Quyu

 

II yazı

Qədimdən qədim, İskəndərdən cavan bir əhvalatda deyilir ki, günlərin bir günü bir adam ürəyini dağıdıb tökən sirri balaca bir quyu tapıb ora söylədi. Sirr də adi adamın sirri deyildi, dünyaya hakimlik iddiasında yeri məhvərindən, dirini torpaqdan, ölünü qəbirdən, başı boyundan, canı yerindən qoparacaq bir kişinin sirriydi, yoxsa heç sirr də olmazdı.

Quyu boş quyuydu, bəlkə də boş deyildi, bunu sirri ora deyən kişidən başqa bircə Yaradan bilir, o da aydın məsələdir, susur. Yaradanın ürəyi genişdir. Dünyanın mətləbləri onu heç vaxt narahat etməyib, dincliyini əlindən ala bilməyib. Bir halda ki, quyunun da, kişinin də, sirrin də sahibi O-dur, quyunu da, kişini də, sirri də O yaradıb, deməli, bir (min bir...) bildiyi var - Allah Kərimdir, Kərimin də quyusu dərinmiş deyərdim, demirəm, bu sirrdən xəbərdar olan biri də var: Müəllif...

 

***

 

...Quyu boş quyuydu, gəl ki, dinc dayanan quyu deyildi, durdu, durdu, bir dəstə qamış bitirdi, qamışlar böyüdü, çobanlar yanından keçəndə kəsib tütək düzəltdilər, çalmaq istəyəndə aləm dəydi bir-birinə, dünyaya hakimlik iddiasında olan kişinin sirri faş oldu, nə oldu.

Gəl ki, nə quyunun, nə sirri quyuya pıçıldayan adamın qeyri-adi, diqqətə layiq bir keçmişi yoxdur. Dibindən heç yerə yol getmir, gizli otaqlarında div oturmayıb, divarlarındakı mıxlardan gözəllər saçlarından asılmayıblar. Adidən adi bir mətləb. Nə qəhrəmanlıq göstərmək lazım gəlir, nə odlu-alovlu yollardan keçmək. Bircə bildiyini əyilib yavaşca quyuya pıçıldayırsan, üç dəfə: İsgəndərin buynuzu var, buynuzu...

 

***

 

Sirrin gəlib düşdüyü, sonra da havalanıb uçduğu quyu əslində yoxdur. Olmaq iddiasına da rast gəlmirik, hələ heç kim o quyunu axtaranlar barədə heç nə eşitməyib. Quyu quyuya düşüb, bitirdiyi qamışların çürüntüsüylə dolub, silinib gedib.

Dünyada bir nağıl qalıb, o da, deyilənə görə, sirrin məxsus olduğu iddialı İskəndərə sevgiylə ithaf edilmiş bir rəsm (sənət!) əsərinin üstündən vaxt keçdikcə qərəzlə izah edilməsindən yaranıb. Yəni hərənin (hər tütəyin) ağzından bir avaz gəlib, hansı haqqında danışılan adamı daha çox yandırıbsa, o da yaşayır...

Dünyada həmişə belə mətləblər yaşayır - yandıran mətləblər.. Ağrıdan mətləblər... Bir sözlə, adamı özündən çıxardan mətləblər. Adamın özündən çıxmağı adi haldır, quyuya baxmayın, dünyada özündən çıxmaq qədər asan heç nə yoxdur, çətini sirri quyuya pıçıldamaqdan başqa yol seçməməkdir..

 

***

 

Sənət çox güman yaradıcı qüvvənin kiminsə pıçıldamasını istədiyi sirrdir. O sirr ki, özünün sirridir, amma açıb ağarda bilmir, ya da açıb-ağartmaq onun deyil, yaratmaq üçün seçdiklərinin işidir. Bir az dolayısıyla baş tutan prosesdir, amma nəticə əsas deyilmi?

İskəndərin quyusunun nağılı qansız-qadasız nağıldır. Başlanğıcda balaca bir giriş etmək üçün nəsə deyilir, hə, sirri quyuya pıçıldayan adam bağışlanmış adamdır, amma bağışlanmağının səbəbi mərhəmət görməsi deyil, lazımi işi yerinə yetirə biləcək yeganə adam olmasıdır.

Bizim mətnimizdə vasitəçidir - sirri (mətləbi) quyuya verib, çıxıb gedib işinin dalıyca. Məhz burda əngin düşüncənin qaynayan müxtəlifliyi içində nağılı da, quyunu da, sirri də qoyuruq bir kənara. Min cür sirrin pıçıldandığı min cür quyu min cür qamış bitirə, yanından keçən min cür çoban qamışdan min cür şey düzəldə...

Aha...

Mətn (sənət!) yaratmağa hazırlaşan düşüncə deyir ki, qamışdan tütək düzəltmək lazımdır, çünki mətləbin faş edilməsi üçün ifaçıya - quyunun yanından keçən kəsə ehtiyac var. Quyunun yanından keçən hər kəs də qamışdan tütək düzəldən deyil, qamışa baxıb tütək düzəltmək istəmək tütək çalanlara xasdır.

 

***

 

Bizim tütək çalmağımızı, - rəsm çəkməyimizi, heykəl yonmağımızı və nəhayət, mətn yaratmağımızı istəyən hansı qüvvədir, bilmirəm, amma düşməkdən qorxduğumuz quyularda gizləndiyi görünür. Ən dərin quyuların olduğu daxili dünyamızda qaranlıqla işığın, xeyirlə-şərin, yaxşılıqla-pisliyin, mərhəmətlə qəddarlığın, bir mətn müəllifi üçün isə əsasən ədalətlə haqsızlığın həm üz-üzə, həm əl-ələ dayandığı, çərxi-fələyin dişləri arasında əriyib qarışdığı, hansının hansı olduğu bilinməyəcək yerdə sözə çevrilməyi gözlədiyi nöqtədə pıçıldanan sirri gözləməli olmuruq. Çünki sirr (can) daxilimizdəki quyuya bir dəfə üflənib. Qamış bitməyində olacaq, çoban tütək düzəltməyində, tütək sirri yaymağında. Burada hamı bir nəfərdir, o nəfərin də adı: Müəllifdir.

Müəllif özəyinə sirr üflənmiş düşüncədən doğulan qamışdır. Məhz müəllif qamışdan tütəkdən başqa, heç nə düzəltmək barədə heç nə fikirləşə bilməz və məhz müəllif hamının bildiyi nəğmələrdən fərqli bir hava verməyə can atır...

 

***

 

Bu quyunun nağılında təşəxxüsdən söhbət gedə bilməz, burada nağıl özü-özünün ağası deyil, burada quyu nağılçının divlərlə doldurduğu quyu deyil. Div var olmasına, amma nağılçı burda kimisə gözümüzdə böyütməyə çalışaraq qəhrəmana çevirmir, kiməsə yarınmaq fikrindən, kimisə seçmək düşüncəsindən uzaqdır. Burada Nağılçı nağıl verir və heç nəyə qarışmır. Buyur, nəğməni oxu...

Div (Düşüncə) qamışın içindədir

Qamış quyunun içində...

Quyu daxilimizdə... və bütün bunlar bütünlüklə adı çəkilməyən, başı kəsilməyən divin daxilindədir. Nəticədə div divin daxilində, mətləb mətləbin, düşüncə düşüncənin.

Düşüncənin düşüncənin daxilində olduğunu anladığımız yer də daxilimizdəki quyudur ki... oraya da ya enirik, ya enmirik. Enmədiyimiz quyular da Məlikməmmədin özünü göstərdiyi quyular deyil, ensək də, enməsək də bizi gözləyən quyulardır, bizim Məlikməmmədin meydanında... bir işimiz yoxdur...

İskəndərin buynuzunun sirri barədə nağıl müəllifin elə həmin o sirrə çevrilə bildiyi, sirrin içindən keçib gəldiyi nağıldır. Bizim nağılımız İskəndərin sirrinin pıçıldadığı quyunun, lap elə öz əlimizlə qazdığımız bapbalaca bir çalanın nağılıdır.

Bəsimizdir...

 

***

 

Nağılların quyularla bağlılığı quyuların nağıllarla bağlılığıyla eyni deyil. Nağıllar quyusuz ola bildiyi kimi, quyular da nağıllarsız ola bilər. Nağıllar danışıldığı, söyləndiyi üçün var, quyular isə naməlumluqla daha yaxşı səsləşir. Bu baxımdan quyu sirrə daha yaxındır, mətləbə daha yaxındır, düşüncəyə daha yaxındır və nəhayət, nağıllar günlərin bir günü necə olubsa elə quyulardan çıxıb. Təkcə nağıllarmı?

Mənfi çalarlı iddialarımızın söykəndiyi yer deyəndə ağlımıza da, dilimizə də quyu gəlir. Quyu hiylənin, yamanlığın, xainliyin, çətinliyin, dərdin-sərin, qaranlığın, qorxunun... simvoluna çevrilib. Necə deyərlər, qələm düşmən əlindədir.

Amma qələmi əlində olan başqa biri də var, Allahlıq iddiasında, İskəndərlik iddiasında, daha nələrin iddiasında olan bu kəs elə kor quyu - Yaradanın özü kimi susub nəsə qaralamağa çalışırsa müəllif, yox, qələmini əlində yelləyə-yelləyə mənəm-mənəmlik edirsə içində Məlikməmməd olmaq arzusu yanıb alovlanan, amma o olmasına heç zaman icazə verilməyəcək bazar meydanı nağılçısıdır. Dünyada hər şey həm də mətndirsə, bazar meydanı nağılçısının özü də mətnə (quyuya) düşməkdən olmaqdan qurtula bilməyəcək, çünki müəllif üçün hər şey - bayağılıq da, nəciblik də, çirklilik də, gözəllik də bir quyunun içində bir forma almağını gözləyir. Qələmin düşmən əlində olması elə qələmin müəllif əlində olması kimidir, müəllifin düşmənliyindən Allah özü qorusun, amma nə edəsən ki, qələmi düşmən əlinə də, müəllifin əlində də "O" özü verib.

Bəlkə nağılçı da qələmi əlindən alınmış kəsdir, - günah özündədir, bu başqa dərd, mətndə kim olacağını da başa düşsə havalanardı...

 

***

 

Adam var quyuya düşəndə haray salır, and-aman edir, yalvarır, quyunun divarlarını cırmaqlayır, üzüyuxarı dartınır. İnsanın düşdüyü quyudan çıxmaq istəyi ən təbii istəkdir, onun gözündə quyu ölümdür, tərk edilməkdir, təklənməkdir. Qorxuları, bir də quyu haqda bildikləri imkan vermir gözünü yumub səsini kəssin, sonra gözünü açıb nəsə axtarsın...

Daxilinə yuvarlanan insan da belədir, gözləri qaranlığın ağzında görünən işığa öyrəşib, bir yumub-açsa gözü alışacaq, o vaxtacan görmədiyi nələri-nələri görəcək. Amma bu baş vermir, çünki insanın daxilindəki quyu ancaq axtarışda olanlar üçün keçilən qapını astaca aralayıb, onu dibə çaxılmaqla deyil, sükut və dincliklə qarşılayır.

***

 

Oxuduğumuz bütün gözəl mətnlər də qapısı astaca üzümüzə açılan kor quyudur. Düşürük, dibində yol görünür, qaranlıq dünyaya, işıqlı dunyaya, min bir yolayrıcında dayanıb bir o yana-bir bu yana boylanırıq, seçim qarşısında qalırıq, müəllifinin əlimizdən tutub: "Bu yolla getməlisən, vəssalam" - demədiyi, bizi yolayrıcındaca qoyub getdiyi, sonra hansı yolla getsək o yolun sonunda dayanıb gözlədiyi, qarşıladığı, əlimizi sıxdığı, ürək döyüntülərini eşitdiyimiz, ürək döyüntülərimizin eşidildiyi bütün gözəl mətnlər quyudur. Bizi həm qorxutmalı, həm xəbərdar etməli, həm ümid verməli, həm iyrəndirməli, həm də çıxış yolu axtarmağımıza sövq etməli bütün gözəl mətnlər. Quyuya pıçıldanmış sirlərin mətnləri çox vaxt elə quyuda yazılır. Müəllif çox vaxt elə o quyuda qalır, ölür, itib batır, amma gözəl mətnlər bir gün bitir, səmaya - başının üstündə görünən boşluğa, işığa doğru boy atır, üzə çıxır. Ən gözəl xəyallar, ən gözəl arzular, ən məhrəm hisslər quyuda yazılan mətnlərdə gizlənir, çünki quyu müəllifin tək qaldığı yerdir, burda ürək döyüntüləri daha yaxşı eşidilir və heç zaman itmir...

 

Hədiyyə ŞƏFAQƏT

 

Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.22.