Dua
və sevgi poeziyası
Bu günlərdə şairə
Sona Vəliyevanın "Ömrün yaddaşı"
adlı kitabı nəşr olunub. Kitabda bu
il 60 yaşını tamamlayan tanınmış şair, yazıçı
və publisist, filologiya elmləri doktoru, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə
"Əməkdar jurnalist" fəxri adına və "Tərəqqi"
medalına layiq görülən, Ümumdünya Türk
Xalqları Konqresinin Qızıl, TÜRKSOY-un "Molla Pənah
Vaqif", Qırğızıstan Respublikası Milli
Yazıçılar Birliyinin "Qızıl qələm",
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
"Qızıl Kəlmə", Azərbaycan Mətbuat
Şurasının "Ali Media" mükafatları
laureatı olan, Özbəkistan Respublikası Ürgənc
Dövlət Universitetinin Fəxri professoru S.Vəliyevanın
2018-2021-ci illərdə yazdığı dərin məzmunlu
şeirləri, eyni zamanda əvvəlki kitablarından bəzi
seçmə poetik nümunələr toplanıb.
Sona Vəliyevanın bədii,
elmi və publisistik yaradıcılığı haqqında
müxtəlif illərdə elm, sənət, mədəniyyət
və ədəbiyyat adamları çoxsaylı məqalələr
yazmışlar. Həmin yazılar həm
dövri mətbuatda çap olunmuş və həm də
müəllifin yaradıcılığı haqqında
yazılardan ibarət "Bitməyən söz",
"Sözün işığı" adlı kitablarda
toplanmışdır. Yubiley nəşrində
həmin yazılardan çıxarılmış bəzi
fikirlər xüsusi tərtibatla öz əksini
tapmışdır. Kitabdakı hər bir
şeirə rəssam İmran Nurəli rəsm əsəri
çəkmişdir. Yenicə işıq
üzü görən kitab haqqında tanınmış
yazıçı və tərcüməçi Nadir Qocabəylinin
məqaləsini təqdim edirik.
Elə çətin dövrdə
yaşayırıq ki, sanki şeir yada düşmür.
Bir tərəfdən taclı virus, onun gətirdiyi problemlər,
apardığı adamlar, o biri tərəfdən, ard-arda
düzülən qanlı savaşlar, hər ikisinin
aldığı cavan canlar, verdiyi dərd-bəla insanın poeziya,
sənət, ədəbiyyat həvəsini içindəcə
boğur, ruh aləmini dərbədər edir. İstər-istəməz
düşünürsən: indi şeir zamanıdırmı,
insanlarda poeziya, sənət, musiqi ovqatı qalıbmı?
Sanki ulu Nəsimiyə "məni vəsf et,
şair" deyən Şəms adlı gözəlin "vəsf
zamanı deyil, afət" cavabını aldığı
orta əsrlərdəyik.
Bəli, zəmanə
ağırdır, dərd, kədər, müsibət, problem
çoxdur. Amma istər-istəməz
düşünürsən: bu fani dünyanın asan,
yüngül, dərdsiz-ələmsiz vaxtı-vədəsi
olubmu? Adəm övladının halı hər zaman yaman
olmayıbmı, o həmişə tutmağa, tutunmağa bir
istinad, yapışmağa dayaq axtarmayıbmı, ürəyini
boşaltmaq, qəm-qüssəsini unutmaq, dərd
yükünü atmaq istəməyibmi?!.
Bəli, insan ən çətin,
ümidsiz məqamlarda məhz şeirə, sənətə,
poeziyaya, ədəbiyyata, musiqiyə sığınıb,
çəkdiklərini, yaşadıqlarını, itirdiklərini,
kədərini, ümidini, inamını onda ifadə edib, ona
köçürüb. Yaxud yazılanlarda, söylənənlərdə,
oxunanlarda özünü görüb, dərdini tapıb,
sözdən təsəlli, təskinlik alıb, bu dünyada tək
olmadığını, həyatın
ağırlığının, qəm yükünün tək
onun kövrək çiyinlərində
dayanmadığını anlayıb və bu da ona yenidən həyat
eşqi, yaşamaq istəyi, yaratmaq həvəsi bəxş
edib.
Ən maraqlısı odur ki, insan həyatdan
əlini üzəndə, ölümə gedəndə belə
sözə ehtiyac duyur, gözəl, zərif, nəfis söz
eşitmək istəyir: "Ölümə gedirəm,
şair, heç olmasa bir söz de...".
İnsanı hər zaman
öz əhvalına, ovqatına, ruh aləminə uyğun sənət,
söz, musiqi cəlb edir. Qəmli
insan kədərli şeirlər, həzin musiqi ilə təsəlli
tapır, sevincli insan bir az da şənlənmək
istəyir. Ancaq burada qəribə bir təzad
var. Şən musiqi, nikbin şeir insanın sevincini
artırdığı halda, qəmli şeir və musiqi kədəri
azaldır, yüngülləşdirir. Deməli,
poeziya, musiqi, bütövlükdə hər cür gözəl
sənət əsəri insan ruhunu, mənəvi aləmini
qidalandırır, onu həyata bağlayır, dəstək
olur. Məsələ burasındadır ki, əsl sənət
həm onu yaradanları, həm də ondan faydalananları
yaşadır, yaradıcı ilə oxucu, izləyici,
tamaşaçı arasında mənəvi körpü,
ruhani ünsiyyət, vəhdət yaradır, bütün
insanları gözəllik, saflıq, yüksək dəyərlər
ətrafında birləşdirir, gələcəyə
aparır. Bu mənada sənəti,
şeiriyyatı dünyamızın varolma, əbədi
yaşam səbəblərindən, qaynaqlarından biri, onun
yükünü çiyinlərində aparanları da müqəddəs
missiya daşıyıcıları hesab etmək olar.
Dahi Füzuli yazırdı:
Can
sözdür, əgər bilirsə insan,
Sözdür ki, deyirlər özgədir
can...
Bəli, canımızdan
çıxan söz başqalarına da can
verir, çünki sözün özü elə candır. Həm
də o, ustad Aşıq Ələsgər demişkən,
bioloji candan fərqli olaraq heç vaxt əskilmir, bitib-tükənmir,
sevgini, məhəbbəti artırır, mehriban edir:
Can
deməklə candan can əskik olmaz,
Məhəbbət artırar,
mehriban eylər...
Çağdaş
poeziyamızın önəmli isimlərindən olan Sona
xanım Vəliyevanın yaradıcılığı da məhz
Füzuli, Vaqif, Aşıq Ələsgər, Səməd
Vurğun ənənələri bulağından su içir,
böyük sənətkarların saldığı poetik yolu
inamla davam etdirərək, gələcəyə aparır. Sona xanımın ara-sıra sosial şəbəkələrdə
paylaşdığı nümunələr çətin,
ağır dövrümüzün gərgin ab-havası
üzərinə sanki su səpir. Xəstəliklər,
viruslar, sosial-iqtisadi problemlər, müharibələr,
ümidsizləşdiyin vaxtda qarşına qəfil bir
şeir çıxır. Elə haldasan
ki, oxumağa belə özündə güc tapa bilmirsən.
Çünki şeir hayında, ovqatında
deyilsən. Ancaq müəllifə, ismə
baxanda üzərindən keçə bilmir, dayanmalı olur,
bir neçə sətir oxumağa qərar verirsən. Çünki informasiya bolluğudur, mətn
çoxdur və elə bir dövrdəyik ki, "nəzm xar
olub", insan hər şeydə maraq, fayda güdür, ən
azı ümid, inam axtarır. Şeir yazan və
paylaşan da az deyil. Bu
mürəkkəb durumun yaratdığı bezgin ovqatda
şeir oxumaq elə də asan deyil. Fəqət dediyim
kimi, müəllifə olan sayğın güc gəlir və
az sonra artıq elə bir sirli aləmə
düşürsən ki, daha oradan çıxmaq istəmirsən.
Pandemiyanın, onun üzərində
qurulan daha dəhşətli bəla olan informasiya virusunun
tüğyan etdiyi, xəstəliklə bərabər kütləvi
panikanın, sosial psixozun can aldığı, insanların
ümidini itirdiyi, qorxu-ürkü altında kimsəyə
inanmaq istəmədiyi, ən güclü, qətiyyətli
insanların küncə
sıxışdırıldığı, sağlam
mühakiməyə belə məhəl qoyulmadığı
günlərdə bir şair xanımın bu mövzuya
müraciət etməsi, bu bəlanın mahiyyətini,
anatomiyasını poetik dildə təsvir etməsi yüksək
sənətkarlıqla yanaşı, həm də böyük
cəsarət tələb edirdi. Çünki
çoxları onun mahiyyətini anlamır, yaxud ehtiyat edərək
gözləmə mövqeyi tutur, bu barədə
danışmamağa üstünlük verirdilər. Ancaq Sona Vəliyeva xalqının,
insanlığın şairi olaraq kənarda qalmadı. Mənə
elə gəlir ki, o, sadəcə qala bilmədi, bütün əsl
şairlərə, sənət adamlarına xas
duyarlılıq, həssaslıqla oxucularının, sevənlərinin
harayına gəldi, yardımına tələsdi; yeddi bəndlik
şeirində bəlanın mənbəyini,
yaratdığı fobiyanı göstərdi:
Bir əl qarışdırır
qoca dünyanı,
insanmı,
iblismi, yoxsa ki, nədir?
Gecənin qoynundan çıxan
gündüzə
bəslənən
ümidlər əriyib-itir.
Şair o ağır günlərdə
həm də minlərlə, on minlərlə insana təsəlli
verdi, bu bəladan sığınmalı və
tapınmalı olduğu ali ünvanı dilin və
sözün estetikası fonunda bir daha xatırlatdı:
İtsə dəyərləri
minilliklərin,
insan öz
içindən uçuruma düşər.
Nəğmə, bayatıma, biganə
qalsaq,
yadlar sahib
çıxar, yadlar bölüşər.
Sona Vəliyeva yaradıcılığının əsas
xüsusiyyətlərindən biri onun şeirlərinin mükəmməl
dil və üslubu, poetik zənginliyi ilə yanaşı,
ictimai məzmun kəsb etməsidir. Şairə
xanımın əksər şeirlərində dövrün,
zamanın, insanın qüsurlarına, naqisliklərinə
ustalıqla eyham vurulur. İnsanın günahları ona
məsumların diliylə xatırladılır:
Bir
uşaq ağlayır: "Ana, cənnətdə
yemək
pulsuzdursa, gəl ölüb gedək.
Yoxsa ki, bu ömür gözümə
durub,
dünyayla
hesabı bitirib, gedək...
Sona xanım həm də
ağzı dualı bir Azərbaycan qadını, daim
alqışlar deyən anadır. Onun əksər şeiri dualardan və
alqışlardan xali deyil. İstənilən
əsərində ən azı bir bənd, bir misra da olsa dua və
alqışa rast gəlirik. O, sanki bunlarla bizi, öz
oxucularını, bütövlükdə xalqımızı
bəlalardan hifz etmək, qorumaq istəyir və bəlkə də
elə qoruyur. Axı atalar "hər
ağızda bir dua var" deyiblər. Bu mənada
Sona Vəliyevanın hər bir şeirində neçə-neçə
dua, alqış səslənir.
Min
alqış göyərsin, qarğış ləngisin,
şər
öz tamahından tələyə düşsün.
Hər ulduz bir insan ömrüsə,
Tanrım,
qoyma qara əllər
ulduza dəysin...
Ağzı dualı şairə, təbii ki, həm
də inanclıdır. O, Tanrıya ürəkdən
inanır, bütün dualarını onun adına
bağlayır, Ondan mədət umur, Ona ümid
bağlayır, Ondan kömək, imdad diləyir. Sona xanımın şeirlərində ilahi qüdrət
son pənah, sığınacaq, tapınaq yeri, sitayiş
obyektidir. Hər birimiz Ondan gəldik və
Ona da dönəcəyik, vaxtını dəqiq bilməsək
də, buna hazır olmalıyıq.
Bir yol
açılar, gəlləm,
bir gün
seçilər, gəlləm,
bir gün
öncədən biləm,
deyəm
ki, gəldim, İlahi!
Əksər yaradıcı
insanlar kimi, Sona xanımın da poetik təfəkküründə
Tanrı və Allah insanın daxilində olan və dünyəvi
əməllərində təcəlli edən
vicdanıdır.
Duaların Tanrıya ən yaxın
yeri
kilsəmi,
məscidmi? -
sordun, dost!
ən müqəddəs
dua evi
Allahın ruhuyla
qurulan,
imanla bəzədilən
qəlb
evi,
vicdan evidir...
Sona Vəliyeva səmimi bir
qadın, açıq sözlü sənətkardır.
O, bir çox insanlara çox zaman acı görünən,
amma azsaylı hal əhlinin ürəyindən tikan
çıxaran və bal dadan həqiqətləri
cəsarətlə qələmə alır,
çoxlarının etiraf etməyə qorxduğunu çəkinmədən,
sıxılmadan söyləyir. Çünki
bütün fikir adamları həqiqətpərəst, haqsevər
olur, yalanlara, saxtalıqlara nifrət edir, doğrularla
qidalanır, həqiqətlə nəfəs alır,
yaşayır.
Bir qadının ən böyük
yalanı
özünə
"hamıdan güclüyəm" deməsidir...
Hər gecə misqal-misqal əriməsini
tək
Allah bilər...
Sabahlar dağılmış
hisslərindən
toplanaraq,
bütöv
görünər...
Yalançı qəhqəhələrdən
ətrafına
bəxtəvərlik səpər.
Sonra yalnız anlarında
Öz yalanına özü
hönkürər...
Şair kainatın,
dünyamızın yaxşılıq, xeyir üzərində
qurulduğuna inanır, insanları sevgi yolundan
çıxmamağa dəvət edir, çünki əbədi
Haqq Yolunun məhz bu olduğuna inamı sonsuzdur.
Ən
zəngin adamdan
qalan miras
yaxşılıq
xəzinəsidir -
nəsildən-nəslə
ötürülər,
xərclənər,
bitməz...
Bir də haqq üçün
varılan,
gedilən
sevgi yoludur,
getdikcə
işığı cəzbə çəkər...
Sona Vəliyeva poetikasındakı sevgi, məhəbbət,
eşq İlahidir - eynilə klassik poeziyamızın sufiləri
olan Füzulidə, Nəsimidə, Xətaidə olduğu
kimi. Təsəvvüf ənənələrinə
sadiq olan şairə sevgiyə onun əsl, əzəli,
İlahi mahiyyətini öz üslubunda qazandırır.
Doğrudan da, həqiqi sevgi ancaq Tanrı
sevgisidir, Tanrını sevməyən heç nəyi sevə
bilməz, çünki hər şey zatən Onda
mövcuddur, yaxud Onda təzahür edir.
Bu nə
eşq, nə sevda imiş,
yol nə
yerdə, nə göydə imiş.
Dərdin özü dərman
imiş
Rəbbin yolun bulanlara...
Vətən mövzusu Sona Vəliyeva
yaradıcılığından qırmızı xətlə
keçir. İmanlı,
duyarlı, təəssübkeş insanlarda Vətən
sevgisi, Vətən sevdasının olmaması mümkün
deyil. Peyğəmbərimiz də vaxtilə
"Vətəni sevmək imandandır" demişdi. "Əcdadımızın mədfəni,
övladımızın məskəni" (Abbas Səhhət)
olan Vətən Sona Vəliyevanın başının
tacıdır. O, Vətənin dilini, sözünü,
sazını, insanını sevdiyi kimi, onun hər
daşına-qayasına, şəhərinə-kəndinə,
dağına-dərəsinə, gülünə-çiçəyinə
də heyran, aşiqdir. Gözəl vətənimizin
dilbər guşələrindən olan
Qarabağımızın, onun ürəyi olan
Şuşanın düşmən tapdağında olması
Xurşidbanı Natəvanın mənəvi xələfi olan
yurdsevər şairənin ürəyində qanlı yara idi.
Bu yaranın məlhəmi yalnız və
yalnız düşmənin qovulmasında, yağıların
murdar ayaqlarının, üfunətli nəfəslərinin
müqəddəs torpaqlarımızdan
uzaqlaşdırılmasında idi. Şükürlər
olsun ki, Tanrı bizə bu günü görməyi nəsib
etdi. Müzəffər ordumuz Ali Baş
Komandanın rəhbərliyi altında torpaqlarımızı
işğaldan azad edərək xalqımıza sevincli, fərəhli
günlər yaşatdı. Sona Vəliyeva
bu böyük zəfəri, şanlı qələbəni
öz həssas şair qəlbiylə bir neçə ay qabaq
duyaraq, "Müjdə, Şuşam, biz gəlirik!" rədifli
gəraylısını qələmə aldı. Bununla qəhrəman Azərbaycan əsgəri də
daxil, hamımızı ümidləndirdi, inamımızı
artırdı, möhkəmləndirdi.
Eşit,
ay elim, ərənim,
qalam,
bürcüm, səngərim,
gözü
yol çəkənlərim,
müjdə,
Şuşam, biz gəlirik!
Ay
dağlar, ay meşələr,
ay intizar
bönövşələr,
ruhu
yaşayan kişilər,
müjdə,
Şuşam, biz gəlirik!
Vətən sevgisində, əlbəttə,
bir ağrı, dərd, nisgil də var. Ağrısız,
hüznsüz sevgi olmaz ki... Torpaqlarımız
uğrunda şəhid olan qəhrəman
oğullarımızın əziz, həzin xatirəsi Sona
xanımı həm ana, həm də şair kimi
duyğulandırır, qəmləndirir. Ancaq
o, şəhidlərin həqiqətən ən uca məqamda,
insan oğlunun təsəvvür edə biləcəyi ən
füsunkar, ecazkar məkanda olduğuna inanır, bütün
dərdli anaları, həmçinin bizi də
inandırır. Şairin "Allahın
yanındayam, ana" şeiri bu mənada yüksək poeziya
nümunəsi sayıla bilər.
Salam, Ana!
Nigaran qalma məndən,
Allaha əmanət etdiyindən -
onun
yanındayam...
Üfüq ağappaq,
Günəş süd rəngdədir
burda...
Şəfqətli əllərini
düşünüb,
sağaltmışam
yaramı.
Evim çiçəklərdən,
libasım
dualardan tikilib...
Bu yaxınlarda Sona Vəliyevanın
"Ömrün yaddaşı" adlı şeirlər,
poetik silsilələr, poemalar kitabı nəfis şəkildə
işıq üzü görüb. Kitabda
müəllifin son illər qələmə aldığı
mənzum əsərləri ilə yanaşı, elmi-publisistik
yaradıcılığı, həyat və
yaradıcılığı haqqında yazılan məqalələr,
kitablar, deyilən fikirlər, elmi əsərləri, digər
bədii kitabları, o cümlədən Həsən bəy Zərdabiyə
həsr etdiyi "İşığa gedən yol"
romanının müxtəlif dillərdə çap olunan nəşrləri,
şairənin həyat və yaradıcılığı
haqda məlumatlar dərc olunub. Yüksək
poliqrafik keyfiyyətə malik, rəsm əsərləri ilə
zəngin toplu Sona Vəliyeva sevərlərə, oxuculara qiymətli
hədiyyədir.
Nadir Qocabəyli
Ədəbiyyat qəzeti.- 2022.- 7 may. S. 18-19.