Kamal Abdulla “Sirlərin sərgüzəşti”ndə “Silinməyən tale izi”

 

 

İnsanın həyat hekayəsi digər insanların əlində deyil. O öz həyat hekayəsini yaradarkən qalın kitablar, romanlar, araşdırmalar etmədən də qələmə ala bilər. Onun həyat hekayəsi o qədər fərqli və fəlsəfi düşüncəyə malik ola bilər ki, bəzən digərləri onu dinlədikdə təəccüblənə, hətta anlamaya bilər. Bu, insanın özündən asılıdır.

İnsan sirlərlə doludur. Kainatda gizlənən sirli xəzinə kimi. Bu xəzinənin özü elə insandır. İnsanlardır! Taleləri birləşdirən xəritələr, şəkillər isə insanın ruhuna hopmuş cansız varlıqlardır. Xəritə və şəkillər də sirr doludur. Siz heç düşünmüsünüz ki, xəritə və şəkillər də insan taleyini həll edir? Düşünməmisinizsə, o zaman bu yazını diqqətlə oxuyun. Bu vaxta kimi yaşım az da olsa, kitablar oxumuşam və bacardığım qədər oxuyuram. Aqşin Evrən və Xəzər Süleymanlının birlikdə ərsəyə gətirdiyi "Ayrılıqların təkrarı" romanında da mən bu fikrə qapılmışdım. Sadəcə, orada olan fərq yalnız şəklin olmaması idi. Şəkil və xəritə bir-birinə bağlı olan dostlardır.

Mən bu dostluğun güclü və eyni zamanda rəqabətli olduğunu Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanını oxuduqda anladım. Bu yazını nə oxucu, nə də yazıçı kimi qələmə alıram. Sirlərlə dolu evin kimsəsiz sakini olaraq sizə danışıram. Hacı Mir Həsən ağa Səyyah, Həsən, Həlimə, Beyrək, Banuçiçək, Zaur, Əliqismət, Şahin, Bəyim, Gülzar, Əhməd və Göyərçin. Hər bir obrazın taleyində gizlənən sirli suallar. Onların olmayan cavabı. Sizcə, bu sualların cavabı varmı? Kimdədir? Niyə Həsən bütün bu obrazların daxilində gizlənib? O kim idi?

İnsan taleyi də ölümə bənzəyir. Ölüm iki cür olur. Ruhən və cismani ölüm. Talelər də eynidir. Şəkillərlə və alın yazısı ilə birləşən talelər. Tale insanı aldadan yalançı oyunlardan ibarətdir. Həsən də bütün bu insanların daxilində yaşayan, onların yüklərini çiyinlərinə almış insandır. Yavaş-yavaş, gizlincə göz yaşı tökən insan.

Gəlin elə ilk başlayaq Sevgi Ağacı, Əhməd və Göyərçindən. Əhməd Göyərçini (həyat yoldaşını) heç vaxt sevməmişdi. Göyərçin Əhmədi cadugərliklə öz əllərinə almışdı. Siz bilirsinizmi ki, cadugərlik yalnızca burada simvolikdir? O, Əhmədi gizli sirlərlə əlinə almışdı. Elə düşünürdü ki, Əhməd yalnızca onun olacaq, hətta söyləmişdi ki, sən o sevgi ağacına gedərsən, mən yenə göyərçin olub uçub gedəcəyəm. Bilirdi. Bilirdi ki, Tanrının hüzuruna qovuşmaq istədikdə həyat yoldaşının beynində düşündükləri sadəcə yalan olacaq. Baxın, insan taleləri də belədir. Həsən onların ruhuna hopmuş ölü insandır, çünki onun ruhu artıq çoxdan onu tərk etmişdi. Şəkillərdə yaşayan, yalnız xəritələrdə birləşən ruh. Əhməd düşünürdü ki, həyat yoldaşını sevir, ancaq bu belə deyildi. Həyat yoldaşı bu gizli, saxta taleləri bir-birinə birləşdirərək bu xoşbəxtliyi yaratmağa çalışırdı. Əslində, xoşbəxtlik Əhmədin vurulduğu sevgi ağacında gizlənirdi.

Oxuyarkən mistik dünyama addımlamadım desəm, yalan olar. Addımladım, həm də çox, hətta bəzən orada olduğumu və Həsənin mənim də beynimdəki düşüncələri çalıb, yerinə sirlərlə dolu yalanları qoyub getdiyinin həyəcanını belə yaşadım. Sonunda yenə qazanan kim oldu? Heç kəs... Göyərçin də köç edib getdi bu diyardan...

Fəsillər. Bizi tərk edən insanların həmişə fotolarına baxıb təsəlli tapırıq. Müəllif fəsilləri yalnızca "fəsil" olaraq qələmə almamışdı. Duyğuları, hadisələri toplayan elə bu fəsillər idi. Hər fəsil bir insanın qəlbində tüğyan edən, çırpınan, bəzən həyat eşqindən sönmüş şamını yandırırdı. Əslində, bu, həyatda da belədir. İnsan taleləri, ölümləri bir-birinə bənzədiyi kimi fəsillərdə də bənzərlik çoxdur. Baxın, Göyərçin də payız fəslində köç etdi. Həsən özü də payızda tərk etdi oğullarını, qızını. Hərdən düşünürəm ki, fəsillər bir-birinə bu qədər bağlıdırsa, niyə hələ də insanların həyat hekayələrində gizlətdiyi minlərlə gizli sirlər var? Hacı Mir Həsən ağa Səyyah, yoxsa doğrumu deyirdi? Bütün bu rəvayətlər, Həsənin yaddaşından silinmiş bütün xatirələr doğrumu idi?

Beyrək və Banuçiçək. Ən çox bu iki qəhrəmanı oxuduqda gözlərim yaşla doldu. Əminəm ki, Həsən də yaşadıqlarını yada saldıqda  bu duyğuları yaşayırdı. Sual yaranır ki, Həsən niyə yaddaşından silindiyi bu xatirələri, hadisələri xatırlayır, ancaq qızı Həliməni xatırlamırdı? Niyə Beyrək deyil, sonuncuda da yenə Banuçiçək qalib gəlmişdi? Onların uca sevgisi niyə əngəllərə, çətinliklərə rəğmən yaranmışdı? Bu suallarımın tək cavabı şəkillərdə idi. Xəritə və şəkillər. İnsanlar foto çəkdirərkən şəkildə "gözəl göründüm, yaxud çirkinəm" deyə düşünür. Əslində, həqiqət bu fikri ifadə etmir, hətta rədd edir? Siz bilirsinizmi hər bir insanın üz cizgiləri belə sirdir? Hər cizginin altında bir məna yatır? Onlar oyanacaqmı? Bəlkə bir gün...

Ən çox acı verən isə Həsən müəllimin doğma qızı olan Həliməni xatırlamaması idi. Yenə soyuq payız fəslinin günlərindən biri idi. Hər dəfə oxuduqca Həlimənin çəkdiyi acını qəlbimdə hiss edirdim. Bəlkə də Hacı Mir Həsən ağa Səyyah kimi Həsən də payız fəslini çox sevdiyindən beynindəki sirli düşüncələr onu tərk edib, "tənhalar ölkəsinə" səyahət etmişdi.

Müəllif qeyd edir ki, o, payızı o qədər çox sevirdi ki, elə bu sevgisinə görə risaləsini "payız" fəsli ilə başlamışdı. Payız fəslini hər dəfə o qədər gözəl təsvir edirdi ki, bəzən mənim qorxub qaçdığım payıza olan sevgim, rəğbətim artırdı, ancaq həmişə Həsən müəllimin yaşadıqlarına şahid olduqda mənim də fikirlərim "tənhalar ölkəsinə" qürub edirdi...

"Tənhalar ölkəsi" müəllifin deyil, sırf mənim öz təxəyyülümə əsaslandığım fikirdir, əziz oxucular! "Tənhalar ölkəsi" dediyim şəhər, əslində, Bakının tozlu küçələridir, çünki bu romanı əlimə alıb oxuduğum ilk gündən bu duyğuları yaşayıram. İnsan ömrü ilə bənzərlik çoxdur. Baxın, bəlkə də Tanrı zamanı gözləyib bu səbəbdən Həsənin ruhunu öz yanına alıb aparıb? Nə bilmək olar...

Bəlkə də Gülzarın intiharı olmasaydı, Həsən Bəyimi tanımayacaqdı. Bu təsadüf idimi ki, Həlimənin qızı Bəyimə hər baxdığında simasında bir təbəssüm yaranır. Bu təbəssüm adi deyil. Onun altında gizlənən milyonlarla kədər duyğusu yaşayır. Həsən müəllimin ruhu ölməyib, sadəcə onu tərk edib. Onun üzündəki cizgilərində hələ nə böyük kədər duyğusu yatır! Bəlkə də hamı düşünür ki, Həsən yalnız deyil, ancaq yalnızdır. O yalnızlığını hər dəfə yaşadıqca beynindəki düşüncələr silinir, qeyb olur. Tanrının hüzuruna addım-addım yaxınlaşır. Elə bilirsiniz ki, Gülzarın intiharı Həsənin imtahanıdır?  Xeyr! Sadəcə bu bir tale oyunudur. Xəritə istədiyi yöndə parçaları birləşdirir. Şəkillər istədiyi kimi cırıq-cırıq olub ətrafa səpələnir. O parçaları tapmaq qeyri-mümkündür, çünki bu yenə də sirlidir.

Mən düşünürəm ki, Həsənin  sonsuz sevgisi xanımı, ömür-gün yoldaşı Bəyim olub. Hamı düşünür ki, Həsən müəllim xəstədir. Xeyr, xəstə deyil! İnsan öz düşüncələrinə sahib olduqda daha tez yaşlanır. Həsən müəllim düşüncələrinə sahib insan deyildi, o düşüncələr məngənəsində onların hər birini qoruyub saxlayırdı. Həyat yoldaşı Bəyim ilə. Deyirlər, sevgi unudular, insan ömrü bitənə kimidir sevgi. Bu fikirlə razı deyiləm, çünki Həsən sevgisini Bəyimə təslim etmişdi. Ona qalan yalnız parçaları idi. Bəlkə də ətrafında heç kimi tanımırdı, ancaq hər zərrəsində sevgi onun ruhuna hopmuşdu.

Oxuduğum Əhməd, Göyərçin, Sevgi ağacı, Beyrək, Banuçiçək kimi. Hər bir obraz Həsənin həyat hekayəsinin, düşüncələrinin sirli xatirələri idi. Bəzən sirli olmağı da gözəldir. Onlar sirr olaraq qalmasa, bəlkə də bu həyatdan addımlarını qoyub getdikdə onların izi qalmaz...

Son olaraq qeyd etmək istəyirəm ki, "Sirlərin sərgüzəşti"ndə  Həsən obrazı romandakı digər obrazların talelərində gizlənən sirlərin yolu, ruhu idi. O, digər obrazların bədənində yaşayan ölü ruh idi. "Ölü ruh" dedim, çünki bu fani dünyadan köç edib gedəli xeyli zaman olmuşdu. Onun ruhu nə qədər ətrafda dolaşsa da, artıq əvvəlki kimi deyildi. Həsən bu dünyadan köç edib gedərkən ilk sevgilisi Gülzarın, daha sonra ömür-gün yoldaşı Bəyimin həyatında bir iz qoyub getdi. Noolsun ki, Həsəni öncədən tərk edib getmişdilər? Həsən öz ruhunu onlara əmanət edərək insanların talelərində gizlənən sirlərin yolunda hələ də addımlayırdı. Ancaq dediyi kimi: "Çox-çox uzaqlardan yorğun addımlarla".

Baxın, talelər də "insan ömrünə" bənzəyir. Bəzən soyumuş cəsədə baxıb, göz yaşımızı töküb, şəkillərdə təsəlli tapırıq, bəzən isə tale nöqtələrimizi tanımadığımız insanlarla birləşdirib gizli sirlərin yolunda itib-batırıq. Həsən obrazı digər obrazların həyatında gizlənmədi. Hətta daha da onları düşündü, analiz etdi. Yollarını izlədi. Hansı yolla addımlayıb, hansı nöqtələrdə birləşib körpü quracaqlarının şahidi oldu. Onlar heç bir-birini tanımırdı, ancaq yenə də tale oyunu onları hansısa körpüdə Həsənin beynindəki sualların cavabı oldu.

Demək, şəkillər və xəritə həyatımızda böyük rol alır. İnsanlar öz xəritələrini qurarkən üzərində çalışmırlar. Qorxurlar ki, onu itirərlər. Əslində, itirmirlər. Sadəcə bu yolda addımlamağa qorxurlar. O, çox-çox uzaqlardan yorğun addımlarla gələn kim idi? Həsən... Həsən ruhunu təslim etməmişdi, sadəcə insanların həyatında ölü ruh olaraq gəzirdi. Addım-addım, sakitcə...

Səni oxumaq həm gözəl, həm də unudulmaz idi, Sirlərin sərgüzəşti! Sən mənim də həyatımda dərin iz qoyub getdin. Bu iz heç vaxt silinməyəcək!

 

Səma MUĞANNA

 

Ədəbiyyat qəzeti.- 2022.- 27 avqust.- S.27.