Alpay Azər - müstəqillik
dövrü ədəbiyyatının neorealist etüdləri
Realizmin müasir etapı olan, ədəbiyyatda həyat
gerçəkləri ilə bağlı motivləri yeni
prizmadan, yeni dünyagörüşü aspektindən
işıqlandıran neorealizm müstəqillik dövrü ədəbiyyatımızda
aparıcı mövqedə olan cərəyanlar
sırasındadır. Bu baxmdan yaradıcılığı
maraq doğuran müəlliflərdən biri də Alpay Azərdir.
Alpay Azərin "Yaddaş eskizləri" silsiləsinə
daxil olan "Örtüksüz mafə", "Dinc
dövrün şəhidi", "Pişiklərin bərələn
gözləri", "Təndir başındakı söhbətlər",
"Babam" hekayələrinin əsas xəttini
bugünün reallıqları ilə keçmişdən,
köklərdən gələn adət-ənənə, dünyagörüşü
arasındakı ziddiyyətlər təşkil edir. Bu silsilədəki iki hekayəyə -
"Örtüksüz mafə" və "Dinc
dövrün şəhidi" hekayələrinə xüsusi
diqqət çəkmək istərdik.
"Örtüksüz mafə" hekayəsində cavan bir
oğlanın dəfninin adət-ənənələrdən
kənar, çox asketik bir şəkildə keçirilməsi
həm hekayənin 36 yaşlı narratorunda, həm də daha
yaşlı nəslin nümayəndələri olan
qadınlarda təəccüb doğurur. Matəmin
simvolik atributsiyası olan və ölənin yaşı,
statusu haqqında məlumat verən örtüyün
olmaması, yas mərasiminin keçirilməməsi, ölən
şəxsin yaxınlarının soyuqluğu, təmkini
fonunda bu günün reallığı - insanların
duyğularını deyil, ağlını əsas tutaraq
yaşamaq tendensiyası işıqlandırılır. Ancaq ağıla əsaslanan bir insan eqoizmin əsirinə
çevrilir, özündən kənar istənilən
canlının, hətta öz doğmasının belə
ağrısını hiss etməkdən, bölüşməkdən
məhrum olur. Bugünün
insanının özünə həddindən artıq
vurğunluğu, özünü dünyanın mərkəzi
kimi görməsi məhz əsrlərdən gələn
ünsiyyət mədəniyyətinin çökməsi ilə
bağlıdır. Həmcinsini ekran arxasından görən,
sosial şəbəkədəki bəyənmə və
paylaşımları ilə tanıyan insan digər insanlarla
canlı ünsiyyəti, real duyğuları inkar etdikcə
yalnız özünə yaxın olur, eqosunun əsirinə
çevrilərək "mən varamsa dünya var" fəlsəfəsi
ilə yaşayır, öz sosial varlığından qopur.
"Dinc dövrün şəhidi" hekayəsində
isə yazıçı bizi öz uşaqlıq xatirələrində
yaşatdığı Vüsalla görüşdürür. 1985-ci ildə
göldə boğulan Vüsal müəllifin
uşaqlığının bir parçasıdır və bu
uşaqlıq xatirəsi vasitəsilə mətndə həmin
dövrün aurası məharətlə canlandırılır.
İllər öncə qonşuya qonaq gələn Vüsalla
yaxından tanış olmaq, ona öz ürəyində səsləndirdiyi
sualları verə bilmək arzusunu reallaşdıra bilməyən
qəhrəman gənclik illərində Vüsalı
xatırlayır, onun qohumları, dostları, anası ilə
söhbət edərək, onun yazdığı məktubları
oxuyaraq daxilindəki peşmanlığı bu qiyabi
tanışlıqla kompensasiya etməyə
çalışır.Vüsalla vaxtında tanış
olmamağın peşmanlığı o qədər
böyükdür ki, mətnin müəllifi inadla onun şəhid
olduğuna inanır, bu inancını yalnız Vüsalla
bağlı müsbət xatirələrlə, dindar dostunun əsaslandırılmaları
ilə təsdiqləməklə kifayətlənmir. Onun
üçün Vüsalın şəhid obrazını
tamamlayacaq daha önəmli bir ştrix var: "- Bir şey
soruşum, Vüsal Qarabağ müharibəsinə qədər
sağ qalsaydı, könüllü müharibəyə gedərdi?
- Yalçından soruşuram. - Yüz faiz!
Yalçının fikirləşmədən, əminliklə
verdiyi cavab mənə o qədər ləzzət edir ki, bir
anın içində elə bilirəm Vüsal müharibəyə
gedib, orda qəhrəmanlıqla vuruşub, şəhid olub… -
Onda sağ qalsaydı, sözsüz ki, Qarabağ müharibəsində
vuruşardı? - Yalçına verdiyim, amma artıq
cavabını əvvəlcədən bildiyim bu sualı
Rövşənə təkrar verirəm. - Sözsüz,
sözsüz. Hətta, məsəlçün,
evdən qoymasaydılar, özü döyüş bölgəsinə
qaçıb gedərdi". Vüsalın
dostlarına - Yalçın və Rövşənə
verdiyi sualların cavabı 36 yaşlı gəncin qəlbindəki
Vüsalın şəhidlik mərtəbəsinə yüksəlmək
potensialına inamı daha da möhkəmləndirir. Buna
görə də Vüsal onun üçün
reallaşmamış arzuların simvolu, vətənin məhrum
olduğu oğullardan biri, "dinc dövrünün şəhidi"dir.
"Yaddaş eskizləri" silsiləsinə daxil olan
bütün hekayələr insanın həyatı boyu
formalaşan psixoloji portretinin bədii şəkildə ifadəsidir.
Alpay Azər bu hekayələrində
uşaqlıq illərinin insanın ömründə və gələcək
qərarlarında buraxdığı izlər, xarakterin
formalaşma meyillərinə təsiri, ömrün sonunda
varılan nöqtənin ilkin rüşeymləri ilə
bağlılığı kimi fəlsəfi məsələlərin
bədii həllini verməyə nail olmuşdur.
Alpay Azərin "Şaxyeriyənlər" hekayəsi
ədəbiyyatımızda müxtəlif zamanlarda, fərqli
formatlarda işlənilmiş bir mövzunu - maddi imkanların
və mənəvi aləmlərin təzadı mövzusunu bədii
müstəvidə yeni formatda, neorealist motivlərlə
işıqlandırır. Hekayədə
Bakıdan Amsterdama yollanan, İstanbul aeropotunda təyyarə
gözləyən dörd konfrans
iştirakçısının obrazları vasitəsilə
insan və tale mövzusu önə çəkilir. Müəllifin "şaxyeriyənlər"
adlandırdığı bu insanların - elmlər namizədi
Sahilə və Yavərin, pedaqoq Murad və İlhamənin hər
birinin daxili aləmi, şəxsi keyfiyyətləri və gələcəklə
bağlı arzuları realist notlarla oxucuya
çatdırılır. Bu insanların hər
birinin cəmiyyətə translyasiya etdiyi obraz daxillərindəkindən
fərqlidir. Universitetdə müəllimə
kimi çalışan İlhamə Sahilədən daha
imkanlı olsa da, Duty Free-dən istədiyi, onun baxıb
köks ötürdüyü ətri tərəddüdsüz
ala bilməsi ilə fəxr etsə də daxilən xoşbəxt
deyil. Bu gözəl qadın şax, qürurlu
"kraliça" rolunu oynasa da, əslində bu yaşa qədər
ailə qurmadığı, onu sevən və sevgisinə layiq
bildiyi insanla qarşılaşa bilmədiyi, ana ola
bilmədiyi üçün özünü uğursuz hiss
edir. Şöbə müdiri, elmi işçi Yavər əsərin
ilk sətirlərində "Bizim Cəbiş müəllim"
filmindəki kimi kasıb, amma qürurlu ziyalı obrazı təsiri
bağışlasa da hadisələr inkişaf etdikcə onun
saflığının, təmizliyinin, asketliyinin, fədakarlığının
əslində daxilində gizlətdiyi qabiliyyətsizlik, tənbəllik
və psixi asılılıqdan, "qurban sindromu"ndan
qaynaqlandığı üzə çıxır. Dosent Murad isə ziyalılıqdan daha çox,
biznesmen ampluasındadır. Yavərdən fərqli
olaraq özünə "gün ağlamağı"
bacaran Murad imkanlı, həyatda istədiyinə
çatmış insan obrazını cəmiyyətə qəbul
etdirə bilsə də daxilən çox tənhadır,
sevgiyə, ailə istiliyinə möhtacdır və həyat
yoldaşının onu deyil, alacağı hədiyyəni həsrətlə
gözləməsindən doğan kədər onun daxilindəki
şaxlığı sındırır. Səfər
yoldaşları içində yalnız Sahilənin cəmiyyətə
proyeksiya etdiyi obrazla daxilindəki obraz eynilik təşkil edir.
Öz kiçik imkanları ilə xoşbəxt
olan, gələcəyi, həyat yoldaşı və oğlu
ilə bağlı arzuları olan Sahilə öz həyatından
və bu həyatın ona gətirdiklərindən məmnundur.
Hekayənin əsasında duran kəskin həyat
reallıqları fonunda önə çıxan, vurğulanan
məqam da məhz budur: ailə, əsl insan sevgisi olmayan yerdə
insanın daxilən şax qalması, xoşbəxt olması
mümkün deyil!
Yazıçının "Hisslər və macəralar" adlandırdığı silsiləyə "Yazıçı və arvadı", "Xarizmatik ifritə", "Rus ki rus", "Ətirli məktub", "Janna", "Məni çoxlu-çoxlu öp", "Üç günün içində" hekayələri daxildir. Bu hekayələr içində müəllifin uzun hekayə adlandırdığı, povest janrına məxsus olan "Yazıçı və arvadı" hekayəsi diqqəti cəlb edir. Əsərdə müasir, XXI əsrin yazıçısının obrazı yaradılmışdır. Alpay Azər müasir dünya ilə ayaqlaşmağa çalışan yazıçı obrazını yaradarkən ədəbiyyatımızdakı klassik yazıçı obrazından uzaqlaşmağa nail olmuşdur. Yeni yazıçı obrazının müasirliyini yalnız əsərdəki yeni realilər, müasir aura, qəhrəmanın brendlərə marağı və yeni stili, həyat tərzi deyil, həm də ədəbiyyata baxışı ifadə edir. Artıq irreal ilham pərisinə etiqad edən, ətrafı tərəfindən anlaşılmayan, ektremal şəraitdə, yaşam savaşı verərək bədii şedevr yaradan yazıçı obrazının yerini gözəl və ona dəstək olan həyat yoldaşı, bahalı qələmlər kolleksiyasına malik, maddi ehtiyacı olmayan, lüks kafelərdə, xaricdə dincələrək əsərlərinə həyat verən yazar obrazı tutur. Lakin bütün bunların fonunda onun həyat yoldaşına münasibətinin patriarxallıqdan kənara çıxa bilməməsi əsərdə tam fərqli auranın yaranmasına səbəb olur, bu ziddiyyət obrazın mürəkkəbliyini təmin edir.
Alpay Azərin "Həyat epikrizi" romanında varlı biznesmen Elman və müəllim, şirkətdə menecer işləyən Muradın dostluğu fonunda mənəvi ideallar və müasir reallıqlar mövzusu öz həllini tapır. Romanın ilk sətirlərində Murad müsbət, mənəvi cəhətdən yüksək insan kimi təsvir olunsa da hadisələrin gedişi bu fikrin birtərəfli olduğunu sübut edir. Alpay Azərin yaratdığı Murad obrazı ədəbiyyatımızda yeni olan neorealist insan obrazının kamil nümunəsi kimi diqqəti cəlb edir. Murad obrazını "sürpriz obraz" adlandıra bilərik. Əsər boyu müəllif sanki obrazı dəfələrlə söküb yenidən yaradır, gözlənilməz konstruksiyalar, gedişlərlə qəhrəmanına yeni ştrixlər əlavə edir. Murada qarşı ilkin ikrah hissi onun Elmanın sədəqə şəklində verdiyi pulları qəbul etməsi, yalançı qüruru, iradəsizliyi ucbatından yaşadığı daxili çəkişmələri fonunda yaranır. Elman isə insan qüruru ilə oynayan eybəcər məxluq şəklində təqdim olunur. Lakin daha sonra Muradın boynunda yaranan şişə görə Elmandan maddi yardım alması ştrixi ilə müəllif hər iki obrazı mənəvi cəhətdən təmizləyir. Muradın xəstəliyi fonunda müəllifin romanı "Həyat epikrizi" adlandırmasının səbəbi aydınlığa qovuşur. Belə ki, xəstəliyi ağırlaşdıqca, Elmanın yardımları artdıqca müəllif Muradın daxili aləminə daha çox işıq salır, onun insan kimi "diaqnozu"nu təqdim edir. Elman Murad üçün yalnız maddi baxımdan deyil, həm də insan kimi əlçatmazdır. O, illərlə tanıdığı dostunu tam olaraq anlamaqda, onun məramına, dünyasına vaqif olmaqda çətinlik çəkir. Alpay Azər Muradın Elmana münasibətini bütün cizgiləri ilə açsa da, Elmanın daxili monoloqlarını, duyğularını vermir, Murada olan münasibətini açıqlamır. Yazıçı maraqlı priyomdan istifadə edərək onun Murada olan münasibətini Muradın digər insanlarla olan ünsiyyəti vasitəsilə əyaniləşdirir. Muradın tələbə Nadirlə olan münasibətləri, görüşləri Elmandan pay kimi pul aldığı vaxtların başqa formatda təkrarıdır. Bu dəfə Murad Elmanın rolunu ifa edir, lakin bu rolda olanda Nadirin onun vaxtı ilə yaşadığı duyğular içində olduğunu unudur. Muradın I Qarabağ savaşında döyüşən və indi xəstəxanada olan Namiqlə münasibəti onun Elmanla olan dostluğunun ikinci etapını - Elmanın onun xəstəliyi üçün maddi köməklik etdiyi etapı simvollaşdırır. Murad vaxtilə vətən sevgisini can qorxusuna qurban verib orduya yazılmadığı üçün Namiqə kömək etməyi özünə borc bilir. Lakin bu borcu da ürəklə verməyə mənəvi gücü çatmır: "Evdə dörd min dollarım var. Cəsarətim çatar o puldan?...". Sualın davamını gətirəmmədi. Hepatit-C-sinin müalicəsi üçün yığdığı dörd min dollardan beş yüzünü keçməyə qıymadığını hiss edən andaca özünü söyməyə başladı. "Alçaqsan sən! Bu adam sənin yaşındadı, gedib könüllü Qarabağda vuruşub, sənin, ailənin namusunu qoruyub, sənsə öz canının hayındasan. Böyük şey olub, hepatitsən. Bu ölkədə sənin kimi minlərlə, on minlərlə hepatit C, B xəstələri var, zəhmət çək, sən də onlar kimi öl!...". Muradın xeyriyyəçiliyi ilə xəsisliyi, vicdanı ilə eqosu arasında mübarizə əsər boyu davam edir. Əsərin sonunda Elmanla Muradın növbəti görüşü zamanı Elmanın öz kobudluğu, lovğalığı altında zərif və vicdanlı bir ürək gəzdirdiyi, Muradın maddi-mənəvi tərəddüdlərinin altında isə formalaşmamış bir insanın varlığı gerçəyi meydana çıxır. Romanda Muradın monoloqları fonunda müasir insanın daxili aləmi açılır, onun vicdanı ilə eqosu arasında, real dünya ilə virtual aləm arasında yaşadığı get-gəllər XXI əsrin əsas problemini - insanın insana məhəbbətinin yoxa çıxmasını, humanist apokalipsisin artıq başladığını vurğulayır.
Alpay Azərin nəsri müstəqillik dövrü ədəbiyyatının əsas xüsusiyyətlərini, mövzu və motivlərini, yeni nəsr təmayüllərini özündə ehtiva etməklə yanaşı, 1980-ci illər Azərbaycan nəsrindən gələn ənənələrin varisi kimi də çıxış edir. Bu baxımdan Alpay Azərin yaradıcılığı həm neorealizmin təzahürünün, həm də yeni dönəm ədəbiyyatımızda varislik ənənələrinin davamı və ötürülməsi probleminin tədqiqi baxımından zəngin material verir.
Elnarə
QARAGÖZOVA
Ədəbiyyat qəzeti.- 2022.- 20 avqust.- S.30.