Ədəbiyyat və əbədiyyət prizmasında

son bir ilin modernist şeirləri

 

Azər Turanın "Çağdaş Azərbaycan şeirində modernist estetikalar" essesi barədə düşüncələr

 

Azər Turanın "Ədəbiyyat qəzeti"ndə "Çağdaş Azərbaycan şeirində modernist estetikalar" adlı essesini oxudum. Məncə, Azərin bu yazısı Zəfər savaşının cəmiyyətimizin bütün sahələri ilə bərabər, ədəbi düşüncəyə təsirini özündə ehtiva edən ilk peşəkar yazıdır. O bu yazıda savaşsonrası dövrdə, yəni son bir ildə dərc olunan poetik nümunələrin estetik transformasiyası prosesini nəzərdən keçirib və Azərbaycan şeirində postmodernist və modernist düşüncənin yeni epoxal yüksəlişinin ritmlərini çox gözəl tuta bilib. Əlbəttə, bu düşüncə tərzi, bu estetika ədəbiyyatımıza indi gəlmir, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən başlayaraq, ədəbiyyatımızda modernist və postmodernist ruhlu çoxsaylı poetik nümunələr yaradılıb. Bu əsərlərin böyük qismi Avropa və Türkiyə şeirinə təqliq ruhunda yazılsa da, onların fonunda yeni, orijinal və milli köklərə söykənən xeyli poetik nümunələr yaradıldı. Yeri gəlmişkən deyim ki, həmin dövrdə ədəbi düşüncənin, bədii estetikanın yeniləşməsi, sovet qəliblərində daşlaşmış ehkamların zamanın axarına uyğunlaşdırılması tərəfdarları əsasən "Alatoran" dərgisi və "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsi səhifələrində dərc olunurdular. Yenilik həmişə cəmiyyət tərəfindən müqavimətlə qarşılanıb, çünki yenilikçilik cəngəllikdə salım salmaq, cığır açmaq kimi bir şeydir. Düşüncə cəngəlliyi isə cəngəlliklərin ən keçilməzidir. Amma insanların var olduğu tarix uzunu həmişə yeniliklər üçün yerikləyən bir gənclik olub və daşlaşmış ehkamlara qarşı qiyam edib. Onların bir qismi barədə mən "Gümüş dövründən fraqmentlər" yazımda yazmışdım, hörmətli alimimiz Tehran Əlişanoğlu da bu məqaləni daha da inkişaf etdirərək, eyni ad altında (Gümüş dövründən fraqmentlər) monoqrafiya həcmində bir əsər ortaya qoydu. Sonradan bu proses xeyli səngidi, ədəbi tənqid onları görməməyə çalışdı, bir çox yaradıcılar isə sadəcə gözləmə mövqeyi tutdular. Ədəbiyyat zamanın yedəyində getdi. Mən əsla demək istəmirəm ki, bizim ədəbiyyat rübabı yalnız köhnə havalar üstündə köklənib, maddi planda kökündən dəyişmiş Bakıda, "vitrinlərindən ayğır baxan" supermarketlər şəhərində hamı köhnə havalarda ilişib qala bilməzdi. "Torqovı peyzajı"ndan sevdalanıb ilham pərilərini "çərşənbə günündə çeşmə başına" göndərmək zamanı get-gedə ömrünü başa vurmağa doğru gedir. Yeni zamanın yeni oxucuları, yeni ədəbi publikası var. İnternet onlara dünyanı fərqli rakurslardan seyr etmək imkanı verib, onlar hər gün informasiya okeanına baş vururlar, onları sözlə heyrətləndirmək çətindir. Ədəbiyyat isə, xüsusən şeir heyrətləndirmək sənətidir. Binaları, parkları, fontanları, bulvarları və digər yeni çağ ünsürləri ilə heyrətləndirən bir şəhərdə, bədii düşüncə məmur məntiqi ilə 70 illik sovet dönəminin cazibəsində fırradılmağa çalışıldı. Amma ədəbiyyatı da, poeziyanı da məmurlar yox, qələm adamları yaradırlar. Onlar yazacaqlarını yazır, zamanlarını gözləyirlər. Hər dönəmin bir dirçəliş anı var...

Və Zəfər savaşından sonra, əsasən "Ədəbiyyat qəzeti" səhifələrində yeni estetikanın yenidən dirçəliş çağı başladı. Bir zaman bu çağ, "Yaquar yerişli zaman" almanaxı ilə başlamışdı, indi estafeti "Ədəbiyyat qəzeti" davam etdirir. Bizim cəmiyyətdə, internet və ayfonlar əsrində, bədii düşüncənin süni surətdə qəlibdə saxlanması prosesi getdi. Amma bədii düşüncə elədir ki, o, heç vaxt qəliblərə sığmayıb, ağıllı rəhbərlər onu görüb yönəltməyə, daha uyumlu məcrada fəaliyyət göstərməsini təmin etməyə çalışıblar. Məsələn, Nizami Gəncəvinin beş dahiyanə əsərinin beşinin də yazılmasını saraylar stimullaşdırıblar.

Azər Turan "Çağdaş Azərbaycan şeirində modernist estetikalar" adlı yazısında Qarabağ qələbəsini yeni çağın istinad nöqtəsi kimi götürüb. Niyə? Mən bunu "Ədəbiyyat qəzeti" səhifələrində öncə də yazmışam, Qarabağ zəfəri yalnız hərbi zəfər deyil, 30 il ərzində beyinlərdə daşlaşmış əskiklik kompleksinin, qorxu sindromunun, illərlə kitab səhifələrində düşüncələrə aşılanmış, türk köklərinə yad olma duyğularının dağıdılması prosesinin başlanış nöqtəsidir. Bu proses min illərdir zaman-zaman baş verir, türk qövmü öz beynində əsir olduğu bir dönəmdə öylə bir hadisə baş verir ki, o, səməndər kimi, feniks kimi kül altından təzədən zühur edir. Bir müddət azadlıq qazanır düşüncələrində, dünyanı dəyişmək eşqinə tutuşur. Bir ucu Cin, bir ucu Rum mədəniyyətlərini birləşdirir, Şərqlə Qərbi qaynaqlaşdırır. Şeyx Nizami İskəndəri Rumdan Çinə göndərirdisə, əsərlərini daş kitabələrə həkk eləmiş Yolluq təkin qurd başlı bayraqları dalğalandıran orduları Qərbə, Ruma doğru göndərir. Bax, ədəbiyyat, bu hərəkətlilik fonunda yaranır. Ədəbiyyat eşq və savaş tarixidir, türkcə desək, seviş və savaş tarixi. Törəyişdən bu günə seviş və savaş hərəkətə gətirdi varlığı. Hərəkətin nizamı var olduqca, varlıq da var olacaq. Eşq olmayan, hərəkət olmayan cəmiyyət ölümə məhkumdur! Çağdaş Avropa kimi. Var var, dövlət var, amma bir irq yox olub gedir, çünki eşq yoxdur, eşq.

Sağ ol, Azər Turan, çağdaş zamanda, indiki internet qarmaqarışıqlığında əsl ədəbiyyat yalnız ciddi ədəbi orqan ətrafında yaranar. İstər bir qələm adamı kimi, istərsə də bir naşir kimi, səni həmişə dəstəkləmişəm, dəstəkləyəcəm də. İstedadlı adamın həmişə dəstəyə ehtiyacı var. Mən bir dəfə yazmışdım, ABŞ-da bir iş adamı "Poeziya" jurnalını dəstəkləmək üçün onun hesabına 250 milyon dollar pul keçirmişdi. Qəlblərdə öləziyən eşqi şölələndirmək üçün.

Mən Azərin məqalədə yazdığı bu fikri ilə də razıyam ki, - "İndi bir az da cəsarət edib deyim ki, bəlkə yeni nəsil Azərbaycan şairlərinin şeirlərindən modern dünya poeziyasının da öyrənə biləcəyi nələrsə var... Şeirimiz dünya şeirindən heç bir halda geri qalmır". Oxşar fikirləri Səlim Babullaoğlu Belqradda, Poeziya festivalında söyləmişdi və orada iştirak edən 30 Avropa ölkəsi şairləri bununla razılaşmışdı. Onlar Səlimin və mənim bir çox şeirimizlə tanış idilər.

Bizdə dünya poeziyası deyəndə, Avropa-Amerika poeziyası nəzərdə tutulur, çünki iki əsrə yaxındır dominant düşüncə orada yaranır, çünki onlar Əndəlus (İspaniya) xilafətindən əxz etdikləri Şərq mədəniyyətinə yeni çalarlar gətirdilər, modernləşdirdilər. Yəni bir az baxış bucağı dəyişdı, bir az forma, bir az ritmlər. "Şərq-Qərb" divanını yazan Höte nə qədər Hafiz heyranı olsa da, Hafizin yazdığı əruz onun qulağını xoş edə bilərdi, duyğularını yox. Şimal azimutu üzrə uçuşan muzaların (ilham pərilərinin) qoşduğu bəstələrin isə öz metrikası vardı. Burada şeirin yeni formaları yaranırdı. Amma orada da mahiyyət həmişə eyni olub: savaş, şərab, qadın və ölüm qorxusu. Homer olsun, Vergili olsun, Nizami, Cami, lord Bayron, ya Milton, hamısının yazdığında mahiyyət eynidir, Adəmlə Həvvadan başlayan (bəlkə də daha əvvəl) eşq tarixçəsi. Bütün nəql olunan əhvalatlar, söylənən nəğmələr isə bir-birinin bir ayrı şəkildə təkrarıdır. Hər söylənən yeni, köhnənin zamanın estetikasına uyğun təqdimatıdır. Mən həmişə belə hesab etmişəm ki, dünyada Şərq-Qərb yoxdur, çünki Şərq Qərbin Qərbidir.  Beləcə, Şərq və Qərb dayanmaz bir axında qaynaşa-qaynaşa zamanın axarına düşüb gedirlər. Tanıdığımız ən qədim sivilizasiyalardan bəri bu belə olub. Ən qədim sivilizasiyalar zamanından. Kim bilir bu nə vaxt olub?                                                          

Hələlik tanıdığımız ən qədim sivilizasiya qədim Şumerdi. Onlardan gil lövhələr üzərində yazılan çoxsaylı yazılı abidələr qalıb, bu yazılar arasında Şumerin qərq olduğu minilliklər qaranlığına işıq saçan məlumatlar qalıb, amma mənim diqqətimi ən çox cəlb edən şumerlilərin min illər öncə yaratdıqları ədəbiyyat nümunələridir. Dünya şumer ədəbiyyatı barədə yalnız XIX-XX əsrlərdə xəbər tutsa da, bu gün görürük ki, məsələn, yəhudilərin və xristianların müqəddəs kitabları "Bibliya"da  Şumer ədəbiyyatının dərin izləri var. Davudun "Zəbur"unda, xüsusən də Solomonun (Süleymanın) "Nəğmələr nəğməsi"ndə Şumer poeziyasının ruhunu hiss edirik. Peyğəmbər Süleymanın vəhylə yazdığı sevgi şeirləri ilə, Şumer şairinin (mənbələrdə Şumerin Ki En Gir adlanması da var, bu da türklərin Kəngərinə çox bənzəyir) ilhamla yazdığı sevgi şeirlərinin o qədər bənzərlikləri var ki. Həmçinin bu gün bizim yazdığımız sevgi şeirləri onlardan o qədər də fərqlənmir, yəni bizim düşündüyümüz hər yeni, köhnənin bir ayrı şəkildə deyilişidir.

 

Dünyanın böyük hissəsinin, o cümlədən bizim də inanışımıza görə, insanlıq tarixçəsi cənnət bağından, Adəm və Həvvanın sevgi hekayətindən başlayır. İlk eşq nəğməsini də yəqin ki, onlar söyləyiblər. Mələklərin vəsf nəğmələrini duyğular prizmasından keçirərək ifadə ediblər. Biz ölərilərin ilham pərilərinin cənnət qapılarını açmaq imkanı yoxdu, amma peyğəmbər vəhyləri qadağadan azaddır. Davud "Zəbur"da mələklərin vəsflərini qələmə alıbsa, Süleyman (Solomon) Adəm atamızla Həvva anamızın duyğusal sevgi nəğmələrini qələmə alıb, Peyğəmbər Süleymanın "Nəğmələr nəğməsi"ndə  Aşiq sevgilisinə deyir:

 

Qəlbimi əsir etdin, bacım mənim, sevgilim!

Sən bircə baxışınla qəlbimi əsir etdin.

Nəvazişin nə gözəldi, bacım mənim, sevgilim!

Sığalının şiddəti şərabdan da şirindi.

Dodağından bal damır,

            dilinin altında bal və süd,

Bağlı bağçasan, sevgilim,

            örtülü quyusan, möhürlü çeşmə.

 

(Sevgiliyə bacı deyə xitab edilməsi bu gün küfr kimi səslənir. Bu sətirlərin min illərlə yaşı var. Şumerin sevgi poeziyasında da bu cür ifadəyə rast gəlinir. Avropalılar demiş, əsl postmoderndir).

Amma ilk şeirin müəllifi Həvva anamız olub, məncə. Axı Cənnətdən qovulmanın baiskarı odur. Bəlkə də ilk şeiri ona şeytan özü aşılayıb:

 

Sevdiciyim dümağdı, toppuş yanaqları var,

            on min nəfərə dəyər:

Başı xalis qızıldı, qaraquşa bənzəyən

            siyah saçları qıvrım,

Onun gözləri - axar sular yanında

            göyərçin kimidir,

süd içində çimir,

Onun yanaqları - xoş iyli çiçəklikdir,

            dodaqları müşk emal edən zanbaq,

Onun əlləri - topazla bəzənmiş altun lövhədir,

onun bədəni - yaqutla bəzənmiş fil sümüyüdür.

 

...Beləcə, ilk şeir deyilir, ilk günah yazılır və ilk sevgi hekayəti başlayır. Sonra da Habil və Qabil əbədi savaşın təməlini qoyurlar və dünya barədə upuzun bir nağılın tarixçəsi başlayır. Seviş və savaş tarixçəsi. Yaradılışdan bu günə qədər insanlar yaşantılarını şifahi və ya yazılı şəkildə bir-birinə ötürürlər, onları öz fantaziyaları və hissləri ilə süsləyirlər, orada gördüklərini və görmədiklərini əks etdirirlər və biz indi buna ədəbiyyat deyirik, hadisələr qoşuruq və bu hadisələrin yanında əbədiyyət qazanmaq istəyirik. İnsan cəmiyyətləri mədəniyyətlər kahinlərin və şairlərin nəql etdiyi bu həvadislərin fonunda formalaşır. İnsan tarixə ona nəql olunan əhvalatların prizmasından baxır, dünyanı bu prizmadan dərk edir.

Paris və Helen, Məcnun və Leyli, Romeo və Cülyetta, Təhminə və Zaur və daha kimlər, kimlər yaradılış zamanından bəri başlayan hekayətin müxtəlif zamanlarda səhnəyə çıxan personajlarına çevrilirlər.

Nə isə... Azərin yazısı fikrimi çox uzaqlara apardı. Qayıdaq bu günə, məqalənin üzərinə. Şeirimizin son bir ili, bu məqalədə geniş şərh olunub, orada razılaşdığım və ya razılaşmadığım məqamlar da var. Amma müəllif çağdaş poeziyamızda gedən tendensiyanı, zamanın estetik zövqlər dəyişimini, bu prosesdə iştirak edən fərdləri ustalıqla qələmə alıb. Onun cəmiyyətimizdə (bəlkə də dünyada) başlayan yeni çağın nəbzini tutması, bu dəyişimlər zamanını görməsi məndə böyük maraq oyatdı. Adətən belə yazıları yazmaq da çətindir, adlar çəkirsən, sitatlar verirsən və çoxlarını incik salırsan. Bizim yaşadığımız "qarşılıqlı güzəştlər" zamanında bu elə də asan məsələ deyil.

Neyləyək ki, irəliyə getmək üçün çətinliyə qatlaşmaq məcburiyyətindəyik! Heç Azər Turanın missiyası da asan başa gələnə qane olmaq deyil.

 

Elxan Zal Qaraxanlı.

 

Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.10-11.