Yenə də küləklər
daşıyır,
Yarpaqların ölümünü.
Çırpır zamanın üzünə,
Qızılı təbəssümünü.
Kimdi ki, eşqdən yarıyan,
Ağlama öz nəfəsinə.
Yarpaqlar
da gözəl ölür,
Bir-birinin
həvəsinə...
Divar da ovulub gedir,
Şəklimizi unutmağa.
Nə yaxşı ki, pəncərə var,
Gözlərimi ovutmağa.
Xatirələr körpə quştək,
Sığınıbdı bir küncümə.
Gəl
biz də gözəl
ayrılaq,
Yanıb
kül olaq... öncə mən...
İndi
sükut böyüdürəm,
Yeriyə, bəlkə dil aça.
Bir gün dönüb qayıdarsan,
Gülüb, sənə də
sirr açar...
***
İlişib qalmışıq zaman
torunda,
Dart, çıxar ruhumu
dəri tuluqdan.
Mən sənə qaçıram,
sən hara Tanrım...
Bəlkə yer bilirsən çıxaq oyuqdan.
Hər gün çırpılırıq
gün divarına,
Keçir gözümüzdən sevgi
tilovu.
Kimdi ki, balıqçı yalvaraq bir az,
Yandırır sinəmi suyun alovu.
Kim çəkər yarımçıq
ömrü sahilə,
Uçur saman çöpü quş dimdiyində.
Sinəmdə qurmuşam bülbül
yuvası,
Bir qara quş uçur
daş dimdiyində...
***
Eşq də bir qəzadı...
Ən gözəl musiqi də tənhalıq...
Xoşbəxtliksə, qınında pas atan qılınc.
Ən gözəl məbədlər
ucalıq,
bütün günahların
dibində batmağa...
Hələ də özümü axtarıram
adamların iç üzündən qopmağa.
Sən demə, ən körpə balıqlar alır
Tanrının könlünü...
Susun adamlar...
Azadlıq, kökdən düşmüş pianodu...
Bir hekayə pıçıldayır gitaram,
tənhalığımı örtür,
xatirələrdən sağ çıxmayanların üstünə...
Bağışla qadınım, sənə yovuşa bilmirəm.
Şükür, bu qəzadan yan ötdün.
Eldar İsmayıloğlu
Ədəbiyyat qəzeti.- 2022.- 27
avqust.- S.17.