Nəcib ruhun etirafı

 

Etiraf elə etirafdır, sinonimi yoxdur. Boynuna almaq ifadəsini etirafla qarışdırmaq olmaz, ona görə ki, birincini öz xoşuna deyil, məcbur etməklə əldə edirlər. O zaman ki, insanı öz sirrini danışmağa vadar edən yoxdur, amma o danışır, bu həqiqətin qələbə müjdəsidir ki, ədəbi dildə etiraf adlanır.

Boynuna almaqla, boynuna qoyulmaq eyni olmaqla yanaşı, həm hansısa günah, xəyanət, cinayət hadisəsindən xəbər verir; etiraf bütövünhadisələr vəhdətinin təmsilidir.

Başqalarının sirrini açmaq etiraf hesab olunmur. Elmicoğrafi, fiziki, riyazi, kimyəvi s.və i. kimi növlər çoxluğuna baxmayaraq ən böyük etiraf ədəbiyyatda poeziyada baş verir. Onun ən nəcib forması ruhun etirafıdır:

Ömrüm

iki gündü mənim,

Birisən yanımda

olan,

Birimən yanında

Olan...

Qalan varsa,

Etiraf edirəm:

Bir yalandı...

Yalan!

Bu cilalanmış qələm məhsulunun müəllifi lirik şeirlərilə ədəbiyyat səhifələrini bəzəyən Əbülfət Mədətoğludur. Uzun illərdir ki, o, şeirdən əl çəkir, şeir ondan yorulur. Baş-başa verib bir-birindən asılı ömürlərini sevgilə yaşayırlar.

Bəs bu misralarda məni özünə cəlb edən nədir? Əlbəttə, şeirin şeir olmaq xisləti! Sanki yazıdan kənarda unudulan, yaddan çıxan bir kəlmə qalmayıb. Fikir elə ustalıqla ifadə olunub ki, təşbehi, metaforası da özündəndir, sərbəsti, hecası da; musiqisi ilhambəxşdir, vəzni, qafiyəsi !

Şeir ona görə bütövdür ki, ifadələr bir-birindən silsiləvi asılıdır; kiçicik bir işarənin, hərfin, sözün, misranın yerini dəyişmək, yaxud mətndən ayırmaq mümkün deyil, yoxsa məqsəd anlaşılmayacaq. Bu ona bənzəyər ki, gül mağazasının qarşısında simvolik yaradılmış "Gülmücəssəməsinin bir ya bir neçə ləçəyini qoparıb atasan.

"Ömrün iki günlüyünəgəlincə, onsuz da dünyanın sonsuz axarında hər insan həyatı, nəinki iki gün, bəlkə iki saniyədir. Şairin haqqında bəhs etdiyi iki gün, həm birbaşa mənada yaşadığı iki günə, həm dolayısı ilə düşünən varlığın seyr predmeti olan zamanın insan ömrünü ölçən "iki gün”ünə işarədir. Şeir bu iki cəhəti bir-birindən ayırmaq xüsusiyyətinə görədir ki, oxucunu düşünməyə vadar edir.

«Etiraf edirəm: – Bir yalandı... Yalan misralarında müəllif mücərrəd, ümumi olan fikrə iki cəhətlilik statusu yaşadır. O, bir tərəfdən oxucuya gerçək dünyanın yalan olduğu mesajını ötürür, digər tərəfdən ilham pərisini inandırmağa çalışır ki, onsuz yaşanan dünya «Bir yalandı... Yalan Nəticədə Əbülfət Mədətoğlunun «Qalan varsa, yalan olan» iddiası gerçək dünyanın yalan olma nəzəriyyəsilə qarşı-qarşıya gəlir.

Təbii, ölməzlik qazanmaq üçün şeirin mahiyyəti mətnin sözlərilə açıqlanmalı deyil, oxucunu düşünüb-daşınıb uyğun fikirlər səsləndirməyə məcbur etməklə aydınlaşmalıdır. Qəribədir, «Etiraf» şeiri bu məsələdə oxucunu qabaqlayıb; misralar, həm mətnin mənasını açıqlayır, həm mahiyyətin dərk olunma mexanizmini işə salır. Xüsusi zövq yaşadır, təbii...

Biz vəzifəmizin tərkib hissəsi olaraq Əbülfət Mədətoğluna «bu bir neçə misralıq şeir parçası, söz yox, ədəbi dəyərlər sistemində öz yerini tapmalıdır» ümidilə uğurlar diləyirik.

 

Göyərçin Kərimi

Şair-yazıçı-publisist

AYB-nin üzvü

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.29.