Mirzə Ələkbər Sabir
yaradıcılığında Allaha iman
Tarixi mənbələrdən məlum olduğu kimi,
İslam dini Azərbaycanda VII əsrin sonları, VIII əsrin əvvəllərindən
hakim din statusu qazanmış və daim bu coğrafiyada həmin
statusunu qorumuşdur. Zaman ötdükcə islami dəyərlər
Azərbaycan xalqının dünyagörüşünə,
milli-mənəvi dəyərlərinə, həyat tərzinə,
ədəbi-bədii, fəlsəfi irsinə dərindən
nüfuz etmiş, onun ayrılmaz bir parçasına
çevrilmiş, ehtiramla qorunaraq nəsildən-nəslə
ötürülmüşdür. VIII əsrdən XX əsrin
əvvəllərinə, daha dəqiqi 1920-ci ildə növbəti
dəfə ruslar tərəfindən işğalına qədərki
Azərbaycanın qədim və zəngin şifahi və
yazılı ədəbiyyatı islam fəlsəfəsi,
islami dəyərlərlə yoğrulmuş, ərsəyə
gəlmiş bir-birindən dəyərli əsərlərlə
ümumislam ədəbi-fəlsəfi irsinin zənginliyinə
zənginlik qatmışdır. Azərbaycanın
dini, təsəvvüf və mərsiyə ədəbiyyatına
qiymətli töhfələr bəxş etmiş mütəfəkkirlərindən
biri də görkəmli satirik şairimiz Mirzə Ələkbər
Sabir olmuşdur.
Xalqın
oyanması, maariflənməsi, tərəqqisi uğrunda əzmkar
mübarizlərdən biri olan Sabir, bilindiyi kimi, həm
sağlığında ifşa etdiyi riyakar mollalar, həm də
vəfatından sonra islamın nüfuzuna xələl gətirmək,
onu isə, hardasa sovet şairi elan etmək istəyən sovet
tədqiqatçıları tərəfindən
"bidin", "dinə qarşı mübarizə
aparan", "ateist" bir şair kimi qələmə
verilmişdir. İslam dini, islami dəyərlər əleyhinə
bir misra belə qələmə almamış Sabirin riyakar
"din xadimlərinin", mövhumat və xurafatın tənqid
və ifşasına həsr olunmuş şeirləri dini
dünyagörüşə, islama qarşı yönəlmiş
əsərlər kimi daim ateist ədəbiyyat
toplularının ön səhifələrində təqdim
edilmişdir. Vurğulamaq istərdik ki, hətta
günümüzdə də, həmin prizmadan yanaşaraq
Sabirdəki dindarlığı,
yaradıcılığında bariz şəkildə öz əksini
tapmış islam fəlsəfəsini, aşılamağa
çalışdığı islami dəyərləri
görməyən, görmək istəməyən tədqiqatçılarımızın
mövcudluğu sovet dövründəki həmin qeyri-obyektiv
münasibət bizdə təəccüb doğurmur.
Lakin əvvəlki
araşdırmalarımızın nəticələrində
ortaya qoyulduğu kimi: "Şəxsiyyət etibarilə dindar bir müsəlman olan Sabir kiçik
yaşlarından ömrünün sönunadək, islam dininin
zəruri şərtlərini səmimiyyətlə icra
etmiş - namaz qılmış, oruc tutmuş, islam dinində
haram buyurulduğu üçün əsla şərab və
spirtli içkilər içməmişdir.
Yaradıcılığında islam dini əleyhinə bir
misra belə yazmamış, islami dəyərlərə, o
cümlədən, Allaha və Məhəmməd peyğəmbərə,
şiəlikdə xüsusi ehtiram bəslənilən imam
Hüseynə məhəbbəti əsərlərində dəfələrlə
tərənnüm olunmuş Sabir Azərbaycan müsəlmanları
arasındakı məzhəb ixtilaflarının aradan
qaldırılması, bütöv, qardaş islam toplumu
uğrunda da ardıcıl və qətiyyətli mübarizə
aparmışdır".
Sonuncu səmavi
və ümumbəşəri din olan İslam dini 15 əsrdir
ki, müqəddəs ilahi hikmətlər və nəsihətlər
toplusu olan "Qurani-Kərim" vasitəsilə bəşəriyyətə
humanizm, xeyirxahlıq, yardımlaşmaq, düzlük, ədalətlilik,
əxlaq gözəlliyi, ailə dəyərlərinin
qorunması və s. kimi yüksək insani keyfiyyətlər,
dəyərlər aşılamaqdadır. "Hophopnamə"ni vərəqlədikcə Sabirin islamın
aşılamağa çalışdığı həmin dəyərləri
məzh "Quran" ayələri və Məhəmməd
peyğəmbərin hədisləri işığında necə
böyük şövqlə tərənnüm və təbliğ
etməsinin aydın şəkildə şahidi oluruq. Bu dəyərlər arasında böyük Yaradana -
Allaha iman və dərin məhəbbət xüsusilə səciyyəvidir.
İslama görə, ən kiçik zərrədən
insan şüurunun dərketmə potensialına sığmaz
aləmlərədək hər şey Allah tərəfindən
xəlq olunmuşdur, Ona məxsusdur və Onun qüdrəti ilə
idarə olunmaqdadır. Heç bir yaradılış və proses Onun bilgisindən,
nəzarətindən kənarda deyil, hətta insanın ifadə
etmədiyi duyğuları belə. Bu, 114 surə, 6236 ayədən
ibarət olan islamın müqəddəs kitabı
"Qurani-Kərim"də aşağıdakı kimi ifadə
olunmuşdur: "Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur"
[Ali-İmran, 2]; "Göylərdə və yerdə nə
varsa, hamısı Onundur. Həqiqətən,
Allah ehtiyacsızdır, [hər cür] şükrə, tərifə
layiqdir!" [əl-Həcc, 64]; "Yerdə
və göylərdə heç bir şey Allahdan gizli
qalmaz" [Ali-İmran, 5]; "...Allah ürəklərdə
olanları biləndir" [Ali-İmran, 119]; "Gözlər
Onu [görüb] dərk etməz. O, gözləri dərk
edər. O, lətifdir [cisimlikdən uzaqdır], [hər
şeydən] xəbərdardır!" [əl-Ənam,
103].
Həyat və yaradıcılığını
geniş və obyektiv şəkildə tədqiq etdikdə əminliklə
səmimi dindar bir şair olması qənaətinə gəldiyimiz
Sabirin çoxsaylı şeirlərində böyük
Yaradana inam və məhəbbət, Onun hikmət və
qüdrətinə dərin ehtiram bariz şəkildə
öz ifadəsini tapmışdır. Sovet dövründə
sabirşünasların üzərindən sükutla
keçdiyi şairin məlum "A şirvanlılar" rədifli
şeiri bu baxımdan xüsusilə əhəmiyyət kəsb
etməkdədir:
Əşhədü
billahi əliyyül əzim,
Sahibi-imanəm,
a şirvanlılar!
Yox yeni
bir dinə yəqinim mənim,
Köhnə
müsəlmanəm, a şirvanlılar!
[II, s.35]
Riyakar mollaların təkfirləri nəticəsində,
onlara uyaraq Sabirə hücumlar edən avam camaata müraciətlə
qələmə alınmış bu şeirin "Əşhədü
billahi əliyyül əzim" [Allahın
böyüklüyünə, əzəmətinə şəhadət
edirəm] ifadəsi ilə başlanması "sahibi-iman"
olan dindar bir şairin Allahın əzəmətini təsdiq və
tərənnümünün bariz nümunəsi kimi önəm
daşımaqdadır.
Bilindiyi
kimi, islam dininin əsas və mübahisəsiz
şərtlərinin, hökmlərinin başında
Allahın yeganə Yaradıcı, Tanrı olması, Ondan
qeyri İlahın olmamasına, Onun əzəli və əbədi
olmasına tərəddüdsüz iman edilməsi durur. Bu
islamda "tövhid" adlanmaqdadır ki, həmin ifadəyə
Sabirin "Molla Nəsrəddin" jurnalının 30 may
1908-ci il tarixli 13-cü nömrəsində imzasız çap
olunan və "Molla Nəsrəddin"in 10-cu nömrəsində
Qızdırmalı [M.H.Zeynalovun gizli imzalarından biridir -
F.Q.] imzası ilə yazılan əşara cavab" qeydi ilə
verilmiş şeirində rast gəlirik:
Madam ki, hamiyani-zülmət
Xoşlar
ki, dəvam edə cəhalət;
Heyhat,
bilirmi onda millət
Tovhid nədir və ya nübüvvət?
[I, s.157]
Şairin burada işlətdiyi "nübüvvət"
[peyğəmbərlik] anlayışı da islamın əsas
şərtlərindən biri qəbul olunur və Allahın
insanlar arasından seçdiyi peyğəmbər və
elçilərinə iman edilməsini xarakterizə etməkdədir. Sabir burada, cəhalətin
hökm sürməsini istəyən zülmət himayədarlarının
əlində əsir olan millətin Allah və peyğəmbərlərinə
imandan, yəni islamın əsaslarından uzaq düşəcəklərinə
təəssüfünü ifadə etməkdədir.
İslam dünyagörüşünə görə,
Allah təkcə təsəvvürə sığmayan, insan
şüurunun dərk etməsi mümkün olmayacaq dərəcədə
böyük, müqəddəs yaradıcı deyil, həm də
insanların ən yaxın dostu,
yardımçısıdır. "Qurani-Kərim"də
aşağıdakı ayələrdə bu xüsus belə
ifadə olunmaqdadır: "Allah [Ona] iman gətirənlərin
dostudur, onları zülmətdən çıxarıb
işığa tərəf yönəldər..." [əl-Bəqərə,
257]; "...Bir dost və yardımçı kimi Allah [sizə]
kifayət edər!" [ən-Nisa, 45].
Məlum olduğu üzrə, Sabir pedaqoji fəaliyyətlə
məşğul olduğu ömrünün son
çağlarında uşaqlar üçün yazmış
olduğu şeirlərini, xüsusən, dərs dediyi
şagirdlərinə oxumaq və əzbərlətmək məqsədilə
qələmə almışdır. Uşaqları dərsə,
təhsilə ruhlandıran bu şeirlərdə milli-mənəvi,
əxlaqi, tərbiyəvi əhəmiyyət daşıyan dəyərlərlə
yanaşı, islami dəyərlər də böyük bir
şövq və diqqətlə aşılanırdı.
Sabirin aşılamağa
çalışdığı bu dəyərlərin
başında Allah sevgisi, onun qüdrət və əzəmətinin
tərənnümü xüsusilə diqqət cəlb etməkdədir.
Böyük sənətkar "İskəndər və fəqir"
şeirinin sonunda "Ona inananların dostu", "cümlənin
dərdinin dəvası", güclünün,
gücsüzün Xudası olan tək Allaha əl
açmağı, ehtiyacı yalnız Ondan diləməyi nəsihət
edərək uşaqlara müraciətlə yazırdı:
Ey
oğul, hacəti Xudayə dilə,
Dərdini zati-kibriyayə dilə.
Cümlənin
dərdinin dəvası Odur,
Acizin, qadirin Xudası Odur.
[II, s.126]
Digər
səmavi dinlərdə olduğu kimi, İslam dininə
görə də, şeytan [İblis] daim insanları
Allahın yolundan - dindən, imandan, gözəl əxlaq və
əməllərdən, xeyirxahlıqdan, yardımlaşmaqdan
uzaqlaşdırmağa, onları pis, çirkin əməllərə,
əxlaqsızlıqlara, ətalətə, günahlara, bəlalara
sürükləməyə çalışan, şəri təmsil
edən bir qüvvədir. Uşaqları "Allah olsun sədiqin"
deyərək, islami dəyərlər işığında
dərsə, təhsilə səsləyən Sabir "Məktəbə
tərğib" şeirində, çox yatmağın, ətalətin
şeytandan, tez oyanmaq kimi gözəl bir əməlin isə
Allahdan olduğunu vurğulayaraq yazırdı:
Oğul,
oğul amandır,
Çox yuxlamaq yamandır.
Çox
yuxlamaq - şeytandan,
Tez durmaq - Allahdandır.
[II, s.108]
İslam dinində xüsusi məna kəsb edən
başqa bir önəmli məsələ də
şükür təlimidir. İnsanlara istər ruhən, istərsə
də cismən saflıq aşılayan islam dini mənəvi
hüzur tapmaq baxımından müstəsna psixoloji əhəmiyyətə
malik olan "şükür təlimi" ilə onları əldə
etdikləri ən kiçik nemətlərə, dəyərlərə
belə sevinməyə, nail olduqlarına görə daim
böyük Yaradana minnətdarlıq duyub, şükür etməyə
çağırmaqdadır. "Qurani-Kərim"də
bu haqda bir sıra ayələr mövcuddur. Məsələn,
"...Əgər [Allahın nemətlərinə]
şükür etsəniz, sizin bu şükrünüz Ona
xoş gələr..." [əz-Zumər, 7],
"...Allah şükrə qiymət verəndir, [hər
şeyi] biləndir!" [ən-Nisa, 147],
"...Şükür edənləri də, əlbəttə,
mükafatlandıracağıq!" [Ali-İmran,
145].
Mömin
bir müsəlman olması ilə yanaşı, islam dünyagörüşünün, islami dəyərlərin
gözəl bilicisi olan Sabirin yaradıcılığında
şükür təlimi xüsusi yer tutan, əhəmiyyət
verilən və tərənnüm olunan məsələlərdən
biri kimi diqqət çəkməkdədir:
Tərk
edər kim ki, şükri-neməti-nas,
Etməyir
vaqeən Xudayə sipas;
Şakirani-vəsaili-nemət,
Olur əlbəttə, naili-nemət.
Artıq
etdikcə şükr ifasın,
Hasil edər könül təmənnasın.
[II, s.88]
"Əlində
olan nemətlərə şükür etməyən Allaha
şükür etməyir deməkdir, əldə etdiyi nemətlərə
şükür edən, əlbəttə, yenə nemətlərə
nail olacaqdır, könül şükrünü
"artıq etdikcə" arzularına, təmənnalarına
qovuşar" - deyən şair islam fəlsəfəsində
böyük önəm kəsb edən şükür təlimini
ən sadə dillə şərh edirək yazırdı:
Şəkəri-şükrdə
həlavət var,
Şükrdə izdiyadi-nemət var.
Neməti-nasə
şükr edən əlhəq,
Həzrəti-həqqə şükr edib mütləq.
İnd həqdəndir,
çünki külli-əsas,
Həqqə racedir şükri-neməti-nas.
[II, s.88]
"Anbəan
ona şayan olan nemətlərə görə"
özünün daim Xudaya şükrünü "əda
etməsini" vurğulayan Sabir bəxş etdiyi nemətlər,
dəyərlər və hikmətlər qarşısında
böyük Yaradana şükür etməyin hər bir
müsəlman üçün "ibadətin sərmayəsi"
olduğunu şagirdlərinə, eyni zamanda uşaqlara, gənclərə
anlatmağa, aşılamağa çalışırdı:
Şükr
sərmayeyi-ibadətdir,
Şükr pərvaneyi-itaətdir.
Ey Xuda, fəzlinə
rica edərəm,
Mən
nasıl şükrini əda edərəm
Ki, dəqiqə-dəqiqə,
anbəan,
Sabirə
nemətin olur şayan
[II, s.88]
Böyük satirikin əsər və məktublarında
Allahdan razılıq etmək, Allaha dua etmək, "Allaha
tapşırmaq" mənalarında işlədilən ifadələrə
də tez-tez rast gəlməkdəyik. Məsələn, şair
"Yaşadıqca xərabə Şirvanda" adlı
şeirində Əliqulu adlı bir həmvətənindən
"Həq səni sevindirsin" - deyə, razılıq edərək
yazır:
Sabirin
şeirdə duası budur,
Həzrəti-Həqdən
iltiması budur:
Ömr
edib daima səfa bulasan,
Hər zəman,
hər dəqiqə şad olasan!
[II, s.75]
Tiflisdə müalicə olunarkən Abbas Səhhətə yazdığı 15 iyun 1911-ci il tarixli məktubunda, onun xəstəxanada qalmağına razı olmayaraq, evlərində yer verən, böyük hörmət və qayğı göstərən Mirzə Cəlil və həyat yoldaşı Həmidə xanımdan dərin minnətdarlıq edən Sabirin yazdığı: "...bilmirəm nə dil ilə təşəkkür edim, Rəbbi-Təala həzrətləri əvəz versin" [II, s.234] cümləsi, həmin məktubunu XVIII əsr görkəmli türk alim və şairi Ərzurumlu İbrahim Hakkının məşhur şeirindən sitatla: "Mövla görəlim neylər. Neylərsə gözəl eylər" [II, s.234] - deyərək tamamlaması, bu məktubdan 12 gün sonra yenə Abbas Səhhətə yazdığı başqa bir məktubunda son günlərini yaşadığını yəqin edən ölməz sənətkarın ona müraciətlə, "... Lakin əlim daha qələm tutmayır. Əhli-əyalımı sizə, sizi də Allaha tapşırıram" [II, s.235] - deməsi, şairin Allaha olan böyük iman və ehtiramının ifadəsi baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir.
Dahi satirik şairimiz Mirzə Ələkbər Sabirin əsər və məktublarından gətirdiyimiz yuxarıdakı sitatlar onun mömin bir müsəlman kimi Allaha bəslədiyi böyük məhəbbəti və bu məhəbbəti öz şagirdlərinə, oxucularına səmimiyyətlə aşılamağa çalışmasını bariz şəkildə ifadə etməkdədir. Bu, eyni zamanda, onu "ateist" - "allahsız", "allahı inkar edən", "dinə qarşı mübarizə aparan" bir şair kimi qələmə vermək cəhdlərinin də nə qədər əsassız və böhtan xarakterli olmasını sübut edən tutarlı faktlardan biri kimi önəm daşımaqdadır.
Fikrimizi yekunlaşdırarkən bu il 160 illik yubileyini qeyd etdiyimiz dahi satirik şairimiz Mirzə Ələkbər Sabiri sonsuz sevgi və sayqı ilə anır, ölməz ruhu qarşısında baş əyirik!
Qeyd: Mirzə Ələkbər Sabirin yaradıcılığından sitatlar görkəmli sabirşünaslarımızdan prof. Məmməd Məmmədovun tərtib etdiyi aşağıdakı iki cildlik "Hophopnamə"dən gətirilmişdir:
I. Sabir, M.Ə. Hophopnamə: [2 cilddə] / M.Ə.Sabir, tərt. ed., M.Məmmədov. - Bakı: Şərq-Qərb, - c. 1. - 2004. - 480 s.
II. Sabir, M.Ə. Hophopnamə: [2 cilddə] /
M.Ə.Sabir, tərt. ed., M.Məmmədov. - Bakı: Şərq-Qərb,
- c. 2. - 2004. - 384 s.
Fariz QASIMBƏYLİ
Ədəbiyyat qəzeti.- 2022.- 20 avqust.- S.28;29.