Qələmimə qəzəbim
Öz haça dilindən asıl, qələmim,
Ey Qısır qələmim, Qızıl qələmim!..
Qələm
ya ağacdan, ya daşdan olar,
Lələkdən, kömürdən, qamışdan
olar.
Qızıla
tutulan söz qızıldımı,
Qızılla kəsərli söz yazıldımı?
Bəlkə
çürütdülər mürəkkəbini,
Bəlkə
itirmişəm qaynar təbimi?..
O zindan
yerinə kürsüyə gedən,
O
savaş yerinə kürsəyə gedən,
Millətin
üzünə yalan püskürən,
Zəhərli
gözündən ilan püskürən
O hiylə-vəzifə,
o rüşvət-masa
Sənin
tufanından yıxılmadısa,
Qanımı
içənin qan qohumları,
O can bazarının "yan" qohumları,
Vətənin
ruhunu tükənmiş bilən,
Almağı-verməyi
rəsmi iş bilən,
Səndəki
saf qanı unutdurdusa,
Sənin
şöhrətini, sənin gücünü,
Sənin
qisasını unutdurdusa -
Get,
ağlar qəlbimə qısıl, qələmim.
Get, məzar
yerinə köhnə cibimdən
Kəsilmiş
dil kimi asıl qələmim!..
Bitməz yolçuluq
Baxırsan
yorulmadan - qış qəfəsi qırılır,
Çıxarıb
buz gözlüyü, sular baxıb durulur,
Ürək
həm azadlığa, həm bahara vurulur,
Mən də Başqırdıstanda baharı duyub
keçdim.
Sonra dərdli
Kirimim... El sürgün, adı qalır,
Torpağın
hər qatında qəlbinin odu qalır,
Xaraba
yurdlarında bitməz fəryadı qalır,
Göytəpə yollarından qurdtək ulayıb
keçdim.
Bağçasaray
ağlayır, gözünü siləni yox,
Sudağ
qalası susur, dərdini biləni yox,
Qəhrəmanlar
yer altda, üstünə gələni yox,
Zaman rüzgarı oldum, daşı yalayıb
keçdim.
Litvada
soraqladım o talesiz elləri,
Vilnüsün
ortasında dipdiridir dilləri...
Gah
ağlayır, gah gülür Karaim gözəlləri,
Yanğımı gözündəki yaşla sulayıb
keçdim.
Kazanda
söhbət açdıq tatarın qüdrətindən,
Dünyaya
sığışmayan adından, şöhrətindən,
Kazan ilə
Bakının sonsuz məhəbbətindən
Ürəyimdə
sevgidən ocaq qalayıb keçdim...
Tanrıya
vurğunluqla qılınc qurşayan ərlər,
Axdı qitələr boyu, zəfər dalınca zəfər.
Yenə
Kama üstündə ucalır minarələr -
Mən də qədim Bolqara duamı yayıb keçdim.
Çuvaş
xatirələri ürəyimi göynədir,
Xoşbəxtlik qanadında, dəniz nədir, göy nədir?!
Tale sanki
ilk dəfə sevilməyi öyrədir;
Bir şairə qəlbini çapıb talayıb
keçdim.
Qafqazda
neçə yurdun məclisində qol açdım,
Orxona, Yeniseyə ilk kərə mən yol açdım.
Kıprısda
zəmilərin sarısına bulaşdım
Kərkükdə
bir əbədi ocaq qalayıb keçdim...
Xivədə
danışdılar, sandım ki, Təbrizdəyəm,
Səmərqənddə Oğuzdan miras qalan izdəyəm.
Buxara rəng
tufanı, sonsuz bir dənizdəyəm,
Özbəyin qollarına qüvvət diləyib
keçdim.
Orxonda
daşa döndüm, okeana axmadım,
Çin
səddinin üstündə Çinə sarı baxmadım,
Monqolla at
səyirtdim, bozkırlara sığmadım,
Qoşulub Bəy çayına
coşub-çağlayıb keçdim.
Tarımda
qurduğumu qum qapatdı, qan örtdü,
Tufanlarla gəlmişdim, məni də tufan örtdü.
Kaşqardan
gələn karvan taleyimdən yan ötdü,
Təklə-məkan çölündən gizli
ağlayıb keçdim.
Altay yenə
hədəfdə, Uyğur ər savaşında,
Hər
daşda bir dastan var yurdun hər savaşından!
Quş
olub qanadlandım Üç Sumerin başından,
Tanrıdağda səsimdən haray saxlayıb
keçdim.
Pazılıgı
zamanın naxışı çürütməmiş,
Düşmənin
şər toxumu cücərsə də bitməmiş!
Gördüm
qaya döşündə yazılarım itməmiş,
Türk güclüdür, ya zaman? Bir də yoxlayıb
keçdim!
Bu
özünə dönüşdü, nə Meteyə, nə
Huna,
Elə mənim
əlimlə toxunubdur bu hana!
Hər
uca aşırımda əyildim dağ ruhuna,
Müqəddəs
ağaclara parça bağlayıb keçdim!
Marallıqda
tər töküb, Altun göldə buzladım,
Qopuz
yanıb yaxıldı, dağları qopuzladım,
Qır
atlara yetməyə uçaqları sazladım,
Ordumu
bayraqladım, yurdu yuğlayıb keçdim!
Nə
sarsılmaz iradə, nə ulu millət imiş,
Tarixi qabaqlayan
nə sirli surət imiş,
Bəlkə
babalarımın atları raket imiş,
Günəşi
bayraq edib, Ayı oxlayıb keçdim!
Ey qürbətin dağları
Dünyanın
hər yerində üz tutduğum dağlardı,
Çayıyla,
bulağıyla ilhamımdı... çağlardı,
Dağ
olmasa kim məni bu yadlıqda saxlardı? -
Yolları,
cığırları, izləri xoş
görmüşük,
Ey
qürbətin dağları, sizləri xoş
görmüşük!
Qürbət
dedim, küsmədi... Bura da öz elimiz,
"Göy" adında göyləri - imanımız
dinimiz.
Bu ad
muzeylərində dipdiridir dilimiz -
Tarix
etibarında sözləri xoş görmüşük,
Ey qürbətin
dağları, sizləri xoş görmüşük!
Mənə
açdı qəlbini, yabançı gəlsə laldı,
Bu qədər
uzaqlıqda bu doğmalıq xəyaldı,
Yollar
çəkib aparır, qoy aparsın halaldı...
Qayalar pəncəsində
düzləri xoş görmüşük,
Ey
qürbətin dağları, sizləri xoş
görmüşük!
Zirvələrin
hər biri - tarixin bir parçası,
Hansına
əl uzatsam mənə ürək açası!
Salam,
Tanrıdağında buz olmaqdan qaçan su,
Bulaq-bulaq
çağlayan gözləri xoş görmüşük,
Ey
qürbətin dağları, sizləri xoş
görmüşük!
Oyan, ey
türkün oğlu, gör sərhədin hardadı,
Bir ucalıq dünyan var zirvələri qardadı.
Təkcə
qardaşların yox, dağların da dardadır,
Milyon
sirrin açarı gözləri xoş
görmüşük,
Ey
qürbətin dağları, sizləri xoş
görmüşük!
Nə əbədi
dözümdü, nə müqəddəs ucalıq,
Saç bu sayaq ağara, belə gələ qocalıq.
Öz
dilində danışsan pıçıltın da ucalar,
Hər
qayadan, hər daşdan səs gələr: "xoş
görmüşük!"
Ey
qürbətin dağları, sizləri xoş
görmüşük!
Yenə gəldim dağlara
Yenə gəldim
dağlara, sən də mənimlə gəldin,
Üz tutduğum zirvəyə mənimlə bir dikəldin.
Məndən
artıq sevindin çiçəklərin mehrinə,
Doğmalaşıb qarışdın qədimliyin sehrinə.
Güllərin
pıçıltısı sanki sənin dilinmiş,
Bulaqlar saf gözlərin, qovaqlar heykəlinmiş.
Əllərin
yarpaq-yarpaq əllərimə toxunur,
Dağ çayının səsində nəğmələrin
oxunur.
Günəşi
salamladım, yenə səndin yanımda,
Sən
idin dan yerini alışdıran qanımda!
Yenə gəldim
dağlara, yenə yollardayam, tək,
Təklik
belə olursa, buna xoşbəxtlik deyək!
Azadlıq dedim
Meydan -
şərəf, ləyaqət, yüz illərin həsrəti,
Qaranlıq
zindanlardan baş qaldırmaq cürəti,
Əzilmiş
bir millətin dirilən cəsarəti,
Yüzillərlə
boğulan sözə azadlıq dedim,
Bu
dağa, bu dənizə, düzə azadlıq dedim!
Yatanları
səsimiz oyatdı yuxusundan,
Ayırdı
ayrılara əyilmək duyğusundan,
Sıyrıldı
sürgünlərin, ölümün qorxusundan,
Kişiliyə,
mərdliyə, gücə azadlıq dedim,
Düşmənlərdən
alınan öcə azadlıq dedim!
Qəddin
düzəlsin, Vətən, başını qaldır, ana!
Daha əsir
olmarıq hər çovğuna, tufana,
Qanadlandı
səsimiz Şahdağdan Savalana,
Parçalanmış
Vətənə, yurda azadlıq dedim,
Məkri,
şəri uladan Qurda azadlıq dedim!
Qayıtsın
Dünya boyu yürüyən çağlarımız,
Elə
şöhrət gətirən şanlı soraqlarımız,
Sovrulsun
tarix külü, yansın ocaqlarımız,
Bu dənizə,
bu gölə, çaya azadlıq dedim,
Bayrağımda
nur saçan Aya azadlıq dedim!
Yenə
bahar nəfəsi can versin torpağıma,
Yüz
ildə bir son verim, fəryadıma, ahıma,
Soyum,
yolum, inancım qayıtsın bu çağıma,
Güneydə
əsir olan elə azadlıq dedim,
Göyçəyə,
Zəngəzura, Milə Azadlıq dedim!
Təbriz,
Dərbənd, Borçalı, Kərkük, Urmi, Həmədan,
Gözlərdə
eyni arzu, damarlarda eyni qan,
Od
alsın Bakımızın sönməz alovlarından,
Hər
şəhərə, hər kəndə, köyə
Azadlıq dedim,
Tanrı
deyib sevdiyim Göyə Azadlıq dedim!
Atamın xatirəsinə
Siyasətdən
uzaq dur! -
demişdin
mənə.
Hökumətə
sataşma!
Silahın
yox, ordun yox,
Arxanda
dayanmağa
Sözü
bütöv yurdun yox! -
demişdin mənə.
Aradan
götürərlər,
İzin-tozun da qalmaz.
Kitabını
bağlarlar,
Bircə
sözün də qalmaz! -
demişdin mənə.
Malımız,
mülkümüz yox,
Başımızı soxmağa.
Başqa
bir ölkəmiz yox
Ölən
yerimiz bura,
Qalan
yerimiz bura, -
demişdin mənə.
Hər
dost deyən dost deyil,
Saxtadır
dilində can,
Ayağın
büdrəyəndə
Qaçacaqlar
arxandan...
demişdin mənə!
Mənə
çox şey demişdin
Ağlıma batmamışdı.
Mübarizə
əzmimi
Heş nə azaltmamışdı.
...Məzarın
nurla dolsun,
Ey
dağlara tən kişi.
Balaca
ocağından
Dünyanı
görən kişi.
Ziya Bünyadovu düşünərkən
Bir saat
öncəydi, ya da ki, dünən,
Ya da əbədiyyət keçib üstündən.
Bir azman
cüssəli, bir çinar boylu,
Nağıl
dünyasından yadigar insan,
Döşündə
göylərdən enən bir ulduz,
Keçirdi Bakının meydanlarından.
Keçirdi Bakının küçələrindən.
Yayda da,
qışda da başında fəsi,
Fikrində
sonuncu həcvi dolanır,
Ya da savaşların ilk xatirəsi.
Azadlıq
meydanı gözləyir onu,
Meydan da tufanlı ümman kimidir.
Onun qəzəbi
də, zarafatı da
Millətin dərdinə dərman kimidir.
Gənclik
illərində cəbhələr yaran
Sonra yüzilləri adladı bir-bir.
Gördü
ki, tarixi qələmlə yazmaq
Qan ilə
yazmaqdan asan deyildir!
Savaşı
bitmədi ancaq düşmənin,
Səngərdən ayrıla bilmədi bir an.
Elmin zirvəsində
akademikdi,
Savaş zirvəsində Milli Qəhrəman.
Çiynində
dağ boyda şöhrəti halal,
Yenə də vuruşur həqiqət üçün.
Savaş
meydanından üzüağ çıxan,
Elmin səngərinə tələsir hər gün.
Gedir
saymazyana yeni döyüşə,
Gülləyə
şığıyan bakılı cayıl,
Onun
yeddiqatlı söyüşlərindən,
Tutub qulağını qaçır Əzrayıl.
Üzünə
millətin sevgisi çökmüş,
Qanlı şöhrətini geyib əyninə.
Uzaqda
qalsa da dava illəri
Ölümlə
göz-gözə yaşayır yenə...
Bakı vaxtı
Yenə
yad havadır üstümə əsən,
Yenə yad ellərdə sınanır baxtım.
Bütün
işim-gücüm yerli vaxt ilə,
Ancaq ürəyimdə tək "Bakı vaxtı".
Üç
saat irəli, beş saat geri,
Gecəni
gündüzlə əvəzləyib, yaz!
Saat əqrəbini
dəyiş yüz dəfə,
Ürək əqrəbinə toxunmaq olmaz.
Hər
gün xatırladır özünü sənə,
İstehsal olunmur, ürəyim təkdir.
Yerin o
üzünə atsan da yenə
"Bakı vaxtı" ilə döyünəcəkdir.
Səssiz
qayası da bahar nəfəsli
Kainat fırlanır, dəyişir çağlar.
Bakı
vaxtıyladı ömrün hər fəsli
Bütün yaşananlar, yaşanacaqlar.
Çox
da ki, getdiyim yol başa çatır,
Gündüzü uyudum, gecəni gəzdim.
Sevgim də,
ömrümün "Bakı vaxtı"dır,
Qəlbim döyündükcə dəyişilməzdir.
Şair Məmməd İsmayıla
1
Yazılarını izləyir, kitablarını oxuyur,
uğurlarına sevinirəm; imkan düşəndə
Türkiyədə, Azərbaycanda görüşürük. Bu günlərdə
mətbuatda onun bir narazılığı gözümə dəydi.
Plagiatlığa, şeirinin başqa bir müəllif
tərəfindən mənimsənilməsinə
etirazını bildirmişdi. Məktub əvəzi bu
şeiri yazdım...
Bir ovuc dən
getmiş söz xırmanından,
Burda haqq
aranmaz, haqq gəzən kişi!
Düzlük
də qismətdir, azır çox zaman,
Ay əyri
dünyada şax gəzən kişi!
Sənə
ümidini yedirtdi Ana,
Savaş
aclığında tox gəzən kişi!
İlhamla
gərilmiş şeirin yayına
Hər
gün misra-misra ox gəzən kişi!
İlantək
ölümün üstünə uçan,
Əzrayıl
ovcunda sağ gəzən kişi!
Tanrıdan
nurlanan verməz şərə can,
Ay qaradan
keçib, ağ gəzən kişi!
Çoxdan
görüşmürük, sozalır ocaq,
Yaş artır, bəhrəli zaman azalır.
Ürəyə
dammaqdan yazırdın bir vaxt,
Daha qəlbimizdə
güman azalır...
Dörd fəsil
sıxılıb qış ilə yaya,
Bərəkət gətirən duman azalır.
Sızıltı
sırınır sazlı dünyaya,
Harın haraylarda kaman azalır.
Gizlincə
sevənlər dönür başına,
Evdə halımıza yanan azalır.
Qanını
sorsa da qürbətdə kədər,
Nə
ürək yorulur, nə qan azalır!..
Ay söz
milyonçusu, söz oliqarxı,
Şeirin də öz xumsu, zəkatı varmı?
Nə
olsun əl açıb üzünə baxır,
Sədəqə bir fikrin muradı varmı?
Bərəkət
haqdandır ehsan verənə,
Yük çatıb getməyə öz atı
varmı?
Sərçə
yelpiyiylə qoşulsun sənə,
Qartal uçuşuna qanadı varmı?
Deyək
ki, sözünlə açdı bir qapı,
Min ürək açmağa inadı varmı?
Hər
ağac gücünü kökündə tapır,
Kəsilən budağın həyatı varmı?
Bülbül
yuvasıydı o kirayə ev,
Biz də pərvazlanan iki nəğməsi.
O cavan Məmməd
də qocaldı, heyif,
Di gəl,
cığallığa bəhanə gəzir...
Qaranlıq
dərələr kəssə yolları,
Onsuz da bəyazdır sözün zirvəsi.
Boğar
bazarında milyonçuları
Bir kasıb şairin haqq deyən səsi.
Yoluna göz dikib yenə də dağlar.
Səninçin darıxır Əsrik dərəsi.
Hər
evdən bir sazın sifarişi var,
Deyir
Sabiri də götürüb gəlsin!..
2
Məmməd
İsmayılın Tovuzdakı
evində
onun "Ağacdələn,
döy
qapımı" şeirini xatırladım
Yenə
yoldan çayacan səssizcə enir yamac,
Yoxluğunu
bilsəm də deyirəm: qapını aç!
Bir qəmli
xatirədir, gəlib illər dalından,
Dalaşıb barışmaqdan bezmədiyin o oğlan.
Həyət
boş, qapı bağlı, sən də Çanaqqalanda,
Qitələrin
qovuşağı seçilməz dar dalandan...
O dərəyə
qısılan evciyindən nişan yox,
Nə
külək, nə çay səsi... mənimlə
danışan yox...
Ya bizlər unutmuşuq dilini bu ocağın.
Ya nəğməsi
dəyişib bu otun, bu yarpağın
Buna bənzər
bir ev də Yardımlı yamacında,
Buludlardan
sıyrılıb, ya asılıb saçından...
Hanı o ağacdələn çıxa sisdən,
dumandan.
Bir xəbər
ümidindən, bir yalançı gümandan
Ruh kimi,
arzu kimi ürəyi silkələyən
"Biz burdayıq, sən harda?
Qayıt,
qayıt, gəl!" deyən.
Ya gecikən
bir sevgi şeirini öyə-öyə
Titrək
barmaqlarıyla yenə qapını döyə...
Darıxdım
o quş üçün, o tale quşu üçün
Kimsəsiz
ocaqlara xəyal uçuşu üçün
Allah, yenə
nə deyir bu yoxluqdan gələn səs:
"Taxta
qapını döyən, dəmir qapını döyməz!".
Əsrik,
iyul 2020
Şair Çingiz Əlioğluya
Üslub zarafatı
Eşik
keşikçisi qara kişinin nə işi
şikara
şəklənən şirlərin şənliyində.
Yaşamaq
şirsiz və şikarsız da şirindir -
şayət şaşırıb şimala daşınım,
ya da
aşıqlaşım
aşıb-daşım
şaqraq
çeçmə başında!
Şirlər
guşəsinin şakəri -
şər-şəbədə...
Nəbadə
qoşulasan
Şura
şeypurlarının
başlar
bişirən yarışlarına.
Ya baş
meşəbəyinin
şəxsi guşəsində
şişinə-şupuna düzüləsən manqalın,
ya
bişəsən yaşlı aşpazın aşında,
ya
asılasan bir şikarçının
açılanmış qayışından,
ya da
qanadın qırılsın
bir brend
uşağının daşından...
Qoş,
qoş, qara pişik,
Şu
siçan deşiyində
əşyaya ilişibsə qismətin
düşün, nə işin
bu
şişman bayquşların
evində,
eşiyində
şər şişirdən beşiyində?
Yaşa-yaşa,
qara kişmiş kişi,
komanın nə fərqi şah sarayından?
Bura Ulus
deyil,
bura
Şahlıqdır.
Qara pişik şəninə sataşsa, çaşma.
bu,
şadlıqdır.
Aşma
aşırımdan şəhərə şaquli,
nəyin
var bu şüşə şəbəkələrdə,
dam-daş arasında qardaşmı qalar?
Gəlmişi,
keçmişi, gərdişi düşün
Şairin
şikarı şöhrətdi, şandı,
Şirlərin şenliyi Şirxanlara aşiyandır.
Şairlər şeir şəmşiriylə şir
ovlayandı.
Şübhələr
peşində yumaqlansa iz
Yollarda pişiklər yatmışdır, şəksiz.
Şərdən şirə tutsa şairlərimiz.
Şimalın şərabı çatmışdır,
şəksiz.
Şeir
keşikçisi qara kişinin,
Bu şirin torpağın dastanı uzun.
Şeir məşəlləri
gur yansa, haşa,
Yolu işıqlaşar yüz uğursuzun.
Baş-başa
Bir otel
köşəsi, bir qürbət diyar...
Hər gözdən bir elin həsrəti daşar.
Gülsün,
ya ağlasın bilməyən ərlər
Körpə uşaqlartək verib baş-başa.
Min
ağrı, min acı, min dərd baş-başa,
Ərdəbil,
Borçalı, Dərbənd baş-başa!
Hanı
yaylaları, hanı dağları,
Hanı
tarixinin bahar çağları,
Ağlayan, sızlayan gur ocaqları?
Qazansız,
kösövsüz daşlar baş-başa,
Qılınclar,
dəryazlar, xışlar baş-başa!
Min ildir
tarixin sınağındayıq,
Min ildir
dünyanın qınağındayıq,
Düşmən
quyusunun qırağındayıq,
Sürgünlər,
karvanlar, köçlər baş-başa,
Ağrılar,
ümidlər, suçlar baş-başa!..
Bakı
danışanda Təbriz ağlayır,
Arazda qırılan hər iz ağlayır.
Çaylar
quruduqca dəniz ağlayır -
Sahillər,
körpülər, yollar baş-başa,
Birkən
bir olmayan ellər baş-başa!
Van Qoqun ayaqqabıları
Oxunmamış
bir yazı
Kətanının ağında.
Dünyanın
bütün tozu,
Bir rəssam ayağında.
Bu kətan
toz böyüdür
Özü-özündən
bəlkə -
Ayağında
toz olur
Yer üzü ölkə-ölkə.
Köhnə
ayaqqabılar
Geyilməkdən bezgindi.
Baş-başa
iki qarı,
Bir-birindən
deyingən,
Bir-birindən
əzgindi...
Şeir məzarı
Günəşlə,
işıqla, səhərlə birgə
Doğulur ömrümə hər gün bir şeir.
Bəlkə
də göylərdən əl üzdüyündən,
Mənim ürəyimə sürgün bir şeir.
O daim tələsir,
o daim yanır
İnanır nəyinsə bitəcəyinə.
Dilimdən
qopantək bir yol başlayıb,
Əsl ünvanına yetəcəyinə.
Özüm
də bilmirəm niyə doğuldum,
Bəlkə
ilahidən bir səsdir ömrüm,
Bəlkə
mən özüm də sürgün yeriyəm,
Bülbül nəğmələrə qəfəsdir
ömrüm?
Şeirin
də taleyi bir sirrə bağlı,
Biri günahkardı, izləyəni var.
Bu boyda
dünyada yer tapmır biri,
Birinin yüz yerdə gözləyəni var.
Birinin
fikrimdə yetişdi sonu,
Biri deyilməmiş sonunu bəklər.
Odlu
söz dilimin ucunda yanır,
Qorxur eşidilsə söndürəcəklər.
Bizim
başımıza nırx qoyanların
Başının üstündə ucalır
sözüm.
Ya da ki,
boğulur öz qəfəsində,
Dilimə gəlmədən qocalır sözüm.
Bir
gün bağlananda zindan qapısı,
Mənim
öz cəzam da yetəndə başa,
Yaza bilmədiyim
şeirlərimə
Bir məzar qazılsın qəbrimlə qoşa.
Sabir RÜSTƏMXANLI
Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.2-3.