Yaşıl sarafanlı qız

 

Hekayə

 

Pəncərə tərəfdə oturmuşdum. Yanımda oturan kimi onu tanıdım, ilk dəfəydi (yaşıl) sarafanda görürdüm. Düzü, bu geyimdə İstanbula uçması mənə qəribə gəldi. Gündən qaralan qolları nazik olsa da, mənə görə, öpüş sığalçün cazibeyi-qüvvə idi. Əvvəlki yerimdə buna xəbər göndərmişdim ki, xoşum gəlir, fikrim ciddidir. İstəyimi çatdıran qız ondan "məsləhət deyil" cavabı gətirmişdi. Evlənmək istəyən bütün subay oğlanlar kimi bir müddət dilxor olmuşdum, o dərəcədə ki, ona mənəvi zərbə vurmaqçün ikinci xəbər göndərmək ürəyimdən keçmişdi: mən səni sevib eləməmişəm ha, - əslində vurulmuşdum, - sadəcə, xoşuma gəlmisən, dədə-baba qaydasıyla evlənmək istəmişəm, vəssalam. Sonra unutmuşdum o qızı.

Başqa qızla evlənəndən, iki qızım olandan sonra heyifimi çıxmışdım. Bir gün avtobusda bu qız başımın üstündə duranda üzünə baxıb, salam vermədən gözlərimi pəncərədən çölə zilləmişdim. Düzü, cavan qızlara, ortayaşlı qadınlara zatən yer vermirəm, amma tanış-biliş olanda, bəzən könüllü, bəzənsə zorən ayağa dururam.

Yanımda oturan kimi "Aa, salam, necəsiz?" - soruşdum. "Yaxşıyam, siz necəsiz?" - onun cavabını bəlkə eşitdim, yəqin ki, o, mexaniki "yaxşıyam" dedi, səbirsiz halda " xoş bir təsadüf" dedim. "", - candərdi reaksiya verdi... Artıq göydəydik. "Hara uçursuz?" - həyəcanlandığımdan bu axmaq sual ağzımdan çıxdı. "Siz hara, mən ora," - yüngül ikrahla cavab verdi. Görünür, ehtirasdan İstanbula uçduğumu unutmuşdum, dəhşətli dərəcədə qolumla onun qoluna toxunmaq istəyirdim.

Təyyarə qəfil hava boşluğuna düşüb silkələnməyə başladı, arvad-uşağın qışqırığı salonu bürüdü. Qəzanı, ölümü gözümün altına alsam da, fürsəti əldən vermək istəmədim, tez əlini tutub sıxdım, əlini çəkmədi, qolumu onun qoluna toxundurdum, yenə sus-pus reaksiya. Sevincimin həddi-hüdudu yox idi, qəza, ölüm vecimə deyildi, o dərəcədə ki, sarafanın iplərini aşağı salmaq istəyirdim.

Hava boşluğundan çıxan təyyarə nəhayət, özünə gəldi, qızın əli isə hələ mənim əlimdəydi, sığallayırdım... Necə oldusa, biz göl qırağında oturduq vəhşi ehtirasla öpüşməyə başladıq, dil dilə, dodaq dodağa qərq oldu. Sonra öpüşməmiz yavaş tempdə davam etdi. Onu deyim, özgə vaxt silikonlu dodaqlara lağ edirdim, amma indi bu, vecimə deyildi. Sonuncu dəfə üçüncü kursda oxuyanda, diskotekada ilk tanış olduğum qızla eynilə indiki kimi, əvvəlcə vəhşicəsinə, sonra aramla öpüşmüşdüm. İndi isə ətraf yamyaşıl meşə, önümüzdə göl, meh əsir, bizsə öpüşməkdən doymuruq, - elə bil, bütün bunlar yuxuda baş verirdi. Hiss etdim ki, tək öpüşlə rahatlanmayacam, dodaqlarımı onun dodaqlarından aralayıb, əllərimlə qızın hər iki çiynindən yüngülcə itələdim ki, arxası üstə çəmənliyə uzansın, mən ...

Bu vaxt qulağıma səs gəldi. "Allahu Əkbər, Allahu Əkbər!", yaxınlıqdakı məsciddən sübh namazının azanını verirdilər. Durub yerimdə oturdum, şirin yuxuda olan zövcəmi yüngülcə dümsüklədim: "Dur, sübh namazının vaxtıdı". Yaxşı ki, yuxuda qüsl almağa qədər gedib çıxmamışdı ən əsası, bu şeylər yuxuda baş vermişdi. Təyyarədən birbaşa göl qırağına düşməyimiz necə oldu, onu yadıma salammadım. "Görən, o qız sonra ərə getdi?".  Dəstəmaz almaqçün ayağa durdum.

 

13-19 iyul, 2022

 

Bakı - Zaqatala - Ləkit (Qax) - Bakı

 

Alpay AZƏR

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 iyul.- S.17.