Qırmızı
qar
Hekayə
Qaçır, qaçır, qaçır...
"İndicə çatacaqlar!" - bir az da
bərk qaçır.
Qaçır, qaçır,
qaçır...
Sanki getdikcə çoxalır
qovanların sayı, dişlərini qıcayıb
gəlirlər arxadan...
"Yəqin, güllə atmırlar ki, məni diri tutsunlar", - düşünür,
qaçır. "Bu heç öldürüb
zorlamalı gözəl
deyil. Bir də ki, nə qədər ölü zorlamaq olar axı!" - səs eşidir
arxadan, qaçır...
Bəlkə, sifətindən iyrənib
əl çəkərlər
deyə, dodaqlarını
çeynəyə-çeynəyə qaçır, qaçır,
qaçır...
Ayaq səsləri
lap yaxınlıqda eşidilir. "Ay Allah, indicə
tutacaqlar!" - gödəkçəsini çıxarıb
atır, qaçır...
Ayağının altında hər
dəfə budaq sınanda bir az əvvəl
avtomatın qundağı
balaca qardaşının
başına dəyərkən
eşitdiyi səs düşür yadına,
qaçır, qaçır....
Sifətini qarşısına çıxan
budaqlara, kollara sürtə-sürtə qaçır. Bəlkə,
qandan ürpənib toxunmadan öldürərlər
deyə...
Arxadan ona uzanan əllərin
təmasını hiss edir.
Ayaqqabılarını çıxarır. Hə, belə bir az da bərk qaça
bilir, qaçır, qaçır...
Atasının son nəfəsində qışqırtısı yadından
çıxmır: "Qaç,
özünü qayadan
at!"
"Burada qaya yoxdur
ki, hər tərəf meşəlikdir",
- ardı-arası kəsilmədən
pıçıldayır, qaçır,
qaçır...
Arxadan boynunda nəfəs hiss edir. Ayağı ilişir, yıxılır,
dərə aşağı
yumalanır. Dizi daşa
dəyib parçalanır.
Qar qırmızı rəngdədir...
"Hanı bəs
qaya?! Qaya haradadır?!" - qışqırır. Corablarını çıxarır:
"Hə, belə bir az daha
bərk qaçar",
- düşünüb ayağa
qalxır, qaçır,
qaçır...
Arxadan qovanların
gülüşünü eşidir,
"Nə çoxdular!" - pıçıldayır...
Kimsə
tanış ləhcə ilə: "Birinci mən", - deyir...
- Heç yerdə qaya yoxdur! Bəs indi
mən nə edim?! Hansı tərəfə qaçım?! Yox, ola bilməz, atam buraları yaxşı tanıyırdı!...
Yenə qaçır. Arxaya baxmır ki,
qovanların mənfur
sifətini görməsin.
Yoxsa qorxudan qaça bilməz. Qaçır,
qaçır...
Anasını atasının gözünün
qabağında zorlayıb,
sonra ikisini də necə öldürdüklərini xatırlayır. Atasının
kəsilmiş başı
haradansa qışqırır:
"Qaç, özünü
qayadan at!" Ağlayır. Bir az da bərk qaçır.
- Bəs qaya haradadır?!
Qaya yoxdur!.. Yox, atam dedisə,
deməli, var.
Qaçır, qaçır...
- Bilsəydim, belə olacaq, onlar ot tayasına od vuranda elə
oradaca qalıb yanardım! - ağlayır,
qaçır...
Qonşu
gəlinin qarnındakı
uşağı xatırlayır:
- Tifil o soyuqda süngünün ucunda dondu, yəqin. Yaxşı ki, mən hamilə
deyiləm. Yaxşı
ki, heç ərə də getməmişəm...
Qaçır, qaçır...
Axır ki, tutdular. Saçları
onu ələ verdi. Bir
əli ilə paltarının yaxasını,
o biri ilə tumanının ətəklərini
yığır ki, soyundura bilməsinlər...
...Yox, tutmayıblar. Ağac budağıymış. Qırıldı. Bəlkə də, üstünə xəlvətcə
sevdiyi əsgərin adını yazdığı
ağac idi. Yanından keçəndə
saçlarını oxşamaq
istəyib onun əvəzindən, bir az kobud
alınıb. Axı
o yazığı da öldürdülər!.. Qaçır...
- Qar niyə belə
istidir? Yəqin, kəndin istisidir.
Yanırdı axı...
Qaçır, qaçır, təpəyə
dirənir...
- Diki qalxmaq lazımdır.
Yəqin,
təpənin o tərəfi
qayadır, - deyə sevinir.
- Şükür. Atam düz
deyirmiş, - ta ağlamır. Dizləriüstə qaçır. Səslər
iki addımlığındadır...
- Bircə tutmasınlar! Lap az qalıb,
bircə tutmasınlar!
Yumalanır təpənin dibinə. Sinəsini
kötük parçalayır...
- Yaxşı oldu, bir az da xoşlanmazlar məndən! - qalxıb
özünü yenə
təpəyə tərəf
atır, qaçır...
- Bəs niyə yıxılanda tutmadılar?!
Allahım, sağ ol! Onları da yormusan, demək...
Ayaqları tumanının ətəkləri
kimi cırıq-cırıqdır. Amma ta təpənin üstündədir.
Nəfəsini dərmək istəyir.
Kiminsə boğazından yapışdığını
duyur. Kürəyi isinir. Nənəsinin
belindəki qaynar samovarı xatırlayır:
- Yox, bu qədər
əziyyətdən sonra
olmaz bu! Cəmi bir necə
addım...
Yalvarmaq istəyir. Çoxlu səs eşidir.
"Birinci mən",
"birinci mən"...
Canını qurtarmaq üçün əllərini
boğazına atır...
...Yaylığıymış onu
boğan. Tutmayıblar.
Açır. Dərindən nəfəs alır.
Özünü təpənin qurtaracağına
çatdırır. Burada
qaya yoxdur...
Yanlış tərəfə qaçıb
əvvəldən, indi
anlayır... Daşın üstündə oturur. Bir qaşı çapılıb
gözünün üstünə
sallanır. Elə bilir,
telidir. Dirsəyi ilə geri itələyir. Əlləri
çapıq-çapıqdır... Üzünü olmayan dizlərinə
qoyur. Saçlarının,
kirpiklərinin, qulaqlarının,
burnunun ucundan, çənəsindən, sinəsindən
süzülən qan getdikcə çoxalıb
barmaqlarından, ayaqlarının
parça-parça olmuş
ətindən, paltarının
ətəklərindən qarın
üstünə damcılayır...
Səslər artıq başının
üstündədilər. Getdikcə çoxalırlar.
Gülüş, söyüş,
bağırtı, tanış olan yad dildə mahnılar...
- Eh, neynirsiz edin, yoruldum!.. Amma
yox, öldürün,
sonra nə istəyirsiniz, edin, - içində yalvarır...
...Başını qaldırır.
Ətrafda heç kim yoxdur.
Kənddə beyninə
dolan səslər qovurmuş onu...
- O, bakirədir! Onu kəndin digər qızları kimi zorlaya bilmədilər!..
Sevinir. Ayağa qalxır. Gülür, rəqs edir. Haradansa hündir bir qaya peyda olur.
Lap hündür...
- Şükür sənə,
Allahım! Qayamı da gətirdin... Atam yalan deməzdi...
Üstünə çıxıb özünü
atır... Uçur, uçur, uçur... Göydən qırmızı
qar yağır...
Bakı
- 24 fevral, 2012
İlqar Rəsul
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.5.