"Torpaq - etibarlı dostum  kimidir..." - ətimi yesə,də sümüyüm qalar.

 

 

 

Hər kəs bir bəlayla dünyadan gedir;

 

ömrün halalı var, namərhəmi var,

 

torpaq etibarlı dostum kimidir -

 

"ətimi yesə də, sümüyüm qalar".

 

 

 

Kimisi bəxtəvər, kimi naçardı,

 

vaxt elə tələsir, sanki sonudu!

 

dağlar saxlamasa - güylər uçardı,

 

dağlar kainatın bel sütunudu.

 

 

 

Vurdular - sınmadım, kəsdilər - artdım,

 

təpiklər - bilmədim qəzəbdi, ərkdi?

 

Gülüb-hırıldayan üzə qabardım,

 

dedilər: "qırılmaz, sümüyü bərkdi!".

 

 

 

Sümük zər olardım özümə qalsa -

 

hər adam bu zərlə oyuna girməz,

 

sərhəd dirəkləri sümükdən olsa

 

düşmən el-obanı zəbt edə bilməz!

 

 

 

Göylərin qapqara "dəlikləri var",

 

özünə ruhları "dəlikdən" çəkər,

 

yerdəki, qəlbləri zülmət adamlar

 

Yurdun şirəsini ilikdən çəkər!

 

 

 

Növbəylə zühr edib, köçür adamlar,

 

sanki şəlalədir, göylərdən axır,

 

kimisi əyilər, kimisi sınar:

 

o da sütunumuz sümüyə baxır.

 

 

 

Hər kəs bir bəlayla dünyadan gedir,

 

vaxtın da halalı, namərhəmi var,

 

torpaq - etibarlı doğmam kimidir,

 

"ətimi yesə də, sümüyüm qalar...".

 

 

 

10.02.2022

 

 

 

Gedirsənsə...

 

 

 

Gedirsənsə, nə cür səni saxlayım?

 

darıxacam, özümü də apar, get.

 

Dönməyinə nədən ümid bağlayım?

 

həsrətini ürəyimdən qopar, get.

 

 

 

Gecələri-gündüzlərə qatacam,

 

yuxum gəlsə-səksəkəli yatacam,

 

düşünmə ki, tamam itib-batacam,

 

qismətdirsə - həlbət biri tapar..., get.

 

 

 

O tərəfdə hava soyuq, bura get,

 

sel olunca gözlərimdə qora, get!

 

Tap həsrətin çarəsini - sonra get;

 

göynəməsin qəlbimdəki qabar, get.

 

 

 

Ömür dönər qaratikan bir kola,

 

bu qönçələr çətin açıb gül ola,

 

elə yox ol.., birdən eşqim dördnala

 

yollarınla köhlən kimi çapar, get.

 

 

 

Çiliklənsə sevgimizin aynası,

 

sənə mütləq agah olar sədası,

 

gedirsənsə, di-ləngimə, qadası;

 

yazıq-yazıq nə baxırsan, nə var? - get!

 

aramızda bir qiyamət qopar, get...

 

 

 

14.02.2022

 

 

 

Bir vaxt öz dərdiynən

 

ölərdi hər kəs...

 

 

 

Bilimirəm - hələ çox çəkər, ya çəkməz?

 

çoxları həyatdan almaz kamını,

 

bir vaxt öz dərdiynən ölərdi hər kəs,

 

eyni dərd aparır indi hamını!

 

 

 

Xəyallar, ümidlər dərbədər qalıb,

 

dost ölüb, "Onlaynan" yola salmışıq!

 

hamı eyni olub, bərabər olub -

 

sanki "Kommunizmə" ayaq basmışıq.

 

 

 

Bilmirəm - qəzəbdən ağlayam, güləm?

 

süngülü bəladan qəlblər sıyrılır,

 

indi üst-başından "Spirt" ətri gələn

 

daha təhlükəsiz adam sayılır.

 

 

 

Füzuli demişkən: "Tutmazmı ahım?",

 

"Korona" üzündən nə canlar solur!

 

elə alçaqlar var, aman Allahım,

 

dərman alveriynən milyonçu olur!

 

 

 

Axır sellər kimi matəm yaşları,

 

"Virus" talayaraq dünyanı gedir;

 

Şeytana yağan "Məkkə daşları",

 

də "qurbanlıqlar" köməyə yetir!

 

 

 

Bilmirəm, hələ çox çəkər, ya çəkməz?

 

çoxları həyatdan almaz kamını,

 

bir vaxt adam kimi ölərdi hər kəs,

 

"Korona" aparır indi hamını...

 

 

 

13.02.2022

 

 

 

Nəyim qaldı?

 

 

 

Geri baxdım, doldu gözlər -

 

soruşmayın: "nəyim qaldı?"

 

hayıf sizə, ötən illər;

 

sizlərdə gəncliyim qaldı.

 

 

 

Çəkinmədən heç nəyindən,

 

keçdim vaxtın ələyindən,

 

yüyrükdəki bələyimdə

 

körpə nadincliyim qaldı.

 

 

 

Doymaq olmur vaxtın, nədən

 

ədasından, hikkəsindən?

 

mənə "Sevgi çesməsindən"

 

"behiştar" içdiyim qaldı.

 

 

 

Qara qanlar damarlardan

 

axıb olar saç qaraldan,

 

cəzam: qəlpi-yaxşılardan

 

gec görüb seçdiyim qaldı.

 

 

 

Daha ömrüm son baharda,

 

ərşə çıxmış röyalarda,

 

sarı saçlı tayalarda

 

çöllərdən biçdiyim qaldı.

 

 

 

Əqidəmdən dönməz oldum,

 

kül tutsam da, sönməz oldum,

 

geri baxdım, gözüm doldu,

 

qarşıda heç nəyim qaldı...

 

 

 

14.02.2022

 

 

 

Əlində qalmışam sərsəm dövranın...

 

 

 

Gülüm, tanıyarsan məni külümdən,

 

tüstülər içində haçansa görsən?

 

Yansaq ayrı-ayrı; bir ocaqda sən,

 

başqa birində mən - dözə bilərsən?

 

 

 

Neylərsən puç olmuş arzularında,

 

xəzələ dönəndə ilk baharında?

 

sən - soyuq həsrətin qalın torunda,

 

bir qaçaq sevginin tilovunda mən.

 

 

 

Dərdlər danışdırıb?! yenə lalmısan?

 

mən öldüm; qaldınsa, nə cür qalmısan?!

 

sən özgə bir oxdan şikar olmusan,

 

izi itirilmiş eşq ovunda mən.

 

 

 

Bəxtin üstündəki qıfıl kilidli,

 

dünya əzəl gündən gəlim-gedimli,

 

qaçan da, qovan da Tanrıya bəlli;

 

qovan da mən oldum, qovulan da mən.

 

 

 

Güvənib gücünə dava-dərmanın,

 

əlində qalmışam sərsəm dövranın,

 

ömürlər alveri edin dünyanın

 

vaxtdan borc etdiyi girovunda mən...

 

 

 

14.02.2022

 

 

 

Özümlə qanlı-bıçağam

 

 

 

Ömür əlimdə bir tiyə,

 

özümlə qanlı-bıçağam,

 

sığışmazam yerə, göyə -

 

özüm-özümdən qaçağam.

 

 

 

Küt bilib - sıxılma, ürək,

 

ölüm gəlib itildəcək,

 

bu tiyəni görənədək

 

elə bilirdim - qoçağam!

 

 

 

Halal ömür bitən yerdə -

 

qönçə tutar, göyərər də,

 

belə getsə... nə göylərdə,

 

yerlərdə qalacağam.

 

 

 

İçimdə şöhrətəm, şanam,

 

savaşanam, vuruşanam,

 

bir xəbərdən pərişanam;

 

eşitmişdim - "solacağam".

 

 

 

Göylərə səsləyir ölüm,

 

geri çəkir düzüm, çölüm,

 

girov ömrü nə cür bölüm?

 

Pir olmasam da, Ocağam!

 

 

 

Vətənim dirəyim olsun,

 

halal duz-çörəyim olsun,

 

yetər ki, dəyərim olsun;

 

harda olsa - alacağam!

 

 

 

12.02.2022

 

 

 

Zarafatyana

 

 

 

Etmərəm bilsəm ki, xətrinə dəyər,

 

lətifə danışım - get zarafatnan,

 

həddini keçəndə dostluğu əyər,

 

aram sərin olub şit zarafatnan.

 

 

 

Qulağı hər səsə itin şeşədi,

 

tulada buyrulmaq qan vərdişidi,

 

zarafat eləmək quyruq işidi -

 

gördünmü hürəndə it zarafatnan?

 

 

 

İsmətli zarafat bakirə qızdı,

 

ağzına sahib ol beyin ki, qızdı!

 

"Diploma" nə var ki, yağlı kağızdı;

 

alim də olunar küt zarafatnan!

 

 

 

Hərdən bilməmişəm kim olub döyən,

 

üstümə qıcanıb haqqımı yeyən,

 

o qədər müştəbeh, özündən deyən

 

axırda qovulub lüt zarafatnan.

 

 

 

Səndən gör nələri yayıbdı elə,

 

yadı yaxın qoyma evə bir belə!         

 

namərdin etdiyi günahı belə

 

bacarsan üstündən et zarafatnan.

 

 

 

Odumu söndürsən, qor et Sən məni,

 

zirvəmdən endirsən qar et Sən məni,

 

Tanrım, nə zamansa kar etsən məni,

 

sağır da eləsən et zarafatnan!

 

 

 

Haçansa bu gidi, bu canıyanmış

 

deyəcək: "Bir Vahid Əziz də varmış!"

 

Lap qoca dünyadan məzəynən yapış.

 

oğulsan torpaqda yat zarafatnan...

 

 

 

Ölüm bir anlıq iş deyil...

 

 

 

Nə çaşdırıb - düşüb tərsə?

 

bu, Fələklik gərdiş deyil!

 

qan tökməknən düzəlmirsə,

 

demək - "qurbanlıq" iş deyil.

 

 

 

Dost bəlama gözün yumur,

 

öz itim üstümə cumur,

 

ya "İbadət" qəbul olmur,

 

ya da "Quranlıq" iş deyil.

 

 

 

Özgələr almaz qadamı,

 

can gedir... bezib odamı?

 

düzdə qalan "düz adamı" -

 

gəzmə, buralıq iş deyil!

 

 

 

Nə qədər hirsimi əzim?

 

qədər sərgardan gəzim?

 

təqsirkar bizik, əzizim,

 

bunlar dövranlıq iş deyil.

 

 

 

Dilə tutub "Bilicini",

 

gördüm bəxtimin içini;

 

əlidolu görüb məni,

 

dedi - "Qaranlıq iş deyil".

 

 

 

Bəxtlə xataymış oynamaq,

 

alışıb, coşub-çağlamaq,

 

baxıb - çəkindi diş, damaq;

 

dişim - dünyalıq diş deyil.

 

 

 

Bir müqəddəs ağlamaxda,

 

o biri öldü çarmıxda,

 

Əzrayılım vurnuxmaxda -

 

ölüm bir anlıq iş deyil...

 

 

 

25.09.2020

 

 

 

Qorxuram...

 

 

 

Həyatın yolları eniş-yoxuşdu;

 

"ho-hodan" qorxuram,"toşdan" qorxuram,

 

payızın gəlməsi bağbana xoşdu,

 

əynim nazik olur - qışdan qorxuram.

 

 

 

Hərdən, vaxt canıma bir qada salar,

 

dövran çoxlarını it-bata salar,

 

qapım açıq qalsa - it yada salar,

 

get-gedə azalan huşdan qorxuram.

 

 

 

Maral, gendə dolan, kəmənd atan çox,

 

hər şey bazarlanar; alıb-satan çox,

 

arabir yan keçər - sürüşkəndi ox;

 

yuvasız quş kimi daşdan qorxuram.

 

 

 

Deyirlər - "bələkdə yaman kürmüşəm",

 

həyatda gah gülüb, gah hönkürmüşəm,

 

o qədər səbəbsiz qapaz görmüşəm,

 

nəvələr, zəkalı başdan qorxuram.

 

 

 

Biçinçi, elə biç - gül ağlamasın,

 

ocaq, elə soyut - kül ağlamasın,

 

məni dəfn edəndə el ağlamasın,

 

Vətənin gözündə yaşdan qorxuram!

 

 

 

Tikanlar gül açıb, gülüm tərk olub,

 

çox şey, Vahid Əziz, mənə görk olub,

 

gözlərim tox qalıb, dizim bərk olub -

 

vaxtın gətirdiyi "boşdan" qorxuram...

 

 

 

20.10.2021

 

 

 

Nə ehtiyac var?

 

 

 

Yeni adətindir ürək qoparmaq?

 

düşünmə - hər dərdə, gülüm,əlac var!

 

hirsini soyutmur budağı qırmaq,

 

qamqalaq etməyə nə ehtiyac var?

 

 

 

O qədər çinarlar çıxmadı yaza,

 

alov sinə gərdi qışa, ayaza,

 

"əlvida" - deyərək ayrılırıqsa,

 

tərgidib getməyə nə ehtiyac var?

 

 

 

Budaq sızıltısı - qopduğu yerdə,

 

kəpənək xoşbəxtdi qonduğu yerdə,

 

şoran göz yaşları hopduğu yerdə

 

yenidən bitməyə nə ehtiyac var?

 

 

 

Hər kəs bir tərəfə dərdlərnən varıb,

 

qənimət bilərək - eşqi aparıb,

 

qəlbdəki Tanrını yaddan çıxarıb,

 

qisməti güdməyə nə ehtiyac var?

 

 

 

Səndə xisləti var mehin, küləyin,

 

bilinməz yalanın, əyrin, gerçəyin,

 

üstündə, eşqindən solan çiçəyin,

 

bülbültək ötməyə nə ehtiyac var...

 

 

 

12.06.2021

 

 

 

Bilsəydim - bu qədər

 

sevəcəm səni...

 

 

 

Gəzirım ormanı, çölü, çəməni,          

 

çiçəyim, ömrünə qayıtmaq üçün,

 

bilsəydim - bu qədər sevəcəm səni -

 

ölərdim, canımı qurtarmaq üçün.

 

 

 

Keçər xəyalında gecəm, səhərim,

 

qəlb deyil - yaşadan xatirələrim,

 

tapsaydım, dünyanı yük eləyərdim

 

səni də üstündə aparmaq üçün.

 

 

 

Hər kəs bir istəklə çiçəyi dərib,

 

oxşayıb, soldurub, sovqat göndərib,

 

saçlarım illərdən möhlət gözləyib,

 

eşqinlə qocalıb ağarmaq üçün.

 

 

 

Qıfıl bağlamışam şirin dilimə,

 

açarı - əmanət gözəl sevgimə,

 

eşqin qandal vurdu şuluq əlimə -

 

uzanmaz başqa gül qoparmaq üçün.

 

 

 

Çəmənə gəldim ki, vəslinə yetəm,

 

ətrinə uyuyub, yanında bitəm,

 

çiçəyim, gəldim ki, bəxtəvər edəm;

 

düşünmə, gəlmişəm yalvarmaq üçün!

 

 

 

Gəzirəm ormanı, çölü, çəməni;

 

imanı yanmışlar biçdi gülşəni,

 

bilsəydim bu qədər sevəcəm səni,

 

ölərdim - canımı qurtarmaq üçün...

 

 

 

12.06.2021

 

 

 

Olur...

 

 

 

İnsan qınasa da bəxti nə qədər

 

tale qismətinə dözməli olur,

 

itirsə, qədrini bilənə qədər,

 

yar-yarı ömürlük gəzməli olur.

 

 

 

Baxıb arxasınca ötən illərin,

 

yanıb alovunda xatirələrin,

 

soyuqdan üşüyən qızılgüllərin

 

ətirli yaxası büzməli olur.

 

 

 

Keçər qayğılarda solan ömür-gün,

 

açılmaz Fələyin saldığı düyün,

 

sevən ürəyini gizlətmək üçün

 

gözəllər - gözünü süzməli olur.

 

 

 

Yenidən dünyaya varid olasan,

 

ötən həyatından hesab alasan,

 

hayıf ki, çox zaman biçarə insan

 

əllərin ümiddən üzməli olur.

 

 

 

Xeyli günlərimi çətin unudam,

 

bir azın yaşadım bəxtəvər, xürrəm,

 

adamlar tanıdım, biryolluq adam,

 

salamı-kalamı kəsməli olur!

 

 

 

Bəxt küsər - üzünə əyri baxanda,

 

qan düşər haqsızlıq başa çıxanda,

 

insanı ucaldan, yerə soxan da

 

özünün niyyəti, əməli olur...

 

 

 

21.11.2021

 

 

 

Çiçəyə məktub...

 

 

 

Arabir özümə gəlir heyifim,

 

ömür köçüb gedir sərgardan, səfil,

 

düzünü axtarsan, çiçəyim, kefim -

 

pis deyil, sən deyən - yaxşı da deyil.

 

 

 

Tövşüyə-tövşüyə çəkib yükümü

 

özüm öz içimdə qurtdalanıram,

 

dostluğa inanan çobanlar kimi,

 

quzunun xəbərin qurddan alıram.

 

 

 

Axtarsan - indi də uğurlarım var,

 

Amma keçmişlərin odunu vermir,

 

təqaüd, yardımlar, xırda-xuruşlar,

 

gözəl "qonorarın" dadını vermir!

 

 

 

Çiçəyim, indi də yazıram hərdən,

 

misram var - sabaha "Biletim" olur,

 

nədən söz açsam da, məhəbbətimdən

 

yazdığım çox zaman "Şah beytim" olur.

 

 

 

Get-gedə daralır kitabın yeri,

 

şuluq eləyənlər dərsdən qovulmur,

 

dövran belədir ki, Haqqın şairi

 

"Gerçəyi" gəzməkdən yalançı olur.

 

 

 

Kimimiz narazı, kimimiz incik,

 

sevgidə vurulan qalxıb-dikəlmir,

 

mən bilən burdakı "Ayrıseçkilik"

 

daha Göydəkinin xoşuna gəlmir.

 

 

 

Özüm öz içimdə qurdalanıram,

 

çalışıb-vuruşur qəhrəman Qələm,

 

çomağı əlimdən yerə qoymuram -

 

vaxtın qurdlarına yaxşı bələdəm..

 

 

Vahid  Əziz

 

 

 Ədəbiyyat qəzeti.- 2022.- 19 fevral.- S.4-5.