Sunami

 

Mənim ürəyimdə qışqıran gənclik,

 

Qaldır, at çiynindən ətalətləri!..

 

Silkələ yarımçıq həqiqətləri,

 

Silkələ yarımcan ədalətləri!..

 

O gözəl, qorxulu, səadət dolu

 

Dəli sevdalara qayıt təzədən, -

 

Günəşli, gurşadlı, əzəmət dolu

 

Yatan tufanları oyat təzədən!

 

Mənim damarımda qışqıran gənclik!

 

"Çahargah" üstündə köklən bir daha,

 

Kökdən düşənləri qaldır ayağa, -

 

Yorulub, qırılıb torpağa düşmüş

 

Göydən düşənləri qaldır ayağa, -

 

Qanadı qırılmış qızılquşların

 

Qanlı qisasını al, dur ayağa!

 

Sənin yorulmağa ixtiyarın yox,

 

Yalan qoşun-qoşun, həqiqətsə tək.

 

Sənin qismətinə düşübdür indi

 

Təklənən təkləri qoruya bilmək, -

 

Tikanlar, qanqallar səltənətində

 

Tənha çiçəkləri qoruya bilmək, -

 

Gözünü versə də, su verilməyən

 

Təşnə ürəkləri qoruya bilmək!

 

Mənim ürəyimdə qışqıran gənclik!

 

Sənin yorulmağa ixtiyarın yox,

 

Sənin qırılmağa ixtiyarın yox, -

 

Səni gözləyirlər, səni gör nələr:

 

İşıq qiyafəli zülmətbazların

 

Gözlərdən asdığı gözəl pərdələr,

 

Ağıl qamaşdıran, göz qamaşdıran,

 

Ardında növbənöv, bərli-bəzəkli

 

Xəyanət dayanan, cinayət duran

 

Haqqa baş yastığı... Gözəl pərdələr!

 

Səni gözləyirlər son ümid kimi

 

Qırılan sonuncu səslər, nəfəslər,

 

Səni gözləyirlər şərin əzdiyi,

 

Zülmətin boğduğu günəşpərəstlər!..

 

Mənim damarımda qışqıran gənclik!

 

Bir dəfə demişəm, qoy bir də deyim:

 

Allah Xeyirlədir! Şər ilə deyil!

 

Qalxıb qanadlanıb sunami kimi

 

Qüdrətini göstər, qəddini göstər, -

 

Xeyrə qəbir qazan şərəfsiz şərə,

 

Bütün zərli-zorlu şərəfsizlərə

 

Dərələr dibində həddini göstər!..

 

Ən maraqlı sual

 

Kim deyər qocalıq hardan başlayır? -

 

Saçına ələnən qardan başlayır, -

 

Gözündə azalan nurdan başlayır, -

 

Kim deyər qocalıq hardan başlayır?

 

Fərqi yox, on səkkiz, ya da əlli yaş,

 

Nə qədər həqiqət səngərindəsən, -

 

Ürəyində bahar, ruhunda təlaş,

 

Ədalət, ləyaqət səngərindəsən, -

 

Yaxın düşə bilməz qocalıq sənə.

 

Nə qədər qəlbində dalğalı dəniz,

 

Dəli çaylar axar damarlarında, -

 

Məhəbbət adlanan səssiz-səmirsiz

 

İlk bahar yaşayar son baharında, -

 

Yaxın düşə bilməz qocalıq sənə.

 

Nə qədər bir yarpaq şeir, ya mahnı

 

Titrədə bilirsə ruhunu hələ, -

 

Saxlaya bilmisən gəncliyindəki

 

Dağları yandıran ahını hələ, -

 

İçirsən, az qala sərxoş olursan

 

Qızıl dan yerinin şəfəqlərini,

 

Aylı gecələrin şehini hələ, -

 

Ən baha daş-qaşdan baha bilirsən

 

Bir qızıl lalənin şehini hələ, -

 

Yaxın düşə bilməz qocalıq sənə.

 

Nə qədər ki, hələ dostlar yanında

 

Dəyişdirməmisən haqqı nahaqqa,

 

Qatıq qara deyil, ağdır səninçün, -

 

Yüz dəfə desələr sənə ağsaqqal,

 

Ürəyini sıxma, kefini pozma,

 

Gəncliyin ölməyib, sağdır səninçün -

 

Yaxın düşə bilməz qocalıq sənə.

 

Açıb ürəyinin qanadlarını

 

Zirvədən-zirvəyə uça bilərsən, -

 

Zirvələrdə bitən güllər içindən

 

Zirvələr qızını seçə bilərsən, -

 

Bir eşqin könüllü işgəncəsindən

 

Dirilik suyunu içə bilərsən, -

 

Halaldır ən böyük səadət sənə,

 

Yoxdur ölüm sənə, fəlakət sənə!

 

Bəs onda qocalıq hardan başlayır? -

 

Maraqlı sualdır, uzağa getmə,

 

O səndən başlayır, məndən başlayır,

 

On səkkiz, iyirmi, otuz yaşında

 

İlk dəfə kiməsə yaltaqlandığın,

 

Boynunu əydiyin andan başlayır.

 

Tutulub karyera xəstəliyinə

 

Yuxuda gördüyün dəndən başlayır.

 

Hansı nadanasa salam verməyə

 

Durub gözlədiyin tindən başlayır.

 

Nə fərqi cavan, ya ahıl yaşında,

 

Mənəm-mənəm deyən cahıl yaşında

 

Yalan danışdığın gündən başlayır.

 

Saçları qapqara, qaməti şamşax,

 

Daxilən əyilmiş, əcaib qoca.

 

Elə şikəst edib öz gəncliyini,

 

Qoca da qalacaq ömrü boyunca.

 

Saçları qapqara, qaməti şamşax,

 

Hələ öz içində ölənlərə bax.

 

Gəzib-addımlayan canlı tabuta,

 

Diriykən gorbagor olanlara bax.

 

Bildinmi qocalıq hardan başlayır? -

 

Mən bildim. Qismətim əbədi gənclik.

 

Çəkmədim nə şöhrət, nə də var dərdi, -

 

Var bircə qorxum ki, qocalda məni

 

Bu gözəl, bu cavan qocalar dərdi...

 

Ehey!.. Yaşıl gənclik, sevirəm sizi,

 

Vaxtsız qocaltmayın Zabil Pərvizi!..

 

Yaxşı ki...

 

Bir dəfə dostlarımla birgə

 

Muğanın ucqar bir yerində süfrə açdıq.

 

Sonra öyrəndik ki, həmin yer

 

zəhərli ilanların yatağıdır.

 

Ayrılıb dünyanın qayğılarından

 

Günlərin bir günü Məcnunsayağı -

 

Çıxdıq evimizdən gün doğan zaman,

 

Çatdıq bir mənzilə günorta çağı.

 

Bütün əyləncələr çıxmışdı yaddan,

 

Bürkü od içində, alov gücündə.

 

Çöllər alışırdı al günün altda,

 

Üfüqlər üzürdü ilğım içində.

 

Amma bu çöllərin tən ortasında

 

Bir tutla bir söyüd verib baş-başa.

 

Yayın qızmarında, günortasında

 

Ayağı altında su aşıb-daşar.

 

Yığıldıq başına tutla söyüdün,

 

Sığındıq şərikli kölgəliyinə.

 

Söz-sözün oduna baş alıb getdi

 

Şeir sahilinə, söz sahilinə.

 

Biz şeir oxuduq ana dilində,

 

Bu yerin torpağı, daşı dinlədi.

 

Ocağın gözündə yanan odunun

 

Qurusu dinlədi, yaşı dinlədi.

 

Oxuduq alovun, odun dilində,

 

Söyüdün dilində, tutun dilində, -

 

Solğun, alayanıq yovşan dinlədi,

 

Biçənək eşitdi, kövşən dinlədi.

 

Amma heç birimiz etmədik güman

 

Nə isə, hardasa göz qoyur bizə.

 

Tikanlar dibindən, daşlar dalından

 

Qulaq asanlar var sözlərimizə.

 

Bizim bu qəribə söz məclisinin

 

Dəhşətli, qəzəbli "qonaqları" var.

 

Ağlına gəlmədi heç birimizin

 

Bizi addım-addım izləyir onlar.

 

Gürzələr ovsuna gəlməz deyiblər,

 

Çayanlar ovsuna gəlməz deyiblər, -

 

Bəs nədir onları ovsuna salan,

 

Bəs niyə uçmadı uçağan ilan?

 

Biz şeir oxuduq ana dilində,

 

Çiçəyin dilində, otun dilində,

 

Söyüdün dilində, tutun dilində

 

Birliyə çağıran nəğmələr dedik.

 

Qeyrəti olanlar birləşər dedik, -

 

Gürzələr, çayanlar ovsuna gəldi.

 

Bu ana torpağın ana dilində

 

Dərdini duyanlar ovsuna gəldi.

 

Bizim taleyimiz muraz üstdəymiş,

 

Yad səsə, yad ruha qarışmamışıq.

 

Yaxşı ki, anamız namaz üstəymiş,

 

Yaxşı ki, yad dildə danışmamışıq...

 

Barat Vüsal qalası

 

Dəli könlüm, söz köhlənim,

 

Dayan, çək öz cilovunu.

 

Bu vadidə keçməz daha

 

Söz havası, dil oyunu.

 

Bu daşlara diqqətlə bax,

 

Zamanı üyüdür, udur.

 

Bax, bu daş düşmən kəlləsi,

 

Bu daş da dost yumruğudur.

 

Sən deyən çox deyil yaşı,

 

Dayan görək bu nə qala.

 

Görək kimdir tikən bunu,

 

Bu çınqıldan xəbər alaq.

 

İlin, günün bu vaxtında

 

Qala tikmək kimə gərək, -

 

Ay usta, işin irəli,

 

Ulduzun, bürcün mübarək!

 

Ay usta, yorulmayasan,

 

Nə qəribə qaladır bu, -

 

Hansı odda yoğurmusan,

 

Daş daşa qaynaq olubdu.

 

Səda gəldi: - Dili qafil,

 

Tanımadın, yeni əsrin

 

Bu tanrısal qalasıdır, -

 

Diri şeirin, diri sözün

 

Barat Vüsal qalasıdır!..

 

Atamın əlcəkləri

 

Bizim bağ, bizim həyət,

 

evimiz, eyvanımız...

 

Bu da qapısı bağlı

 

təsərrüfat damımız.

 

Açıb keçdim içəri,

 

burda nələr var, nələr,

 

Köhnə gürz, köhnə külüng...

 

köhnə xatirələr...

 

Balta, mişar, nə varsa

 

atamın yadigarı,

 

Zəhmətlə keçən ömrün

 

bu imiş etibarı.

 

Köhnə çəkic qaralıb,

 

kəlbətini pas tutub,

 

Bu açar da, kilid də

 

sahibinə yas tutub...

 

Nə görürəm, İlahi,

 

toz-torpağın içində,

 

Lingin, belin dibində,

 

divarın bir küncündə.

 

Atılıbdır atamın

 

köhnə iş əlcəkləri,

 

Böyrü-başı sökülmüş,

 

didilmiş əlcəkləri.

 

Vaxt var idi onlara

 

üstündə baxardım.

 

Atam yer şumlayardı,

 

mən də çayır yığardım.

 

Bu zindanın üstündə

 

atam dəmir döyərdi,

 

Mən daşı gətirərdim

 

dəryaz itiləyərdi.

 

Əlcəklər tək deyildi,

 

bir neçə cütdü ancaq,

 

Birində torpaq ətri,

 

o birində ot-ocaq,

 

Atam bir az əsəbi,

 

görəndə tələskən,

 

Atamın zəhmi yağır

 

yenə əlcəklərindən.

 

Odun yaran, gürz vuran,

 

daş daşıyan bir insan

 

Heyif ki, qocalmadı,

 

tez əl çəkdi dünyadan.

 

Üstündən illər keçib,

 

unutmuşam haçandı,

 

Uzaqlarda qalıbdı

 

ayrılığın kədəri.

 

Təəssüflə baxıram,

 

atamdan çox yaşadı

 

atamın əlcəkləri...

 

Heyif, məndən onlara

 

sahib çıxan olmadı,

 

Yer şumlayan olmadı,

 

çayır yığan olmadı.

 

Dayanmışam, baxıram

 

bir az dalğın, pərişan, -

 

Atamın əlcəkləri

 

atam kimi tərs imiş,

 

yapışıblar yaxamdan...

 

Zabil PƏRVİZ

Ədəbiyyat qəzeti.- 2022.- 7 may. S. 26.