Azərbaycan tarixi: qədim dövr
haqqında yeni konsepsiya
"Azərbaycan tarixinin" yeddi cildlik akademik nəşrinin
birinci cildi, irəlicədən gözlənildiyi kimi,
ziyalıların narazılıqları ilə
qarşılandı ki, bunun da əsas səbəbi Azərbaycan
xalqının etnogenezinə münasibətdə akademik
İqrar Əliyevin - cildin məsul redaktoru və metodoloji
mahiyyət kəsb edən əsas oçerklərin müəllifinin
tutduğu mövqe idi. Prof. Mirəli Seyidov, prof. Yusif Yusifov, prof. Mahmud
İsmayılov, prof. Tofiq Hacıyev, prof. Süleyman Əliyarov
kimi görkəmli elm adamları çoxsaylı əsərlərində
hələ keçən əsrin 70-ci illərindən
başlayaraq öz "etnogenez baxışları"nı
formalaşdırmağa çalışarkən Azərbaycanın,
ümumən Ön Asiyanın qədim tarixində türk mənşəli
etnosun müəyyən yeri olduğuna əminliklərini
bildirmişdilər.
Akademik İqrar Əliyev çoxsaylı opponentlərini
o qədər də təmkinli qarşılamadı. Və müxtəlif mətbuat
orqanlarında birinci cildi birbaşa tənqid edənlərə
(Tofiq Hacıyev, Elməddin Əlibəyzadə, Firidun Cəlilov,
Əlisa Nicat və b.), eləcə də bu və ya digər
münasibətlərlə onunla razılaşmayanlara çox
sərt, çox hallarda isə təhqiramiz cavablar verərək
onları "kəmsavad" adlandırmaqdan belə çəkinmədi...
Zahirən belə görünə bilərdi ki, elmi dairələrdə
akademik İqrar Əliyevin bir nəfər də olsun tərəfdarı
yoxdur, ancaq müzakirələrin, münaqişələrin
gedişini altdan-altdan seyr edənlərin çoxluğundan məlum
olurdu ki, akademikin ətrafı yalnız "düşmənlər"dən
ibarət deyil, potensial "dostlar"da var...
Birinci
cildin nəşrindən bir neçə il
sonra rus dilində işıq üzü görən "Azərbaycan
xalqının etnik tarixinin bəzi məsələləri
haqqında. Tənqidçilərimə cavab" (Bakı,
2002) kitabı az sonra - 2004-cü ildə rəhmətə
gedən görkəmli tarixçinin son sözü olsa da,
burada öz əksini tapmış mülahizələrdə,
demək olar ki, heç bir yenilik yox idi... Nə
deyilirsə, birinci cilddəkilərin bəzi hallarda, hətta
hərfi- hərfinə təkrarından ibarətdir.
Mütəxəssislərə
məlumdur ki, "İqrar Əliyevin etnogenez
konsepsiyası" kimi məşhurlaşan (daha çox etiraz
doğuraraq tənqid olunması ilə!) baxışlar sistemi,
əslində, keçən əsrin 50-ci illərində
formalaşmış, "Azərbaycan tarixi"nin
üç cildlik akademik nəşrinin birinci cildi də həmin
baxışlar sisteminin, daha doğrusu, "ustanovka"nın üzərində qurulmuşdu...
Sözügedən "ustanovka"nın
mahiyyəti bundan ibarətdir: ən qədim dövrlərdən
- e.ə. III-II minilliklərdən başlayaraq Azərbaycanın
həm Şimalında, həm də Cənubunda Qafqaz mənşəli
tayfalar məskunlaşmışlar. E.ə. II
minilliyin sonu, I minilliyin əvvəllərində ölkənin
Cənubunu işğal edən İran mənşəli
tayfalar tədricən aparıcı etnosa çevrilmişlər.
Mənşəyi bizə məlum olmayan aborigenlər
də mövcud idi, lakin bu iki etnos, xüsusilə iranlılar
onları assimilyasiya etmişlər. Azərbaycan
xalqının formalaşması prosesinə isə orta əsrlərdə
türk dili yekun vurmuşdur... Və beləliklə,
müasir Azərbaycan xalqı Şimalda Qafqaz (Alban), Cənubda
isə İran mənşəli olmaqda davam edir. Monqoloid
türklər öz türkcələri ilə bu iki fərqli
etnosu birləşdirərək antropoloji (irqi) baxımdan
onların içərisində ərimişlər...
Təkrar
edirik ki, akademik İqrar Əliyevin "xidmət"i belə
bir "konsepsiya"nı yaratmaqda yox, onu
müdafiə (və "inkişaf"!) etdirməkdədir.
Hər cəhətdən görünür ki, dövrün
siyasi-ideoloji rejimi İqrar Əliyevin şəxsində,
doğrudan da, kifayət qədər istedadlı, zəhmətkeş
və iradəli bir kadr seçə, Sovetlər Birliyi
miqyasında geniş fəaliyyət göstərən
nüfuzlu akademik məktəbin görkəmli nümayəndəsi
olaraq yetişdirə bilmişdi... Mərhum akademik "Tənqidçilərə
cavab"ın əsasında dayanan "Yeddicildlik Azərbaycan
tarixi"nın birinci cildinin işıq üzü görməsilə
bağlı bir neçə söz"də xatırlayır
ki, "bir vaxtlar midiyalıların dil mənsubiyyəti məsələsində
günaha yol vermişdim (mənim "Midiya tarixi"mə
baxın) ki, o da, əsasən, dilçilik, xüsusilə
iranistikada kifayət qədər hazırlığımın
olmamasından, bir də konkret materialın
çatışmazlığından irəli gəlirdi.
Leninqrada uzunmüddətli elmi ezamiyyətdən, orada bir
neçə il sami və İran dillərini
öyrənib əsaslı dilçilik
hazırlığı keçdikdən sonra artıq bir
sıra məsələlərə ayrı gözlə
baxmağa başladım" (səh. 39)... Bu sətirləri
oxuya-oxuya adamın ağlına gəlir ki, rəhmətlik o
zaman Leninqrada getmişkən sami və
İran dilləri ilə yanaşı, gərək bir
neçə ay da türk dillərini öyrənəydi...
Çünki ən azından, sami, yaxud
İran deyil, məhz türkdilli bir xalqın tarixini
araşdırmalı idi.
Odur ki,
akademik heç bir elmi məsuliyyət hiss etmədən
yazır: "Azərbaycanlıların etnogenezi digər
türk xalqlarının - türklərin, türkmənlərin,
qazaxların, özbəklərin və b.-nın etnogenezindən
ümumi cəhətlərinə görə o qədər də
fərqlənmir. Bu xalqların etnogenezinin
xüsusiyyəti iki əsas, bir-birindən kəskin fərqlənən
etnik komponentlərin - gəlmə türkdilli köçəri-maldarlarla
adətən oturaq əkinçi əhalinin yerli
qruplarının sintezindən ibarətdir" (səh. 103).
Bu "yerli qruplar" isə, təbii ki,
iranlılardan, yunanlardan, uzaqbaşı çinlilərdən
ibarətdir ki, türk xalqlarının diferensiasiyasında
"katalizator" rolunu öz üzərlərinə məhz
onlar almışlar.
Və
onun məsuliyyətsizliyi dilçilikdən ədəbiyyata qədər
gedir... Yalnız Azərbaycan yox, dünya ədəbiyyatına
"İdeal" kimi dahiyanə bir əsər vermiş Xalq
yazıçısı İsa Muğannanı "bədii kəşf"indəki
"türkçülüy"ə görə təhqir
etməkdən də çəkinmir. Deyək ki, İsa
Muğannanın başqa bir "tənqidçi"si akademik
Ziya Bünyadovun buna imkanı olmamışdı, İqrar Əliyev
ki, Leninqrad kimi mədəni bir şəhərdə kurs
keçmişdi, bir-iki roman oxusaydı, ədəbiyyatın nə
olduğunu az-çox bilər, böyük yazıçı
(və "İdeal" romanı!) haqqında ağlına gələni
deməzdi.
Əlbəttə,
mərhum akademik görürdü ki, "Azərbaycan
xalqı = Qafqaz xalqları + İran xalqları (+ türk
dili)" konsepsiyasını Azərbaycan cəmiyyətinə
sırımaq çətindir, ona görə də əsəbləşir,
özündən çıxır, "türk yoxdur,
türk yoxdur!.." deyə-deyə
sağa-sola hücum çəkirdi... Ağlına da gəlmirdi
ki, çıxış yolu bütün mövcud mülahizələrə,
ideyalara imkan verməkdən ibarətdir ki, öz mövqeyini təqdim
edə və nəticə etibarilə, ya əsaslandıra, ya
da geri çəkilə bilsin...
Akademik
öz konsepsiyasını müdafiə etmək
üçün opponentlərini türkçülükdə,
pantürkizmdə ittiham edir, tədqiqatçıları qədim
tarixdə türk axtarmaqda günahlandırırdı, ancaq
özü qarşısıalınmaz bir ehtirasla
irançılığın tarixi hüdudlarını
genişləndirir, onu Azərbaycanın "türkləşmə"sinin
həm əvvəlinə, həm də sonuna elə yerləşdirirdi
ki, türklük adına yalnız "dil" (söz!)
qalsın... Və əslində, bu da
özünəməxsus bir metafora (bədii
yaradıcılıq!) aktı sayıla bilər, burada
elmi-intellektual təfəkkürün payı keyfiyyət həddinə
çatmır. Ən əsası isə
milli identiklik (yəni millətin tarixinin onun özü ilə
eyni olması) çatışmır ki, keçən əsrin
70-ci illərindən başlayaraq Azərbaycan ziyalıları
tarixçilərdən məhz bunu tələb edirdilər.
Və necə ki, xalq öz
ziyalılarının şəxsində tarixin səhnəsində
(və ya güzgüsündə) özünü görməyib,
o tarix (və tarixçi) ilə üz-üzə dayanmaqda
haqlıdır.
Əlbəttə, Azərbaycan xalqının dövlət
müstəqilliyi qazanması onun təkcə gələcəyini
adekvat olaraq layihələndirmək yox, həm də
keçmişini heç bir kənar ideoloji müdaxilə
olmadan sərbəst (və obyektiv!) öyrənmək
üçün hərtərəfli şərait
yaratmışdır. Və son bir neçə on ildə bu sahədə
görülən işlər də az
deyil... Tarix elmləri doktoru Həsən Həsənovun
qədim Azərbaycan tarixinə həsr olunmuş
çoxsaylı araşdırmalarında öz əksini
tapmış yeni etnogenez nəzəriyyəsi, daha doğru
olar deyək, konsepsiyası barədə isə ayrıca
danışmaq lazım gəlir. "Makedoniyalı
İskəndər və Atropat. Ölkənin Azərbaycan
adı altında yüksəlişi haqqında"
monoqrafiyasında (Moskva, 2017; Bakı, 2017) şərh olunan (və
əsaslandırılan) bu konsepsiya kitabın redaktoru, qədim
tarix üzrə mütəxəssis, professor Kşiştof
Navotkanın ön sözündə deyildiyi kimi, heç
şübhəsiz, "İskəndər dövründə
Midiyanın tarixinin öyrənilməsinə, mənbələrdən
Antarpati - Atarpatena - Atropatena - Azərbaycan identik adları ilə
məlum olan ölkənin mənşəyi ilə
bağlı problemin həllinə böyük töhfə
verir" (s. 9).
Əlbəttə, Makedoniyalı İskəndər
kitabın adında hər nə qədər önə
keçsə də (dövrün ümumi tarixi
üçün bu, təbiidir), müəllifin əsas qəhrəmanı
Atropat, başlıca mövzusu Atarpatena /Atropatena/ Azərbaycan
adlı ölkənin dirçəlməsidir ki, e.ə.
331-321-ci illərdə baş verir. Bununla belə, müəllifin
qəti inamına görə, İskəndər Azərbaycanın
taleyində tarixi rol oynamışdır. Belə ki, o,
"imperiyanı dağıdaraq Azərbaycana bu imperiyanın
buxovlarından azad olmaq və öz müstəqilliyini elan etmək
üçün əlverişli şərait yaratmış
ilk və son işğalçıdır" (s. 12).
Azərbaycan xalqının etnogenezi barəsindəki
söhbətə Həsən Həsənov kimmerlərin e.ə.
VIII əsrdə Kür-Araz çayarasında Qamır adlı
dövlətini yaratmasından başlayır. Və göstərir ki, e.ə.
VII əsrdə kimmerlərin arxasınca Cənubi Qafqaza saklar,
skiflər də gəlirlər... Aşşur mənbələri
həmin dövrdə ilk Skif çarlığının da
meydana çıxdığını yazır... Həmin çarlığı - Aşquzu yaradan
Partatua/ Prototi e.ə. 644-cü ildə vəfat etdikdən
sonra hakimiyyətə onun oğlu Madiy keçir. E.ə. 623-cü ildə Midiya ilə Aşşur
arasındakı müharibədə Aşşuru müdafiə
edən Aşquz çarını imperator məğlub
olmuş Midiyaya canişin təyin edir. Və ona
canişin vəzifəsilə yanaşı, Arbak (Arpat, Orbay,
Urbat, Arbakt) titulu da verilir... E.ə. 612- ci ildə
Aşşur-Skif ittifaqı dağılandan, skiflərlə
babillər birləşib Aşşurun süqutuna nail olandan
sonra Ön Asiya Skif çarlığı əmələ gəlir.
"Atropat" ("Makedoniyalı İskəndər və
Atropat" monoqrafiyasını qısa olsun deyə bundan sonra
belə adlandıracağıq) müəllifi ilkin mənbələrə
əsaslanaraq iddia edir ki, e.ə. VII əsrdə Aşşur
imperiyasının parçalanması nəticəsində
"Adorbayqan ölkəsi" yaradılıb. "Və Tanrının
hökmü ilə... Arbak, yəni Adurbad öz adı ilə
"Adorbayqan torpağı" adlanan Midiya
çarlığında qala divarı tikdi"... Həsən
Həsənov həm ilkin mənbələrdə, həm də
tədqiqatlarda özünü göstərən belə bir fərqliliyə
aydınlıq gətirir ki, nə üçün
Aşşur imperiyasının dağıdılmasından
sonrakı yeni dövlətin gah Skif çarı Madiy, gah da
Midiya çarı Kiaksar tərəfindən yaradılıb
idarə olunduğunu qeyd edirlər... Tarixdə "Azərbaycan"
adı ilə meydana çıxmış ilk dövlətin
(Ön Asiya Skif çarlığı Atarpatenanın) tarixini
isə müəllif belə ümumiləşdirir: "E.ə.
615-ci ildə Aşşur imperiyasının
parçalanması nəticəsində... Skif
çarı Madiy tərəfindən Aşquz, Manna, Urartu
ölkələrinin ərazisinin və Aşşurun
torpaqlarının bir hissəsinin hesabına Atarpatena/Adorbayqan
adlı yeni dövlət yaradılıb. E.ə.
594-cü ildə Midiya çarı Kiaksar sui-qəsd nəticəsində
skif rəhbərlərini qətlə yetirir və
Adorbayqan/Atarpatena ölkəsini başsız qoyur. Bu, e.ə.
623-cü ildə başlamış skif hegemonluğu dövrünün
sonu olur... Midiya tamamilə skiflərin təsiri altından
çıxır və əvvəlki dövlətinin qüdrətini
bərpa edir... E.ə. 550- ci ildə Midiya farslar
tərəfindən fəth olunur. Yeni Əhəmənilər
imperiyası yaranır... Ərazi idarəçiliyinin
nizama salınması nəticəsində Adorbayqan/Atarpatena
kiçik satraplıq statusunda Əhəmənilər
imperiyasının bir hissəsinə çevrilir".
Ölkə
adının etimologiyasına gəldikdə isə tədqiqatçı
tarixin daha əvvəlki dövrlərinə qayıdaraq
yazır: "II Sarqonun e.ə. 716-713-cü illərə aid
edilən salnamələrində Aşşurun təsiri
altında olan yerlər sırasında Andarpattianu adlı yerin
də adı çəkilir... Andarpattianu/Andarpati xoronimini
And-Arpat - tianu/And- Arpat-i formasında strukturlaşdıranda
"and" komponenti üzə çıxır ki, o da
türk xalqlarının dilində konkret məna
daşıyır ("and içmək"), qədim
Aşşur mətnlərinə görə isə müstəqil
"Andiya" toponimidir... "Andarpati"
müəyyən sakral yer semantikasına malik olur və
"Arpatın/Arbakın and yeri" anlamına gəlir".
Müxtəlif
dövrlərə (Aşşur mixi mətnlərindən orta əsrlərin
ərəbdilli mənbələrinə qədər) Antarpati
- Atropatena - Azərbaycan anlayışının tarixini izləyən
Həsən Həsənov adları Azərbaycanla bağlı
olan dövlət təsisatlarının biri digərini əvəz
edən dörd dövrünü müəyyənləşdirir:
1) e.ə.
IX-VIII əsrlər - Aşşur və Andarpati (Aşşur
imperiyası ilə əməkdaşlıq) dövrü;
2) e.ə.
612-ci ildən e.ə. 585-ə qədər - Adorbayqan/Atarpatena
(müstəqillik) dövrü;
3) e.ə.
585-ci ildən e.ə. 323-ə qədər -
Satrapatena/Atrapatena, Adorbaigan/Adarbaijan (Midiya, Əhəməni və
İskəndərin imperiyalarının tərkibində
asılılıq) dövrü;
4) İskəndərdən
sonrakı dövr və ya yenidən müstəqillik
(dirçəliş) dövrü.
"Atropat"
müəllifi tam əminliklə bildirir ki, "hazırda Azərbaycan
adını daşıyan ölkənin yaranmasının fars
dövləti ilə heç bir bağlılığı
yoxdur"... Azərbaycan anlayışını verən
xoronimin tarixən olduqca müxtəlif fonetik variantlarda meydana
çıxmasına gəldikdə, bu, iki səbəblə
izah edilir: "Birinci səbəb onunla bağlıdır ki,
ölkənin yaradıcısı Arbatın/Arbakın adı
(ölkənin adı da onun adından əmələ gəlib)
mənbələrdə fərqli versiyalarda çəkilir... İkinci səbəb isə odur ki, sonralar ölkənin
adı mənbələrin müəlliflərinə xas olan
fonetik ənənələr əsasında göstərilir,
bura isə formanı təhrif etmiş yunan-Roma, Bizans, yəhudi,
Suriya, ərəb və digər müəlliflər aiddir".
Həsən Həsənov öz etnogenez
konsepsiyasını işləyib hazırlayarkən,
göründüyü kimi, dövlətçilik prinsipinə
daha çox istinad edir. Və onun "tarixin qaranlıqları"ndan zərrə-zərrə
gün işığına çıxardığı
etnosun əsas əlaməti bir çox hallarda istinad edildiyi
kimi maldarlıq, əkinçilik, yaxud sənətkarlıq
yox, məhz dövlət quruculuğu (siyasi
özgürlük!) istedadıdır... Əlbəttə,
bu, təsadüfi deyil. İlk növbədə ona
görə ki, yeni konsepsiyanın yaradıcısı uzun illər
Azərbaycanda (və ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə!) ən yüksək səviyyədə ideoloji fəaliyyətlə
məşğul olmuş, dövlət müstəqilliyi
dövründə isə yenə həmin səviyyədə
gənc respublikanın diplomatiya sahəsindəki
uğurlarının təmin olunmasında bilavasitə
iştirak etmişdir... İkincisi, Heydər Əliyev məktəbinin
yetirməsi olan bir milli intellektual-ideoloqun öz xalqının
tarixinə konseptual baxışları, yəqin ki, etnosiyasi səciyyə
daşımalı, keçmişdən gələcəyə
doğru yönəlməlidir... Nəhayət, Azərbaycan
xalqının etnogenezinə münasibətdə keçən
əsrin 30-cu illərindən başlayaraq meydan sulayan, 50-ci illərindən
isə ideologiyadan akademizmə keçən antitürk (və
nəticə etibarilə, antiazərbaycan) meyillərinə
qarşı Həsən Həsənov kimi geniş
dünyagörüşlü (və təcrübəli!)
ziyalıların dayanacağı tamamilə təbii idi.
"Atropat" müəllifi Atropatilər sülaləsi
haqqında mənbələrin verdiyi imkan daxilində müfəssəl
məlumat əldə etmişdir ki, bu da onun
konsepsiyasının etnosiyasi xarakterindən irəli gəlir. Çünki etnosun
tanınması, yaxud identikləşdirilməsində həmin
etnosun hökmdarının, xüsusilə hökmdar sülaləsinin
mənşəyinin müəyyənləşdirilməsi
çox mühüm, hətta həlledici məsələdir...
Müəllifin fikrincə, "İskəndərin
dövründəki Atropat Madiy - Arbakın nəslindəndir və
öz əcdadının yaratdığı dövləti e.ə.
IV əsrdə dirçəldən şəxsdir". O
şəxsdir ki, "İskəndərin iradəsi ilə...
makedonların elitasının ən yaxın dairəsinə
daxil olur. Onun iki oğlu çar qvardiyasında
qulluq edir, qızı isə imperiyanın ikinci (İskəndərdən
sonra) şəxsi ilə ailə qurub".
Aşkanilər sülaləsinin Atropatilərdən gəlməsi
barədə mülahizə də "Atropat" kitabında,
görünür, lazımınca əsaslandırılır. Belə ki, İskəndərin
müasiri Atropatın "mənşəyinə görə
skif olduğunu nəzərə alsaq, "Aşkanlar"
termini tamamilə skif mənşəli saymaq və həm
Aşkenaz/Aşkanaz termini, həm də Atropatlar sülaləsi
ilə identikləşdirmək olar"... Sasanilər
dövründə üç şahın vəziri olmuş,
bir müddət isə "Sasanilərin taxtında əyləşmiş"
Bəhram Çubinin də Aşkanlar sülaləsinə mənsub
olması çox maraqlıdır... Və o da həm
maraqlı, həm də yeni (və milli!) etnogenez nəzəriyyəsi,
yaxud konsepsiyası baxımından əlamətdardır ki, Həsən
Həsənov Firdovsi, Nizami kimi dahi şairlərin tarixi
görüşlərinə öz "konsepsiya yaradan" sələflərindən
(məsələn, onlardan biri gözünü yumub deyir ki,
İskəndər Bərdəyə gəlməyib,
Nüşabə ilə görüşməyib, Nizaminin
yazdıqları yalandır... Yox, Nizami yalan yazmaz, irəlidə
dediyimiz kimi, bu, möhtəşəm bir metaforadır, ideallar
şairinin "üzü keçmişə" istəkləridir...
Görkəmli nizamişünas Rüstəm Əliyev deyirdi
ki, Nizaminin özünəməxsus tarix fəlsəfəsi
var ki, müasir tarixçi onu özü üçün kəşf
etsə çox zəngin bir mənbə əldə edər)
fərqli olaraq son dərəcə böyük ehtiram, elmi-
metodoloji həsaslıqla yanaşır... Azərbaycan
tarixinin qədim dövrü haqqında yeni konsepsiya
yaradıcısı haqlı olaraq deyir ki, "biz Azərbaycan
elmində ilk dəfə olaraq Atropatilərin sülalə
varisliyinin tarixi xronikasını təsvir etməyə cəhd
göstəririk, bizim materiallarımız fraqmentar
olduğundan mövzunu tamamlanmış hesab edə bilmərik.
Atropatilər sülaləsinin hakimiyyətinin
tam xronikasının təsvirinin vacibliyi ondadır ki, o, 6 əsrdən
də çox müddəti əhatə edir".
Həsən
Həsənovun müəllifi olduğu ilk cəhdlərdən
biri də Atropatena dövlətinin
başçısının kifayət qədər mükəmməl
siyasi portretini yaratmasıdır ki, görünür, belə
bir portret olmasaydı, onun konsepsiyası bu qədər
canlı, həyati və yeni (müasir!) alınmazdı... Həsən
Həsənovun rekonstruksiya etdiyi Atropat çox böyük
(dahi!) siyasətçi, diplomat, dövlət xadimidir: Dara tərəfində
makedoniyalı İskəndərə qarşı
döyüşə gedir, məğlub olmuş Əhəməni
hökmdarını bir müddət müşayiət edir,
İskəndərin dövlət idarəçiliyi
müdrikliyindən istifadə edərək onun
"komanda"sına daxil olmağı bacarır, mürəkkəb
bir şəraitdə ölkəsinin müstəqilliyinə
nail olur... Bununla yanaşı, "Atropat" müəllifi
inandırır ki, onun qəhrəmanı, Dara ilə İskəndər
arasında sülh bağlanmasına çalışır və
onu da bilir ki, bu sülh İskəndərin tam qələbəsini
təsbit etməlidir... Və İskəndərin
qələbəsindən sonra Ariyaya satrap təyin olunanda
öz titulundan - Atropat adından məhrum edildiyinə görə
o, mənbələrdə əsl adı Arsak ilə təqdim
edilir. Sonra yenidən sülalə tituluna
yiyələnir.
İskəndər
Hindistan yürüşündə yubandıqda, hətta onun
ölüm xəbəri yayıldıqda Makedoniya
generallarının azğınlıqlarına qarşı
Atropatın göstərdiyi "təmkin", nəhayət,
onların məhz İskəndərin özü tərəfindən
layiqincə cəzalandırılması, Midiyalı
Bariaksın üsyanının yatırılması, İskəndərdən
sonra (yəqin ki, Atropatın kürəkəni Perdikkanın
yaxından köməyi ilə!) Atropatena/
Kiçik Midiya satraplığının yaranması, elə
bilirik ki, yeni konsepsiyanın Azərbaycan
tarixşünaslığına gətirdiyi fundamental
ideya-siyasi motivlərdir. Və onu da əminliklə
söyləyə bilərik ki, bütün bunlar Azərbaycanın
müstəqilliyindən sonra mümkün ola
bilərdi... Aşağıdakı mülahizəyə gəldikdə
isə cəsarətlə deyə bilərik ki, belə bir təhlil
üslubu peşəkar tarixçidən çox, ictimai xadimə
məxsus ola bilər:
"Mümkündür ki, İskəndərin
ölümündən sonra hakimiyyətin yenidən
formalaşması prosesi gedərək nəticədə
hakimiyyətə Atropatın kürəkəni Perdikka gələndə
onun ətrafı Atropatın hakimiyyətdən uzaqlaşdırılmasında
israr edib. Bunun qarşısının
alınmasında Perdikkanın bu addımı atmaq istəməməsi
ilə yanaşı, Atropatın yerli əhali və əsilzadələr
tərəfindən fəal müdafiə olunması da rol
oynayıb. Midiyalıların ləyaqətini tapdalayan,
onlara cinayətkarcasına həqarətli münasibət
göstərən Makedoniya generallarının və əsgərlərinin
edamından, habelə yunan-makedon hərbi qüvvələrinin
Midiyadan tamamilə çıxarılmasından (bunların
hamısını Atropat etmişdi - N.C.) bu dəstək daha
da güclənmişdi"
Azərbaycan
xalqının etnogenezi məsələsində "sələflər"dən
miras qalmış bir məsələ də atəşpərəstlik
- oda sitayişdir ki, həmin məsələyə yeni
konsepsiya müəllifinin verdiyi şərh tarixi həqiqəti
əks etdirməklə yanaşı, mənbələrlə
təsdiq olunmaqdadır: "Zərdüştilikdən xeyli əvvəl
və Əhəmənilər imperiyası yaranana qədər
Midiya maqlarının öz məbədləri, öz od kultu,
öz kahinləri vardı. Zərdüştilərin od məbədləri yaratmaq və oda
sitayiş etmək ənənəsi sonradan peyda olub və
Midiya maqlarından götürülüb, ancaq çox vaxt
diametral fərqli mahiyyət daşıyıb. Skiflərdə,
saklarda və onların varislərində od
tanrıdırsa, zərdüştilərdə od Tanrı ilə
ünsiyyət vasitəsidir. Skiflər, saklar
öz yaxınlarının cəsədlərini yandıraraq
külə çevirir, bununla da ölülərini od
tanrısına təhvil verirlərsə, zərdüşti farslar
cəsədi murdar sayaraq onu oddan uzaq tuturlar".
İnanmaq, əlbəttə, sadəlövhlük olardı ki, Azərbaycan tarixinin qədim dövrü barədəki yeni konsepsiya tezliklə köhnə "konsepsiya"nı sıxışdırıb aradan çıxaracaqdır. Hər şeydən əvvəl ona görə ki, sonuncunun sərəncamında on illərlə yığılmış, "kristallaşmış" ideoloji-akademik potensial mövcuddur... Ancaq yeni konsepsiya da özündə türk tarixinin elə imkanlarını ehtiva edir ki, həm ideoloji, həm də akademik təfəkkür qarşısında İran tarixi ilə müqayisə olunmayacaq qədər geniş üfüqlər açmaqdadır.
Sonda bir daha akademik İqrar Əliyevin milli ruhlu Azərbaycan ziyalıları ilə sonuncu "polemika"sına qayıtmaq istəyirik... Akademik Tofiq Hacıyev belə bir sual verir: "Siz deyirsiz ki, yerli İran mənşəli etnos ilk orta əsrlərdə gəlmə türklərin dilini qəbul etdi. Ancaq nəzərə almırsınız ki, məğlub dilin qalib dildə hər hansı bir substratı qalmalı idi axı! Elə deyilmi?..". Akademik İqrar Əliyevin cavabı isə çox yayğın olur: "Ola bilər ki, substrat qalmasın...".
Elə bu sual-cavab göstərir ki, Azərbaycan
xalqının etnogenezi haqqındakı köhnə
"konsepsiya" tarixşünaslığın bir elm olaraq əsas
prinsipinə - elmiliyə yuxarıdan aşağı bir
ironiyadır. Necə olur ki, min beş yüz illik tarixə
malik İran mənşəli bir "xalq" - "Atropatena
- Azərbaycan xalqı" özünün inkişaf
etmiş "dilini gəlmə türkcəyə elə təslim
edir ki, yerində izi-tozu da qalmır?.. Və köhnə
"konsepsiya"nın dünyaya təlqin etmək istədiyi
"türkcə danışan İran mənşəli"
bir "xalq" kimə lazımdır? Bu da "sovet xalqı"
eksperimentinin "üzü tarixə" tərkib hissəsi
deyilmi?.. Dünyada türk
xalqları, İran xalqları var, bu xalqların mədəni,
o cümlədən də dil əlaqələri var, ancaq nə
İran məxrəcində türk, nə də türk məxrəcində
İran yoxdur.
Və
etiraf edək ki, "konsepsiya"nın
ayaq tutub yeriməsində Şumer dilini "protoazərbaycan
dili" sayanlarımızın, "Avesta"nın əvvəlcə
türkcə qələmə alındığını
söyləyənlərimizin, ümumən həvəskar azərbaycanşünaslarımızın
da "xidmətlər"i az olmamışdır. Və
bu "xidmətlər" bir çox hallarda əsl mütəxəssislərin
mürtəce "konsepsiya" ilə mübarizəsi
üçün lazımi mühit yaranmasına imkan verməməsidir...
Bununla belə, əsas məsələ yarıtmaz
"konsepsiya"nı tənqid etməkdə deyil, onun əvəzində
yeni mütərəqqi, yararlı konsepsiya təqdim etməkdə
idi.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2022.- 27
avqust.- S.2-3.