Can dəvalı it vəfası
Ötən illərin dərd-bəlasından
hekayə
Aşağı Əskiparanın adı şenlik
içrə uca tutulan bəndələrindən Ocaq Məhəmmədin
adının əvvəlindəki kəlməni bəlkə də
Coğaz çayı söndürmüşdü. Uşaqdan-böyüyə
şenliyin simsarı olan həmin adam
başına gələn müsibət sonrası göz
açıb boya-başa çatdığı kənddən,
onun uşağından, böyüyündən üz
çevirib Coğaz çayını keçmişdi.
...Birinci
dəfə (Birinci Dünya müharibəsi zamanı) Ocaq Məhəmməd,
Ballı Namazla bir ağız olub Coğaz çayını
atla keçmişdi. Onlar Osmanlı torpağına keçib
Çanaqqala döyüşlərindəki can və qan
qardaşlarının sırasına qoşulmuşdu. Tək Əskipara dərəsində deyil,
Ceyrançöldə, Gəncəbasarda hamı həmin
kişilərə qəhrəman gözüylə
baxırdı. Ta erməni Anastas 8-ci ordunun
atlılarının yüyənindən tutub Azərbaycana gətirənə
qədər. Həmin sarıqulaqlar da özlərinə
yer eləyənə kimi yerli camaatı "Yaşasın Azərbaycana
gələn" (gətirilən yox) Şura hökuməti
deyə bağırtmağa başlatmışdı. Cavanların da Sarı Şəmistanlar beyinlərini
qızdırıb komsomola yazdırmışdı.
Onların biri də Ceyrançöl "Seminariyası"nın axırıncı sinfində oxuyan, kəndlərində
dərs deməyə hazırlaşan Cəlal Məhəmməd
oğlu olmuşdu.
Ocaq Məhəmməd döşünə komsomol
nişanı taxıb gəlmiş oğluna bir şey deməyib,
xeyli müddət gözünün altına
salmışdı. Axırda oğlu Cəlal həmin baxışlara tab gətirməyib
dillənəsi olmuşdu.
- Qələt
ha eləmirik, sinifsiz cəmiyyət quranların cərgəsinə
qoşuluruq.
Əvvəlcə
kişi ağzından iki kəlmə
çıxarıb oğlunun ürəyini qırmaq istəmədi.
-
Quranların yox, qurduranların.
Sonra ondan
ata nəsihəti gözlədiyini hiss eləyib oğlunun
gözünün üçinə baxa-baxa sözünü
davam elətdirdi (Ocaq Məhəmməd həmişə
sözünü qarşısındakının gözünə
baxa-baxa deyirdi. Gözləri, birinin ürəyin,
o birinin ağlın yolu olduğunu hesab eləyirdi.
İstəyirdi öyrənə ki, dedikləri həmin
gözlərdən girib ürəyə yatır, ağla
batırmı);
- Komsomola
haqq eləyib keçmisən, amma bir az tələsmisən.
Bir az səbr eləyəydin, görəydik həqiqimi
bizə birlik, bərabərlik həyatı gətiriblər,
yoxsa həmişəlik özlərinə bağlamağa
qırmızı çatımı (kəndir demək istəyirdi).
Gəncəbasar əhlinin rus ordusu ilə vuruşub,
döyüş meydanında "Səndən ötrü can
verməyə cümlə hazırıq" -
oxuyanlarının sağ qalanları meşələrə,
dağlara çəkilib qaçaqlıq ömrü
yaşamağa başlamışdı (onlar fusrət
düşdükcə Qümrüdən Başkeçiddən
yol tapıb Türkiyəyə sığınırdı).
Əskipara meşəsini də qaçaq
bürümüşdü. Ocaq Məhəmmədin
qaynı Əmiraslan da onların arasında idi. (Həmin qacaqları da el-oba dolandırırdı.
Meşədə manşır yerə hamı
növbə ilə aparıb azuqə qoyurdu. Komsomola keçməmişdən Cəlal
özü də anasının tədarükünü həmin
yerə aparıb qoymuşdu).
Bir müddət sonra təhlükənin
artdığını görən Şuranı gətirənlər
onu arıtlamağı qərarlaşdırdılar. Həmin əməliyyata
cavanları da cəlb elədilər. Təəssüflər
olsun ki, ata məsləhətsiz Cəlal Məhəmməd
oğlu da onlara qoşuldu. (Fəalların
çoxuna çekistlik vəd olunmuşdu. Cəlal da sevgilisi Sənəmin sözünü
sındırmayıb müəllimliyini poqonlarla əvəzlədi).
...Axır
ki, içərisində Cəlal da olan dəstənin yolu Əskipara
meşəsi tərəfə düşdü
(başçıları kənd duyuq düşüb
qaçaqlara xəbər verməsin deyə yollarını
Coğazın üst yanından, Qazançı dağı ətəyindən
saldı).
Toy xəbər yelini qara zurnadan, vay xəbəri sürətini
ildırımdan alır.
Əskiparanın bir ocağına kösöv
qarasından qara, ilan zəhərindən ağılı
Qazançı dağından ağır bir vay xəbəri
gəldi. Ocaq Məhəmmədin oğlu, komsomol Cəlalı
qaçaqlar qızıl gülləyə gətirib. Həm də ömrünü qızıl ilan kimi
çalan öz dayısı Əmiraslan olub.
Cəlal
adlı bir ailənin gözünün işığı,
ömrünün yaraşığı cavan ömrünü
hələ yerini bərkitməmiş bir quruluşa qurban verdi. Ata, ana sinəsinə
çarpaz dağ çəkildi (anası törə Qəfərin
qızı Səyalı qardaşına görə əriylə
göz-gözə gəlməmək üçün
atası evinə daşındı. Ocaq Məhəmməd
də adının əvvəlindəki kəlməni
Coğarda axıdıb o taya adladı. Sinələrindəki
dağların əski viran qalmış ocaqlarının pəncərələrinə
düşdü, onlara çal-çarpaz taxta vuruldu).
Cəlalı aparıb Ceyrançöldə qəhrəman
kimi Şura şəhidlərinin böyründə torpağa
tapşırdılar. Üstündə yaşı qədər
yaylım atəşi açıb ətrafdakı qurdları,
quşları hürkütdülər.
Bir ata,
ana sinəsi də
qırmalandı...
Yandı,
nə yandı...
Vaxtsız ölmüş bir övladını qoynuna
ala bilməyən Əskipara qəbiristanlığının
Cəlalın boy boyda torpağı üyüşdü, nə
üyüşdü.
Görmədikləri
bir məzarın üstə kənddə bir ana,
Ceyrançöldə bir sona gözündən
dünyanın ən ağır damçıları
süzüldü...
Ocaq Məhəmməd Cağazı keçməmiş
yolunu kəndin iki ocağına salmışdı. Birinci bir
zamanlar ata-anasını elçi göndərdiyi Tösü
Qəfərin evinə.
Səyalıya da bu dəfə gözünün
içinə baxmaya-baxmaya sözünü demişdi.
- İkimizin elə sinəmizə Camalımız eyni
çarpaz dağı çəkib. Mən günahı
qardaşın Əmiraslanda görmürəm. Rusların atının yedəyindən çəkib
yurda gətirmiş Anastaslarda, onlara ağı verənlərdə
görürəm.
Bir müddət susub ilk dəfə baxmadığı
gözlərdən sözlərinin ürəyə, beyinə
süzülüb çatmasını gözləmişdi.
- Yaran qaysaqlayandan
sonra öz evinə-eşiyinə qayıt. Orda
böyütdüyün Camalın ruhunu yaşatmaq
üçün pəncərələrin çal-çarpaz
taxtalarını aç, evin qaramatını qaçırt.
Qardaşının qız balasını da
özünlə götür, qoy dil-ağıza qoymayan
Nüşü bala sənə tüstülənməyə
macal verməsin.
Yenə Səyalının
gözlərinə baxa bilməmişdi:
- Mən
də ahımı, zarımı dağlara, daşlara səpələməyə
gedirəm. Özümə gələn kimi
qayıdacağam.
...Sonra da Çanaqqala silahdaşı Ballı Namazın
evinə üz tutmuşdu. Həmişə itini
açıq saxladığını bildiyində
alaqapısından haraylamışdı.
- Ay gizir,
ay gizir...
- İçəri gir, itin başı özünə
qarışıqdı. Dişini yox, dilini işə salıb
balalarını yalayır.
Ocaq Məhəmmədin bu dünyasının cəhənnəm
odunda yandığını bildiyindən Namaz onun dişi
altından paxlasını çıxarmasını gözlədi.
- Berdonkamı
çıxar mənə ver. Bir müddət o toydakı
damımda qalacağam.
(Şura gələndən hər ikisinin Türkiyədən
yadigar gətirdikləri tüfəngi Namazın zirzəmisində
gizlətmişdilər. Qapısı ağzında Ocaq ilanı
yuva qurduğundan Namazdan savayı naməhrəm ora girə
bilməzdi).
-
Çörək sarıdan narahatlığın olmasın. Səhnə (Səkinə) bacına iki təknə
bişirtdirəcəyəm. Hərəmin
üstəki oyuq daşın içinə qoyacağam.
Di uğurun xeyir olsun, öz patronlarımı da bala gizirə
peşkəşləyirəm. Bilirəm
qarnını qurd-quşla doyuracaqsan.
Başqa vaxt olsaydı ağlına başqa şey gətirib
Namaz dostuna güllə peşkəsləməzdi. Bilirdi ki,
hayıf almaq yoxdu, həm də qaçaqlar Ağbaba tərəfə
götürülüb, ordan Türkiyəyə keçmək
istəyirlər.
Ocaq Məhəmməd qapıdan aralanmamış
arxasından əvvəl küçük, sonra da Namazın səsini
eşitdi. Hər iki avazdan özünə qarşı bir həyanlıq
duydu.
- Bir ləngi
görüm Alapaça küçükləyib. Balalarından birini apar əlinə öyrət.
Adını da özün yaraşdırarsan.
Beləcə, Coğazın kənd səmtində bir
ana, o tayında bir ata yaralarının qaysaqlanmasın gözlədi.
Çöldə birinci axşamı Ocaq Məhəmməd
bərk qəribsədi. Özündən aslı olmayaraq
zarımağa başladı. Camal heç
cürə gözündən kənarlaşdıra bilmirdi.
Başa düşürdü ki, oğlunun
ağıllı gözləri səhərə kimi ona dikilib
yatmağa qoymayacaq. Yuxusunu kotan kimi eşəcək,
şumlayacaq.
Zarıltısından özü də diksinən kimi
oldu. Ətrafında çöl heyvanlarının səsi
bir-birinə qarışmışdı. Çöl
onunkunu da onlarınkına uyğunlaşdırıb öz
canlı xorunun bir səsini artırmışdı.
Özündən aslı olmayaraq səmaya bir güllə
atdı. Elə bil ulduzlardan hansınısa vurmaq istəyirdi.
Ürəyindən keçirdi. Hansı bədgur ulduzunuzun altında doğuldum,
görəydim. Sonra Şura hökumətinin
qırmızı ulduzunu yadına saldı.
- Mənimki
şuranınkıdı.
Sözünə qüvvə vermək üçün
bu dəfə üzü Ceyrançöl tərəfə,
Şuranın qərargahı səmtinə ikinci gülləni
atdı. Bu dəfə kallaşmış səsiylə
Şuranın dəymişini kallamağa başladı.
- Sənin
o qırmızı bayrağın görüm qara gəlsin, a
Şura. Ora Camalımın da qanını
sıçratdın...
...İkinci gecəsi yenə oğlunun qanını
bayrağına sıçratmış Şuranı lənətləməyi
ilə başladı. (O, nərildədikcə danışanda yaxındakı
çöl heyvanları səsini kəsirdi. Tanış
olmadıqları "böyürtüdən" elə bil
hürkməyə başlayırdılar).
-
Özünüzünkülərdən üç
güşəsi də artıq olan ulduzumuzu
söndürdünüz. Görüm o
qızıl ulduzunuzun kömürü çıxsın.
Gələr-gəlməz Şah Abbas məscidimizə it
bağladınız...
Hər ağzı açılanda ona isinişməyə
başlayan küçüyü də böyrünü kəsdirib,
səsinə səs vermək istəyirdi. Neçə
gün idi ona bir ad tapmağa çalışırdı.
Dərdinin ağırlığı
başını dəyirman daşı kimi fırladıb ad
üyütməyə imkan vermirdi.
-
Üstü ulduzlu çalpapaqlardan köpək
sürüsüsən.
A
şura, o it oğlu şura...
Bir-iki dəfə a şura deyəndən sonra yadına
Kərbəla müsibətini saldı. Onun da ən
ağır, qətl günü aşuranı. Bu dəfə küçük üçün dəyirman
daşlarını isə sala bildi. Küçüyünə
ad tapa bilmişdi. Həm də
özünün Çanaqqala yadigarıyla iki ov vurmuşdu.
Küçüyə A şura adı qoyub
şuranı it yosunlu edəcəkdi. Həm
də Aşura müsibəti mənasıyla özünü
sığortalayacaqdı.
Ocaq Məhəmmədin şenliyə arxa çevirib
Arançıdakı komasına
sığışdığından xəbər tutuldu. Bunu əskiparalılar
qonşu erməni kəndindən ovçu Ardaş Ceyran Əliyə
söylədi.
- Sizin Məmməd,
oğlundan sonra havalanıb eləməyib?
- Nədi
ki, ilim-ilim itib, yeri-yurdu bilinmir.
- Yeri əvvəlki
koması, axşamlar çığır-bağır
salır, sonra da göyün ulduzuna güllə atır.
Kənd adamı da həmin xəbər sonrası yolunu
Arançı səmtdən salıb Ocaq bildikləri adamdan
hal-əhval tutmağa çalışdı. Onların Ocaq
Məhəmmədin son günlər içərində gedən
yanğınlardan xəbəri yox idi. Camalı
gözündən kənarlaşdırıb heç cür
özünə gələ bilmirdi. Ətrafında
nə varsa onlardan oğlunun get-gedə qaymaq çiçəyi
sarısına çəkilən siması canlanırdı.
Bir insan kimi ocağı keçməyə
başlayırdı. Görüşünə
gələnlər nə qədər özlərini
yaxınına verdilərsə özgə vaxt gözlərinə
baxa-baxa hal-əhval tutan kişinin gözünə görünmədilər.
Salamlarına "Əleyk" alanmayanlar kəndlərinin
ən simsar adamının başını itirdiyi qənaətinə
gəldi. Hamısının da ürəyindən
eyni şey keçdi. Bu fağır
Ocaqlığından çıxıb salamsız Məhəmməd
olub.
Son günlər Məhəmmədin gözünə
Aşurası görünürdü. O küçüksüz,
küçük də onsuz dura bilmirdi. Əvvəl-əvvəl
bir şenliyin, sonra Ceyrançölün lap dünyanın
ağsaqqallarından biri də ola biləcək
bir adamın tərkidünyalığı
başlamışdı. Bu da əvvəlcə Əskipara
camaatından üz döndərmişdi: niyə bir
ağız olub Şuranın başbilənlərinə dirənmədilər.
Niyə Cəlalı Şuranın qəhrəmanı
kimi çoxu xaçpərəst olanların böyrünə
basdırdılar.
Meylini Aşuraya salıb bütün günü
dünyanın bir küçük canlısıyla ünsiyyətdə
durdu. Hərdən
ondan nəsihətini də əsirgəmirdi: Məndən olsa
heç böyüyüb Namazın Alapaçası kimi it də
olmazsan. Neynəyirsən it olub. Kiminsə əlinə baxıb yallanmaqdansa, canavar
kimi böyüməyə çalış. Siz heyvan yosunlarının ən şəstlisini ipə-sapa
yatmayanını mən Canavarı hesab eləyirəm. Arançıda bir-iki qoyunumu sürüyüb
aparmağını da bağışlayıram. Ona güllə atmağımdan da it
peşmanıyam.
Bir az sonra da göylərə baxmağını
tərgitdi. Molla Oruclu nəslindən olan adam.
Həmin fikrə düşəndən
özünün ən misilsiz günahına doğru
addımlayırdı. Allah-təalayla
küsülülüyünü başlatmışdı.
Mənim Cəlalıma niyə qıydın,
başına bəndəmi qəhət idi. Bu
Allahını dananları, məscidinə it
bağlayanları yaşadır, bayraqlarını hər yerdən
asırsan...
...Qazi
dostunun başını itirməsindən (kənd
üçün Ocaq Məhəmmədlikdən
çıxıb salamsız Məhəmməd olduğundan ən
çox daralan Ballı Namaz oldu. Özündən
xəbərsiz ayaqları onu Arançıya yetirdi.
Əvvəl-əvvəl dostunu kənardan seyr etməyə
başladı.
Özünün verdiyi küçüyü Məhəmməd
qucağına alıb danışmağında idi. Həmin
an Namaz dostunu arvadı öləndən
sonra körpələrini böyütmək məcburiyyətində
qalan atalara bənzətdi. Ürəyindən
keçirəsi oldu. Batmış, deyəsən,
doğrudan da, ağlını, huşunu Qazançı
dağının yelinə verib.
Namaz
dostunun sözlərinə də fikir verdi.
Onları da Məhəmmədin başından
Qazançının yeli əsdirdiyinə inandı.
-
Düzdü, bizlər (yəni insanlar) atınkından da
üstün it vəfasını tutur. Bilirəm
böyüyüb ən vəfalı da mənə olacaqsan
lazım deyil. Allahımız bizlərin
çoxunun özünü, nə it, nə də at kimi vəfalı
yaratmayıb. Dayısı Əmiraslan
qucağında böyütdüyü Cəlala güllə
atırsa insanlığa qres (krest). Sən
mütləq yavaş-yavaş dovşan ovlamağa başla.
Bir azdan da qoyun, quzuya keç. İtlikdən özünü qurtarıb canavar ol.
Namaz
dostunun küçüklə söhbətinin
uzanacağını hiss eləyib yarıda kəsməyi qərarlaşdırdı.
Üstəlik, qarasına deyinə-deyinə. Bu heç
körpəliyində Cəlalı qucağına
almırdı, indi bir yamacın küçüyünü
balası kimi əzizləyir. Öskürdü, məzəmməti
də öskürüyünü bir az da
artırıb qatara düzdü.
Məhəmməd gələnlərdən birinin
küsü saxladıqlarından biri olduğunu
düşünüb özünü görməzliyə
vurmaq istədi. Baxıb Çanaqqala silahdaşını
tanıdı.
- Boy, boy,
olmuya Arançı çölündə Namaz
çavuşu görürəm.
- O
küçüyü tuylat, get bulaqda üst-başını
yu, gəl bir ağız-ağıza verək.
Bir zamanlar Çanaqqalada əsgəri olduğu
çavuşun sözündən çıxa bilmədi.
Bulağa sarı gedəndə küçük də
arxasınca düşdü. Namaz bundan
darılmadı. Yaxşı ki, qancıq
anasının gözündən qaçırıb bu
küçüyü verdim. Olsa-olsa
yarasına məlhəm bu küçük olacaq.
Namaz söhbətinə hələlik nə kənddən,
kəsəkdən, nə hər ikisinin it ağzına
keçə biləcəyindən danışdı. Söhbətinə bir az əvvəl eşitdiklərindən
başladı.
-
Qulağım yanlışımı çaldı, bilmirəm
bu küçüyü canavar kimi böyütmək istəyirsən?
Xeyli
vaxtdı gözünə baxıb danışmağa adam tapmayan Məhəmməd Namazın qənşərinə
gəldi. Dünyadan, insanlardan
dönüklük imtahanı verməyə
hazırlaşdı.
- Hər
gün qanlı quş, dovşan əti yedizdirirəm. Ona
hayıfım gəldiyindən it olmağını istəmirəm...
Sözlərindən hələlik
qabağındakının ağlının bir şey kəsmədiyini
anlayıb sözünə haqq qazandırmağa
başladı.
- Kəndin
baş tərəfi, alışma heyvanları kəsilən
Hüseynalı bulağının üstü səmə itlərlə
dolu deyilmi. İçi sən, mən
qarışıq hamımız o vəfalı köpəklərimizi
qocalanda, xaltasını açıb gənitmirikmi? Bu yaşına kimi yolda, yamacda səmə canavar
sürüsünə rast gəlibsənmi. Bir də zəmanə
bəndələrin özünü canavara çeviribsə o
yazıqların əməllərinə şükür eləmək
lazımdı
Namaz bu söhbətin xalçaçıların rəngli
yumaqları kimi uzanacağını başa düşdü. Bircə ona
yüngülləşdi ki, dostunun ağlı başında
idi. Sərrast
danışdıqlarının arasına yanlışdı
deyib iynə də batırmaq olmazdı. Bunu
dərdi və tənhalığı tərəfə yozdu. Yəqin etdi ki, sinəsinin
çal-çarpaz dərdi, özünü yalqız canavara
döndərib küçüyünü də o cür
böyütmək istəməsi hələlik dünyaya
çaşbaş baxmasındandı. Odur
ki, söhbətin ağzını qırmızı kirəmidli
damları görünən kəndə tərəf saldı.
- Ayə,
a gizir, gödək Qəfərin qızı səndən
möhkəm imiş. Arvad xeylağının dəmirqara
ağasına bənzəyənini görməmişdim.
Ocağınıza qayıdıb, şenləndirib.
Haqq eləyib o yandırdığı
çirayla Camalının ruhunun
şadlandığını başa düşür.
Dostundan fərqli Namaz gözlərini yerə dikib
danışırdı. Həmin xasiyyətinə görə onu tənbehləyənlərə
də cavab eyni olurdu. Hər şey yerdən
bitir, torpaqdan boy göstərir. Allah
yaradandan bəri bütün nəsil-nəcabətimiz də
ordadı. Onlar da bizlərlə nərgizlərlə
yasəmənlər danışmaq istəyir. Dərdimiz sərimiz üçün dərman
otları bitirir.
-
Nüşünü də özüylə aparıb. Təskinliyini
küçüklə yox, adam balasıyla
tapır...
Həmin
kəlmələr Məhəmmədin üzünü yana çevirdi. Namaz onun
üzünü-gözünü
acılaşdırdığını anladı.
- Bir badya
bal aparıb getmişdim. Özü də
ocağınıza gətirəndən hamı kimi ona
Nüşü də demir...
Məhəmmədin
sualını gözləməmiş cavabını verdi.
-
Noğul deyir, a noğıl, a noğul bala. Hərdən
də dilini yanıldır, ay oğul bala söyləyir.
...Sonra
ötən günlərə baş vurdular. Bir
də Namaz göz açıb gördü ki,
Qazançının buludları enib başlarının
üstünü alır.
- Sən
ocaq adını havayı almamısan. Bir
buludların əmcəyinə bax gör leysan tökəcəklərmi.
Həmin kəlmələr, Məhəmmədi odla, su
arası qoydu.
Son, ən böyük
küsülülüyünü Namaza deyib, deməməyi
fikirləşdi. Ondan yaxın
adamının bu göy qübbəsi altında
olmadığını yadına salıb göyə
baxmamağının səbəbini də anlatdı.
- Nə
müddətdi başımı qaldırıb göyə də
baxmıram.
- Elə
niyə...
-
Camalımı əlimdən aldığından sonra əvvəl
bütün insanlıqdan, axırda da ondan küsmüşəm.
Namaz həmin kəlmələrindən sonra Məhəmmədin
kəndə dönəcəyindən əlini üzdü.
Sözgəlişi
söylədi:
-
Barışıq yarada bilsən ayağını kəndə
qoy.
- Hələlik
bu Aşuranı canavar eləyib sürüsünün
yanına yollayım. Sonra insan sürüsünə ayaq
açmaq barədə fikirləşirəm..
Əvvəl yol boyu, sonra da kənddə Namaz dostunu
yadına salıb fikirləşirdi. Görəydim Məhəmmədi
dağ başından endirib insan mərəkəsinə
qarışdıra bilən bir səbəb tapılarmı?
Amma
Canaqqala təltifindən məhrum biçarə Namaz hardan biləydi
ki, dostunun dağ başından enməsinə elə
özü səbəb olacaq...
Otuzuncu illərin müharibə qoxusu gələn
zamanlarında erməni enkevedi içşiləri meydan
sulamağa başlamışdı. Azərbaycanda gizli
pantürkist təşkilatının fəaliyyətindən
yuxarılara xəbər verilmişdi. Ölkənin
üzünün qaymağı ziyalılarla bərabər
Canaqqala qazisi Namaz da onların qara dəftərinə
düşmüşdü. Ağacı
qurd içindən yeyər deyiblər. Keçəl
oğlu deyilən kəndiləri kişi
barədə hər şeyi poqonunun bir ulduzun artması naminə
erməni rəisin ovcuna qoymuşdu. Zirzəmiyə
girməmişdən qabaq fısıltıyla üstlərinə
sürünən ocaq ilanını ulduz görməmiş
qızıl gülləyə gətirdilər. Gizlətdiyi Osmanlı tüfəngini əşyayı-dəlil
kimi götürdülər.
Namaz
tamaşasına yığılan kəndlilərinə macal
tapıb dedi: Məhəmmədə xəbər verin
başının çarəsinə baxsın.
Məhəmmədə Namazın güllələnməsindən
xəbər çatdırdılar.
Küçüklükdən çıxmaq üzrə
olan itini (artıq ov elənməyi də öyrətmişdi)
Qazançı yalına (axşamlar qurd ulaşması gələn
yerə) apardı. Oranın bir-iki ağacı bir insan bəndəsiylə
yarı canavar bir köpəyin qucaqlaşıb
vidalaşmasının şahidi oldu.
Ayağını kəndə qoydu Çavuş
Namazın giziri Məhəmməd. Ceyrançölə getməyə
hazırlaşdı.
Arxasınca gələn tapıldı. Oğlunu qəhrəman
kimi təltif eləmişdilər. Yüksək
dövlət ordenini qəhrəmanın atasına verəcəkdilər.
Onu rəis səmimi qarşıladı. Üz-gözündən
nifrətini gizlədə bilmirdi. Məhəmməd onun
ürəyindən keçənləri az
qala eşidirdi: Allahına şükür elə, oğlun qəhrəman
olub, yoxsa başına gülləni özüm vuracaqdım.
Sözgəlişi
söylədi də:
- Bizdən
bir xahişin?
-
Mümkünsə, Namazın cəsədini verin aparıb
ata-anasının böyründə torpağa tapşıraq.
- Bu
mümkün deyil, Namaz kimi xainlər gizlin dəfn olunur. Qəbirləri də nömrələnir. Sənə hörmət eləyib onun gorunu göstərərik.
...Kol-koslu
bir irəmədə torpaqdan təpəciklər var idi. Taxtalarının
üstlərində qara tuşla nömrələr
yazılmışdı...
...Bir neçə
gündən sonra paqonunun ulduzu artmış Keçəl
oğlu rəisə məlumat verdi.
- O biri
Çanaqqala qazisinin özü də özünü cəzalandırıb.
Kəndə aparaq, ya.
- Dostunun
böyründə...
-
Namazın böyrünə...
Bir müddət sonra itlə-canavar arasında
qalmış bəslədiyi küçük gəlib qəbrini
tapmışdı.
Məhəmmədin xətrinə it olmaq istəmişdi.
...Ceyrançöl
camaatı bir müddət bir itin bir kimsəsizin qəbrindən
ayrılmadığından danışdı.
Sonra da it
də getdi, ip də...
Vaqif NƏSİB
Ədəbiyyat qəzeti.- 2022.- 20 avqust.- S.24-25.