Xeyirxah və mədəni insan
Mədəniyyət
insanla bağlıdır və onun ən ciddi problemi "insan
üçün" məsələsini çözməkdir.
Bu funksiyanı nəzərə
alaraq Albert Şveytser
yazmışdı ki,
mədəniyyət yaşamaq
uğrunda mübarizənin
yumşaldılmasıdır və bunun üçün
insanın zəkasının
təbiət və insan inancları, duyğuları üzərində
hakim kəsilməsidir. Bu sözlərin açımı
odur ki, mədəniyyət insan üçün sosial və təbii mühiti elə duruma salmağa çalışır ki,
yaşamaq uğrunda başqaları ilə qorxunc, ağır ölüm-dirim mübarizəsi
olmasın. Həyat deyilən
anlayış insanla bağlıdır. Həyatımızı mənalı edən də məhz insanlardır. Mədəniyyətin daşıyıcıları da
insanlardır.
Antik dövrün düşüncə
sahibi Epikür deyirdi: "Bizə xoşbəxt görünmək
lazım deyil, xoşbəxt olmaq lazımdır". Eyni fikri Hippokrat üçün də deyirlər: "Bizə sağlam görünmək
lazım deyil, sağlam olmaq lazımdır". Belə
fikirlərin davamı
kimi biz (kulturoloqlar) də deyə bilərik: Bizə mədəni görünməkdən
daha çox, mədəni olmaq lazımdır. Mədəni
insanın davranışları
və insanın mədəni davranışları:
bunlar ayrı-ayrı məsələlərdir. Belə
xeyirxah və mədəni insanlardan biri haqqında yazmaq, xüsusilə, ad günü ərəfəsində layiq
olduğu fikirləri söyləmək yerinə
düşər.
AMEA-nın müxbir
üzvü, sənətşünaslıq
doktoru, professor, Memarlıq
və İncəsənət
İnstitutunun baş direktoru Ərtegin Salamzadənin elmi fəaliyyətini bir yazıda əhatə etmək mümkün deyil. Onun sənətşünaslıq elminin inkişafındakı
fəaliyyəti, şübhəsiz,
tədqiqatçılar tərəfindən
araşdırılacaqdır. Eləcə də Ərtegin Salamzadənin idarəetmə
mədəniyyətindəki uğurlu fəaliyyəti insan münasibətləri
mədəniyyətinin xüsusi
göstəricisi sayıla
bilər. Rəhbərlik etdiyi Memarlıq və İncəsənət
İnstitutu kollektivinin,
xüsusilə gənc
tədqiqatçıların hörmətini qazanması
onun xüsusi özəlliklərinin olmasından
xəbər verir.
Yəni söhbət elmli, ədalətli və insani keyfiyyətləri özündə cəmləşdirən
bir insandan gedir. Bir alimin elmi fəaliyyəti ardıcılları
tərəfindən mütləq
olaraq araşdırılacaqdır.
Daha mühüm, bu gün üçün aktual olan isə
insani keyfiyyətlərin
önə çıxarılması
və şəxsin düşüncə tarixində
arzulanan kamillik yolundakı irəliləyişlərini
izləməklə əməllərinin
yaxşı nümunə
kimi göstərilməsidir.
Bütövlükdə, kulturoloji fikir tarixində insan haqqında söylənilən
fikirlər birmənalı
deyil.
İ.Kant:
"İnsan təbiət
etibarilə heç də mənəviyyatlı
deyil, o, yalnız idrakın qanun və öhdəliklər
anlayışına yüksəlməsi
ilə mənəviyyatlı
olur".
A.Şopenhauer: "Necə ki,
atmosfer təzyiqi olmasaydı bədənimiz
partlayardı, eləcə
də ehtiyac, ağır iş, taleyin oyunları olmasaydı, insanların lovğalıqları onları
dəlilik dərəcəsinə
aparıb çıxarardı".
Belə tezislərlə yanaşı, insanı yer üzünün əşrəfi sayanlar da az deyil. Yer üzünün əşrəfi sayılan insanlardan biridir Ərtegin müəllim. Böyüklə-böyük, kiçiklə-kiçik, hər kəsin səviyyəsinə uyğun ünsiyyət, xoş rəftar, tabeliyində olanlara bunu hiss etdirmədən hər zaman "Siz" deyərək qarşısındakını dəyərləndirməklə insanlığı təbliğ etməkdir Ərtegin müəllimin özəlliyi. Əslində bu, fundamental dəyərlərin təbliğidir. Müqəddəs kitab "Quran"da ("Bəqərə" surəsi, ayə 36) İnsan yer üzündə Tanrının canişini kimi təqdim edilir. Yəni insan heç də pislikdə qərar tutan varlıq deyil. Onu pisləməklə yox, dəyər verməklə ucalda bilərik. İnsan Tanrının göndərdiyi müqəddəs kitabların göstərdiyi yolla getsə, Kantın söylədiyi kimi, qanun və öhdəliklər anlayışına yüksələ bilsə kamilləşə bilər. Bunu İ.Nəsimi də deyirdi. İnsan özünüdərklə içindəki Tanrını tanıya və ona tapına bilər. Ekzistensialist filosof M.Marsel insanda iki mövqeyi qabardırdı: 1. İnsan ömrü boyu nə isə qazanmaq istəyir. 2. Var olma mövqeyi (cövhər əldə etmə istəyi). Öz varlığına en! Özünə enən Tanrını götər. Tanrı insana dəyər verərək onu tərifləyir. Ona görə ki, tərbiyə həm də dəyərləndirməklə, təriflə daha effektli olur. "İnsan ən gözəl biçimdə yaradılıb, hansı ki, ondan yüksək ola bilməzdi".
Təəssüf ki, ətrafımızda yaxşı insanlar azdır. Bu gün var olan yaxşı insanlar ətrafımıza nur saçan aydınlardır. Məhz Ərtegin Salamzadə kimi aydınların, alim və ariflərin varlığı sağlam cəmiyyəti formalaşdırır.
İnsanlar zatən tənbəldir. Böyrü üstə yatmağı xoşlayırlar. Hər bir insanda bilməyə yönəli bir istedad qabiliyyəti olduğu üçün bu qabiliyyəti hərəkətə gətirən bir xarici səbəbə ehtiyac var. Nə zaman bir bilgə görsək bizdə biliyə qarşı bir istək, canatma yaranır. O istək - bilik əldə etmə istəyimizi hərəkətə gətirir. Ona görə böyüklər bilginlərlə oturub-durmağı tövsiyə edirlər. Bu mənada Ərtegin Salamzadə kimi aydınların, bilginlərin varlığı misilsizdir. Sadəcə var olmaları, davranışları, baxışları və s. qarışıq və mürəkkəb həyat axarında doğru, düzgün seçim şansı yaradır.
Vaxtilə Nəsirəddin Tusi hesab edirdi ki, "...insan təkamülün ən şərəfli məhsuludur. Bununla belə insan bütün inkişaf imkanlarından istifadə etməmişdir. Onun gələcək təkamülü bioloji proqres istiqamətində deyil, mənəvi və zehni kamilləşmə istiqamətində baş verməlidir. Bu yolda bəşəriyyət çox böyük imkanlara malikdir və bir vaxt dünya daha ədalətli, insan isə daha kamil olacaqdır". Böyük mütəfəkkirin fikirləri hər ötən gün daha çox aktuallıq qazanır. İndi insanların arzuladıqları xalq deyimindəki: alim olmaqdan daha çox, insan olmaq məsələsidir. Ərtegin müəllimin özəlliyi də məhz insanlığındadır. Bir kulturoloq kimi bunu hiss etməmək və yazmamaq mümkün deyil. Orta əsr mənbələrində elm və irfan anlayışlarının maraqlı açımı var. Bilim (elm) nəsnələrin zehindəki biçiminə verilən addır. Elm sahiblərinə alim, bilgin deyirlər. Alim - xarici dünyadakı nəsnələrin biçiminə sahib olandır. İrfan sahiblərinə isə arif, bilgə deyirdilər. Alimlə arifin, elmlə irfanın izahını vermək üçün bir müqayisə aparaq: Balı şanından dadana bilgin (alim) deyirlər. Şanı açıb içindən barmaqla dadına baxana alim deyirlər. Çünki balın bir cüzi miqdarını dadmışdır. İrfan sahibi - bilgə artıq özünü tanıyan, dərk edən bir şəxsdir ki, artıq bala çevrilmişdir. Şanla birlikdə balın özüdür. Elmdə bir şan var - yəni balla insan arasında bir əngəl var (qab var). İrfanda isə əngəl yoxdur - bilgə, arif elə balın özüdür. Həyatımızı bala çevirən xeyirxah və mədəni insanlardan biridir Ərtegin müəllim. Belə insanlar nə qədər vardırsa böyük Tusinin söylədiyi ədalətli cəmiyyət və kamil insanlar yetişəcəkdir.
Hörmətli Ərtegin müəllim, Sizin növbəti ad gününüzü təbrik edir, cansağlığı, uzun
ömür arzulayırıq. Sizin kimi aydınların
varlığı insanlarda ruh
yüksəkliyi, həyat eşqi və yaşamaq həvəsi oyadır, cəmiyyətdə
xeyirxah və mədəni insanlar
mühiti formalaşdırır. Hər zaman sağlam və gümrah olun!!!
Namiq Abbasov
AMEA Memarlıq və İncəsənət
İnstitutunun baş meneceri,
Kulturologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat qəzeti.- 2022.- 20
avqust.- S.7.