Bağban

 

 Öygülər.

 

Hekayə

 

 

 

Əlibaltalı kişini bağbanın yanında görən ağacların canına üşütmə düşdü, yarpaqlarını xışıldadaraq bir-birindən soruşdular:

- "Görəsən, bu cəllad hansımızı kəsəcək?".

- "Tanrı bütün nəbatatın, heyvanatın taleyini insana tapşırmışdır, nə istəyir, onu da edəcək".

Qocaman qoz ağacının anlatması bağ əhlini daha da qorxutdu, yüngül mehlə ötürülən bu xəbərdən hamısını titrətmə tutdu.

Boyu, qol-qanadları qoz ağacından qat-qat hündür və böyük olan, başı göyə dirənən, gövdəsi yalnız sicimlə çevrələnə bilən, adamların həm çinar, həm də qovaq adlandırdığı bağın şah ağacı sayılan nəhəng aşağıya baxmadan istehza ilə yarpaqlarını xışıldatdı:

"Qorxaqlar, zəiflər! Balaca bir dəmir parçasından gör necə tir-tir əsirlər".

"Bəla gələndə yekələrdən yan keçir, balacaları qırıb çatır. O balta sənə kar eləməz. Bizləri isə bir zərbəyə yerə sərər".

Qoz ağacı aşağıda əsim-əsim əsən həyəcanlı xışıltıları yuxarıda eşidilməyən fındıq kollarını, əzgil, zoğal, gilas, albalı ağaclarını ovundurmaq istədi:

"Ağamız bizlərdən istədiyini böyrü üstə yıxa bilər".

Xan çinara qohumluğu ilə öyünən bağın şahı dibindən qaynayan bulağın suyundan, Günəşin şəfəqlərindən birinci içib belə nəhəng olmuşdu, bağın böyük bir qismini qanadları altına almışdı, aşağıdakıları doyunca Gün işığı almağa qoymurdu, hələ hədə-qorxu gəlirdi ki, mən olmasam, bu bulaq quruyar, susuz qalarsınız.

Əlibaltalı cəlladın balta ilə qovağın gövdəsində bir neçə yerdən nişan vurmasını görən bağ əhli çaşbaş qaldı. Sonrası bir göz qırpımında baş verdi: baltanı kənara tullayan cəllad qırmızı boyalı elektrik mişarını götürüb bağın şah ağacının gövdəsinə dirədi, yarımca saatın içində dağ boyda nəhəng ölümqabağı çəkdiyi nərilti ilə şaqqıldayıb, gurultuyla yerə yıxıldı, düşdüyü səmtdə altında qalan fındıq, xurma ağaclarının qol-qabırğasını sındırıb, xurd-xəşil elədi. (Həmişə belə olur, yıxılan nəhənglər yan-yörələrindəkiləri də özləri ilə aparır...). Üç səmtdə sağ-salamat qalmış ağaclar birbaşa üzərlərinə düşən günəş işığını içərək bir ağızdan xışıldadılar:

"Ura! Yaşasın bizi əsarətdən qurtaran cəllad!".

Yarımca saata yıxdıqları şahın qol-qanadlarını, sicimlə ölçülən gövdəsini bir neçə günə doğrayıb apardılar. Sanki bağda belə bir nəhəng olmamışdı.

Günəşin işığını, bulağın suyunu bol-bol içən kol-koslar, alaq otları ağaclarla bərabər bağın şahının yeri qaralan kötüyünə baxaraq şadyanalıq edirdilər:

"Çox öyünürdün, bu da sənin sonun".

Ancaq yaz gələndə bu şadyanalıq təlaşla əvəzləndi. Az qala hər ağacın dibindən şahın pöhrələri çıxıb, bağı ağzına almağa başladı...

Kökləri bütün bağda şaxələnmiş şah yerin altından hayqırırdı:

- "Məndən can qurtarmağı belə asanmı sanırsınız? Bu pöhrələrdən biri nə vaxtsa mənim yerimi tutacaq!..".

 

***

Bağa yenə xışhaxışla pıçıltı düşdü. Gilas, armud, şaftalı, gilənar, gavalı, ceviz ağacları bağbanın əlibaltalı kişi ilə gəzməsini həyəcan və qorxu ilə izləyirdi. Görəsən, bu dəfə nəyi kəsəcəklər?..

Adətən bağban bağı təmizləyib artlayarkən quru budaqları özü kəsirdi. Deməli, iş ciddiydi, o, kömək çağırmışdı. Onlar fındıqlığı gəzir, hər kolun yanında dayanıb diqqətlə baxırdıla

 

Yazın oğlan çağıydı. Ulu Tanrının yer üzündə yaratdığı bu cənnət bağında gül-çiçək ətri, ağacların budaqlarında oturub avazla sevgilisini çağıran alabəzək quşların səsi təkcə Adəm törəmələrini deyil, birinci və ikinci səviyyələrdə olan bütün məxluqatı - nəfəs alan, su içən, boy atan, hərəkət edən yaradılmışları da məftun edirdi. Belə bir vaxtda bağbanın əlibaltalı ilə peyda olması, əlbəttə, bağ əhlini təşvişə salırdı.

Axı ağacları qış yuxusunda olarkən kəsib artlarlar. Yarpaq açmış, çiçəkləmiş ağacların qol-qanadını kəsəndə gövdənin göz yaşlarını saxlamaqmı olur?!

Kim deyir ağaclar, kol-koslar, otlar, çiçəklər duyğusuzdurlar, bir-birlərilə söyləşə bilmirlər?! Kim deyir onlar torpaq, ərazi üstə bir-birilə ölüm-qalım davası aparmr?!

Bu bağı bağ eləyən ağaclar və digər bitkilər arasında da qohumbazlıq hökm sürürdü, - insan cəmiyyətindəki kimi... Gicitkanlar, böyürtkənlər hərəsi bir talanı zəbt eləmişdi, öz həmcinslərindən başqa ayrı bitkiləri cücərib boy atmağa, qidalanmağa, Günəşə baxmağa qoymurdular. Bağın az qala yarısını tutmuş fındıq kolları ara-bərədə bitmiş başqa ağacları sıxışdırıb, yan-yörəyə qol-budaq atmağa imkan vermirdi. Armud, gilas, gilənar, alça ağaclarının tək qurtuluşu fındıqlardan yuxarı qalxmaq, onların yetişə bilmədiyi yüksəklikdə qol-budaq atmaq idi. Bağban fındıqların xətrinə dəymirdi, onların yayılmasının qarşısını almırdı. O, fındığı strateji ürün sanırdı. Çünki yığılıb qurudulmuş fındıqları ilboyu saxlamaq olurdu, çürüyüb iylənmirdi, onları satmaq üçün tələsmək gərəkmirdi, uzaq yerlərə göndərmək problem deyildi...

Əlibaltalı bağbana onun bildiklərini təkrarlayırdı:

- Qardaş, bu yoğunlamış qocalar daha yaxşı bar verə bilmir, fındıqları da kiçik olur. Onları kəsək ki, cavan şivlər güclənsin.

Fındıq kolları bir ailə kimidir, hər kol bir kökdən qidalanır. Adətən kolun ortasında bir, ya iki yoğunlaşmış, qırılıb kəsilməkdən sovuşmuş gövdələr olur. Koldan çıxan zoğlar böyük qardaşa sığınırmış təki yoğun, möhkəm gövdəyə qısılaraq boy atır, gənc pöhrələrin küləkdən, fırtınadan qorxusu olmurdu.

Yalnız qocaların kəsiləcəyini duycaq yoğunluqları adam biləyi qədər olan gənc gövdələr, nazik şivlər rahat nəfəs alıb, xışıltı ilə pıçıldaşdılar: "Ömürlərini sürüblər, onsuz da bir-iki ilə quruyacaqlar".

"Onların qurumağını gözləyənəcən bizimki bizə dəyər".

"Köklərin verdiyi şirələrin çoxu onlara gedir. Halbuki biz gəncik, gövdələrimizin yoğunlaşması üçün bol qida gərəkdir".

Ön sırada olan qoca gövdənin canı hələ suluydu, yaşamaq istəyirdi. İstədi adam kimi dil açsın, bağbandan aman diləyib desin ki, dörd yandan ona söykənmiş cavan şivlər bərkiyib özləri dimdik durana qədər bir-iki illik möhlət versin... Amma dillənə bilmədi... Ona söykənmiş gənc qardaşlarının xəyanətkar düşüncələrindən bərk sarsılmışdı.

Beləliklə, yaşlaşmış, qocalmış fındıq ağaclarının təbii yolla ölməsini - qurumasını gözləmədən baltanın ağzına verdilər, bircə gündə qırıb-çatdılar.

Ertəsi gün bağda qəribə bir mənzərə - görünüş yarandı; gənc fındıq şivləri yerə əyilmiş, başlarını kəsilmiş qocaman ağacların üstünə qoymuşdular. Adama elə gəlirdi ki, cavan budaqlar onlara dayaq olmuş böyük qardaşlarının cansız gövdəsi üzərində ağlayır, suçlarının bağışlanmasını istəyirdilər...

Amma yox, belə deyildi... Onlar gecə əsmiş güclü küləyə davam gətirməmiş, tufana sinə gərib, duruş gətirə bilməmiş, söykənməyə dayaqları olmadığından hərəsi bir yana yıxılmışdı...

 

***

Bağdakı quşlar da bağbanı tanıyırdılar, ondan çox çəkinmirdilər. O bilirdi ki, Uca Tanrı Yer üzündə üç səviyyədə canlı yaratmışdır.

Birinci səviyyədə bitkilər durur. Adəm törəmələri otları, ağacları qorumalı, onların ürünlərindən bəhrələnməlidirlər.

İkinci səviyyədə heyvanat aləmi idi. Adəm törəmələri torpağın altında və üstündə yaşayanları, suda üzənləri, göydə uçanları da qorumalıydı. Zira, göydə uçanlar da Yerlə bağlı idilər. Torpaqdan qidalanır, öləndə torpağa qarışırdılar.

Üçüncü səviyyədə Adəm törəmələri özləri dururdular və Uca Tanrı Yer üzünün işlərini onların üzərinə qoymuşdu. Sonra, güman ki, mələklər gəlirdi... Tanrının yaratdığı sonrakı səviyyələri bağban bilmirdi və bilə də bilməzdi.

Bağda yuva quran vəhşi quşlar da ev quşlarıtək Bağbanı tanıyırdı. O, hamısını sevirdi, qoruyurdu, tək su ilanlarından başqa... Onları gördükcə öldürürdü. Bu zəhərsiz sürünənlər qidalanmaları üçün yaradılmış qurbağalarla kifayətlənmir, hovuzdakı balıqlara, kolluqlarda yuva qurmuş quşlara aman vermirdi. Yumurtadan təzə çıxmış balaları udmaq üçün yuvaya sürünən ilana gücü çatmayan quşcuğazlar haray-həşir salıb, sanki bağbanı haraylayırdılar. Neçə-neçə quşcuğazı ilanın ağzından qurtarmışdı. Çöpləri suda isladıb torpağa sürtərək yuva hörən balaca quşlara baxan bağban əllərini göyə qaldırıb pıçıldayırdı: "Kərəminə şükür, Uca Tanrı.

Bir neçə günlüyə şəhərə getmiş bağban bağ evinə döndükdə gözlərinə inanmadı... Hamamla evin divarının küncündə qoyulmuş paltar asılqanının üstündə quş yuva tikmişdi, içərisində bir neçə yumurta da vardı. O, hələ görmədiyi quşları hürkütməmək üçün çox asta davranırdı. Bir gün səhər hamama gedəndə yumurta üstə kürt yatmış ana quşu gördü. Bu, qumru idi. İstədi qayıtsın, amma quşun özünü sakit aparması onu ürəkləndirdi, ehmalca hamamın qapısını açıb içəri girdi, çıxıb gedəndə də quş qımıldanmadı. Baxışları ilə bağbanı yola salaraq sanki deyirdi: "Mən Tanrının müqəddəs tapşırığı ilə dünyaya canlı gətirirəm. Mənə toxunmaq böyük suçdur".

Beləcə, ana quş yumurtadan çıxmış balalarını bağbanın gözətçiliyi ilə böyüdürdü, ondan çox çəkinmirdi. Hətta bağban bircə kərə risk edib tüksüz balalara əlləri ilə toxundu... Yuvanın yumşaq üzlüyü nədənsə yox olmuşdu. Ona elə gəldi ki, quru çöplər bunların tüksüz çılpaq bədənlərini incidir. Buna görə də balaların altına ağ pambıq parçadan mələfə sərməkdən özünü saxlaya bilmədi. Bir gün həyəcanlı yaşadı. Qorxurdu ki, ata-anası hürküb gedərlər. Uşaq vaxtı yuvasına əl uzatdığı quş yumurtalarını qoyub getmişdi... Amma belə olmadı... Hər şey öz axarı ilə gedirdi. Bağbanın gözünə görünmədən ana quş bir cüt balasını təhlükəsiz yerdə böyüdürdü.

Bir səhər bağban əl-üzünü yumağa gedəndə balaları yuvada görmədi. "Bəlkə uçmaq istəyərkən yerə düşüblər?" - deyə düşünərək döşəmədə yan-yörəyə diqqətlə baxdı. Yoxdular. Bağı gəzib-dolanan bağban evə döndükdə sevincindən içini çəkdi; balalar yuvada sakitcə oturmuşdular... Beləcə, bir neçə gün keçdi. Ana quş səhər obaşdan gəlib balalarını yanlarına alıb uçmaq öyrədirdilər. Bağban quşlara tam sərbəstlik, azadlıq vermişdi, mane olmurdu...

Və bir gün bala quşlar həmişəlik uçub getdilər... Xeyli vaxt yuva boş qaldı... Ürəyi sıxıldı, gözləri yaşardı. Quşlardan incimişdi, vidalaşmadan, "sağ ol" demədən getmişdilər... Sonra acı-acı gülümsünüb pıçıldadı: "Eh, neçəsinə əl tutubsan, çoxu işləri düzələndən sonra birdəfəlik çıxıb gedibdir, heç səni xatırlamırlar da... İndi bu dilsiz-ağılsız quşlardan inciyirsən?.. Bəlkə yuva yerlərinə yenə dönəcəklər...".

 

 

Fazil GÜNEY.

 

Ədəbiyyat qəzeti.- 2022.- 20 avqust.- S.11.