraq kimsə kiminsə yerini həmişə mütləq "dar" edir. Ədəbiyyat isə özlüyündə həmişə Cıdır düzü olaraq qalır...

 

 

Klassika...

 

Klassika ona görə əsrdən əsrə daha çox oxunur ki, o, hər dəfə insanı ən azı mütaliə zamanı öz dəyərlər aləminin sakininə çevirir. Oxucu indi əksərən sovet nəsrini oxuyub kolxoza sevgi duymur, amma Füzulini oxuduqda Məcnunluq fəlsəfəsinə, reallığına yaxın olmağa çalışır.

Klassiklər heç kəsə borclu qalmırlar: Məsələn, sən əgər Hafizə vaxt ayırmısansa, deməli, "Quran"a da vaxt ayırmısan, Seyid Əzimə vaxt ayırmısansa, Füzulidən, Hafizdən də nələrsə əxz etmisən. Klassiklər elədir ki, "onlara bir qoyan min götürür".

 

 

Klassiklərin gələcəyi...

 

 

Bir dəfə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Proqramının prinsipləri ilə Nizami Gəncəvinin əsərlərinin arasındakı bağlılığı haqqında bir mövzuda məqalə yazmaq üçün sifariş almışdım. Həmin proqramdakı tezisləri qarşıma qoyaraq "Xəmsə"ni yenidən oxudum ki, oxşar düşüncələri ortaya çıxarım. Oxuduqca gördüm ki, Nizami yaradıcılığında Dayanıqlı İnkişaf Məqsədləri Proqramının əksər prinsipləri tam şəkildə ödənilir.

XXI əsrdə elmi-nəzəri bir praktika Nizami yaradıcılığında hikmətli şəkildə əks olunub. BMT, təbii ki, öz prinsiplərinin dünyada yayılmasının, humanist dəyərlərin  təbliğatçısı olmağın marağındadır. Amma Nizami ideyaları çoxdan o prinsipləri bu və ya başqa formada dünyaya yayıb.

Biz klassikləri oxumayanda onları geridə qoyuruq, nə zaman ki, onları diqqətlə oxuyuruq, görürük ki, onlar bizdən xeyli irəlidədir.

İstedadlılar təklərin içindən seçilir, dahilər millətlərin, klassiklər isə bəşərin.

 

 

Ədəbi inam...

 

Təsadüfi deyil ki, kitab oxuyaraq özünü öldürmək, depressiyaya düşmək meyilləri, kütləvi intiharlar XIX əsrin sonlarından sonra daha geniş vüsət alıb, XXI əsrdə də davam etməkdədir. Çünki yeni dünyanın ədəbiyyatı çox hallarda ruha yox, ağıla xitab edir. Klassikada ölüm aqibətdir, modernizmdə təqlid. Məsələn, klassik ədəbiyyatda Yusif Peyğəmbərin yaşadıqları onun üzləşdiyi haqsızlıqlardır, taledir, qədərdir, Allahın lütfüdür, müasir ədəbiyyatda Mersonun başına gələnlərə görə isə sanki hər kəs günahkardır.

XX əsr ədəbiyyatında bir sıra qəhrəmanlar həm də baiskar qiyafəsindədirlər. Onlar həm də aqibətlərini səbəbləri yaradan və formalaşdıranlardır. Ona görə XX əsr ədəbiyyatda ittihamlar çoxdur.

XXI əsr ədəbiyyatında isə insan gücsüzdür, güclü olan zamandır. Amma orta əsr ədəbiyyatında insan güclüdür, zaman insandan geri qalır, səbəblər insan faktorundan qüvvətlidir. Çünki insanı güclü edən nəticəyə - aqibətə inamdır. Zaman insandan güclü olduqca insanın ölüm iştahası artır.

 

Nikbinliyə ümid...

 

Orta əsrlər ədəbiyyatında insan ölmək istəyir, dirilik suyu axtarır. İnsan düşünür ki, dirilik suyu var, onu digər bulaqlar kimi Allah yaradıb.

XX əsr ədəbiyyatında bu inam itib, insan əqli inkişafın zirvə dövründə yaşasa da, özünü ölümə məhkum bilir, XXI əsr ədəbiyyatı isə kortəbii şəkildə diktə edir ki, dirilik suyu xülyadır, amma insan o xülyanı gerçəkliyə çevirəcək. XXI əsrin ədəbiyyatında Allaha yox, insana təvəkkül düşüncəsi var.

Allaha inanmadan insana inanmaq da inamsızlığın bir növüdür.

 

Fərid Hüseyn

 

Ədəbiyyat qəzeti.- 2022.- 13 avqust.- S.27.