Bir cüt mələk çiynində
Sinəsi iki oğuldan yaralı köçən
anamın əziz xatirəsinə
Uzun ömrün son anı
Uzun sürdü,
anacan.
Şəkilləndi gözündə
İki balan, anacan.
Birinin yarı torpaq,
Biri yarı-yarımcan.
İki düşmən çəpəri,
İki pöhrə, anacan...
Dua et Sahibi-kana,
Dua et sonsuzacan.
Dərdin
pirini vermiş,
Seçmiş səni, anacan...
Harda şaşırdın yolu,
Yıxıldın hansı qatdan?
Qoynun-qucağın dolu,
Əllərin boş, anacan...
Gəlmiş fərağın sonu,
Baxtın gülür, anacan.
Bir cüt mələk çiynində
Taxtın
yürür, anacan...
Çiçəklər
Elegiya
Yağış göz yaşıyla
yarışa bilmir,
Gülür bu yarışı udan çiçəklər.
Biri Göyün rəhməti,
Biri könül möhnəti
-
Bu qoşa yağmurdan
odam çiçəklər.
Odlanır ürəyim, alışa bilmir,
Olub bitənlərlə barışa
bilmir,
O çiçək tənlərə
qarışa bilmir,
Pir könüllü növcavanım,
Anam-atam çiçəklər.
Cürəfəsiz, bapbalaca,
Dərdləri var qoca-qoca.
Bülbül istər könül
aça;
Hop götürər,
alar, gedər küləklər.
Altı
məzar, üstü bağça,
Hər şey yalan, yalan çiçəklər.
Arkadaşım böcək
Getmək,
fani dünyadan,
vaxtında çıxıb
getmək,
Bir az da qumru kimi,
anadil kimi ötmək...
Orda, sükut evində
uyuyub dincini almaq,
Bir az da başqa aləmin
sehrinə dalmaq...
Silkinib öncəki gen yaddaşından
ya bir tutam ot,
ya bir daş
olmaq...
Əl-ələ, kürək-kürəyə
Bir tənha böcəyə
arxadaş olmaq...
Getmək,
Düşmənin yolundan,
dostun yadından çıxıb getmək.
Atıb
yükünü ilk Adamın,
bu vecsiz duracaqdan
son adam kimi getmək!..
Ay adamı
Yaxına-yada qahmar,
Öylə aşiqi-qəmxar;
Qüssə təngə gəldi,
Qəm çərlədi
əlindən.
Elə tərs ki, yolunu
Nə dağ kəsdi, nə dərə.
Elə fağır, üzüyola;
Əcəlin də sözünü
Salmadı yerə...
Nə firona itaət,
nə bütə biət etdi.
Aydan gəlmiş qonaqdı;
göynən gəldi,
göynən getdi.
Yaşarkən yalnızdı,
Yadlara alışmadı.
Ölüb getdi torpağa,
Torpaq
torpağa qarışmadı...
Son nəfəsin
şəkli
Dəniz
çəkmək istəyirəm,
alınmır,
Gəmi
çəkmək istəyirəm,
alınmır,
Torda balıq çəkirəm,
alınır.
Səma
çəkmək istəyirəm,
alınmır,
Uçaq
çəkmək istəyirəm,
alınmır,
Qəfəsdə quş çəkirəm,
alınır.
Yol cəkmək istəyirəm,
alınmır,
Qatar çəkmək istəyirəm,
alınmır,
Yolda qəza çəkirəm,
alınır.
Havadan, qurudan, sudan
Həyata
yol çəkirəm,
alınmır,
Ömrə əlvida deyib
son nəfəs çəkirəm,
alınır.
Xatirə yağmuru
Mahnı
Eynən
özümüz kimi
Sevgimiz də yaşlanır.
Ömrümüzün payızı
Xatirəylə başlanır.
Boğazımı göynədir
Qüssə dolu bir qəhər.
Yazdan dolan buluda
Bəhanədi son bahar.
Unudulmayıb hələ
Saf duyğular,
diləklər.
Yarımçıq nəğməmizi
Səsləndirir küləklər.
Nəmli
xatirə yağır
Xəzəllərin üzünə,
Qırov
kimi qonuram
Köhnə ayaq izinə...
Adsız
Gecə-gündüz baş yorub
Ad axtarma hər şeyə,
Vara hər söz yaraşır,
Yoxun adı yoxdu, yox!
Rastlaşırıq röyada
Hərdən, bivaxt olsa da,
Onda da yuxulardan,
Neylim, çıxmaq şansı
yox!
Bu şansdı, nəmənədi,
Düzü, bir bəhanədi.
Hər şey çox şahanədi,
Baxtın
özü yoxdu, yox!
Elin könlünü alıram
Mənə yol salğayan adam,
Mən öz yolumu tanıram.
Getmək
deyil ki, qəsdim,
Yolun könlünü
alıram.
Duz daşıyıb barınmayan,
Şələsindən darılmayan,
Küldə-kömürdə arınan
Qolun könlünü
alıram.
Başımda şimşəklər çaxır,
Alovu canımı yaxır,
Üzümə təbəssüm taxır,
Qulun könlünü
alıram.
Yarama məlhəm sürt, bağla,
Sən də məni oxşa, ağla,
Sinəmdəki çarpaz dağla
Elin könlünü
alıram.
Belə yaşamaq olmur
Nə dinsiz ağrılar var,
Dözüb yaşamaq olmur,
Bu dağdan anrılar var,
Bilib yaşamaq
olmur.
Hər bəla sənə gəlir,
Güdür, qəsdinə gəlir,
Yer-göy üstünə gəlir,
Belə yaşamaq olmur.
Dünya
məbəd, pir ola,
İnci
ola, dürr
ola,
Yoxsa onda hürr olan,
Belə yaşamaq olmur.
Sağda
ehtiyac pusur,
Solda ehtiyat pusur,
Eşq ölür, nəğmə
susur,
Belə yaşamaq olmur.
Ömür puç, nəfəs
kirayə,
Haqq yetməsə köməyə,
Elə döz, - deyib ürəyə,
Belə yaşamaq olmur.
Qara yağış
COVİD-19
pandemiyasının yeni
başladığı günlərdə
"Tovuzda qara yağışlar yağır"
- deyib, hüznlə şikayətlənən və
bir neçə ay sonra həmin bəlanın qurbanı olan görkəmli publisist-etnoqraf Bəhruzər
Rüstəmovun əziz
xatirəsinə
Qara yağışlar yağır
Ey dost, ümman könlümə.
Dərddə boğulur dünya,
Çökür duman könlümə.
Təzə şükür elədik
Çıxınca qara qışdan,
Xəbərsizdik gizlicə
Yağan qara yağışdan.
Yağış deyil ki, yağan
Ölüm yağır, şər
yağır,
Sümü-vallah bu şəri
Şeytan döşündən sağır.
Dirsəklənib taxtına
Mürgü döyür Yaradan,
Küllən çöpə atılır
Onun əsəri insan!
Bəlkə dua-sənayla
Rəhmət yağdıra Fələk;
Bu fitnə yağmurundan
Yuyunub təmizlənək.
Qara yağışlar təkcə
Tovuza yağmır, qağa,
Dünyanın hər yerinə
Eyni yağışdı yağan...
Qürur və qübar nəğmələri
Qarabağ müharibəsinin
şəhid və qazilərinə
Zəfər lalələri
Sən şimşəkdən doğulan
Sehrli göy qurşağı.
Al günəşlə yağmurun
Ən uca Zəfər tağı.
Ağ alnında parlayan
İlahidən bir işıq,
Mübarək şəhadətin
Ər adına yaraşıq.
Səngərlərin divarında
Qızaran al laləsən,
Sən Şuşada Xarıbülbül,
Murovdağda zirvəsən.
Savaşı sevgi kimi
Türk
ruhunda daşıyan,
Yeni tarix başlayan
Mübarizsən, Poladsan.
Mehrab, Yüksəl, Cəbrayıl,
Göy üzündə mehtabsan,
"Dumandan xeymə quran"
Nəğməkar Xudayarsan.
Sən ey şanlı Qəhrəman!
Mələklər səcdə qılan,
Yağış yuyan, gün sığayan
Gözlərinə ölürəm.
Sonda Vətən - deyib susan
Ürəyindən öpürəm.
Giliz medalyon
Nur kimi süzüldülər,
Sutək
hopub getdilər
Qoç
igidlər torpağa,
Qaynayıb bir yamacdan
Bulaq kimi axmağa.
Vəfa
eyləməsə də,
Ömür murad almağa,
Qayıdarlar bu səfər
Bir ülvi sevgi kimi
Ürəklərə dolmağa.
Gizlənib yad baxışdan
Fürsət gəzər gözəllər,
Daşürəkli dünyada
Gül-çiçəkli daşlara
Sarılıb ağlamağa.
Bir kiçik təsəlliyə
Möhtac
olan analar
Dilək
tutar hər cümə;
Oğlu
sevən gözəllə
Qəbir üstə tanışmağa.
Ürəklər yanğın yeri,
Söndürməz ulu göylər,
Damla salmaz buludlar,
Nə yaxşı ki, umud var
O dünyada buluşmağa...
Bəsti
ƏLİBƏYLİ
Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.21.