Beynəlxalq Silkway ədəbiyyat festivalı keçirildi

 

Ədəbiyyatımızın ölkə daxilində və beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsi Qubada “Şahdağ Quba Truskavets” sanatoriyasında keçirilib.

Silkway International Writers Union təsisatının və “Şahdağ Quba Truskavets” sanatoriyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın seçim turunda 30 gənc yazar 300-ə yaxın namizəd arasından fərqlənərək final mərhələsinə vəsiqə qazanıb. Onların arasında ədəbi gəncliyin Fərid Hüseyn, Ramil Əhməd, İntiqam Yaşar, Cavid Zeynallı, El Roman, Faiq Hüseynbəyli, Eminquey, Ulucay Akif, Nargis İsmayılova, Bahəddin Salman, Emin Piri, Ruslan Dost-Əli, Mehdi Dostəlizadə, Ayxan Ayvaz, Nadir Yalçın, Ələsgər Əhməd, Ümid Nəccari, Rəvan Cavid, Nigar Arif, Cavid Qasımov, Səddam Laçın, Həsən Kür kimi  imzalarına rast gəlmək olar. Finalçılar öz əsərlərini səsləndirməklə, münsiflərdən 10 ballıq dəyərləndirmə ilə qiymət alablar. Fetival çərçivəsində Qubanın görməli yerlərinə ekskursiyalar, “Çölçü” obasına yürüş də təşkil olunub.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar gənc yazarlara ustad dərsi keçib, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı akademik Nizami Cəfərov “Müasir Azərbaycan ədəbiyyatının inkişaf tendensiyaları”, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi “Dünya ədəbiyyatının mədəniyyətdə rolu” mövzusunda məruzələr ediblər.

Qubadakı “Azərkitab” mərkəzində AYB sədri Anarın bölgə yazarları ilə görüşü, bölgə şairlərinin Bakıdan gələn qonaqlar qarşısında öz şeirlərini oxumaları da festivalın tərkib hissəsi kimi bölgə ədəbiyyatının inkişafına bir təkan olub. Bölgənin tanınmış şairi Ramiz Qusarçaylının AYB tərəfindən yeni təsis edilmiş Əhməd Cavad mükafatına layiq görülməsi mərasimi də festivala  rəng qatıb. Həmçinin yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin gənclərə uğur qazanmaq təlimini açması, onlara kitablarını hədiyyə etməsi də xüsusi rəğbət doğurub.

Festivalın münsifləri Nizami Cəfərov başda olmaqla, AYB sədrinin müavini Rəşad Məcid, AYB katibi Elçin Hüseynbəyli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza, AYB sədrinin müşaviri Sayman Aruz, tənqidçi Nərgiz Cabbarlı, “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə, şairlər Ramiz Qusarçaylı və Əkbər Qoşalı, yazıçı Varis olublar.

Təkilat Komitəsinin həmsədrləri yazıçılar Əlibala Məhərrəmzadə və Varis olan Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun may ayının 1-də təşkil edilmiş Qala gecəsində Xalq artisti Malik Mansurovun bədii rəhbəri olduğu “Naz-nazı” muğam qrupunun ecazkar musiqisinin, təbrik nitqlərinin, banket süfrəsinin müşayiəti ilə bütün iştirakçılar “Festivalın finalçısı” Fəxri Diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla, qiymətli hədiyyə və sertifikatlarla  mükafatlandırılıblar. Daha bir iştirakçı-qalib isə 30 iştirakçının səsverməsi nəticəsində müəyyənləşib.

1-ci yeri Ruslan Dost-Əli, 2-ci yeri Ulucay Akif, 3-cü yeri Cavid Qasımov tutublar. İştirakçıların səsverməsi nəticəsində isə El Roman fərqlənib.

Növbəti mərhələlərdə festivalın qalibinin kitabının nəşri, piarı, mükafatçıların beynəlxalq miqyasda tanıdılması, eləcə də finalçıların əsərlərindən ibarət antologiyanın dərci də nəzərdə tutulur.

Dünyadakı analoji layihələrdən ödənişli olmaması üstünlüyü ilə seçilən və devizi “Sonda ədəbiyyat qalib gələcək!” olan Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun hər il keçirilməsi nəzərdə tutulur.

 

Ədəbiyyat qəzeti.- 2022.- 7 may. S. 25.