Şərif
Ağayar: "Müasir
yazıçı
zamanı hiss edərək
yazandır"
"Fikir
bucağı" layihəsinin qonağı
yazıçı Şərif Ağayardır
- Şərif bəy, xoş gördük. İşlər necə gedir? Yaradıcılığınızla bağlı nə yeniliklər var?
- Xoş görük. Normaldır. İnsanın daxili balaca kosmosdur. Kosmosda dağılma və yenidən yaranma prosesi bircə saniyə də dayanmır. Yaradıcılıq da belədir. Oturub yazdın-yazmadın içində daimi proses gedir. Bir gün dalğa kimi mütləq kənara nəsə vurub çıxaracaq.
- Laçında doğulmusunuz. Gəncliyiniz Laçında keçib. Uzun müddətdən sonra Laçın həsrəti bitdi. Sosial şəbəkədə evinizdən videogörüntülər paylaşdınız. Çoxmu dəyişib Ağbulaq?
- Çox dəyişib. Mən də dəyişmişəm. On beş yaşımda velosipedlə sağa-sola şütüdüyüm kəndə 45 yaşımda dərman içə-içə qayıtmışdım. Müqayisə edəndə dəyişikliklərimiz tən gələr. İkimiz də talan olmuşuq.
- Bəs nə dəyişməyib? Hansı məqam sizə 30 il əvvəlki anı yenidən yaşatdı?
- Dəyişməyən ağrılardır. İtirilmiş zamanın ağrısı. Sadəcə, əvvəl ovuda bilmirdik, indi ovuda biləcəyik.
- Səfəriniz vaxtı kəndinizdə yaşayış yox idi. İnsanların yaşamadığı
bir kəndə qayıtmaq necə idi?
- Bu elə hissdir, Nəsimi demiş, şərhi-bəyana gəlməz. Yalnız yaşamaq lazımdır. Dünyada hər şey ifadə olunmaq üçün deyil. Susub yaşanılası qarışıq duyğular da var.
- Görünüşcə qaşqabaqlı, bir az da qapalı insan təəssüratı bağışlayırsınız. Ancaq hekayələrinizdə, romanlarınızda sizi tanımaq olmur. Həyatdakı
Şərif Ağayarla, yaradıcılığındakı Şərif Ağayarın fərqi nədir?
- Mən qəlbən yumşaq və mərhəmətli adamam. Sərt xasiyyətim olsa da kinli deyiləm. Sərtlik isə içimdəki müqəddəs zonaları qorumaq üçündür. Belə olmasa məni çoxdan məhv edərdilər. Bəzən adama yaxşı bir hekayəni belə bağışlamırlar. Bəzən bir uğuru, bəzən bir sevgini. Ətraf pis adamlarla doludur. Xüsusən iddiası olub istedadı və səviyyəsi olmayan xəbislər çox təhlükəlidir. Müqavimət göstərməyi bacarmasan yaşaya bilməzsən. Hətta tüpürüb atmaq da bəzən qaçılmaz şərtə çevrilir.
- Ənənəvi yazıçılar dediyimiz imzalar daha çox dövrün bütlərinə bənzəyir. Siz isə daha çox "müasir yazıçı necə olmalıdır?" sualına cavab kimi təqdim olunursunuz. Müasir yazıçı kimdir və ondan nə tələb olunur?
- Müasir yazıçı zamanı hiss edərək yazandır. Yaza biləndir. Bəzən görürsən, kimsə zamanı çox yaxşı hiss edir, yaza bilmir. Bəzənsə əksinə: yaxşı yazır, zaman duyğusu yoxdur. Bu iki komponenti birləşdirəndə zamanın yazıçısı olursan. Mən buna həmişə cəhd eləmişəm. Ən azı qəhrəmanlarım ətrafımdakı insanlar olub. Alındığını düşünürsünüzsə, sizə yalnız "sağ ol" deyə bilərəm.
- Ədəbiyyat taledir, yoxsa seçim?
- Mən yaradıcılığın fövqəlbəşər bir nemət olduğuna inanıram. Əks halda illərlə özünü oda-közə vurub bircə cümlə də yaza bilməyən insanlarla rastlaşmazdıq. İndiyədək Azərbaycan Yazıçılar Birliyinin minlərlə üzvü olub və var. Onların içərisində yüz nəfər ciddi yazıçı tapmaq çətindir. Halbuki ədəbiyyata bütöv ömrünü həsr edənlər olub. Cild-cild kitabları çıxıb. Demək, bizdən asılı olmayan nəsə var. Lakin yaradıcılıqda mütaliə və zəhmətin, yəni insan iradəsinin rolu da danılmazdır. Belə deyək, istedad neft quyusuna bənzəyir, mütaliə və zəhmət hesabına biz o nefti istehsal edib müxtəlif əmtəələr şəklində ortaya çıxarmalıyıq.
- "Arzulardan sonrakı şəhər" romanı Fransada çap
olundu. Bu, ədəbi
hadisə idi. Ancaq sonrakı gedişatla bağlı məlumat
verilmədi...
- Roman Fransanın minlərlə
kitab mağazasının onlayn satış
siyahısındadır. Romanı çap edən nəşriyyat
bu ölkənin ən böyük yayım şirkəti ilə
müqavilə bağlayıb. Hər nəşriyyatın
bu imkanı yoxdur. Daha bir mərhələ
əsərin nüfuzlu beynəlxalq mükafatlara təqdim
olunması mərhələsi idi. Lakin məlum
oldu ki, bunun üçün nəşriyyat bir çox
hüquqi prosedurlardan keçməlidir. Bürokratiya
Fransada çox mürəkkəb sistemdir. Ən başlıcası, mənim naşirim
buradakı işindən ayrılmalı oldu. Bunu Azərbaycan
adına bir şanssızlıq hesab edirəm.
Adamlar kimi ölkələrin də taleyi və
bəxti olur. İnanın, mən bir
gürcü, yaxud bir erməni olsaydım indi artıq bir
neçə nüfuzlu mükafat almışdım.
- Çəhrayı atlar indi hardadır? Yuxular da çin olurmuş...
- Ukraynada. Harda müharibə var,
orda. Harda kin-küdurət və nifrət
var orda. Bəşəriyyət çəhrayı
atlardan yaxasını qurtara bilmir. Kin və nifrət
insanın yaradılışında var. Münbit şəraitdə
ən pasifist adam da əlinə silah ala bilər.
Qartalla göyərçini eyni cür sevməyimiz
təsadüfi deyil.
- Ədəbiyyatla bağlı heç vaxt demədiyiniz və demək istədiyiniz
fikirlər...
- Məni çoxları ilə düşmən elədi.
- Necə?
- Ətrafdakı yüz
nəfərin ən azı doxsanı
istedadsızdır və səndən həm redaktor, həm
yazıçı kimi diqqətsizlik görəndə, tənqid
eşidəndə inciyir, qəzəblənir. Bəzilərinə
isə heç səbəb də lazım deyil. Eləcə boş yerə nifrət bəsləyirlər.
Məndən küsən adamlar olur, aylar sonra xəbər
tuturam (gülür). Təsəvvür elə,
ağlının ucundan da keçməyən biri oturduğun
yerdə səninlə düşmənçilik edir. Haqqında ağlına gələni
danışır, səni gözdən salmağa
çalışır, işlərinə mane olur,
dostlarınla aranı vurur və s. Sən onun haqqında
heç düşünmürsən, amma o, fəaliyyətdədir.
Məni bu cür şoka salan çox məxluqla
rastlaşmışam.
- Son günlər
aktual olan bir məsələ barədə
yazı yazdınız. Sifarişlə
yazılan əsərlərlə bağlı müzakirələr
də oldu. Cavab da gecikmədi. Buna münasibətiniz necədi?
- Sifarişlə əsər
yazılmır. Sadəcə,
sifariş verən düzgün seçim edir, kimin nə
yazacağını bilir. Yəni
sifarişçidən qabaq Tanrı o qabiliyyəti ona verib.
Sifarişçi sadəcə söhbəti
düz tutmalıdır. Sultan bilirdi ki,
"Leyli və Məcnun" Nizamilikdir. Heydər
Əliyev bilirdi ki, Nəsimi haqqında İsa Hüseynov yaza
bilər. Misal üçün, mənim
pulum olsaydı Həmid Herisçiyə Təbriz
xalçaları ilə bağlı roman sifarişi verərdim.
Bu, Həmidin taleyidir. Görürəm.
Sifarişi verən verib. Mən
sadəcə vəsilə olaram. Yaxud Fəxri
Uğurlunu bir evə həbs edib sufiliklə bağlı modern
roman istəyərdim. Əsər
alınıbsa, sifarişçi gerçəyi görüb,
alınmayıbsa görməyib. Demək, kəramət
sifarişdə deyil, onu reallaşdırandadır. Sifariş sadəcə bir vasitədir.
- Seymur Baycan da bir yazı
yazdı. Kifayət qədər
tutarlı və aydın. Seymurun fikirləri
ilə razısınızmı?
- Seymurla razı olmasam belə, ona həmişə
böyük ehtiramla yanaşıram. Çünki
Seymurda heç vaxt yazıdan yuxarıda duran xırda maraqlar
olmayıb. Bizim cəmiyyət
üçün belə adamlar nadirdir. Seymurun
yazısı bir az sarkazmla
yazılmışdı. Məncə, o, sadə bir həqiqəti
demək istəyirdi: normal, sivil, mütərəqqi ədəbi
mühit yoxdursa, belə eybəcər şeylər
çıxır ortalığa. Kimsə durub o
yandan müstəntiq ədası ilə deyir ki, dövlətdən
pul almısan, indi dur, onun gördüyü işləri tərənnüm
elə. Biabırçılıqdır.
- Rəqabət məsələsinə
toxunaq. Ədəbiyyatda rəqabət.
Fikirləriniz maraqlıdır.
- Hər şey gözəl əsər üçün bəhanədir.
Ola bilər dostuna acığın tuta, gedib
şedevr yaradasan. Mənə yaxşı mətn ver, bəhanəsini
özün tap. Sənətkarlığa aparan
bütün yollar məqbuldur. Siyasət
necədir? Yeganə məqsəd hakimiyyətdir.
Ədəbiyyatın da idealı yaxşı mətndir.
Rəqabət buna kömək edirsə, olsun.
Hətta paxıllıq da kömək edirsə,
qoy o da olsun. Lap düşmənçilik
də olsun. Lakin məndə dəyişməz bir inam
var: mənəvi zənginliyi olmayan adam
böyük əsər yarada bilməz. Bizdəki
sənət uğursuzluğunun bir səbəbi də budur.
Yaşamaq və varlanmaq şərtləri
çox zaman mənəvi dəyərləri istisna edir.
Ona görə içindəki işıqlı istedadı
qırx-qırx beş yaşın o
üzünə keçirə bilən adamların sayı
çox azdır. Baxın, hər onillikdə
iyirmi-iyirmi, otuz-otuz istedad gəlir ədəbiyyata, qalanlar
bir-iki nəfər olur. Ya ədəbiyyatdan
üzüsulu gedirlər, ya da idman oyunlarına şeir yazacaq
qədər devalvasiyaya uğrayırlar.
- Sanki vəziyyət
düzələnə oxşamır.
- Elə görünür. Lakin mən ümidsiz deyiləm. Ən azı Folkner
kimi ədəbiyyatın
fərdləri xilas etdiyinə inanıram.
- Hansı təklifləriniz var?
- Kitab oxusunlar. Bizim bir atalar
sözümüz var:
Kitab bilik mənbəyidir. Kitabı bundan daha bayağı ifadə eləmək mümkün
deyil. Görün
yaponlar nə deyir: Kitab ruhun
qidasıdır. Yəni bizi
heyvandan fərqləndirən
ən vacib keyfiyyəti qidalandıran
odur. Demək, biz kitabla insanlıq
çeşməsindən su
içirik. Bilik pis
məqsədlər üçün
də işlənə
bilər. Lakin insanlıq
yerli-yerindədirsə, bilik
yalnız işıq yandıracaq. Yaponiyada olduğu kimi...
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.8.