Akademikin və babamın ağacları
I
...Akademik Həsən
Əliyevin ömür
və düşüncə
obrazını xatırlamağa
çalışıram - hər
dəfə "ağac"
və "meşə"
obrazları təhtəlşüurumda
canlanır.
Mənə elə gəlir
ki, qarşısına
çıxan hər bir ağac, kol onun yadındadır. Vələs,
palıd, ardıc landşaft-məkan yaddaşının
işarələridir:
"Çayın lap kənarı
ilə subasar hissədə yayılan söyüd meşəsi sahildən uzaqlaşdıqca
üstünlük ağyarpaq
qovaqlara keçir".
Yaxud:
"Bərdə meşəliyində,
Tərtərçayının Kürə tökülən
yerinə yaxın sahədə saqqızağacı
ilə qarışıq
seyrək palıd meşəliyi üç
il qorunduqdan sonra orada çoxlu
miqdarda palıd yeniyetmələri əmələ
gəlmişdir".
Onun üçün ağac adam kimidir,
gərək bir-birilə
ünsiyyət qursun. Deyirdi ki, qonşuluq etməyi də ağaclardan öyrənmək
lazımdır. "...Heç bir ağacı tək qorumaq olmaz. Söhbət
bu və ya digər növün
mühitindən gedir.
Ardıcın "qonşusu" qorunmasa, ardıc da qorunmayacaqdır".
Onun ağac
və ya meşə xatirələrindən
peyjaz şairinin narahat ürəyi boylanır. Ağacları xatırlama, xəyalından
keçirmə aktı
əslində bir sufinin zikr məqamına
bənzəyir.
Müdrik alim ağacın cinsini və növünü rənglərdən
müəyyən edirdi. Xalq şairi Nəriman Həsənzadə bu məqamı həssaslıqla
tutub: "Bu təbiət
aşiqi torpağımızın
gözəlliyini rənglər
fonunda necə də aydın seçir, onlardan ayrılmaq istəmirdi".
Həsən müəllimin ağac
xatirəsi rəng yaddaşından başlayır:
"Uzaq üfüqdə
meşə talasının
yaşıl örtüyü
sanki səmanın ətəklərinə dəyir.
Talaların rənginə görə
buradan meşənin cinsini asanlıqla təyin etmək olur. Qırmızımtıla çalan şam,
ya da küknar,
qonura çalan sarımtıl göyrüş
və qırmızımtıl
fıstıq meşələridir".
Yaxud:
"Göy gölün
gözəlliyi şər
şeydən əvvəl
onun rəngindədir.
Onu hər dəfə bir rəngdə görmək olur. Bu, ətraf meşələrin
ağacları və səmanın rəngindən
asılıdır".
Onun yaddaşındakı
ağaclar simvollaşır,
gerçək mənasını
sanki dəyişir. Ağacı dərketmə
alimləri və şairləri müdrikləşdirir.
İnsanın təbiət əxlaqı
ağaclara sevgidən
gəlir. Bu əxlaq ona babasının öyüdü
ilə keçmişdi.
Bu müdrik öyüd
uşaqlığın kövrək
xatirəsi kimi vaxtilə yazıya da almışdı:
"Bir dəfə
öküzlər ardıc
kolunun aşağı
tərəfindən burulanda
mən boyunduruqdan yıxıldım. Ağlaya-ağlaya hirsimi babamın
üstünə tökdüm.
Nə üçün
bu kolları, cır armudları qırmırsan? Onsuz da onlar meyvə gətirmir. Təpənin quzey tərəfindəki kolluqlardan
heç olmasa itburnu, yemişan, alma, alça yığırıq. Amma bunların
meyvəsi yox, özləri də əl-ayağımıza dolaşır.
Babam cavabında dedi:
- Bala, deyirlər ki, ardıc ağacını qırmaq
günahdır, onun közü gec sönür. Babalarımız
da öz müqəddəs ağacın
ocağının közünü
bu gündən sabaha saxlayarlarmış"...
II
...Müharibədən qabaq babam qaradamımızın
ətrafında dörd
qovaq ağacı əkmişdi - hərəsi
bir oğlunun adına.
Müharibədən sonra bir oğlu da
dünyaya gəlsə
də, nədənsə
onun adına ağac əkmədi. Dedi ki, onsuz
da kiçik oğul yurdda qalır.
Babam əkdiyi
hər ağacın tarixçəsini bilirdi. Övladlarının uşaqlıq xatirələri
sanki o qədər maraqlı deyildi, bir-iki gülməli əhvalatdan başqa yadında heç nə qalmamışdı.
Amma şaftalı tinglərini
Körpülüdən necə
alıb gətirdiyini,
gilasın şitillərini
aldığı adamla
bazarda dalaşmasını
dönə-dönə danışardı.
Qız-gəlinin davranışını ağaca
münasibətlə ölçürdü,
yəni hansı həyətdə bir qurumuş ağac görürdüsə, evin
gəlinini suçlu bilirdi. Xatalı kimi, onlardan
biri də öz ocağına düşmüşdü. Xüsusən yay fəslində elə həftə olmazdı
ki, ağaclara su verməməyin üstündə onu danlamasın.
Sovxozun ağ sürüləri
yaylağa qalxmışdı.
Çoban əmim babamla
nənəmi də özüylə götürmüşdü.
Kişi arana qayıdan kimi birinci həyət-bacaya göz gəzdirdi, görəndə ki, it armudun dibində yatır: "Heç bar ağacına da it bağlayarlar, ay qancığın
qarnından çıxan",
- deyib gəlini ağır söydü.
Həmin gün gəlin yaşmağın altında
donquldana-donquldana atası
evinə getdi.
Həmin
il armud
ağacı qurudu.
Bakıdakı əmim kəndə gec-gec gəlirdi. Babam bu soyuqluğa görə onu elə möhkəm
danladı ki, elə o gedən oldu, uzun müddət
kəndə tərəf
üz döndərmədi.
Və əmimin adına
əkdiyi qovaq da yavaş-yavaş qurudu. Babam bu hadisədən
çox bikeflədi.
"Uşağın başında
mütləq bir
iş var",
- dedi və kiçik əmimi paylı-sovqatlı Bakıya
yola saldı.
Divarın dibindən qalxan qoca tutu kəsməyə qoymurdu. Ağacın kökləri artıq
döşəmənin altından
çıxırdı. Kiçik əmim bərk narazı və narahat idi: "Ağac divarı dağıdır,
ay kişi", - deyirdi.
Payızda əlinə
balta alıb, kəsmək qərarına
gələndə isə
babam qoymurdu: "Aman günüdür, özünüz kəsməyin,
ziyanlıq olar".
Axırda
əlacsız qalıb
razılaşdı: "Domara
Söyünü çağırın,
gəlib kəsin".
Ağacın kəsilməsini görməsin
deyə, həmin günü babam çayxanaya getdi...
Atamın adına əkilən qovaq böyüyüb, qırmızı kirəmitli, ala eyvanlı evdən uca olmuşdu. Hər dəfə babamgilə gedəndə atam öncə yarpaqlar arasından süzülən gün işığından gözlərini qıyaraq, lap kəllədə, haçabudağın arasındakı çalağan yuvasınacan ağacı süzürdü, ondan sonra evə girirdi.
1980-ci il ilin sentyabrı idi.
Əmim
səhər tezdən
bizə gəldi və anama dedi:
"Bu gecə yuxumu qarışdırmışam. İşığa
danışıram: görürəm
ki, bir ağac
evin üstünə yıxılır. Qışqırıram ki, qoymayın, evi uçuracaq. Kamal çiynini ağacın altına verir".
Həmin
günün axşamı
atam öldü...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2022.-
20 avqust.- S.19.