"Tanrı
yoxuşu"ndan görünən vətən
...Bir cümlə ilə görkəmli
araşdırmaçı-jurnalist Elxan Salahovun "Tanrı
yoxuşu" kitabının Birinci Qarabağ müharibəsi
illərində erməni quldurlarının Kəlbəcərdə
törətdikləri dəhşətlərin, illərlə
xəbərsiz olduğumuz faciələrin üstünün
açılmasında ən gərəkli mənbə
olduğunu deməklə, fikrimizi tamamlamaq da olar. Amma...
...Amma
araşdırmaçının bir neçə il əvvəl
çap olunan "Qanlı kaha" kitabında 1993-cü ildə
Kəlbəcər rayonunun işğalı zamanı
Başlıbel kəndindən olan, elini-obasını tərk
etməyən 76 dinc sakininin 4 ay ərzində kahalara
sığınaraq necə dirəniş göstərdiklərinin
ürəksökən bir dillə təsvir olunduğunu yada
salsaq, "Tanrı yoxuşu"nun da belə təsvirlərdən
xali olmayacağını istər-istəməz
düşünürsən. Kitabı oxuyandan
sonra zənnində yanılmadığını
görürsən.
İstər-istəməz bir
də onu düşünürsən ki, biz erməni
vandalizminin Kəlbəcər rayonunda yaratdığı dəhşətdən
əməlli-başlı xəbərsiz olmuşuq.
"Kəlbəcərdə son
döyüş: Meydançay əməliyyatı", "Fərraşdakı
əsgərlər işğaldan xəbərsizmiş",
"Piçənisdə düşmənlə üz-üzə",
"Bir gecə Çormanda", "Gizli yollarla Çovdara
doğru", "Sirli Başlıbel",
"Sıldırımlı yollarla", "Tək damda
qorxulu gecə", "Tanrı yoxuşunda donmuş
arzular", "24 gün düşmən əsirliyində",
"Zar sakinlərinin son ümidi", "Üç kimsəsiz,
üç tale", "Dörd dəfə girov
götürülən Məhəmməd kişinin hekayəti",
"İtkin düşən doğmalarla bir gecəlik
görüş" və digər başlıqlar altında
verilən qandonduran hekayətləri gəl, həyəcansız
oxu... Bacarırsansa...
Hər birimizin yadında olar ki, o
zaman ermənilərin tunellərin birindən keçmək
istəyən kəlbəcərlilərə qarşı az qala soyqırım törətdikləri
ağızdam-ağıza dolaşırdı. İnanan
da olurdu, inanmayan da. Elxan Salahovun uzun araşdırmalardan
sonra yazdığı kitabı oxuyanda bir daha əmin olursan
ki, hətta o zaman eşitdiklərimiz baş verənlərin az bir hissəsi imiş.
Kitabdakı "Tuneldə qətliam,
Nadirxanlıda pusqu" başlıqlı hekayətdən:
"Ermənistan silahlı qüvvələrinin Kəlbəcər-Başlıbel
yolu üzərindəki tuneldə mülki əhaliyə
qarşı törətdiyi amansız qətliamdan hələ
çoxlarının xəbəri yox idi. Azərbaycan
ordusu Murovun ətəklərinə doğru
sıxışdırıldıqca
işğalçıların mühasirəsində qalan dinc
əhalinin başına gətirilən müsibətlərin
səs-sorağı daha çox yayılırdı. Ermənilər uzunluğu 200 metr olan tunelin Ağdərəyə
tərəf çıxışının 150 metrliyində
pusqu quraraq buradan keçən avtomobilləri atəşə
tutur, kütləvi qətliam törədirdi".
Hekayətlərdən birinin
başlığı istər-istəməz bir dəhşətin
təsvir olunacağına işarədir sanki: Canavarın
qovduğu qoyunu əsgərlər tutdu... İlk
baxışdan adama hər hansı bir nağıl epizodu kimi gəlir.
Amma elə deyil... Bu, borana, şaxtaya,
aclığa və hər an onları yaxalaya biləcək bədbəxtliyə
qarşı ölüm-qalım mübarizəsi aparanların
həmin andakı yaşam tərzi idi. Keçmiş hərbçi,
bir çox döyüşlərin iştirakçısı
olan Azər Qasımov həmin anları xatırlayır:
"Şahkərəm kəndi ermənilərlə dolu idi. Biz yarğanda oturub axşamın düşməsini
gözləyərkən bir neçə canavar çöllərə
səpələnmiş qoyun-quzuya hücum edib
sürünü qovurdu. Sürü pərən-pərən
düşmüşdü. Canavarlardan
qaçan 10-12 qoyun bizim oturduğumuz yarğana doluşdu.
Yoldaşlar cəld tərpənərək
qoyunlardan birini tutdu. Elə bil Allahın bizə
rəhmi gəlmişdi, oturduğumuz yerdə ruzini özü
yetirdi. Rafiq qoyunu kəsdi, dərisini soyub
qolunu, budunu hissələrə ayırdı. Gizləndiyimiz yerdən kənd görünməsə
də, burada ocaq qalamaq olmazdı, ermənilər
tüstünü görüb yerimizi müəyyənləşdirə
bilərdilər. Gecə isə əsasən,
yol getdiyimiz üçün ocaq qalamaq imkanımız olmurdu,
həm də alov kənardan görünə bilərdi. Axşama xeyli vardı. Uşaqlar
bərk acmışdı, yeməyə bir şey yox idi.
Ona görə də əti bişirmək istədik.
Əsgərlərdən biri əynindəki
jaketi, o birisi cibindəki kağızı, digəri
daşın-qayanın dibindəki quru yarpaqları toplayıb
yandırdı, gördük heç nə alınmayacaq, hərə
bir parça əti götürüb çiy-çiy
dişinə çəkdi". Bu əfsanəyəbənzər
olay, əslində mühasirədən qurtulmaq istəyən
kəlbəcərlilərin göstərdiyi dirənişiydi.
Kitabdakı hekayətlərin
hamısında 1993-cü ildə Azərbaycanın cənnət
guşələrindən biri olan Kəlbəcər rayonunun, kəlbəcərlilərin
yaşamağa məhkum olunduğu real həyatdan bəhs
olunur.
"Lev kəndində tənha
qalan qocanın hekayəti" qandonduran məqamlarla doludur. Məhəmməd Məmmədov İkinci Dünya
müharibəsinin iştirakçısı olub. Ermənilər Kəlbəcərə hücum edəndə
kəndin sakinləri Daşkəsənə doğru gediblər.
600-700 nəfərlik köçün
içində Məhəmməd kişinin övladları da
vardı. Gedənlər mənzil
başına çatandan sonra oğlu Fətalı gəlib
atasını da aparacaqdı. Amma... "Tanrı
yoxuşu" aşırımında qopan tufan Fətalını
da mindiyi atla birlikdə yarğana atmış, donvurmadan
ölmüşdür...
...Tanrı yoxuşu, müəllifin
qeyd etdiyi kimi, Murovdağ silsiləsinin Daşkəsən
istiqamətindəki aşırımlarından birinin
adıdır. Kəlbəcər işğal
olunanda mühasirədə qalanların xilas yolu buradan
keçirmiş.
Bura, təkcə kəlbəcərlilərin
şaxtada, çovğunda sınağa çəkildiyi yer
deyildi... "Tanrı yoxuşu" kitabını oxuyandan
sonra bir daha əmin olursan ki, həmin dəhşətin əhatəsində
Tanrı yoxuşu aşırımında, əslində
insanlıq sınağa çəkilirdi...
"Tanrı yoxuşu"
kitabının müxtəlif yerlərdə təqdimat mərasimlərinin
keçirilməsi də, kitaba göstərilkən gerçək
marağın bir ifadəsidir.
Çünki Tanrı yoxuşundan baxanda təkcə
düşmənin soyuq baxışları altında əzab
çəkən Vətən yox, eyni zamanda 44 günlük Zəfər
Savaşından qalib çıxan Vətən də
görünür.
Müzəffər Azərbaycan
əsgərinin Ali Baş Komandanın rəhbərliyi
altında yazdığı 44 günlük Zəfər
Savaşında kəlbəcərli oğullar da səfərbər
olunmuşdu. O şanlı Zəfəri
qazananlar arasında 33 kəlbəcərli şəhidin də
adı var.
Kitabın öyrətdiyi
birinci gerçəklik ondan ibarətdir ki, Kəlbəcər
ağrısı 1993-cü ilin aprelində Ermənistanın
quldur dəstələrinin Kəlbəcəri işğal etməsi
ilə bitmədi, səngimədi. Əksinə, ən dəhşətli məqamlar
insanların mühasirədə qalan zaman
yaşadıqları, mühasirədə üzləşdikləridir.
Elxan Salahovun təbirincə desək, Kəlbəcərin
işğalı zamanı mühasirədə qalanların həyat
mücadiləsidir.
Yazı tərzi, təhkiyəsi
ilə sanki bədii əsər oxuyursan. Çünki hadisələr də bir-birini
tamamlayır, bütün məlumatlar bir tamlığın əhatəsindədir.
Kitabdakıların hamısı realdır.
İnsanlar da, hadisələr də, gözəl Kəlbəcər
də... Gerçək həyat gerçək
bir dillə təqdim olunur. Hekayətlərdə
danışan, haqqında danışılan və hətta
ötəri olaraq adı çəkilənlərin bir
çoxu indi də həyatdadırlar. Yalnız
biz Kəlbəcər rayonu sakinlərinin başına gələnlərin
bu dərəcədə dəhşətli olduğunu bəlkə
də tam təsəvvür etmirdik. Elxan Salahov Birinci
Qarabağ savaşının iştirakçısı, şəhid
qardaşı, 30 ilin sayılıb-seçilən publisisti
olaraq, hadisələri zərgər dəqiqliyi ilə
araşdırmış, ortaya mükəmməl bir iş
qoymuşdur. Nə vaxt Kəlbəcər işğalı ilə
hansısa bir dəqiqlik axtarılanda, şübhəsiz ki,
"Tanrı yoxuşu"na istinad ediləcək.
Çünki artıq ortada etibarlı mənbə
var.
...Kitabdakılar jurnalist Elxan
Salahovun, Kəlbəcərin, Azərbaycan tarixinin gerçək
məqamlarıdır... "Vətənoğlu" Nəşriyyat
və Poliqrafiya MMC-nin mətbəəsində ofset üsulu ilə
işıq üzü görən, redaktoru Süleyman
Qaradağlı, korrektoru Günel Kazımova olan Tanrı yoxuşundan
görünənlərin hamısını bir yazıda ifadə
etmək sadəcə mümkün deyil. Bu, həm də
oxucunun kitabı oxumaq haqqına qarışmaq kimi olardı....
Vasif SÜLEYMAN
Ədəbiyyat qəzeti.- 2022.- 7 may. S. 32.