Porsuq yuvası
Hekayə
Torpaqdan ölüm qoxusu gəlirdi. Ölüm
qoxusu gələn torpağın üstündə
büzüşərək üzbəüz oturduğu əsgər
yoldaşına baxır və hərdən də
yanıqlı bir ah çəkirdi. Onun
tez-tez ah çəkməsi üzbəüz oturduğu əsgər
yoldaşında da, o biri əsgərlərdə də qıcıq
yaradırdı.
Cəmi dörd nəfər idilər. Dördü də
köstəbək kimi torpağı eşib bir təpənin
altında gizlənmişdilər. Nə edəcəklərini
bilmirdilər. Düz üç gün idi
ki, köstəbək kimi qazıb gizləndikləri yerdən
bayıra çıxa bilmirdilər. Bayırda
da havadan ölüm qoxusu gəlirdi.
Ölüm onları addım-addım izləyirdi, amma
onların heç biri ölmək istəmirdi. Ölmək
istəmədiklərini dilə gətirməsələr də,
bu onların dovşan kimi titrəmələrindən hiss
olunurdu.
Tez-tez ah
çəkərək o biri əsgər
yoldaşlarının zəhləsini tökən Artur Qriqoryan
birdən-birə sağ tərəfındə
büzüşüb oturan Samveli dümsükləyərək
xırıltılı bir səslə soruşdu:
- Bu
gün ayın neçəsidir?
Samvel
güclə eşidiləcək bir tərzdə suala sualla
cavab verdi:
- Niyə
soruşursan?
Artur onu nifrətlə süzərək
dodağını büzdü və yenidən ah çəkərək
başını aşağı dikdi.
Köstəbək kimi eşdikləri yerin eni bir,
uzunluğu iki metr olardı. Bu qaranlıq,
darısqal yerdə bir-birlərinə qısılaraq
bayıra çıxmağa qorxurdular. Bayırda
yer-göy silkələnirdi. Topların səsi
hər yanı lərzəyə salmışdı. Düz üç gün bundan əvvəl onlar
uzaqvuran toplardan Tərtərin kəndlərini atəşə
tuturdular. Onda 12 nəfər idilər.
Bir az aralıda hərəkət eləyən
tankın qəflətən səmadan vurularaq
alışıb-yanması ilə onlar bir göz qırpımında
özlərini kostəbək kimi qazdıqları yerə
soxmuşdular. O biri döyüşçü
yoldaşları isə göz qırpmağa belə macal
tapmadılar. Şar kimi göyə
uçdular. Yaxşı ki, bu qaranlıq, darısqal yerdə
su da vardı, İran konservləri də... Ərzaq
ehtiyatlarını bu qaranlıq yerdə saxlayırdılar.
Əslinə qalsa bu yer onlar üçün qaranlıq
deyildi, çünki gözləri qaranlığa
alışmışdı. Və qaranlıqda
onlar bir-birlərinin üzündə gəzən ölüm
qorxusunu da yaxşı görürdülər. Həm də
hiss edirdilər ki, bu qaranlıq yer onlar üçün məzarlıq
olacaq. Amma onlar ölmək istəmirdilər.
Niyə də istəsinlər axı? Arturun 26 yaşı vardı. Təzəcə
nişanlanmışdı. Özü
dediyi kimi, Anyuşa Livanda onun yolunu gözləyirdi. Onun
sol tərəfində büzüşərək oturan
Stepanın isə on beş yaşı
vardı. Orta məktəbdə oxuyurdu. Zorla avtobusa mindirib Yerevandan bura gətirmişdilər.
O, yeşikləri açıb toplar üçün mərmi
gətirirdi. Arturla üzbəüz yaşı
altmışı haqlamış pəzəvəng bir
saqqallı oturmuşdu. Ağarmış
saqqalını sığallaya-sığallaya nə barədəsə
düşünürdü. Düz
üç gün idi ki, danışmırdı. Sanki ağzına su almışdı, amma
üç gün əvvəl o, belə deyildi. Elə bil dilotu yemişdi. Ara
sakitləşən kimi dil-boğaza qoymurdu. Bir yandan hüdüləyib tökürdü.
Böyük sevinclə əllərini bir-birinə sürtərək
deyirdi: - Düz on yeddi nəfər türkün
boğazını bu əllərimlə kəsmişəm. Uf da deməmişəm. Xocalıda
üç körpə uşağı diri-diri
yandırmışam. On beş
gündür ki, buradayam. Tərtərin,
Ağdamın... kəndlərini top atəşinə tuturam.
Bu məni ruhlandırsa da, türkün boğazını
bıçaqla kəsməyin öz ləzzəti var. Bu on beş gündə əlimə nə bir
uşaq, nə də ki, bir qoca düşüb. Ötən illər yadıma düşəndə
gözlərimdən axan sevinc yaşlarını saxlaya bilmirəm.
Xocalıda daşı-daş üstündə
qoymadıq. Uşaqları, qocaları
öldürdükcə gücümüz daha da
artırdı. Gözəl günlər
idi. Onda mənə böyük
yazıçımız Zori Balayan təşəkkür məktubu
göndərmişdi. Məktubda
yazırdı ki... - Elə bu zaman güclü partlayış
səsi eşidildi. Yaxınlıqdakı
tank alışıb-yananda o da özünü bu qaranlıq
yerə dürtmüşdü.
Arturla üzbəüz əyləşən erməninin
adı Suren idi. Suren Rusiyada, Hərbi Akademiyada oxumuşdu. Müharibədən bir ay əvvəl ona mayor
rütbəsi verilmişdi. O bununla çox
öyünürdü. Sinəsinə
döyüb lovğa-lovğa deyirdi ki, Tərtəri tamamilə
işğal eləyəndən sonra general-mayor rütbəsi
alacaq. Amma onun bu arzusu gözündə
qaldı. Düz üç
günüydü ki, qorxusundan başını bayıra
çıxara bilməz. Surendən həm
də pis qoxu gəlirdi.
Deyəsən, şalvarını
batırmışdı. Amma bu, onun vecinə deyildi. Əsas məsələ onun sağ qalması idi və
o, buna görə taleyindən çox razı idi. Onun
taleyindən razı olması qaranlıqda işıldayan
gözlərindən də hiss olunurdu.
Artur Qriqoryan yenə də ah çəkərək
ufuldamağa başladı. O, yaralı əsgər kimi inləyirdi.
Amma o, yaralı deyildi. Ürəyindən
qara qanlar axırdı. Birdən o, nə fikirləşdisə, üzbəüz
əyləşən Surenə baxaraq soruşdu:
- Həmişə
deyirdin ki, türklərə qan uddurmuşam. On
yeddi nəfər türkün boğazını kəsmişəm.
Bəs indi nə oldu? Niyə
bu qaranlıq yerdə gizlənmisən? Gəlin
dördümüz də bayıra çıxaq. Burada oturub ölməkdənsə, açıq səma
altında ölmək daha yaxşı deyilmi?
Suren ona tərs-tərs baxıb heç nə demədi. Bir siqaret yandırıb
acı tüstünü ləzzətlə ciyərlərinə
çəkib təəssüflə başını
buladı və dedi: - Ah keçən günlər, keçən
günlər. İndi hardadı o günlər?
- Sonra o, dəli kimi bağıraraq özünü bayıra
tulladı və bayırdan hökmlə bildirdi:
-
Çıxın bayıra! - Sonra da üzünü Şuşa tərəfə çevirib dedi: -
Şuşanın işıqları yanır. Gəlin
işıq yanan tərəfə gedək. - O, bu sözləri
deyib heyranlıqla Şuşa tərəfə
baxmağa başladı. Elə bu zaman havada
uçan snayper gülləsi onun sol gözündə
ilişib qaldı. O, dəli kimi bağırmağa belə
macal tapmadı. Köksüz ağac kimi yerə
sərələndi və bir anın içində hərəkətsiz
qaldı. Kimsə "Samvel" - deyə
çağırdı. Bu, Samvel idi. Artur əlilə
onun ağzını tutub pıçıltılı bir səslə
dedi: - Kiri, eşidərlər. - Samvel onun əlini ehmalca geri itələyərək
dedi: - Əcəlimiz çatıb - Ağlamsındı. Artur əsəbiləşən kimi oldu.
- Bəsdi,
sən Allah! Zəhləmizi tökmə. Bunu əvvəlcədən fikirləşərdin.
Fikirləşərdin ki, hara gedirəm, niyə
gedirəm. Mənim Azərbaycan
torpaqlarında nə ölümüm var? - Sonra o, əlini
cibinə salıb "Malboro" qutusunu çıxartdı və
bu dəfə mülayim səslə bildirdi: - Biz
"Böyük Ermənistan" uğrunda vuruşuruq. İrəlidə çox işlərimiz var.
Möhkəm olmaq lazımdır, - onun bu sözləri, deyəsən,
Samvelin xoşuna gəlmədi.
- Bu
qaranlıq yerdə - porsuq yuvasında gizlənməklə
"Böyük Ermənistan uğrunda" vuruşuruq, eləmi?
Əcəb gülməlidir. - Əlilə başınının -
dazlaşmış ortasını qaşıyaraq gülməyə
başladı.
-
Hırıldama, - Artur cin atına mindi. İndicə
"Kalaşnikovu" qarnına boşaldacağam.
-
Boşalt. Samvel yaxasını açaraq yenidən
gülməyə başladı. Az
sonra o, gülə-gülə dedi:
- Ay
yazıq, indi "Kalaşnikov" zamanı deyil.
Görmürsənmi ki, başımıza göydən od yağdırırlar. Məgər
yerin-göyün titrəməsini hiss eləmirsən? - Daha bərkdən
gülməyə başladı, - Sənə demirəmmi ki, səsini
kəs. - Artur onun yaxasından yapışıb özünə
tərəf çəkdi. Amma Samvel daha bərkdən
gülməyə başladı. İndi o,
arxasıüstə yıxılıb gülürdü.
Gülə-gülə hər iki
qıçını göydə oynadırdı.
-
Yazıq dəli olub. - Stepan qəhərlənən kimi oldu. -
Nədən bilirsən? - Artur ciddiləşdi.
- Bunu bilməyə
nə var ki? - Stepan dərindən nəfəs alaraq dilləndi:
- Ağlı başından çıxıb. Görmürsənmi,
gözləri buz üstünə çıxmış dana gözləri kimi hədəqəsindən
çıxıb.
- Bəs
indi neyləyək?
Stepan cavab əvəzinə çiyinlərini çəkdi.
- Ümid Allaha qalıb. - Artur başını
aşağı dikib dərindən bir ah çəkdi.
Elə bu zaman Samvel ayağa qalxaraq özünü
bayıra tulladı. Bu elə tez baş verdi ki, nə
Artur, nə də ki, Stepan onu saxlaya bilmədilər. Samvel gülə-gülə qaçırdı.
Hara qaçdığını özü də
bilmirdi.
Stepan onun
arxasınca baxıb dedi: - Hərə başını
götürüb bir yana qaçır. Bəs biz burada niyə oturmuşuq? Nəyi gözləyirik? Axı türklər
silahsız əsgərə toxunmurlar...
- Bunu sən
hardan bilirsən? - Artur ona çəpəki bir nəzər
saldı.
- Necə
yəni hardan bilirəm? Babam danışıb.
O deyirdi ki, türklər heç vaxt mülki adamlara, əsirlərə
dəymirlər... Amma biz..
- Amma biz
neyləyirik? - Artur barmağını avtomatın tətiyinə
toxundurdu. Güllələr bir andaca Stepanı
aşsüzənə döndərdi. Sonra
o, "Kalaşnikov"u nifrətlə bir tərəfə
tulladı və Stepanın aşsüzənə
dönmüş cəmdəyinə lomba ilə tüpürüb
əlini cibinə saldı. Əlləri
titrəyirdi. Ona görə də cibindən
çıxartdığı siqaret qutusunu aça bilmədi.
Bu, onu daha da qəzəbləndirdi. Və
qəzəbli-qəzəbli danışmağa başladı:
- Atana lənət, Paşinyan!
Livandan, Suriyadan, nə bilim hansı cəhənnəmdən qoyun sürüsü kimi bizi bura gətirtdin. Şirin vədlər verdin. Deyirdin ki, bu istehkamları, yeraltı sığınacaqları erməni generalları ilə fransız generalları düzəltdirib. Onların düzəltdikləri bu "qalaları" atom bombası ilə də dağıtmaq olmaz. Bəs nə oldu? Bu alınmaz istehkamlar darmadığın edildi. - Bir anlıq susub dayandı. İçində vulkan kimi püskürən qəzəbi boşaldıqca əllərinin əsməcəsi də azalırdı. Ona görə də siqaret qutusunu birtəhər açıb yenidən öz-özünə danışmağa başladı: - Ay Paşinyan, köpəkoğlu! Bəs deyirdin ki, Makaron, yox ey, Makron qoşun göndərəcək, nə bilim raket göndərəcək, tank göndərəcək! Bəs niyə göndərmədi? Şalvarını islatdı, eləmi? Ancaq əvəzində əsgərlər üçün otuza yaxın fransız qızları göndərdi ki, döyüş ruhumuzu daha da artırsın. - Artur öz-özünə danışdıqca daha da qızışırdı. Yenə də bir anlıq susub bir siqaret yandırdı. Hamilə qadınlar kimi ürəyi bulandı. Öyüdü, amma qusmadı. Siqareti yerə tullayıb başını əllərinin arasına aldı. Düz üç il əvvəl Şuşada olduğu günləri xatırladı. Cıdır düzündə rəqs elədiyi dəqiqələr gözləri önündən gəlib keçdi. Uşaq kimi kövrəldi. Onda Artur da yeyib-içib keflənmişdi. Kefləndiyinə görə də Paşinyana yaxınlaşıb belə demişdi: - Müsəlmanlar donuz əti yemirlər. Donuz Allahın xoşlamadığı heyvanın adıdır. Erməni əsgərləri isə məsciddə donuz saxlayırlar... Bu, Allahın xoşuna gəlməyəcək, qəzəblənəcək. - Paşinyan da, motal qarınlı bir general da onun bu sözlərinə qəhqəhə çəkib gülmüşdülər. Sonra da Paşinyan gülməkdən yaşarmış gözlərini silərək belə demişdi: - Şuşa Ermənistandır. Biz erməni torpağında donuz saxlayırıq. Bunun müsəlmanın Allahına nə dəxli var? Kefində ol, Arturcan. Daha bu yerlərə quş quşluğu ilə qanad çala bilməz.
Artur qəflətən dəli kimi
bağırdı: - Paşinyan, bəs Livandan, Suriyadan,
İraqdan gəlmiş hər bir erməniyə üç
hektar torpaq verəcəkdin! İndi bu torpaqlarda erməni əsgərlərinin
cəsədləri yan-yana düzülüb, üst-üstə
qalaqlanıb. Hər yanı üfunət bürüyüb. Nəfəs
almaq olmur. - Artur daha nə deyəcəyini bilmədi.
Əslində, onun deməyə sözü çox idi. Amma
daha heç nə demədi. Əlilə saqqalını
sığallayıb dərindən bir ah çəkdi və
köksünü ötürüb güclə eşidiləcək
bir tərzdə öz-özünə sual verdi: - Mənim
burada nə işim vardı? - Sonra o, dizlərini yumruqla
döyəcləyərək ağlamağa başladı.
Vaqif İsaqoğlu
Ədəbiyyat qəzeti.- 2022.- 27
avqust.- S.28.