“Starik”
Dünyasını dəyişən, həyatda
olmayan insanlar haqqında yazmaq - xatirələri dilə gətirmək, yaddaşı
bərpa etmək deməkdir. Nədənini bilmirəm: xatirələr
mənim üçün
yolayrıcında - keçmişlə
gələcəyin arasında
durub, ürkək-ürkək
ətrafa boylanmaqdır.
Axı hansı səmtə üz tutasan, illər o qədər uzaqdadır ki, hara, kimə əl edəsən?!
Sərt,
acımasız, biganə
illər - saymazyana yanından ötüb-keçən
insanlara çəkib.
Ancaq o üzlər ki, var, doğma
üzlər - lap yaxındadır,
əlini uzatsan çatar, nəfəslərini
belə hiss edirsən.
Düşüncələr beləcə Krılovun arabasına dönüb bizi çəkdikcə çəkib, Allah bilir hara aparır?! Təki
zamanında cilovu çəkə biləsən,
ünvana - mənzil başına sərgüzəştsiz-olaysız
yetişəsən...
Bir etiraf da bulunum:
həyatımda (və
Allahın xoş saatında) iki dəfə "aldanmışam".
İbtidai məktəbin üçüncü
sinfini təzəcə
başa vurmuşduq.
Qonşum və sinif yoldaşım məni dilə tutdu: "Kitabxanaya yazılmışam, gəl
gedək sənin də adını yazdıraq". Üz tutduq kitabxanaya
- əski adıyla
"Müəlimlər evi"nə.
Kitablarla
aramda olan dostluq belə yarandı. Qonşum isə o gündən gözə dəymədi...
Hərbi xidməti təzəcə
başa vurub vətənə qayıtmışdım. Bakı şəhərində,
vətəgədə (Hövsan
qəsəbəsi) işə
düzəlmişdim. Günlərin bir günü, ara-sıra şəhərdə görüşdüyüm
bir həmyerlim məni şeir dərnəyinə dəvət
etdi: "Orada çoxlu dostlarım var, yazılarını oxuyarsan, sənə yol göstərərlər".
Həmyerlim sonralar orada
görünmədi. Mən
isə V.İ.Lenin adına mərkəzi
şəhər kitabxanasının
nəzdində fəaliyyət
göstərən şeir
dərnəyində olduqca
maraqlı insanlarla qarşılaşdım, dostlar
tapdım... Dərnəyin rəhbəri unudulmaz
şair Vilayət Rüstəmzadə idi.
Xatirələrin işığında (yaddaşıma
güvənib) yola çıxıram. Vilayət Rüstəmzadə özünün geniş əlaqələrindən istifadə
edib, tanınmış
şair və yazıçıları görüşə
dəvət edərdi.
Cəmil
Əlibəyov, Ələviyyə
Babayeva, Xəlil Rza Ulutürk, Ənvər Yusifoğlu və başqa ədiblərlə olan görüşləri yaxşı
xatırlayıram.
Belə görüşlərin keçirildiyi
keçən əsrin
70-ci illəri sovet dövrü olsa da rəsmiyyətdən kənara çıxırdı,
qızğın müzakirələrə
səbəb olurdu və ətrafına yaddaqalan auditoriya yığırdı.
V.Rüstəmzadə istedadlı tərcüməçi
idi. Onun tərcüməsində
A.S.Puşkinin, Qafqaza sürgün olunmuş dekabrist-şair Yakov Polonskinin, A.Blokun, M.Svetlovun, Taras Şevçenkonun, Yan Raynisin,
F.Q.Lorkanın, Vitezslav
Nezvalın, Emilio Balyarasın,
Qaysın Quliyevin, Rəsul Həmzətovun
("Mənim Dağıstanım"
kitabının birinci
hissəsinin tərcüməsi
də ona məxsusdur) və s. şeirləri ədəbi
ictimaiyyət arasında
maraqla qarşılanırdı.
Onu da xatırlayıram ki, görkəmli elm və dövlət xadimi Əziz Əliyevin əsərlərinin
tərcüməsi Vilayət
müləllimə tapşırılmışdı.
Hərdən xatirələrini - şəxsi
həyatında qarşılaşdığı
hadisələri, təcrübələrini
bizimlə bölüşərdi,
dəyərli məsləhətlər
verərdi. Şeirlər öz yerində,
deyərdi mütləq
nəsr əsərləri
oxuyun. Azərbaycan yazıçılarının
yaradıcılığından örnəklər gətirərdi.
Moskvada işlədiyi zaman (keçmiş SSRİ Ali Sovetində
10 illik tərcüməçilik
fəaliyyəti) ora gələn məktublardan
söz açardı:
ermənilər həmişə
torpaq iddiasında (!) olardı. Azərbaycandan göndərilən məktublar
(şikayət xarakterli)
isə oxşar məzmunda idi: - qonşu çəpərimi
basıb, filankəs danamı oğurlayıb.
Mənim
yaddaşımda o, yaraşıqlı
kişi kimi qalıb: bəstəboydu, qıvrım
saçları vardı,
həyat eşqiylə
dolu gözləri... və əlbəttə ki, çöhrəsinə
məxsusi əzəmət
gətirən bığlarını
qeyd etməsəm olmaz...
Bir dəfə gülə-gülə:
"Sağına əl
gəzdir, sol tərəfi
bir az qayçıla
deyə-deyə, Xəlil
Rzanın bığını
qırxdırmışdıq...".
Dərnəyin bir-iki üzvü və mən ona "Starik" ayamasıyla müraciət
edərdik. Baməzəydi, zarafatından qalmazdı.
Tədbirlərdə olurdu,
kimsə dil-boğaza qoymayanda (hələ gənc idik) uzaqdan səslənərdi:
"Ey sən, orda səbət məsələsini yada sal". Və yaxud bizlərdən
kimsə şeir oxuyanda tənqidə məruz qalırdı, ağlamalı duruma düşürdü. Bu zaman
Vilayət müəllim
müəllifin köməyinə
çatardı: "Ay filankəs,
yəqin, səndə
nə görüblərsə
tənqid edirlər! Tənqidə gəlməyən
şeir, şeir deyil!".
Bir dəfə
tanınmış yazıçılardan
birinə (xaricdə yaşayır) dərnək
illərindən söz
açdım. Təşəkkür edib, qayıtdı
ki, "bağışla,
heç nə xatırlamıram". Demək
arxada qalmış o illərlə bağlı
xatirəsi yoxdu...
Doğrudan da, aradan çox illər keçib... Mən Rusiyaya üz tutdum... V.Rüstəmzadə
maşın qəzası
keçirdi... Həyat ziqzaqlardan
ibarətdir. Bəlkə
də elə ömrümüzü gözəlləşdirən,
rəngarəng edən,
yolayrıcında (!) bizi
gözləyən "tale mətnləridi", - xəyallarımız,
duyğularımız, ağrılarımızdı!
Yoxsa adi canlılardan fərqimiz olmazdı... Ağaclar budana-budana yaşayar...
Zəruri
bir haşiyə... Vilayət müəllimi şeir dərnəyinə getməmişdən
çox-çox əvvəl
tanıyırdım. Bilirdim ki,
SSRİ xalq artisti İsmayıl Dağıstanlının
qızı ilə (ailədə 3 bacı olublar) ailə qurub. İ.Dağıstanlının həyat yoldaşı
Luiza xanımın ata ocağı ilə (Ağdaş) mənim ata evim qonşu olublar. Aramızdan beş-altı yaşlı
uşaqların rahatlıqla
aşıb keçdiyi
alçaq bir hasar ("möhrə"
deyərdik) olub.
Yeri gəlmişkən,
Luiza xanımın atası Məmməd Əliyev Ağdaşın
ilk aktyorlarından olub. Keçən
əsrin əvvəlləri
(1908-ci il aprel ayının 20-si) Zülfüqar Hacıbəyov,
Muxtar Əfəndizadə
(Parlament dövrü millət vəkili) və Məsim Şıxıyevin (Maqsud Şeyxzadənin atası)
dəstəyi ilə açılan Ağdaş
teatrında yaxından
iştirak edib...
Bu səhər rəflərdəki
kitablarımın tozunu
alırdım. Təsadüfən unudulmaz şair
Vilayət Rüstəmzadənin
şeirlər kitabı
("Qəlbimin gözü
ilə". Bakı. Yazıçı 1979) gözümə dəydi. Vərəqlədim, o günləri bir
daha xatırladım.
Yaşasaydı avqust ayında yubiley ilini (85) qeyd edəcəkdi...
9 avqust 2022-ci il
Fəxrəddin Əsəd
Ədəbiyyat.- 2022.- 13 avqust.- S.31.