Allahın yağmur
damlaları
Hekayə.
Alman şairi İ.V.Höteyə həsr
edirəm
Bu dünyada ala gözlü, Gün kimi gülər üzlü bir qız vardı, o dünyada da mirvari kimi süd rəngli Yağmur damlaları. Onlar dost idilər. Yağmur damlaları tez-tez o dünyadan bu dünyaya qızı görməyə enirdi. Ala gözlü qız da fidan qollarını uzadıb damlaları ovcuna yığır, sonra da bir qayada oturub qu kimi uzun boynuna boyunbağılar düzəldirdi. Günlərin bir günü boz bir Kölgə dənizin ortasındakı qayada oturub öz boyunbağısı ilə oynayan qızı gördü, bilinməyən bir səbəbdən onun boyunbağısını qırmaq istədi. O, sakitcə yaxınlaşıb qızın əlindəki boyunbağının sapını kəsdi. Mirvari damlaları dənizə səpələndi. Qız çevrilib gördü ki, boz Kölgə zeytun ağaclarının gövdələrindən keçərək gözdən itir. Dənizə tökülən Yağmur damlalarını balıqqulağılar udmağa başlamışdı. Qızcığazın gözündən axan yaş bir xal-xal balığın burnuna düşdü. O, qızın ayağına toxunanda qız əyilib dedi:
- Ey dənizin nazlı, yumrugöz qızı, mənim boyunbağımı tapmağa kömək et, Yer üzünün boz Kölgəsi sapımı kəsdi.
Xal-xal balıq:
- Ey yer üzünün ala gözlü, qarmaq qaşlı qızı! Bayaqdan bütün balıqqulağılar ağızlarını açıb yuxarıdan tökülən damlaları udurlar. Sənin mirvari yığan qollarının bu dənizdə üzməyə gücü çatmaz. Odur ki, səni su pərisinə çevirəcəyəm. İstədiyin qədər muncuq yığıb boyunbağı düzəldərsən. Ancaq bir şərtim var: gərək heç vaxt quruya çıxmayasan.
Qız üzdə razılaşdı. Ancaq ürəyində bir gün boz Kölgədən mütləq qisas alacağına and içdi. Onun yelpik kimi əsən yeddi rəngli bir quyruğu peyda oldu. O, suyun ən dərin qatlarına enib çoxlu balıqqulağıların ağzından mirvarilər toplayıb yenə özünə boyunbağılar düzəltdi. Ancaq hərdən ona kömək edən balığın gözündən yayınıb başını quruya çıxarır və Kölgəni axtarırdı. Bir dəfə Yer üzünün ən sərin vaxtı Su pərisi qayaya çıxdı. Bir sağa baxdı, bir sola baxdı. Birdən Kölgənin yaxınlaşdığını gördü. Ala gözlü pəri boynundakı ən uzun boyunbağını çıxarıb düşməninin boynuna saldı, onu suya çəkib boğmağa çalışdı. Ancaq Kölgə bu dəfə öz iti qayçısıyla onun bütün mirvarilərini dağıtdı. Suya tökülən muncuqları görən sehrli balıq qızı cəzalandırdı. O, əvvəl yarıya qədər balıq idisə, indi onu özü kimi adi bir balığa çevirdi. Artıq o, Yer üzünə çıxa bilməyəcəkdi.
Hə... deyilənə görə, indi dənizin dibində heç
kimin görə bilmədiyi boynunda mirvarilər gəzdirən uzun boğazlı, ala gözlü balıqlar üzür.
Nurlana İşıq Məmmədova
Ədəbiyyat qəzeti.- 2022.- 27
avqust.- S.21.