Quşlar bəlli zamanlarda köç edir, Sənsə  qəfil etdin bunu solmamışkən çiçəklər...

 

İki damla göz yaşısan

 

Sıxsam gözlərimi dənizə

gəmilər boğulacaq

balıqların donu daralacaq

dərya yetim ayrılıqlar doğacaq

həsrət-həsrət baxışlar boylanacaq

küçələrin gözlərindən.

Qəhər tıxanacaq boğazına

yosunlar dolaşıq düşəcək

telləri əlçimlənəcək dalğaların

qağayılar sərgərdan olacaq

özgə ellər Vətən olmur

qaçqın uşağa.

Vətən yarımır naxələfdən oğul doğanda

noğullar kəsərsiz olur

oğullar fərsiz olanda.

Arılar bal yığammır

çiçəklər solanda.

Yağış ol, ələn üstümə

quruyum

gün çıxanda.

 

 

Artıq çox uzaqdasan...

 

Minlərlə kilometrlər uzanır aramızdan.

Yüzlərlə yol dirəkləri,

boylandıqca gözlərimi qaraldır.

Yaşanıb bitənlərin Notr-Damısan

ağrın canıma

tüstün gözlərimə dolub.

Sən unudulan deyilsən!

 

Bu gecə yuxumda

bir uşaq ağlayırdı...

 

 

Əlləri xınalı, telləri qıvrım.

Can deyib, haray çəkirdi.

Harayı dağ çəkirdi.

Gözündən od tökülürdü,

Alışıb-yanırdı dünya!

 

 

Bu gecə yuxumda bir uşaq ağlayırdı,

Əynində qırmızı don, ayağı yalın.

Don vurmuşdu ayağını,

Ünü ərşə çatırdı.

Dizüstə çökmüşdü

Səcdədən qalxırdı, dünya!

 

 

Bu gecə yuxumda bir uşaq ağlayırdı,

Xocalıdan...

Gəlinciyi qucağında.

Cəsədi qar içində.

Yiyəsi ölmüşdü,

Ortalıqda qalmışdı, dünya!

 

***

Tərsinə geyinmişəm əynimi

başıhavalı.

ayaqyalın dolanıram küçəni o baş, bu baş

qar havasında...

şaxta kəsir ah-naləni

cınqırım belə çıxmır...

Sən üşüyürsən?

Külək sovurur məni...

Qovuşsaq bir vətən olarıq.

 

 

***

Ovum-ovum ovulub

Bircə çimdik toz olmuşam.

Gülüm, gəl "Xəlvət"ində gizlət məni...

Vətən bütövlənəndə

Qatarsan Araz  suyuna!

 

 

Nağıl dünyası...

 

O dünyadan yazıram,

Darıxmaq yoxdur burda,

Əlin hər şeyə çatır.

Buludlar əlçim-əlçim

Ovcunda yağış olur.

Dağ-dərə qucaqlaşıb,

Şirin-şirin yatırlar.

Nağıl danışan yoxdur.

Hər şey nağıl kimidir.

Burda da aralıyıq,

Kor gələn, elə kordur...

Əynimiz-başımız hamımızda eynidir.

Ləl-cəvahir üzdədir,

Suyun üzündə axır.

Dindirib-danışdıran olmasa danışmırıq.

Yemək-içmək havayı...

Əyri əllər kəsilib,

Burda isti çay olmur,

Ürəklər od içində isti olur həmişə...

Kitab oxuyan çoxdur,

Dəftər-qələm başaltda,

Kirayə evlər yoxdur,

Qonşular maraqlanmır,

Qonaq gəlib-gedəndə,

Gələn-gedən olanda.

İşıq pulu, su pulu

Heç adın çəkən yoxdur.

Qanı qara görməzsən

Hamının kefi kökdür,

Yeyən-içən adamlar

Burda qəhətə çıxıb.

Bir loxma dağ aşırır.

Zikr, dua saxlayır

Yerin-göyün arasın.

Qar yağanda sevinən uşaqlar yoxdur burda

Hamı eyni yaşdadır,

Hamı eyni başdadır.

Baharın sərin mehi

Hələ burda əsməyib,

Payızı görən yoxdur.

Qış da hələ gəlməyib.

Bir fəsildə doğulur,

Bir fəsildə ölürlər...

Nağıldan nağıl olmur

Yuxular nağıl kimi

Nağıllanır, əzizim!

 

***

Hələ o küçədə

dayanıb boynubükük,

yenə gözləri dolub.

Göyün üzün , Allah!

Üşüyür, Yağış qadın!

 

***

Gəlməsən qınamaram

Heç küsmərəm .

O qədər ayrılıqlar var...

Bizimkinə şükür deyərəm...

...ayrılıqlar xarabasının

orta göbəyində doğulmuşuq...

elə bilərəm...

Sarı çiçək topladıq,

Çaydan çaya keçdik,

Yolumuz bitmədi.

Tikanlı çöldə itdik elə bilərəm.

Yuvamızdan perik düşdük...

Beş daş, yeddi şüşə, gizlənqaçım...

Dükan-dükan...

Evimizə gəlin gəlir...

Toy-toy oynadıq elə bilərəm...

Gəlməsən ağlamaram

Heç darıxmaram da...

Qaçaqaçda uçquna düşdük...

Yarıcan olduq

Elə bilərəm...

Gəlməsən...

gözləmərəm...

Heç yollara boylanmaram,

Gedər-gəlməzdəsən

Elə bilərəm...

Gəlməsən...

Dözərəm...

Ölmərəm ki,

Səbr edərəm, səbr

dizimi yerə atıb,

son nəfəsiməcən

zikr edərəm,

Gəl, deyərəm

gəl...

 

Qırmızı qərənfillər

ağlamaqdan yoruldu

 

Gözlərimdən boylanan

Qırmızı qərənfillər

Ağlamaqdan yoruldu.

Yolun kəsə başından

Qanrılasan geriyə...

Dönəsən gəlməzindən,

Sənsiz ömrüm tez bitə

Tez gələsən

Tez, Gülüm.

 

 

***

Adım düşüb dilindən

siqaretin külündə

üstüaçıq, üzüstə

yuxulayıb hərflər.

 

***

İlahi, bu dağ, dağ?

Yarım gəlimmi, sən de.

Ətəyində gül gördüm,

Dərim gəlimmi, sən de.

 

***

Adını yazmışam nəlbəkimin arxasına

İsti saxlasın çayımı.

Qurutmusan Allahın göz yaşını

daha bizə yağmır yağış...

Dolu tökür, ardınca da qarlayır...

Soyuq olur evimiz.

Adın isidir stəkanı qucaqlayan əllərimi...

Yuxumda yenə oxuyurdun...

"Təbrizin küçələri dolanbadolan"

Qaragiləm, gəl silim gözün yaşın

bəri dolan!

 

 

Pəncərəsi qırıq küçələr

 

Pəncərəsi çiliklənib küçələrin

O tay, bu tay.

Çölə tökülüb,

üşüyür, evlərə doluşur

pəncərəsi qırıq küçələr...

İnildəyir yarası dərin olanlar,

dalanlara, döngələrə qısılır,

qaçqın, köçkün, qərib olanlar.

O tay, bu tay olanlar

Hamısı bizim olanlar

körpə, cavan, ahıl  küçələr

bizim küçələr...

Pəncərəsi qırıq küçələr...

 

***

Köçəri quş kimi gəldin ömrümə

Dimdiyində gətirdin xoşbəxtliyi.

Bu günümə dadızdırıb,

Tamarzı qoydun sabahımı.

Quşlar bəlli zamanlarda köç edər,

Sənsə qəfil etdin bunu

Solmamışkən çiçəklər...

 

Bu gün yağış bizə yağır

 

 

Evimizə, küçəmizə.

Əlində əsir olduğum

həsrətin üzünə baxıb,

Gülə yağır, gülə yağır...

Sevincək olubdu yağış

Elə yağır, elə yağır...

Ayrı-ayrı adda elə

Bakıya, Təbrizə yağır.

Bizə yağır, bizə yağır...

Bu gün yağış belə yağır,

Elə yağır, elə yağır...

 

***

Qırmızı buludların yuxusuyam, Vətən!

kürəyində ağır yük,

qəlbində o taydan, bu taya

bu taydan o taya arzular daşıyan

qarışqalar oyaq...

odundan-ocağından qaçaq...

uzun, incə bir yolam,

qovuşsaq, bircə!

 

 

Hardasan...

 

Bir yaz görüm necəsən?

Yarıcanım, hardasan?

Sağım, solum, bütünüm,

Sənsiz elə darıxdım.

Dolanıram başına

Dörd divarın səhərdən.

Gələn-gedən nəfəsim   

Yenə səssiz pıçılda

Gecənin qulağına.

Səni çox istəyirəm,

Mehribanım, əzizim.

Yatmamışam gecəni

Oturub səhərəcən

Adını zikr etmişəm

Dilim ucu qabardı.

Səhv-düz, tələm-tələsik,

Qara-qura eybi yox.

Eləcə yaz ki, sağam.

Canım, gözüm, əzizim.

Bağışladığın güzgü

Əlimdən heç düşməzdi.

Dünən salıb qırmışam,

Topalayıb yığmışam,

Bərk sıxıb saxlamışam

Ovucumun içində.

Qorxuram küsər, gedər

Bir ömür xatirələr...

Ayım, günüm, əzizim

Yarıcanım, hardasan?

Köhnə şəhər, dar küçə

Külək, sazaq, dörd divar.

Yolun hansı yanadır?

Ordan boylanım sənə

Sağım, solum, bütünüm,

Yarıcanım, hardasan?

 

***

Həsrətindən hana qurub,

İlmə-ilmə arzular toxudum

Çiçəklərin al gülündən.

Vətən arzum, gül arzum

Hanadan gülən arzum,

Gül, üzümə, gül arzum.