Xocalıdan sonra

 

Xocalıdan sonra

Gecələr gecə olmadı,

Qaranlıq zindan oldu.

Xocalıdan sonra

Çox qar yağdı,

Heç birində əylənə bilmədik ürəyimizcə.

Yağan hər qar yağışı

Xocalını xatırlatdı.

Orda öldürülən uşaqların qanıyla qarışıb

Göylərə qayıdan qardı

Təzədən başımıza yağırdı sanki...

 

Körpə balam,

Təkcə qocaları,

Uşaqları,

Qadınları,

Kişiləri öldürmədilər -

İnsanlığa inamımızı öldürdülər

Sabaha,

Hər şeyin yaxşı olacağına inamımızı güllələdilər...

Özümüzə inamımızı vurdular,

Sən baxma televizora,

Üzünü o yana çevir.

Qorxulu şeylər göstərirlər

Xocalını göstərirlər.

 

Xocalıdan sonra

Xəbər gəldi ki,

Mingəçevir SES-ni partladacaqlar,

Su basacaq kəndimizi

"görəsən, tez xəbər tutarıqmı

Qaçıra bilərikmi arvad-uşağı ölümün pəncəsindən?!"

Eşitmişdim atam əmimlə dərdləşəndə

Qorxudan ürəyimi yeyirdim

Gizlicə hamama keçib

Balaca vannada üzməyi öyrənirdim

Hələ öyrənə bilməmişəm...

 

Sən baxma televizora,

Üzünü o yana çevir.

Qorxulu  şeylər göstərirlər

Yenə Xocalını göstərirlər.

 

Xocalıdan sonra

Dayımı gördüm televizorda.

Həyatında ilk son dəfə televizora düşmüşdü

Sevincini kəndə telefon açıb anama uçurtmuşdu:

"bacı, baxarsız ha, məni televizora çəkiblər

Şəhidlər Xiyabanında"

Uşaq ağlımla sevinmişdim,

Özümü indi bağışlamıram.

 

Sən baxma televizora,

Körpə bala,

Sən oyuncağınla oyna

İnamla böyü

Televizorda gördüklərin səni qorxutmasın

Xocalıda insanlar insanları öldürmədi ki...

Heç adam da adamı öldürərmi?!

Sənin kimi  mənə

Öyrədilən  ilk kəlmədi "cızza!"

Yəni, "əlin yanar, toxunma!"

Ürəyim od tutub yanır, balaca

Sən baxma televizora...

Üzünü o yana çevir,

Cızza!!!

 

Sevinc ELSEVƏR

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.6.